Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2941/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi) “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-377/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 16-cı dalanda yerləşən 756 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 043 saylı, 19 aprel 2005-ci il tarixli qərarı ilə Bilgəh qəsəbəsi ərazisində 16cı dalanda yerləşən 756 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. Bu barədə torpaqların alqı-satqısına dair akt tərtib olunmuş və 040 saylı kassa mədaxil orderinin qəbzi mövcuddur. İddiaçı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin 11 avqust 2023-cü il tarixli imtina məktubu ilə torpaqların alqı-satqısına dair aktın təsdiq edilmədiyi əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-377/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Apellyasiya baxışı zamanı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi onun hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən ayrılmış sözügedən torpaq sahəsinə aid Torpaqların alqı-satqısına dair Akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin göstərilən torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən bələdiyyənin ərazisində deyil, Bilgəh bağ massivində yerləşdiyi və dövlət mülkiyyətində olan torpaqlara aid olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin “Vətəndaş İddiaçı torpaq sahəsi ayrılması barədə” xx.xx.2005-ci il tarixli, 043 nömrəli qərarının surətindən görünür ki, Bilgəh qəsəbəsi ərazisində 16-cı dalanda yerləşən 756 kv.m torpaq sahəsinin əvəzi ödənilməklə (alqı-satqı yolu) İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan “Torpaqların alqı-satqısına dair” aktın surətindən görünür ki, Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində 756 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli, 043 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən bələdiyyənin hesabına 10281600 manat ödənilmişdir (Qəbz xx.xx.2005-ci il tarixli, № 040). İş materiallarında olan Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 043 №-li qərarına əsasən İddiaçı ayrılmış Bilgəh qəsəbəsi ərazisində 16-cı dalanda yerləşən 756 kv.metr torpaq sahəsinin eskiz sxemi Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16/2-733/2024 №-li cavab məktubda qeyd edilmişdir ki, Bilgəh bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 043 nömrəli qərarı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana təqdim edilmədiyindən Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********94 №-li məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: Göstərilən torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 043 saylı 19 aprel 2005-ci il tarixli qərarına əsasən 0.0756 ha olsa da, faktiki olaraq hasardaxili 0.0946 ha təşkil edir (0.019 ha artıqdır). Torpaq sahəsinin üzərində köməkçi tikili mövcuddur. Göstərilən sahənin konfiqurasiyası yerləşmə sxemindən fərqlidir. Faktiki olaraq göstərilən 0.0946 ha torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Sabunçu rayonu Bilgəh bağ massivində yerləşir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********19 №-li cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin qonşuluğunda **********76-11301 reyestr nömrəli 1513b saylı bağ evi, **********14-11301 reyestr nömrəli 1514a saylı bağ evi və **********63 reyestr nömrəli 1520B saylı bağ sahəsi kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin məktubla məhkəməyə təqdim edilmiş çıxarışlardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, həmin ərazi Bilgəh bağ massividir və müvafiq bağ müqavilələrinə əsasən torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/927 saylı ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 043 saylı 19 aprel 2005-ci il tarixli qərarına əsasən 0.0756 ha olsa da, faktiki olaraq hasardaxili 0.0946 ha təşkil edir (0.019 ha artıqdır). Torpaq sahəsinin üzərində köməkçi tikili mövcuddur. Göstərilən sahənin konfiqurasiyası yerləşmə sxemindən fərqlidir. Faktiki olaraq göstərilən 0.0946 ha torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Sabunçu rayonu Bilgəh bağ massivində yerləşir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 043 saylı, 19 aprel 2005-ci il tarixli qərarı əsasında Bilgəh qəsəbəsi ərazisində 16-cı dalanda yerləşən 756 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir, həm müvafiq mütəxəssis rəyi, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin konfiqurasiyası yerləşmə sxemindən fərqlidir, torpaq sahəsi Sabunçu rayonu Bilgəh bağ massivində yerləşir. Eyni zamanda, həmin əraziyə qonşu olan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçən torpaq sahələrinə dair müvafiq sənədlərin təqdim edilməsi üçün məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, həmin ərazi Bilgəh bağ massividir və müvafiq bağ müqavilələrinə əsasən torpaq sahələri üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, qeyd olunan torpaq sahəsi Bilgəh bağ massivinin ərazisi olmaqla dövlət mülkiyyətində olan torpaqlara aiddir və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması hər hansı sübutla öz təsdiqini tapmır. Sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-377/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2941/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2941/2025
28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver