Məhkəmə qərarları › İş №2-1(103)-2942/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2942/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2942/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4840/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********4467 nömrəli, xx.xx.2022-ci il tarixli və **********6006 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4840/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 noyabr 2022-ci il tarixli **********4467 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın qismən təmin olunan hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2531 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi AZ1129 Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 3 ünvanında yerləşən Fəridə Kafesi adlı obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 3 (üç) nəfər fiziki şəxs arasından 1 (bir) nəfər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 006176 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4467 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********4468 nömrəli Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********516100 saylı əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”-nın 10.4-cü bəndinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmişdir. İddiaçının obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin faktiki sayı və onların şəxsiyyəti müəyyən edilmişdir. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən qeyd edilən tələblərə riayət edilmişdir. İddiaçının işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslə əmək münasibətinin mövcud olmasına dair arqumenti əsassızdır. Belə ki, vergi orqanının işçiləri operativ vergi nəzarəti tədbirini həyata keçirən zaman, X2 iş başında aşkarlanmış və vergi orqanı işçilərinə restoranda xidmət göstərmişdir və ***-***-**-** nömrənin məxsus olduğu Ozan adlı müsahibi həmin şəxslə müvaqilənin olmamasını etiraf etmişdir. İlkin olaraq, İddiaçı iddia edir ki, həmin şəxslə ümumiyyətlə tanışlığı yoxdur və həmin gün iş görüşməsi üçün kafede olmuşdur. Nəzərə almaq lazımdır ki, iş görüşməsinə gələn şəxsin iş başında xidmət göstərməsi məntiqə uyğun deyildir. İkinci olaraq, iddiaçı iddia edir ki, onun barəsində akt yazılarkən, o obyektdə olmamışdır. Bu arqumenti əsassızdır belə ki, iddiaçı aktı imzalamaqdan və sənədləri qəbul etməsindən imtina barədə özünün Aktda imzası vardır və buda onun orda olmasına işarədir. Üçüncü olaraq, iddaçiya müvafiq aktda iddiaçı özünün istəyi ilə aktın ona poçtla göndərilməsini istəmiş və iddiaçıya aktın göndərilməsi təmin edilmişdir. Həmin istək iddiaçının öz imzası ilə təsdiq olunur. İddianın ikinci hissəsi ilə bağlı bildiririk ki, Bakı şəhəri X7 üzrə Baş İdarəsniin xx.xx.2022-ci il tarixli **********2531 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarla eyni ünvanda, eyni obyektdə Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə keçirilmiş və “Əhali ilə pul hesablaşmaların aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” Aktla (xx.xx.2022-ci il DVX №016576) rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il saat 18:55-də 1 ədəd lülə kabab sifariş verilmiş və ödənilmiş 7 AZN dəyərində NKA çeki vurulmamış və həmçinin iddiaçının NKA-nın nasaz olduğu müəyyən olunmuşdur. Nasazlıq səbəbi isə xx.xx.2022-ci ildən lisenziyanın bitməsi görülür və bu səbəbdən həmin çekin bərpa edilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********6006 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********6007 nömrəli Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Məhkəmənin cavabdehin xx.xx.2022-ci il tarixli **********4467 nömrəli Qərarının ləğv olunmasında göstərdiyi yeganə əsas VM-nin 49.1-ci maddəsidir. Belə ki, məhkəmə əsassız olaraq hesab edir ki, Qərar qəbul edilərkən onu yoxlamadan 3 gün sonra deyil, qeyd edilən tarixdə qəbul etməklə VM-nin tələblərini pozmuşdur. Bildiririk ki, VM-nin 39.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdimetməyə hüququ vardır. Bu məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdimedilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Maddənin tələblərindən və işin hallarından görüldüyü kimi, iddiaçı aktı imzalamaqdan imtina etmiş və yuxarıdakı maddənin tələbinə əsasən cavabdeh onu 30 gün aktla bağlı hər hansı münasibətini bildirməsi üçün gözləmişdir. Lakin qeyd edilən müddətdə münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən növbəti 15 gün ərzində iddiaçı barəsində müvafiq qərar qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmənin həmin qərarı ləğv etməsi barədə qənaəti əsassız və qanunsuzdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçı cavabdehin **********4467 nömrəli, xx.xx.2022ci il tarixli və **********6006 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4840/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək cavabdehin 16 noyabr 2022-ci il tarixli **********4467 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın qismən təmin olunan hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********9056 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə (Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 3 ünvanda yerləşən kafedə) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında» xx.xx.2022-ci il tarixli, DVX seriyalı 006176 saylı aktın və akta əlavə edilmiş siyahının təsdiq edilmiş surətlərindən görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********9056 nömrəli qərarına əsasən həmin baş idarənin əməkdaşları tərəfindən İddiaçı (VÖEN: **********) məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 3 ünvanda yerləşən kafedə xx.xx.2022-ci il tarixdə, saat 18:55 radələrində operativ vergi nəzarəti həyata keçirilərkən 3 nəfər fiziki şəxsdən 1 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir və İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur, həmin aktın əlavəsinə əsasən X4 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4467 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 2.000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı yoxlama zamanı obyektdə işləyən 3 nəfərdən 1 nəfərin - X2 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi ilə bağlı operativ vergi nəzarətinə dair xx.xx.2022-ci il tarixdə akt tərtib etmiş, akt yalnız vergi orqanının əməkdaşları tərəfindən imzalanmışdır. Müqavilə bağlamadan işə cəlb edildiyi iddia edilən şəxsin izahatı alınmamış, vergi orqanı tərtib etdiyi aktda vergi ödəyicinin izahat verməkdən imtina etdiyini qeyd etmişdir. Vergi orqanı tərtib etdiyi aktda əmək müqaviləsi bağlamadan işə cəlb edildiyini aşkar etdiyi şəxsin həmin obyektdə konkret hansı işlə məşğul olması, həmin iş yerində iş saatının vaxtı, həmin iş yerinin əsas, yaxud əlavə iş yeri olması kimi məsələləri araşdırmamış, bu barədə tərtib edilmiş aktda hər hansı qeydlər etməmişdir. Məhz akt tərtib edilən tarixdə həmin şəxsin qeyd olunan obyektdə işləməsi faktı hər hansı sübutla öz təsdiqini tapmır. Bundan əlavə, cavabdehin həmin obyektdə Vergi Məcəlləsinin 41-ci maddəsi ilə nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə operativ vergi nəzarəti ilə bağlı foto və (və ya) video çəkiliş üçün qanunla verilmiş səlahiyyətindən istifadə etmək imkanı mövcud olsa da hazırkı iş üzrə vergi orqanı operativ vergi nəzarəti ilə bağlı foto və (və ya) video çəkilişin nəticələrini məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh orqanın əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilərkən həmin 1 nəfər şəxsin izahatı alınmamış, bu şəxsə münasibətdə qeyd olunan halların mövcudluğuna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavadehin təqdim etdiyi icraat materialları yalnız vergi orqanının yoxlayıcıları tərəfindən tərtib edilmiş, onların imza və idarənin möhürü ilə təsdiq edilmiş sənədlər olmaqla, iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli, əsaslı sübutlar hesab olunmur. Belə olan halda həmin şəxslə əlaqədar iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı qeyd olunan hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4840/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar