Məhkəmə qərarları › İş №2-1(103)-2943/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2943/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2943/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)- 6579/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Binəqədi Rayonu İcra Hakimiyyətinə qarşı karantin dövründə aprel və may ayları üçün birdəfəlik ödəmənin və işsizlik dövründə ödənilməli olan sosial müavinətin düzgün hesablanıb iddiaçıya ödənilməsi, mənəvi ziyana görə isə 20.000 manat məbləğində kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-6579/2021 saylı qərardadı ilə iddia “cavabdeh Binəqədi Rayonu İcra Hakimiyyətinə qarşı karantin dövründə aprel və may ayları üçün birdəfəlik ödəmənin və işsizlik dövründə ödənilməli olan sosial müavinətin düzgün hesablanıb iddiaçıya ödənilməsi, mənəvi ziyana görə isə 20.000 manat məbləğində kompensasiya ödənilməsi” hissəsində, həmçinin “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı mənəvi ziyana görə 20.000 manat məbləğində kompensasiya ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-6579/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, dövlət siyasətini yerlərdə yerli icra hakimiyyətləri həyata keçirirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-6579/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi iddiaçıya karantin dövründə aprel və may ayları üçün birdəfəlik ödəmənin və işsizlik dövründə ödənilməli olan sosial müavinətin düzgün hesablanıb iddiaçıya ödənilməsi təşkil etdiyindən, həmin iddia tələbi yalnız cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yönəldilə bilər, hazırkı iddia tələbi üzrə Binəqədi Rayonu İcra Hakimiyyəti birgə cavabdeh kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Göründüyü kimi iddia tələbində qeyd olunan məsələlər qanunvericiliklə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin vəzifələrinə aid edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı cavabdeh Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı karantin dövründə aprel və may ayları üçün birdəfəlik ödəmənin və işsizlik dövründə ödənilməli olan sosial müavinətin düzgün hesablanıb iddiaçıya ödənilməsi, mənəvi ziyana görə isə 20.000 manat məbləğində kompensasiya ödənilməsi hissəsində mümkün saymamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi iddianı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı mənəvi ziyana görə 20.000 manat məbləğində kompensasiya ödənilməsi” hissəsində mümkün saymayaraq qeyd etmişdir ki, iddiaçının qeyd edilən tələblə əvvəlcə cavabdehə müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələblə əvvəlcə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi həmin hissədə də iddianı mümkün saymamaqla düzgün qərara gəlmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-6579/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar