Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2943/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiya məbləğindən tutulan məbləğin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilərək pensiya məbləğinin hesablanaraq tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1632/2024 saylı 15 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür. İddiaçıya xx.xx.2004-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3- 6581/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən (artıqvermə) iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Yenidən hesablanmış pensiya məbləği 17837,58 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 75520,13 manat artıq ödəmə hesablanmışdır. xx.xx.2023-cü il tarixdən 42 ay 1783,76 manat tutulur. Bununla razılaşmayan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, əmək pensiyasından tutulmanın dayandırılması və ona ödənilməyən 1783,76 manat pensiya məbləğinin hesablanaraq, ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina edərək bildirilmişdir ki, “...Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı vaxtilə pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Vaxtilə pensiya təyin edilərkən təqdim edilmiş sənədlərdə qeyd olunanlara əsasən 20 yanvar 2004-cü il tarixinədək ümumi iş stajı 32 il 3 ay 9 gün, güzəştli iş stajı isə 14 il 4 ay 9 gün təşkil edir. Əmək pensiyası əmək haqqına əsasən hesablanarkən, tələb olunan 20 ildən artıq 12 ilə görə hər il üçün 2 %, zərərli və ağır sahədə 10 ildən artıq 4 il üçün 4 % (4x1 %) olmaqla orta aylıq əmək haqqının 98 % faizi miqdarında (20 il üçün 70 faiz+20 ildən artıq 12 il üçün 24 (12x2) faiz) müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 26.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən həmin Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmçinin Qanunun 26.2-ci maddəsinə əsasən qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçüntəsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində 25500,00 AZM-manata çevrilməklə 51,00 manat) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Sözügedən maddəyə əlavə edilmiş qeydə əsasən 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Belə ki, əmək pensiyanız orta aylıq əmək haqqına uyğun 1 yanvar 2008-ci il tarixinə 1650,87 manat orta aylıq əmək haqqı (2003-2005-ci illər üzrə olan əmək haqqına əsasən) sözügedən tarixədək istifadə olunmuş minimum əmək haqqının üç misli-51,00 manat məbləğində azaldılaraq, 1599,87 manat hesablanaraq onun 98 faizi-1567,87 manat müəyyən edilməklə üzərinə xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 4546,08 manat sığorta kapitalınıza uyğun 31,57 (4546,08:144) manat və baza hissəsi (60,00 manat) əlavə edilərək, xx.xx.2008-ci il tarixinə ümumilikdə 1659,44 manat məbləğində (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 17837,58 manat) hesablanmalı olduğu halda, xx.xx.2006-cı il tarixinə səhvən 1960,03 manat məbləğində müəyyən edilmiş pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 26.2-ci maddəsinin tələbləri nəzərə alınmadan (26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir) xx.xx.2008-ci il tarixinədək indeksləşdirilərək həmin tarixə 2537,50 manat (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 20247,53 manat) artıq əmək pensiyası hesablanaraq ödənilmişdir. Qeyd olunanlara əsasən sözügedən maddənin tələbləri nəzərə alınmaqla sizə 75520,13 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 75520,13 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hissə-hissə (hər ay 1783,76 manat) əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-6581/2023 saylı və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-8764/2023 saylı qərarının ləğv edilməsini və xx.xx.2023cü il tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2004-cü ildən pensiyaya çıxmışdır və pensiya çıxdığı zaman onun pensiya ödənişlərin hesablanması şərtləri “Vətəndaşların pensiya təminatı haqqında” qanunla təmzimlənirdir. Qeyd olunan qanuna əsasən İddiaçı orta əmək haqqının 98 faizi ilə pensiyaya çıxmışdır və xx.xx.2023-cü il tarixinədək yuxarıda qeyd olunan pensiya ödənişlərini almışdır. İddiaçı pensiyaya çıxdığı zamandan yəni xx.xx.2004-cü ildən bir necə dəfə pensiya ödənişləri indeksasiya olmuşdur, lakin İddiaçı inzibati orqan tərəfindən artıq ödənilmiş məbləğ barədə heç bir məlumat verilməmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubunda artıq ödənilmiş pensiya ödənişlərin geri alınmasını “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 26.2 maddəsi ilə əsaslandırmışdır, lakin cavabdeh orqan nəzərə almamışdır ki, İddiaçı əmək pensiyasına xx.xx.2004-cü il tarixində çıxmışdır, qeyd olunan tarixdə, ümumiyyətlə, “Əmək pensiyaları haqqında” Qanun qüvvədə olmamışdır. Faktiki olaraq cavabeh orqan İddiaçı əleyhinə olaraq, qanunun geriyə qüvvəsini tətbiq edir. İddiaçın pensiyasından tutulmaların tətbiq edilməsi ilə bağlı İddiaçı bu barədə heç bir məlumat verilməmişdir, inzibati orqana dəvət olunmamış və hər hansı inzibati akt ona təqdim edilməmişdir. Faktiki olaraq, cavabdeh orqan kobud surətdə AR “İnzibati icraat haqqında” qanunun bir necə maddələrini pozaraq İddiaçı pensiya ödənişlərinə tutulmalar yönəltmişdir. Odur ki, İddiaçı əmək pensiyasından 1783,76 manat məbləğin tutulması tamamilə hüquqaziddir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1632/2024 saylı 15 may 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə pensiya təyin edilərkən onun bu tarixədək ümumi iş stajı 32 il 3 ay 9 gün, güzəştli iş stajı isə 14 il 4 ay 9 gün müəyyənləşdirilmişdir. Əmək pensiyası əmək haqqına əsasən hesablandıqda tələb olunan 20 ildən artıq 12 ilə görə hər il üçün 2%, zərərli və ağır sahədə 10 ildən artıq 4 il üçün 4% (4x1%) olmaqla orta aylıq əmək haqqının 98% miqdarında 20 il üçün 70 faiz+20 ildən artıq 12 il üçün 24 (12x2) faiz) müəyyən edilmişdir. xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək onun pensiyası indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq 20247,53 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixədək o indeksləşdirilmiş və sonrakı yenidən hesablamalarda nəzərə alınmış aylıq olaraq 20247,53 manat pensiyasını almışdır. xx.xx.2023-cü il tarixdən isə ona 17837,58 manat pensiya ödənilmişdir. Pensiya ödənişin azaldılması ilə bağlı İddiaçı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Qeyd olunan müraciətə pensiyanın məbləğin tutulması barədə xx.xx.2023-cü il tarixli Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən göndərilən məktubda məbləğ tutulmasına səbəb kimi “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş redaksiyasının 26.2 maddəsinin tələbləri göstərilmişdir. Qanunun 26.2 maddəsinə əsasən qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyası müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta ayhq əməkhaqqının üçqat məbləğində 25500,00 AZM-manata çevirməklə 51,00 manat) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Sözügedən maddəyə əlavə edilmiş qeydə əsasən 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən də əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulması nəzərdə tutulmuşdur. Qeyd edilmiş bu səbəblə şəxsin pensiyasından məbləğin tutulması hüquqaziddir. Belə ki, İddiaçı xx.xx.2004-cü ildən pensiyaya çıxmışdır və pensiya çıxdığı zaman onun pensiya ödənişlərin hesablanması şərtləri “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla təmzimlənirdir. Qeyd olunan qanuna əsasən İddiaçı orta əmək haqqının 98 faizi ilə pensiyaya çıxmışdır və xx.xx.2023-cü il tarixədək yuxarıda qeyd olunan pensiya ödənişlərini almışdır. Bildirmək istəyir ki, İddiaçı pensiyaya çıxdığı zamandan yəni xx.xx.2004-cü ildən bir necə dəfə pensiya ödənişləri indeksasiya olmuşdur, lakin İddiaçı inzibati orqan tərəfindən artıq ödənilmiş məbləğ barədə heç bir məlumat verilməmişdir. Qeyd etmək istəyir ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubunda artıq ödənilmiş pensiya ödənişlərin geri alınmasını “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 26.2 maddəsi ilə əsaslandırmışdır, lakin cavadbeh orqan nəzərə almamışdır ki, İddiaçı əmək pensiyasına xx.xx.2004-cü il tarixində çıxmışdır, qeyd olunan tarixdə, ümumiyyətlə “Əmək pensiyaları haqqında” Qanun qüvvədə olmamışdır. Faktiki olaraq cavabeh orqan İddiaçı əleyhinə olaraq, Qanunun geriyə qüvvəsini tətbiq edir. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş redaksiyasının 26.2 maddəsinə əlavə edilmiş qeyddə bildirilir ki, 26.2-ci maddə 2008-ci ilin yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Cavabdeh orqan isə xx.xx.2006-cı il tarixinədək hesablamaları yeni qaydaları tətbiq edərək qeyd edillər ki, 1960,03 manat səhvən iddiaçıya hesablanaraq ödənilmişdir. Hesab edir ki, bu fakt hakim tərəfindən tam və ətraflı araşdırmamışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, İddiaçı pensiyasından tutulmaların tətbiq edilməsi ilə bağlı İddiaçı bu barədə heç bir məlumat verilməmişdi, inzibati orqana dəvət olunmamış və hər hansı inzibati akt ona təqdim edilməmişdir. Faktiki olaraq, cavabdeh orqan kobud surətdə AR “İnzibati icraat haqqında” Qanunun bir necə maddəsini pozaraq İddiaçı pensiya ödənişlərinə tutulmalar yönəltmişdir. Odur ki, İddiaçı əmək pensiyasından 1783,76 manat məbləğin tutulması tamamilə hüquqaziddir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-3-6581/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-8764/2023 saylı qərarlarının ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən etibarən pensiya məbləğindən tutulan məbləğin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” məzmununda iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizənin məzmununa uyğun təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə icraata qəbul edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbi həm mübahisələndirmə, həm də öhdəliyin icrası haqqında iddia növünə aiddir, mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-6581/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-8764/2023 saylı qərarlar cavabdeh qurum tərəfindən işə birinci instansiya qaydasında baxılarkən təqdim olunduğu üçün onların mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etmə müddəti ötürülməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının ilkin müraciəti üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixli olmuş, həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddiaçının ikinci tələbi isə öhdəliyin icrası haqqında iddia növünə aid olduğu üçün həmin iddia növü üzrə iddia müddəti qanunla müəyyən olunmamışdır. Odur ki, iddiaçının hər iki tələbi üzrə iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə işdən müəyyən olunur ki, İddiaçı xx.xx.2004-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin daha sonra cavabdehin 3-17-1/3- 6581/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanununun 39.1-ci maddəsinə əsasən (artıqvermə) iddiaçının əmək pensiyası yenidən hesablanaraq, yenidən hesablanmış pensiya məbləği 17837,58 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 75520,13 manat artıq ödəmə müəyyən olunmuşdur. xx.xx.2023cü il tarixdən 42 ay 1783,76 manat pul vəsaiti iddiaçının pensiyasından tutulur. İddiaçı hazırda onun əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh qurumun qəbul etdiyi qərarların ləğvini və pensiyasından tutulmaların ona geri qaytarılmasını tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək pensiyası orta aylıq əmək haqqına uyğun 1 yanvar 2008-ci il tarixinə 1650,87 manat orta aylıq əmək haqqı (2003-2005-ci illər üzrə olan əmək haqqına əsasən) sözügedən tarixədək istifadə olunmuş minimum əmək haqqının üç misli 51,00 manat məbləğində azaldılaraq, 1599,87 manat hesablanaraq onun 98 faizi-1567,87 manat müəyyən edilməklə üzərinə xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4546,08 manat sığorta kapitalına uyğun 31,57 (4546,08:144) manat və baza hissəsi (60,00 manat) əlavə edilərək, xx.xx.2008-ci il tarixinə ümumilikdə 1659,44 manat məbləğində (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 17837,58 manat) hesablanmalı olduğu halda, xx.xx.2006-cı il tarixinə səhvən 1960,03 manat məbləğində müəyyən edilmiş pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 26.2-ci maddəsinin tələbləri nəzərə alınmadan (26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir) xx.xx.2008-ci il tarixinədək indeksləşdirilərək həmin tarixə 2537,50 manat (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 20247,53 manat) artıq əmək pensiyası hesablanaraq ödənilmişdir. Odur ki, məhkəmə cavabdehin imtinasını əsaslı sayaraq iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İddiaçının mübahisələndirdiyi- Əmək pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3- 6581/2023 №-li xx.xx.2023-cü il tarixli qərarla iddiaçıya təyin edilmiş pensiya yenidən hesablandığından, ona 75520,13 manat artıq ödəmə ödəmənin aparıldığı müəyyən edilmişdir. Həmin artıq ödəmənin geri qaytarılması məqsədilə xx.xx.2023-cü il tarixdən iddiaçının pensiyasından 42 ay 1783,76 manat məbləğində pul vəsaiti tutulub. Aparılan məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, cavabdeh orqan tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-6581/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-8764/2023 saylı qərarları bundan öncə qəbul edilmiş “əlverişli inzibati akt” qüvvədə olduğu halda inzibati icraat aparılmadan qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-6581/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-8764/2023 saylı qərarları qəbul edilməmişdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi xidməti yoxlamanın (daxili araşdırmanın) aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/3- 3-6581/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-8764/2023 saylı qərarlar qəbul edilərkən yuxarıda qeyd olunan inzibati icraatla bağlı prosedur qaydalara riayət olunmamışdır. Bu hal hər iki inzibati aktın ləğvi üçün əsas yaradır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi belə əsaslandırılmışdır (2-1(102)-2641/2019 saylı xx.xx.2019-cu il tarixli, 2-1(102)-1573/2023 saylı xx.xx.2023-cü il tarixli qərarlar). Bundan əlavə məhkəmə kollegiyası onu da nəzərə alır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə pensiya təyin edilərkən onun bu tarixədək ümumi iş stajı 32 il 3 ay 9 gün, güzəştli iş stajı isə 14 il 4 ay 9 gün təşil etmiş, əmək pensiyası əmək haqqına əsasən hesablandıqda tələb olunan 20 ildən artıq 12 ilə görə hər il üçün 2%, zərərli və ağır sahədə 10 ildən artıq 4 il üçün 4% (4x1%) olmaqla orta aylıq əmək haqqının 98% miqdarında 20 il üçün 70 faiz+20 ildən artıq 12 il üçün 24 (12x2) faiz) müəyyən edilmişdir. xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək onun pensiyası indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq 20247,53 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixədək o indeksləşdirilmiş və sonrakı yenidən hesablamalarda nəzərə alınmış aylıq olaraq 20247,53 manat pensiyasını almışdır. Sonradan iddiaçının pensiyasının 17837,58 manata azaldılmasına səbəb kimi cavabdeh qurum “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş redaksiyasının 26.2-ci maddəsinin tələblərini göstərilmişdir. Belə ki, Qanunun 26.2-ci maddəsinə əsasən qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyası müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində 25500,00 AZM-manata çevirməklə 51,00 manat) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Sözügedən maddəyə əlavə edilmiş “qeyd”ə əsasən 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Lakin həmin “qeyd” iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilərkən nəzərə alınmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı onun barəsində “əlverişli inzibati akt” qüvvədə olduğu halda, inzibati icraata dəvət olunmadan aparılan araşdırmalar nəticəsində əmək pensiyasının 20247,53 manatdan 17837,58 manata azaldılması ilə bağlı istər xx.xx.2023-cü il tarixli qərar, istərsə də onun davamı olaraq xx.xx.2023-cü il tarixli qərar qəbul edilərkən inzibati icraatla bağlı prosedur qaydalara riayət olunmadığı və maddi hüquq normasının da düzgün tətbiq olunmadığı üçün həmin qərarların ləğvini tələb etməkdə haqlı olmuşdur. İddiaçının “xx.xx.2023-cü il tarixdən etibarən pensiyasından tutulan məbləğlərin ona geri qaytarılması” barədə tələbinə isə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin tələb də əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, iddiaçı barəsində xx.xx.2023-cü il tarixli qərarın qəbul edilməsi ilə yanaşı onun əmək pensiyasından müvafiq tutulmalar da həyata keçirilmişdir. Halbuki “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işdən müəyyən edilir ki, cavabdeh iddiaçıya artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub-olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ona ödənilməli olan pensiya ödənişlərindən özbaşına tutmalar həyata keçirmişdir. Halbuki cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı olmamışdır. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Lakin cavabdeh belə bir qərarı təqdim etmədiyindən, cavabdehin iddiaçıya ödənilən pensiya məbləğindən tutma aparması qanunsuz olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Cavabdeh qurumun gətirdiyi dəlillərə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1632/2024 saylı 15 may 2024-cü il tarixli qərarı ləğv olunmalı, iddia apellyasiya baxışı zamanı təqdim olunmuş “iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə”nin məzmununa uyğun olaraq təmin olunmalı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-6581/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-8764/2023 saylı qərarlar ləğv edilməli və xx.xx.2023-cü il tarixdən etibarən İddiaçı əmək pensiyasından tutulmuş məbləğlərin ona geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1632/2024 saylı 15 may 2024-cü il tarixli qərarı ləğv olunsun. İddia apellyasiya baxışı zamanı təqdim olunmuş “iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə”nin məzmununa uyğun olaraq təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-6581/2023 saylı və xx.xx.2023cü il tarixli 3-17-1/3-3-8764/2023 saylı qərarlar ləğv edilsin. xx.xx.2023-cü il tarixdən etibarən İddiaçı əmək pensiyasından tutulmuş məbləğlərin ona geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2943/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2943/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver