Məhkəmə qərarları › İş №2-1(103)-2943/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2943/2025

03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2943/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6573/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

1. İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 dekabr 2024-cü il tarixli 3-21-2-3/2-380376/2024 nömrəli qərarının və əlavə hesablanmış verginin ləğv olunması və müvafiq qaydada aparılan əvəzləşmənin icrasının cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı ASC (nümayəndəsi və vəkili Vəkil vasitəsilə) xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 dekabr 2024-cü il tarixli 3-21- 2-3/2380376/2024 nömrəli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC xx.xx.2001-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. xx.xx.2004-cü il tarixdə əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmışdır. Cəmiyyətin əsas fəaliyyəti sair maşın və avadanlıqların təmirindən ibarətdir. xx.xx.2024 tarixli QS12/01 sayli müqaviləyə əsasən İddiaçı ASC 2024-cü ilin müvafiq dövrü üçün əvəzləşmə aparılması məqsədilə ƏDV bəyannaməsini cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası Dövlət Neft şirkətinin müəssisə və təşkilatlarının sifarişinə əsasən hazırlanacaq məhsullara görə "xxxx" MMC ilə 21 fevral 2024-cü il tarixli, QS12/01 saylı müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən 105431,93 manat dəyərində müxtəlif ölçülü polad yayma alınmışdır. Həmin alqı-satqı predmeti olan mal və materiallar üzrə ƏDV məbləği 18977,75 manat olmuşdur. İddiaçı ASC tərəfindən müvafiq dövr üzrə "xxxx" MMC ilə aparılan əməliyyatlar üzrə hesablanmış ƏDV-nin əvəzləşdirilməsi üçün cavabdehə müvafiq bəyannamələr təqdim olunmuşdur. Lakin, cavabdeh tərəfindən yuxarıda qeyd olunan əməliyyatların əvəzləşdirilməyə əsas vermədiyi əsas göstərilərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 dekabr 2024-cü il tarixli 321-2-3/2-380376/2024 nömrəli qərar qəbul edilmişdir. İddiaçı ASC müvafiq qaydada cavabdeh inzibati orqana müraciət edərək, 24 dekabr 2024-cü il tarixli aktın ləğv edilərək, əsassız hesablanmış 18435,13 manat vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Lakin, cavabdehin 7 yanvar 2025-ci il tarixli, 3-21-2-3/2-M-1xx-xx/2025 nömrəli müraciətə baxılması barədə məktubu ilə İddiaçı ASC-nin **********950100 nömrəli məktubu ilə şikayətə qanunvericiliyə uyğun baxılmamış və ümumi qaydada cavablandırılmışdır. Belə ki, İddiaçı ASC tərəfindən 2024-cü il ərzində əməliyyatlar aparılarkən hər hansı riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisi kimi qeydiyyata alınmış idarə, müəssisə və təşkilatla əməliyyat aparılmamışdır. İddiaçı ASC tərəfindən hər hənsı əmtəəsiz əməliyyat icra olunmamışdır. Qanunvericiliklə qadağan olunan və ya qanun pozuntusu hesab olunan hərəkətlərə və ya hərəkətsizliklərə yol verilməmişdir. Cavabdeh inzibati orqanın 16 oktyabr 2024-cü il tarixli **********055400 Qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Vergi orqanının qərarında qeyd edilmiş şirkətin adının riskli vergi ödəyicisi siyahısına daxil edilməsi İddiaçı ASC müqavilə üzrə aparılmış əməliyyatlarından sonrakı dövrə təsadüf edir. Belə ki, "xxxx" MMC Məhdud Məsuliyyətli Cəmiyyəti (ilə 21 fevral 2024-cü il tarixli, QS12/01 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilənin tərkib hissəsi hesab olunan 1 nömrəli, 26 fevral 2024-cü il tarixli qiymət razılaşma protokoluna müvafiq olaraq 6365.81 manat məbləğində 5.7871 ton polad yayma satın alınmışdır. Həmin satınalma üzrə mal və materiallar 26 fevral 2024-cü il tarixli, 1 nömrəli akt ilə təhvil-təslim edilmişdir. Buna görə 27 fevral 2024-cü il tarixli EBDZ seriyalı 486927 nömrəli elektron qaimə təqdim edilmişdir. Bu əməliyyat üzrə 1145,85 manat ƏDV hesablanmışdır. 26 fevral 2024-cü il tarixli, 2 nömrəli qiymət razılaşma protokoluna müvafiq olaraq 9501,32 manat məbləğində 10,616 ton polad yayma satın alınmışdır. Həmin satınalma üzrə mal və materiallar 26 fevral 2024-cü il tarixli, 2 nömrəli akt ilə təhvil-təslim edilmişdir. Buna görə 27 fevral 2024-cü il tarixli EBDZ seriyalı 486965 nömrəli elektron qaimə təqdim edilmişdir. Bu əməliyyat üzrə 1710,24 manat ƏDV hesablanmışdır. 26 fevral 2024-cü il tarixli, 3 nömrəli qiymət razılaşma protokoluna müvafiq olaraq 16087,50 manat məbləğində 19,5 ton polad yayma satın alınmışdır. Həmin satınalma üzrə mal və materiallar 26 fevral 2024-cü il tarixli, 3 nömrəli akt ilə təhvil-təslim edilmişdir. Buna görə 26 fevral 2024-cü il tarixli EBDZ seriyalı 408438 nömrəli Elektron qaimə təqdim edilmişdir. Bu əməliyyat üzrə 2895,75 manat ƏDV hesablanmışdır. 26 fevral 2024-cü il tarixli, 4 nömrəli qiymət razılaşma protokoluna müvafiq olaraq 20825,00 manat məbləğində 24,5 ton polad yayma satın alınmışdır. Həmin satınalma üzrə mal və materiallar 26 fevral 2024-cü il tarixli, 4 nömrəli akt ilə təhvil-təslim edilmişdir. Buna görə 26 fevral 2024-cü il tarixli EBDZ seriyalı 408486 nömrəli elektron qaimə təqdim edilmişdir. Bu əməliyyat üzrə 3748,5 manat ƏDV hesablanmışdır. 26 fevral 2024-cü il tarixli, 5 nömrəli qiymət razılaşma protokoluna müvafiq olaraq 12375,00 manat məbləğində 15 ton polad yayma satın alınmışdır. Həmin satınalma üzrə mal və materiallar 26 fevral 2024-cü il tarixli, 5 nömrəli akt ilə təhvil-təslim edilmişdir. Buna görə 26 fevral 2024-cü il tarixli EBDZ seriyalı 408486 nömrəli elektron qaimə təqdim edilmişdir. Bu əməliyyat üzrə 2227,5 manat ƏDV hesablanmışdır. 26 fevral 2024-cü il tarixli, 6 nömrəli qiymət razılaşma protokoluna müvafiq olaraq 14127,00 manat məbləğində 16,62 ton polad yayma satın alınmışdır. Həmin satınalma üzrə mal və materiallar 26 fevral 2024-cü il tarixli, 6 nömrəli akt ilə təhvil-təslim edilmişdir. Buna görə 26 fevral 2024-cü il tarixli EBDZ seriyalı 408502 nömrəli elektron qaimə təqdim edilmişdir. Bu əməliyyat üzrə 2542,86 manat ƏDV hesablanmışdır. 26 fevral 2024-cü il tarixli, 7 nömrəli qiymət razılaşma protokoluna müvafiq olaraq 15429,80 manat məbləğində 17,24 ton polad yayma satın alınmışdır. Həmin satınalma üzrə mal və materiallar 26 fevral 2024-cü il tarixli, 7 nömrəli akt ilə təhvil-təslim edilmişdir. Buna görə 26 fevral 2024-cü il tarixli EBDZ seriyalı 408536 nömrəli Elektron qaimə təqdim edilmişdir. Bu əməliyyat üzrə 2777,36 manat ƏDV hesablanmışdır. 26 fevral 2024-cü il tarixli, 8 nömrəli qiymət razılaşma protokoluna müvafiq olaraq 10720,50 manat məbləğində 10,21 ton polad yayma satın alınmışdır. Həmin satınalma üzrə mal və materiallar 26 fevral 2024-cü il tarixli, 8 nömrəli akt ilə təhviltəslim edilmişdir. Buna görə 26 fevral 2024-cü il tarixli EBDZ seriyalı 408637 nömrəli Elektron qaimə təqdim edilmişdir. Bu əməliyyat üzrə 1929,69 manat ƏDV hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Neft şirkətinin müəssisə və təşkilatlarının sifarişinə əsasən hazırlanacaq məhsullara görə "xxxx" MMC ilə 21 fevral 2024cü il tarixli, QS12/01 saylı müqavilə üzrə 105431,93 manat məbləğində mal və material satın alınmışdır. Buna görə 18977.75 manat ƏDV hesablanmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 dekabr 2024-cü il tarixli 3-21-2-3/2-380376/2024 nömrəli Qərar ilə yuxarıda qeyd olunan əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab olunaraq İddiaçı ASC barəsində 17336,87 manat əlavə vergi hesablanmışdır. Cavabdeh inzibati orqan tərəfindən əməliyyatların aparıldığı tarixlərdə həmin şirkətlərin riskli vergi ödəyicisi olması barədə hər hansı məlumat mövcud olmamışdır. Bununla bağlı hər hansı araşdırma aparılmamış və əməliyyatların əmtəəsiz aparılmasına dair hər hansı sübut təqdim olunmamışdır. Müxtəlif ölçüdə olan polad yaymaları "xxxx" MMC "xxxx" MMC-dən alaraq İddiaçı ASC satmışdır. Belə olan halda aydındır ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan hal, o cümlədən İddiaçı ASC-yə 17336,87 manat məbləğində əlavə vergi hesablanması üçün əsas mövcud olmamış, bununla da cavabdeh qanunsuz qərar qəbul etmişdir. Digər tərəfdən, cavabdeh İddiaçı ASC əmtəəsiz, yaxud riskli əməliyyat aparması ilə bağlı hər hansı sübut təqdim etməmiş, İddiaçı ASC riskli əməliyyat apardığına görə riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul etməmişdir. Eyni zamanda cavabdeh səthi araşdırma aparmış, malların istehsal edilmə, alınma və satılma faktını yoxlamamış, elektron qaimə məlumatları əsasında risk aşkarlamış və bununla kifayətlənmişdir. Beləliklə, göstərilənlərə əsasən cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar iş materialları ilə təkzib olunduğundan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 dekabr 2024-cü il tarixli 3-21-2-3/2380376/2024 nömrəli qərar ləğv olunmalı və həmin qərar üzrə hesablanmış əlavə verginin azaldılması cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6573/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-380376/2024 №-li qərarı ləğv edilmişdir.

5. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan təhlillər zamanı "xxxx" MMC-nin (VÖEN: **********) apardığı əməliyyatların riskli əməliyyatlar olmasına dair şübhə yaranmışdır. Bununla bağlı vergi nəzarəti tədbiri keçirilmişdir. Baxış zamanı ödəyicinin Dövlət Vergi Xidmətinin uçot-baza məlumatlarında qeydiyyatda olan obyektinin (AZ0100, Abşeron rayonu, Digah ştq, Digah qəsəbəsi) boş olduğu, hər hansı mal qalığının olmadığı və faktiki olaraq şəxsin orada fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Nəzərə çatdırır ki, vergidən yayınma sxemi hal-hazırkı dövrdə yeni yaradılan və ən çox iri dövriyyələr zamanı istifadə edilən əməliyyatlar toplusudur. Vergi ödəyiciləri tərəfindən bu sxem elə hazırlanır ki, həm qanuni görünür, həm də vergilərin yayındırılmasına gətirib çıxarır. Əməliyyatın və ya əməliyyatlar toplusunun vergidən yayınma sxemi əmələ gətirməsində əsas diqqət əməliyyatın məqsədinin vergi öhdəliyinin azaldılması və ya tamamilə aradan qaldırılması olmasıdır. Bu cür əməliyyatlar biznes məqsədlərinə deyil, vergi məqsədlərinə xidmət edir. Vergidən yayınma sxemi qanunvericiliyin mövcud olan tələblərindən yan keçməklə və ya mövcud olmayan tələblərindən sui-istifadə etməklə yeganə məqsədi vergi öhdəliyinin azaldılması olan əməliyyatlardır. Əmtəəsiz əməliyyatların araşdırılması zamanı əməliyyatlar məhz sənədlər üzərində baş tutur, müqavilələr, təhvil-təslim aktları hazırlanaraq əməliyyatın baş tutmasının bu sənədlərlə sübut edilməsinə cəhd edilir. Lakin əsas məsələ sənədlərdə əks edilmiş əməliyyat həqiqətən də baş tutmuşdurmu, baş tutmuşdursa, həmin şəxslər arasında baş tutmuşdurmu, həmin qiymətdə baş tutmuşdurmu və.s tipli sualların cavablandırılmış olmasındadır. Bu sualların araşdırılması üzrə inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində müvafiq addımlar atılmış, vergi ödəyiciləri riskli ödəyicisi hesab edilmədən əvvəl xəbərdarlıq məktubları göndərilmiş, inzibati orqanın binasına dəvət edilmişdir. Nəzərə çatdırır ki, cavabdeh tərəfindən iddiaçının qarşılıqlı əməliyyat apardığı vergi ödəyicilərinin təsərrüfat subyektlərinin uçota qoyulub-qoyulmamasının, işçilərin müqaviləsiz işə cəlb edilib-edilməməsinin, həmin ödəyicilərin nəqliyyat vasitələrinin mövcud olub-olmamamasının və bütun bu dəlillərin iddiaçı və vergi ödəyiciləri arasında aparılmış əməliyyatların tarixləri ilə uzlaşdırılaraq araşdırılması və bu hallarla bağlı məhkəməyə sübutlar təqdim etməsinin səbəbi iddiaçı və müəssisələr arasında aparılmış əməliyyatların əmtəəsiz olmasının sübut edilməsidir. Cavabdeh tərəfindən məhkəmədən tələb olunan inzibati orqanın əvəzinə icraat aparmağı deyil, cavabdehin özünün apardığı inzibati icraat zamanı əldə edilən sübutların məhkəmə tərəfindən düzgün araşdırıması və qiymət verilməsidir, yəni, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmənin xidməti vəzifəsindən irəli gələn vəzifələrin yerinə yetirilməsidir. Bundan əlavə bildirir ki, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Başİdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasınınxx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirik (qərar əlavə olunur). Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında qeyd olunur: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Tərəflərin izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

İŞİN HALLARİ:

9. İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış QS 12/01 “alqı-satqı müqavilə”sinin surətindən müəyyən olunur ki, satıcı "xxxx" MMC, alıcı İddiaçı ASC-dir. Satıcı mal satmağı və alıcı isə malı qəbul edib, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytından əldə edilmiş məlumatlardan müəyyən olunur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********055400 №li qərarı ilə "xxxx" MMC-nin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ASC-yə ünvanlanmış “əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat” xəbərdarlıq məktubunda göstərilmişdir ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********055400 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, sizin həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2024 tarixli EBDZ seriyalı 486965 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 408536 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 486927 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 408438 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 408637 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 408486 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 408502 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 408395 nömrəli) elektron qaimə-faktura (lar) əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

12. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-380376/2024 №-li qərarının surətindən müəyyən olunur ki, 2024-cü ilin oktyabr ayı üçün əlavə dəyər vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı ASC tərəfindən hesablanmış vergi və sığorta haqqı – 1.098,26 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 18.435,13 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 17.336,87 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: - Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla 17336,87 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək 24.1. Vergi orqanları borcludur: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanır. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 83.9. Vvergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: -94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür 175.1. bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.11. əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

19. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

21. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir.

22. İşin müəyyən edilən hallarından görünür ki, vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-380376/2024 №-li qərar qəbul edilməklə vergi ödəyicisi barəsində 2024-cü ilin oktyabr ayı üçün əlavə dəyər vergisi üzrə ƏDV məbləği nəzərə alınmaqla 17336,87 manat əlavə vergi hesablanmışdır.

23. Cavabehin mövqeyinə görə "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********055400 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2024 tarixli EBDZ seriyalı 486965 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 408536 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 486927 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 408438 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 408637 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 408486 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 408502 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 408395 nömrəli) elektron qaimə-faktura (lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməmişdir.

24. Qeyd etmək lazımdır ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab olunsa da, iddiaçının həmin vergi ödəyicisi ilə apardığı əməliyyatlar xx.xx.2024-cü ilə aid olmuş, həmin dövrdə "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır.

25. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qiymət razılaşma protokollarının, eləcə də, təhvil-təslim aktlarının surətlərindən də müəyyən olur ki, satınalmalar üzrə razılaşdırılmış mal və materiallar təhvil alınmış, elektron qaimələr təqdim edilmişdir.

26. Göründüyü kimi vergi orqanının qərarında qeyd edilmiş şirkətin adının riskli vergi ödəyicisi siyahısına daxil edilməsi İddiaçı ASC ilə müqavilə üzrə aparılmış əməliyyatlarından sonrakı dövrə təsadüf edir.

27. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir.

29. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

30. Beləliklə, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.

31. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği gəlirdən çıxılan xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur.

32. Onu da qeyd etmək lazımdır ki, vergi orqanı iddiaçının apardığı əməliyyatı əmtəəsiz əməliyyat olduğunu iddia edirsə, bu halda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərinə düşür.

33. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

34. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın əməliyyatların aparıldığı tarixlərdə həmin şirkətlərin riskli vergi ödəyicisi olması barədə hər hansı məlumatının olubolmaması iş materiallarına əsasən müəyyən olunmur. O cümlədən bununla bağlı cavabdeh tərəfindən əməliyyatların əmtəəsiz aparılmasına dair hər hansı sübut təqdim olunmamışdır.

36. Məhkəmələr inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

37. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

38. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir.

39. Hazırki işin hallarından görünür ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

40. Eyni zamanda, VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.

41. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

42. Bundan başqa, vergi orqanı "xxxx" MMC ilə apardığı əməliyyatlar üzrə 2024-cü il üşün qüvvədə olmuş VM-nin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət vergisi hesablanmışdır.

43. Göründüyü kimi cavabdeh tərəfindən həm maddi, həm də prosessual hüquq normalarının tələbləri pozulmuş, bununla da qanunsuz əlverişsiz inzibati aktlar qəbul etmişdir.

44. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

45. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

46. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir.

48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

49. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

50. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

51. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6573/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar