Məhkəmə qərarları › İş №2-1(103)-2944/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2944/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2944/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Kazımov Elşən Cəliddin oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9769/2021 saylı iş üzrə qəbul etdiyi 22 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N.Karazin adına Xarkov Milli Universitetinin “Geologiya” ixtisası 13.07.2018-ci il tarixdə ona verilmiş B12 № 188549 saylı bakalavr ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9769/2021 saylı iş üzrə qəbul etdiyi 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 13.07.2019-cu ildə diplomunun tanınmasından imtina edilməsi barədə hər hansı inzibati akt və ya yazılı məlumat verilməmişdir. Bununla bağlı iddiaçının email ünvanına “Sizin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi” məqsədilə təqdim etdiyiniz elektron ərizənin statusunda dəyişiklik edilmişdir. Dəyişikliklə tanış olmaq üçün elektron ərizə sisteminə (şəxsi kabinetinizə) istifadəçi girişi edə bilərsiniz” mətni göndərilmişdir. Şəxsi kabinetə giriş edilib yoxlandıqda müraciətin qarşısında “Müraciətinizə dair mənfi qərar qəbul edilmişdir” yazısı görülməkdədir. Burada “Nəticə” və E-sənədlər” adlı iki bölmə mövcuddur. Nəticə hissəsinə daxil olduqda yenə də yalnız “Müraciətinizə dair mənfi qərar qəbul edilmişdir” məlumatı qeyd edilir. E-sənədlər bölməsinə daxil olduqda isə burada “imtina e-arayışı” sənəd forması olsa da, bu forma aktiv deyildir, onu elektron qaydada əldə etmək mümkün deyildir, çünki belə bir arayış sistemə yüklənməmişdir. Bu məlumat isə qanunvericiliyə uyğun olaraq heç bir halda inzibati akt sayıla bilməz, iddiaçıya rəsmi qaydada təqdim edilmə hesab oluna bilməz. İddiaçı tərəfindən 05.07.2021-ci il tarixində cavabdehə ərizə ünvanlanmış, buna rəsmi yazılı qaydada 06.08.2021-ci il tarixində cavab məktubu verilmiş, iddiaçı da bu tarixdən 30 gün ərzində məhkəməyə müraciət etmişdir. İddia qanunvericiliyə uyğun olaraq iddiaçıya rəsmi qaydada məlumat verildiyi bu tarixdən hesablanmalı olduğu üçün mümkün hesab edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, qərarın dəyişdirilmədən qüvvdə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin hallarından görünür ki: V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən 13.07.2018-ci ildə verilmiş B18 № 188549 saylı nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı V.N.Karazin adına Xarkov Milli Universitetinin bitirmiş və geologiya istiqaməti üzrə bakalvr dərəcəsinə layiq görülmüşdür. Sözügedən bakalavr diplomu rektor V.S.Bəkirov və Ukrayna Təhsil və Elm Nazirliyinin Departament direktoru Şitka L.D. tərəfindən apostil ilə 31.07.2018-ci il tarixdə təsdiq olunmuşdur. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi yekun qərarını onunla əsaslandırmışdır ki, “...cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 13.07.2019-cu il tarixdə diplomunun tanınmasından imtina edilmişdir. ... məcburetmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müraciətinə imtina cavabı təqdim olunduğu müddətdən 2 (iki) il 1 (bir) ay 13 (on üç) gündən çox vaxt keçdikdən sonra, yəni 26.08.2021-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüşdür.” Kollegiya məhkəmənin qənaəti ilə razılaşmır və məhkəmənin istinad etdiyi həmin halı hazırkı məzmunda iddianın mümkünsüzlüyünün əsası kimi qəbul etmir. Belə ki, İPM-in 38.2-ci maddəsinə görə, məhkəmə məcburetmə haqqında iddianın verilməsi üçün qanunla müəyyən edilmiş müddətin axımını tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan hesablamalıdır. Hazırkı halda, iddiaçının 2019-cu il 13 mart və 2019-cu il 1 aprel tarixli müraciətlərinə cavabdeh 2019-cu il 18 iyun tarixli məktubla cavab vermişdir. İşin hallarından aydındır ki, iddiaçının hazırki tələblə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından Təhsil Nazirliyinə daxil olmuş 14.07.2021-ci il tarixli Q- 212/03-TKTA saylı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ünvanlanmış 05.07.2021-ci il tarixli Q-212 saylı ərizələrlə əlaqədar olaraq qeyd olunmuşdur ki, onun elektron müraciətinin nəticəsi barədə 13.07.2019-cu il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2012-ci il tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifıkasiyası) onlayn yoxlanılması" elektron xidməti vasitəsilə əlavədə qeyd olunmuş məlumat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarfnm 4.2-ci bəndinə əsasən, tanınmadan və ekvivalentlik haqqında Şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada şikayət edə bilər. “İnzibati icraat haqqında” AR Qanununun 34.1-ci maddəsinə əsasən, ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər: 34.1.1. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə; ... Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının elektron müraciətinə verilmiş cavabından sonra təkrar hesab etdiyi 05.07.2021-ci il tarixli müraciətin “İnzibati icraat haqqında” Qanunun 34.1.1-ci maddəsində nəzərdə tutulmuş əsasla baxılmamış saxlanmasına dair hər hansı qərar qəbul etməmişdir. Cavabdeh özünün əvvəlki – 13 iyul 2019-cu il tarixli elektron cavabına istinadla iddiaçının sonuncu müraciəti üzrə onun arzuladığı inzibati aktı qəbul etməkdən imtina edib. İddiaçı da məhkəmədən onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoymağı tələb edir. Beləliklə, cavabdeh inzibati orqan iddiaçının 05.07.2021-ci il tarixli müraciətinin (bu müraciətin təkrarlığına görə) baxılmamış saxlanmasına dair qərar qəbul etmədiyindən, cavabdehin 14.07.2021-ci il tarixli cavab məktubu iddiaçının tələb etdiyi inzibati aktın qəbulundan imtinası kimi qiymətləndirilməli, məcburetmə haqqında iddianın verilməsi üçün İPM-in 38.2-ci maddəsində təsbit olunmuş müddətin axımı cavabdehin 2021-ci il 14 iyul tarixli cavab məktubunun iddiaçıya verildiyi vaxtdan hesablanmalıdır. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası o nəticəyə gəlir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, məhkəmənin mübahisələndirilən qərardadı ləğv edilərək, iddia tələbi mümkün hesab edilərək, iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilməsi üçün inzibati iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X3 apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-9769/2021 saylı iş üzrə qəbul etdiyi 22 sentyabr 2021-ci il il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Elşən Kazımov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar