Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2945/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil, Tərcüməçi Bağırova (Yəhyayeva) Günay Akif qızının iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X3) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6801/2024 nömrəli, 08 may 2024-cü il tarixli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan mənzildə qeydiyyatda olan üçüncü şəxs ilə heç bir qohumluq əlaqəsi yoxdur. Hal-hazırda iddiaçının evində yaşamır. Üçüncü şəxsin onun evində qeydiyyatda olması mülkiyyətçi kimi mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6801/2024 nömrəli, 08 may 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs X3 qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qızı Nelli Fabriçnaya onun rəhbəri olduğu "xxxx" TSK MMC-nin işçisi olmuşdur, 2019-cu ildə üçüncü şəxs onların razılığı ilə həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüş, öz şəxsi əşyalarını, o cümlədən, içrərisində şəxsi pulu olan “ES-100” markalı metal seyfini gətirib o mənzilə yerləşdirmişdir. İddiaçı əri ilə birlikdə onun qeydiyyata düşməyi üçün ondan pul da alıblar, ümumiyyətlə, qeyd edir ki, məhkəmədə də bildirdiyi kimi, orada qeydiyyata düşməyi və mənzildən istifadə etməyi üçün iddiaçının ailəsinə 25.000 ABŞ dolları məbləğində pul xərcləmişdir. Sonradan, iddiaçının qızı onların evinə yerləşdirdiyi seyfdən onun 750.000 AZN məbləğində pulunu taladığına və cinayətin izini itirmək üçün onu zəhərləyərək öldürməyə cəhd etdiyinə görə o mənzildən məcburiyyət qarşısında qalıb çıxmışdır. Yəni oradan könüllü çıxmamışdır. Şikayətə əlavə edilmiş “əşyanın maddi sübut hesab edilməsi və qanuni sahibinə verilməsi haqqında” 13 iyun 2022-ci il tarixli qərardan da görünür ki, iddiaçının qızı Nelli Fabriçnayanın onun sözügedən mənzilə yerləşdirdiyi seyfdən 2019-cu ilin sentyabr ayının əvvəllərindən xx.xx.2021-ci il tarixə qədər ona məxsus olan pulu mənimsəmişdir. Həmin qərarla bir daha təsdiq olunur ki, qeyd olunan müddət ərzində o, həmin mənzildən istifadə etmiş və cinayət hadisəsinə görə oranı tərk etmişdir. Oranı məcbur olub tərk etməyi və hazırda faktiki olaraq orada yaşamamağı o demək deyildir ki, o, həmin mənzilə istifadə hüququnu itirmişdir. Bütün bunları məhkəmədə bildirməsinə və vəsatət verərək, iddiaçıya qarşı istifadə hüququnun tanınması ilə bağlı iddia irəli sürəcəyini bildirib, buna imkan yaradılmasını xahiş etməsinə baxmayaraq, hakim işin bu hallarına obyektiv qiymət verməmiş və vəsatətini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunub, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarına istinadən mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin №167231 qeydiyyat nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səfərəliyev küçəsi, ev 2, 8 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li, xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı həmin mənzildə qeydiyyatdadır. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxsin ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var”. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirmiş, birinci instansiya məhkəməsi cavabdehin imtinasını iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirməklə, iddianı təmin etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Beləl ki, iş üzrə mübahisəli fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərdə X2 hər hansı əmlak hüquqlarının mövcud olduğu (qeydiyyat sənədləri, istifadə hüququnun olmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi və s.) müəyyən olunmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubuna əsasən üçüncü şəxsin sözügedən mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda X1 ünvanda faktiki olaraq yaşaması da sübut olunmur, üçüncü şəxs özü də məhkəməyə verdiyi izahatlarında və apellyasiya şikayətinin dəlillərində hazırda sözügedən mənzildə yaşamadığını bildirmişdir. Mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Lakin həmin mənzildə iddiaçının ailə üzvü olmayan və faktiki olaraq həmin mənzildə yaşamayan üçüncü şəxs qeydiyyatdadır. Bu isə iddiaçının həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Göründüyü kimi, üçüncü şəxs X2 mübahisəli fərdi yaşayış evinə hər hansı əmlak hüquqları mövcud deyildir, eyni zamanda o, həmin ünvanda faktiki olaraq yaşamır, qeydiyyat formal xarakter daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin üçüncü şəxsə məxsus pulun iddiaçının mənzilindən oğurlanması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin fakt cinayət mühakimə icraatı üzrə araşdırılmalı və qiymət verilməli məsələdir və şəxsin faktiki olaraq yaşamadığı və istifadə hüququ olmadığı evdə qeydiyyatda qalması üçün əsas deyildir. Bundan başqa apellyasiya şikayətində 3-cü şəxs iddiaçıya qeydiyyata düşmək üçün pul ödədiyini qeyd etsə də, bu hal da həmin ünvanda istifadə hüququnun yaranmasına və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatda qalmasına əsas ola bilməz. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, 3-cü şəxs pul məbləğinin geri qaytarılması barədə ayrıca iddia qaldırmaq hüququna malikdir. Digər tərəfdən işdən görünür ki, X3 hazırki iş üzrə iddiaçıya qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə mənzilə köçürülmə tələbi ilə müraciət etmiş, iddia ərizəsi icraata qəbul edilmişdir. Hazırki mübahisə həmin işdən asılı deyildir. Belə ki, hazırda araşdırma zamanı şəxsin qeyd edilən ünvanda istifadə hüququnun qeydiyyata alınmadığı, faktiki sözügedən ünvanda yaşamasının sübuta yetirilmədiyi halda inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həmin iddianın araşdırılıb təmin ediləcəyi halda iddianın təmin edilməsi barədə qətnamə qanuni qüvvəsini aldığı təqdirdə üçüncü şəxsin mübahisəli mənzilə köçməsi və qeydiyyata alınması üçün əsas ola bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6801/2024 nömrəli, 08 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova