Məhkəmə qərarları › İş №2-1(103)-2946/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2946/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2946/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti) qarşı “diplomun verilməsi və köçürülmənin həyata keçirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(112)-4194/2025 saylı qərardadından birgə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin "Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası diplomunun verilməsini, əgər diplom vermək mümkün deyilsə, ixtisasına uyğun hər hansı bir Universitetə köçürülərək təhsil almaq öhdəliyini cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin "Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası diplomunun verilməsini, əgər diplom vermək mümkün deyilsə, ixtisasına uyğun hər hansı bir Universitetə köçürülərək təhsil almaq öhdəliyini cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hər iki iddia bir məhkəmə icraatına birləşdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 2013-2014-cü il tədris illərində Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən “X1” İqtisadiyyat fakültəsinə qəbul olunmuşdur. 2014-cü ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qanuni əsaslarla köçürülmüş və 2017-ci ildə həmin Universitetin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə qiyabi şöbəsini bitirmişdir. Nəhayət Universitet bildirmişdir ki, diplomu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ləngidir, buna görə də diplomun verilməsi üçün rəsmi ərizə ilə cavabdehə müraciət etmişdir. Bu yaxınlarda ona cavabdeh tərəfindən məktub ilə bildirilmişdir ki, ali təhsil müəssisəsinə X6 sərəncamı əsasında qəbul olunmuş (və ya Elm və Təhsil Nazirinin razılığı ilə digər ali təhsil müəssisəsindən köçürülmüş), tədris planında nəzərdə tutulanları tam yerinə yetirmiş, yekun dövlət attestasiyasından müvəfəqiyyətlə keçmiş və təhsil haqqı borcu olmayan şəxslərə diplom verilir. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməyinə Elm və Təhsil Nazirliyi tərəfindən razılıq verilməmişdir və bu səbəbdən qeyd olunan ali təhsil müəssisəsində təhsil almaq hüquqi əsası yoxdur. İddiaçı2 2013-2014-cü il tədris illərində Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən X2 İqtisadiyyat fakültəsinə qəbul olunmuşdur. 2014-cü ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qanuni əsaslarla köçürülmüşdür. 2017-ci ildə həmin Universitetin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə əyani şöbəsini bitirmişdir. Universiteti bitirdikdən sonra hərbi xidmət keçmişdir. Hesab edilmişdir ki, bu imtina tam əsassızdır. Qanuni şəkildə qeyd edilən ali təhsil müəssisəsinə daxil olmuşdurlar. Təhsil müddətində vaxtlı-vaxtında dərslərdə iştirak etmiş, tədris planında nəzərdə tutulanları tam yerinə yetirmiş, yekun dövlət attestasiyasından müvəfəqiyyətlə keçmiş və təhsil haqqı borcu olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Buna görə də konstitusiyamızın verdiyi səlahiyyətə əsasən şəxs ali təhsil almaq üçün ixtisasını və təhsil alacağı ali təhsil müəssiəsini seçməkdə sərbəstdir və onun bu hüquqları məhdudlaşdırıla bilməz. Qeyd edilmişdir ki, cavabdeh məktubunda imtinanın əsası kimi o hallara istinad edir ki, iddiaçının digər ali təhsil müəssisəsindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməyinə dair Elm Təhsil nazirliyi tərəfindən razılıq verilməmişdir və bu səbəbdən qeyd olunan ali təhsil müəssisəsində təhsil almağının hüquqi əsası yoxdur. Bildirilmişdir ki, iddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qanuni əsaslarla 2014-cü ildə qəbul olunmuş və 2017-ci ildə isə həmin Universiteti bitirmişdir. Məktubda isə göstərilən qaydalar xx.xx.2017-ci il tarixdə qəbul edilmiş və həmin qərar qüvvəyə mindikdən sonra ondan sonrakı əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların 1.8-ci tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Göründüyü kimi, qəbul edilmiş qaydalar hazırki münasibətlərə şamil edilə bilməz və bu səbəbdən də cavabdehin imtina məktubunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 5/2 nömrəli Qərarına əsaslanması tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. “İnsan Hüquqularının və X4 haqqında” Konvensiyaya dair Protokolun 2-ci maddəsinə görə heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən “bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər” müddəalarına uyğun olaraq pozulmuş hüquqlarının bərpa olunması tələbi ilə məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, qeyd olunan hüquq normalarına uyğun olaraq iddiaçılar Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə əyani şöbəsi tərəfindən diplomun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4323/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə birgə iddiaçıların (sıralanma üzrə 49-cu iddiaçı – İddiaçı1) cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “diplomların verilməsi öhdəliyinin qoyulması” iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4323/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə birgə iddiaçıların (sıralanma üzrə 22-ci iddiaçı – İddiaçı2) cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “diplomların verilməsi öhdəliyinin qoyulması” iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8992/2023 nömrəli qərardada əsasən İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun verilməsi öhdəliyinin qoyulması” iddia tələbi mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8993/2023 nömrəli qərardada əsasən İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun verilməsi öhdəliyinin qoyulması” iddia tələbi mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun verilməsi və ya digər universitetə köçürülmə” tələbinə dair inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən 2-1(112)- 15464/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)-15462/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(112)-4194/2025 saylı qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır. Birgə iddiaçılar apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(112)-4194/2025 saylı qərardadının ləğv edilib, iddia ərizəsinin mümkünlüyünə dair yeni qərardad qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati hüquqda hüquq münasibəti konkret şəraitdə publik hüquq sahəsinə aid olan hüquq normasına görə subyektlər arasında yaranan qarşılıqlı hüquqla əlaqəlidir, yəni iki tərəfli münasibətdir. Bununla yanaşlı inzibati hüquq münasibətlərinin çoxtərəfli olması da mümkündür. Hüquq münasibətinin konkret münasibət olması üçün tərəflər arasında real münasibət mövcud olmalıdır, təsadüfi hal olmamalıdır. Hazırki iddianın əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Qeyd edilmişdir ki, cavabdeh məktubunda imtinanın əsası kimi o hallara istinad edir ki, iddiaçıların digər ali təhsil müəssisəsindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməyinə dair Elm Təhsil Nazirliyi tərəfindən razılıq verilməmişdir və bu səbəbdən qeyd olunan ali təhsil müəssisəsində təhsil almağının hüquqi əsası yoxdur. Bildirilmişdir ki, iddiaçılar Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qanuni əsaslarla 2014-cü ildə qəbul olunmuş və 2017-ci ildə isə həmin Universiteti bitirmişlər. Məktubda isə göstərilən qaydalar xx.xx.2017-ci il tarixdə qəbul edilmiş və həmin qərar qüvvəyə mindikdən sonra ondan sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səvyyələrində tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalarına əsasən tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət alı təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Göründüyü kimi, qəbul edilmiş Qaydalar hazırkı münasibətlərə şamil edilə bilməz və bu səbəbdən də cavabdehin imtina məktubunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15.11 2017-ci il tarixli 5/2 nömrəli Qərarına əsaslanması tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-cı maddəsinə əsasən mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. “İnsan Hüquqularının və X4 haqqında" Konvensiyaya dair Protokolun 2-ci maddəsinə görə heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Göstərilənlərə əsasən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə əyani şöbəsi tərəfindən diplomun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul olunmalıdır. Göründüyü kimi işə baxan məhkəmə İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsindən irəli gələn tələbləri təmin etməmiş, halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və isdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən birgə iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət edilərək,“Təfəkkür” Universitetinin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin "Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası diplomunun verilməsini, əgər diplom vermək mümkün deyilsə, ixtisasına uyğun hər hansı bir Universitetə köçürülərək təhsil almaq öhdəliyini cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında düzgün olaraq qeyd etmişdir ki, iddiaçılar belə bir iddianı irəli sürməyə subyektiv hüquq daşıyıcısı deyildir. Belə ki, cavabdeh inzibati orqanın hərəkəti (hərəkətsizliyi) iddiaçıların hansı hüquqlarının pozulması, cavabdehin hərəkətlərinin onun hansı maraqlarına toxunması müəyyən edilmir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş əvvəlki məhkəmə qərardadlarından görünür ki, iddiaçıların Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “diplomların verilməsi öhdəliyinin qoyulması” barədə iddiaları mümkün sayılmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin birinci hissəsi diplomların verilməsi öhdəliyinin qoyulması ilə bağlı tələb üzrə eyni tərəflər arasında eyni predmetlə bağlı yekun məhkəmə aktı olduğuna görə birinci instansiya məhkəməsi hər hansı əlavə araşdırma aparılmadan iddianın mümkün sayılmamalı olması barədə düzgün qənaətə gəlmişdir. İddiaçıların iddia tələbinin ikinci hissəsi - ixtisasına uyğun hər hansı bir Universitetə köçürülərək təhsil almaq öhdəliyini cavabdeh üzərinə qoyulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)” Qaydalarının 4-cü bəndinə əsasən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli, 5/2 nömrəli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydalarının 2.1-ci bəndinə əsasən tələbələrin təhsil aldıqları müddətdə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi onların müraciətləri əsasında yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən yalnız 1 (bir) dəfə həyata keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, yalnız tələbə olan şəxslərin təhsil müəssisəsinin dəyişdirilməsi hüququ vardır. İddiaçıların hazırda tələbə statusunda olması işin halları ilə təsdiq edilmədiyi üçün onların belə bir iddia ilə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Birgə iddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(112)-4194/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar