Məhkəmə qərarları › İş №2-1(103)-2948/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2948/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2948/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Xırdalan şəhər Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1990-cı il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya Şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4068/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 02.02.2021-ci il tarixində cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya Şöbəsinə qarşı Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən qəbul edilmiş 14.10.2020-ci il tarixli “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarının ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İşin birinci instansiya icraatı zamanı iddiaçıya AR İPM-nin 13-cü maddəsinə uyğun olaraq 04.02.2021-ci il tarixli hüquqi yardım məktubu göndərilərək, qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4068/2021 nömrəli qərardadı ilə (hakim E.Əliyev) İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4068/2021 nömrəli qərardadının ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatında qaydasında baxılmalı deyil. Belə ki, hazırkı mübahisənin predmetini Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icrası ilə əlaqədar qəbul edilən “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarının ləğv edilməsi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, icra qanunvericiliyi icra işində iştirak edən tərəflərin icra məmurunun hərəkət və hərəkətsizliklərindən, eləcə də qərarlarından “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərardan şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, bu şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, müvafiq icra işi üzrə “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərar Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi əsasında qəbul olunmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə icra işi üzrə tərəf kimi hazırkı iddiaçı icra məmurunun müvafiq qərar və hərəkətlərindən şikayətə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4068/2021 nömrəli qərardadı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4068/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar