Məhkəmə qərarları › İş №2-1(103)-2948/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2948/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2948/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5095/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 47 nömrəli qərarına və Abşeron rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli 108 nömrəli əmrinə əsasən Xəzər rayonu, Binə qəsəbəsində yerləşən ümumi sahəsi 0,08 ha torpaq sahəsinə onun adına cizginin tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsi ayrılan vaxtdan fərdi yaşayış evi tikilmişdir və istifadəsindədir. Ayrılmış torpaq sahəsinə cizgi verilməmişdir. Cizginin olmaması torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınmasını mümkünsüz edir. Cavabdehin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, “...Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən, torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin tərkib hissəsidir. Bundan əlavə, torpaq sahəsinin koorodinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin sovxoz ərazisi hüdudlarında yerləşib-yerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin hansı inzibati orqanın idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyinin alınmasını zəruri hesab edirik. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘’Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanTnın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir”. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5095/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etirazla eyni məzmunda əsaslandırılaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. İddia ərizəsindən göründüyü kimi, İddiaçı Cavabdehnə ünvanladığı müraciətinə cavab olaraq dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir (surəti əlavə olunur). Bakı İnzibati Məhkəməsində inzibati işə baxılarkən iş üzrə tam və obyektiv araşdırma aparılaraq yekun nəticəyə gəlmədən öncə cavabdehin imtinasının dəlillərinin araşdırılması üçün ayrılmış torpaq sahəsinin koorodinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin hansı inzibati orqanın idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Sənədlərdən göründüyü kimi, torpaq sahəsi Cavabdeh tərəfindən ayrılmadığından plan (cizginin) verilməsi də Cavabdeh səlahiyyətləri xaricindədir. Bundan başqa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon era Hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgiplan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələləri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır.Həmin qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndində qeyd olunduğu kimi, daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aiddir. "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının hüquqmüəyyənedici sənəd əsasında faktiki istifadəsində olan 580 kvm torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. İddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edildi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. İşin hallarından göründüyü kimi, torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 07 iyul 1970-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (1971-ci il yanvarın 1-dən qüvvəyə minmişdir). Həmin Torpaq Məcəlləsinin: -9-1-ci maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların torpaq qanunvericiliyi əsaslarına görə, torpaqlardan istifadə və onların mühafizəsi sahəsində dövlət idarəetməsi SSRİ Nazirlər Soveti, Azərbaycan SSR Nazirlər Soveti, Naxçıvan MSRR Nazirlər Soveti, yerli xalq deputatları Sovetlərinin icraiyyət komitələri, habelə SSR İttifaqının və Azərbaycan SSR-in qanunvericiliyinə müvafiq surətdə bunun üçün xüsusi vəkil edilmiş dövlət orqanları tərəfindən həyata keçirilir. -12-ci maddəsinə əsasən torpaq müddətsiz və ya müvəqqəti istifadəyə verilir. Torpağın müddətsiz (daimi) istifadəyə verilməsi o deməkdir ki, torpaqdan istifadə üçün qabaqcadan müddət müəyyən edilmir. - 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18,19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. İstifadədə olan torpaq sahəsi başqasının istifadəsinə yalnız həmin sahə bu Məcəllənin 47-51-ci maddələrində nəzərdə tutulmuş qaydada alındıqdan sonra verilir. - 20-ci maddəsinə əsasən X4 X2 Sovetinin İcraiyyə Komitəsi ayrılan sahənin ölçüsündən asılı olmayaraq, bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsində göstərilmiş torpaqlardan başqa, hər cür torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verir. Rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər... -22-ci maddəsinə əsasən torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün aydıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. - 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. - 25-ci maddəsinə əsasən torpaqdan müdətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir. -26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. ... Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikasinin 25 iyun 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65.5-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 65.8-ci maddəsinə əsasən, torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. - 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Sadalanan normaların birgə təhlilindən görünür ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli 108 №-li əmri ilə Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 108 № li qərarına və Sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarına uyğun olaraq X1 fərdi ev tikdirmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən iddiaçıya torpaq sahəsinin plan-cizgisi verilməmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin (plan və ölçü sxeminin) hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Halbuki iddiaçıya torpaq ayrılması barədə müvafiq əmr qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış plan və ölçününün təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, qərar tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Apellyasiya şikayətinin "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə’’nin 2-ci bəndinin tələblərinə istinadən yerquruluşu işlərinin Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmasına dair cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, - Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. - Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. - Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması; mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. - Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. Beləliklə məhkəmə kollegiyası normaların təhlilinə əsasən qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh inzibati orqanın oxşar mübahisə üzrə torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi ilə bağlı praktikası mövcuddur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1842/2023 saylı xx.xx.2023-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır: Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İş materiallarına əlavə edilmiş Abşeron rayon Donuzkökəltmə Sovxozunun 108 № li, xx.xx.1991-ci il tarixli əmri əsasında Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində ayrılmış torpaq sahəsinin cizgisi Cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov XDS İK-nın 15/586 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə Mərdəkan qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov XDS İK-nın 21 saylı, xx.xx.1991-ci il tarixli qərarı ilə Binə qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov XDS İK-nın 14/551 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə Buzovna qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov XDS İK-nın 12 saylı, xx.xx.1990-ci il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov RİHB 2474 saylı, xx.xx.2000-ci il tarixli qərarı ilə Buzovna qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. Baxılan işdə cavabdeh torpaq sahəsinə dair yerləşmə cizgisinin torpaqayıran qurum tərəfindən verilməli olduğunu qeyd etsə də, göründüyü kimi, Abşeron rayon Donuzkökəltmə Sovxozunun əmri əsasında vətəndaşa ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisi cavabdeh tərəfindən tərtib edilmişdir. Həmçinin qeyd edilməlidir ki, torpaqayıran qurum hazırda ləğv edilmişdir. Qeyd edilən cizgilər məhkəmə qərarı əsasında deyil, vətəndaşların müraciətlərinə əsasən cavabdeh inzibati orqanın öz praktikasına əsasən hazırlanmışdır. Bu baxımdan hazırkı tələb üzrə inzibati orqanın imtinası cavabdehə münasibətdə bərabərlik və etimad hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdirir ki, iş üzrə araşdırma zamanı oxşar işlər üzrə məhkəmə təcrübəsi əsas götürülmüşdür (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2246/2022 №-li, xx.xx.2022-ci il tarixli qərarı). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət kadastrı və Resyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, iddiaçının torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir, lakin faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü 580 kvm təşkil edir. Apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi və vəkili qeyd edilən halla bağlı iddiaya dəqiqləşdirmə edərək müvafiq hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıya ayrılmış torpaq sahəsinin faktiki 580 kvm ölçüsünə dair cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə qanuni nəticəyə gəldiyinindən qərar “ faktiki 580kvm ölçüdə torpaq sahəsinə dair” qeydi aparılmaqla qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5095/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarı “faktiki istifadədə olan 580 kvm torpaq sahəsinə dair” qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar