Məhkəmə qərarları › İş №2-1(103)-2949/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2949/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2949/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddiaçıya Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13B saylı binanın qarşısında yerləşən 18 kv.m. sahədən ibarət qarajın sökülməsinə görə 30000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-506/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13B saylı binanın qarşısında yerləşən 18 kv.m. sahədən ibarət qarajın sökülməsinə görə 30000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 13B saylı evin 8 saylı mənzilində 30 ildən çoxdur ki, yaşayır. Yaşadığı binanın qarşısında öz vəsaiti hesabına qaraj inşa edərək, ondan istifadə etmişdir. Bakı şəhəri, Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 30/1204 reyestr nömrəli texniki pasporta əsasən artıq 25 ildən çoxdur ki, həmin qaraj ona məxsusdur. İddiaçıya məxsus 18 kv.m. sahədən ibarət qaraj Xətai Rayon İcra Hakimiyyəti tərəfindən onun razılığı olmadan sökülmüşdür. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13B saylı binanın qarşısında yerləşən iddiaçıya məxsus 18 kv.m. sahədən ibarət qarajın sökülməsinə görə ona kompensasiya ödənilməsini rəsmi şəkildə Xətai Rayon İcra Hakimiyyətindən xahiş etsə də, ona heç bir cavab verilməmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, qeyd olunan ünvana baxış keçirilən zaman ünvan 1nda vaxtilə sakinlər tərəfindən qeyri-qanuni zəbt olunmuş bağ sahələrinin və konstruktiv qarajların abadlıq-quruculuq işləri çərçivəsində sökülməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan ünvanda iddiaçıya məxsus daş qarajda qeyri-qanuni konstruktiv əlavələr inşa edilmiş və bu səbəbdən iddiaçının iştirakı ilə qeyd olunan əlavələr daş qaraja maddi ziyan dəymədən sökülmüşdür. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 14 yanvar 1999-cu il tarixli, imtiyazı olan şəxslərə qaraj üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamına əsasən “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yalnız dayaq hərəkət sistemi pozulmuş şəxslərə, müharibə əlillərinə və 1-ci dərəcə əlillərə onların yaşadıqları ərazidə qaraj üçün torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həmin qanunun həyata keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 avqust 1998-ci il tarixli, 733 saylı Sərəncamı qəbul edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamına əsasən, çox vaxt qarajlar binaların həyətində uşaq və idman meydançaları yanında və ya həmin sahə hesabına, yaxud yaşıllıq zonasında eyni zamanda müəyyən edilmiş ölçülərdən (3x6m) artıq sahədə tikilmişdir. Müvafiq imtiyazı olmayan vətəndaşlar tərəfindən qanunsuz qaraj tikilməsi və ya təsərrüfat məqsədli tikinti üçün ayrılmış sahənin sonradan qaraj kimi istifadə edilməsi halları xeyli artmaqdadır. Bütün bunlar ekoloji mühiti korlamaqla yanaşı, ətraf binaların sakinlərinin haqlı narazılığına səbəb olur. Odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin 14 yanvar 1999-cu il tarixli, 14 saylı Sərəncamının 1.1-ci bəndinə əsasən yalnız avtomaşın (əl ilə idarə edilən avtomaşınlar da daxil olmaqla) sahibi olan və onu özləri idarə edən, dayaq-hərəkət sistemi pozulmuş və 1-ci dərəcə əlillərə yaşadıqları həyətlərin ərazisində qaraj yerləşdirməyə müvəqqəti icazə verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-506/2025 saylı qərarı ilə (hakim S.İ.Salahova) iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13B saylı binanın qarşısında yerləşən 18 kv.m. sahədən ibarət qarajın sökülməsinə görə 30000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 14 yanvar 1999-cu il tarixli, 19 saylı imtiyazı olan şəxslərə qaraj üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamına əsasən “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yalnız dayaq hərəkət sistemi pozulmuş şəxslərə, müharibə əlillərinə və 1-ci dərəcə əlillərə onların yaşadıqları ərazidə qaraj üçün torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həmin Qanunun həyata keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 avqust 1998-ci il tarixli, 733 saylı Sərəncamı qəbul edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamına əsasən, çox vaxt qarajlar binaların həyətində uşaq və idman meydançaları yanında və ya həmin sahə hesabına, yaxud yaşıllıq zonasında eyni zamanda müəyyən edilmiş ölçülərdən (3x6m) artıq sahədə tikilmişdir. Müvafiq imtiyazı olmayan vətəndaşlar tərəfindən qanunsuz qaraj tikilməsi və ya təsərrüfat məqsədli tikinti üçün ayrılmış sahənin sonradan qaraj kimi istifadə edilməsi halları xeyli artmaqdadır. Bütün bunlar ekoloji mühiti korlamaqla yanaşı, ətraf binaların sakinlərinin haqlı narazılığına səbəb olur. Odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin 14 yanvar 1999-cu il tarixli, 14 saylı Sərəncamının 1.1-ci bəndinə əsasən yalnız avtomaşın (əl ilə idarə edilən avtomaşınlar da daxil olmaqla) sahibi olan və onu özləri idarə edən, dayaqhərəkət sistemi pozulmuş və 1-ci dərəcə əlillərə yaşadıqları həyətlərin ərazisində qaraj yerləşdirməyə müvəqqəti icazə verilmişdir. Avtomaşını özləri deyil, ailə üzvləri və ya vəkalətnamə əsasında digər şəxslər idarə etdikləri təqdirdə əlillərə qaraj üçün yer həyət ərazisindən kənarda ayrılması təsdiq olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, cavabdeh inzibati orqanın hərəki nəcitəsində ona maddi ziyan dəymişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - xx.xx.2011-ci il tarixli, 015603 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. - xx.xx.1998-ci il tarixli, 30/1204 reyestr nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Sarayevo küçəsi 13B saylı binanın qabağında yerləşən qaraja dair İddiaçı adına texniki pasport tərtib edilmişdir. Texniki pasporta görə qaraj 1998-ci ildə tikilmiş, bünovrəsi mişar daşından, divar və dam örtüyü metaldan olmuş, sahəsi 18 kv.metr təşkil etmişdir. - Cavabdeh Başçısının Aparatının xx.xx.2024-cü il tarixli, 5-11/2- 341/2024 saylı məktubundan görünür ki, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda, eləcə də yuxarıda qeyd olunan ünvanda uzun illər əvvəl sakinlər tərəfindən zəbt olunaraq çəpərlənmiş bağ sahələri sökülmüş, quraşdırılmış dəmir qarajlar isə götürülərək mərhələli şəkildə abad həyətlər salınmışdır. ünvan 3 ünvanlarında da çoxsaylı sakinlərin Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbullarında qaldırılan müraciətlərini nəzərə alaraq qeyd olunan ünvanlarda abadlıq işləri aparılmış, müvafiq işlər görülərək sakinlərin rahatlığı üçün yaşıllıqların salınması və sair kimi işlər görülmüş, eyni zamanda həmin ərazidə yerləşən metal lövhələrdən quraşdırılmış dəmir qarajlar müvəqqəti xarakter daşıdığından götürülərək sahiblərinə təqdim edilmiş və kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13B saylı binanın qarşısında yerləşən 18 kv.m sahədən ibarət qarajın sökülməsinə görə 30.000 manat kompensasiya tələbi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır. İddiaçı hazırda sökülmüş qaraja görə vurulmuş ziyanın ödənilməsini xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin maddənin dispozisiya şərtlərindən görünür ki, vurulmuş ziyana görə məsuliyyətin yaranması üçün ilk növbədə, inzibati orqanın qanunsuz qərarı və ya qanunsuz hərəkəti olmalıdır. Yalnız bundan sonra Mülki Məcəllənin vurulmuş ziyana görə məsuliyyət müəyyən edən normalarının tələbləri yoxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə müvafiq olaraq, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Mülki Məcəllənin 210-cu maddəsinə görə, mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Mülki Məcəllənin 211-ci maddəsinə müvafiq olaraq, mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1100-ci maddəsinə müvafiq olaraq, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalananlardan göründüyü kimi, mübahisəli qarajın iddiaçıya məxsus olması, bu barədə ona 30/1204 reyestr nömrəli xx.xx.1998-ci il tarixli texniki pasportun verilməsi, qarajın rayon ərazisindəki abadlıq-quruculuq işləri çərçivəsində cavabdeh tərəfindən sökülməsi işin mübahisələndirilməyən hallarıdır. Belə olan halda isə aydındır ki, həmin daşınmaz əmlakın sökülməsi ilə əlaqədar təsirə məruz qalan şəxsə uğradığı real itki və məhrumiyyətlər nəzərə alınmaqla, qanunvericiliklə müəyyən olunmuş qaydada ədalətli kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün isə şəxsin məruz qaldığı itki və məhrumiyyətlərin real vəziyyətinin nədən ibarət olduğu aydınlaşdırılmalıdır, hansı ki, hazırkı halda iddiaçı ona məxsus daşınmaz əmlakın tamamını itirmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. İddiaçıya məxsus olmuş əmlakın real bazar dəyərinin müəyyən edilməsi məqsədilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3402/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə komleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13B saylı binanın qarşısında yerləşən 18 kv.metr sahəsi olan bünövrəsi daş, divar və dam örtüyü metal olan qarajın analoji tikililərlə müqayisədə bazar dəyəri nə qədərdir? Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4-13/1-4324/24 saylı məlumatında isə göstərilmişdir ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən qeyri-yaşayış sahəsi hal-hazırda mövcud olmadığından orta bazar qiymətini müəyyən etmək mümkün olmadı. Belə ki, həmin yaşayış sahəsinə baxış keçirmədən, müvafiq tədqiqatlar aparılmadan (obyektin inşasında və təmirində istifadə edilmiş tikinti materiallarının növü, aparılmış təmir işlərinin səviyyəsi və sair müəyyənləşdirilmədən), tikililərin qiymətinin formalaşmasına təsir edəcək amillər müəyyən edilmədən, analoji tikililərə müvafiq olaraq tədqiqat aparılmaqla ekspertiza təyini haqqında qərardadda qeyd edilən tikililər üzrə qiymətləndirmə aparılaraq obyektiv nəticəni müəyyən etmək mümkün deyil. Bundan sonra birinci instansiyası məhkəməsi tərəfindən qiymətləndiricinin rəyi alınmış və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 01/24-288 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatlardan görünür ki, İddiaçı məxsus olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 18.0 kv.m. olan qeyri-yaşayış binasının (qaraj) 2024-cü il tarixə olan bazar dəyəri 32000 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri etirazın məzmunu ilə eynilik təşkil etdiyindən və birinci instansiya məhkəməsi tərəfindən qərarında ətraflı cavablandırıldığından, məhkəmə kollegiyası təkrarən eyni məsələlərə toxunmağı zəruri hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-506/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-506/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar