Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-295/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs: X4) “üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4395/2020 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilindən X4nın qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilini Ali Məhkəmənin qərarı əsasında açıq hərrac vasitəsilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən 100.000 manat məbləğ ödəməklə əldə etmişdir. Bununla əlaqədar ona mülkiyyəti təsdiqləyən sənəd kimi daşınmaz əmlakın dövlət reyestrindən **********1-**********2 nömrəli çıxarış verilmişdir. Hələ də qanunsuz keçmiş vərəsə X4 həmin mənzildə qeydiyyatda qalmışdır və öz istəyi ilə həmin mənzildən qeydiyyatan çıxmır. Baxmayaraq ki, Rəna Mirzəquliyeva mənzilin satışından 20.000 manat pul vəsaiti əldə etmiş və onun şəhərin Xətai rayonu ərazisində (Bakı Əyləncə Mərkəzinin yaxınlığında) hündürmərtəbəli yaşayış binasında, eləcə də keçmiş Qarabağ küçəsində bir neçə mənzili var. Rəna Mirzəquliyeva ona məxsus mənzildən qəsdən qeydiyyatdan çıxmır. Rəna Mirzəquliyevanın qeydiyyatda qalması onun (iddiaçının) mənzildən istifadə hüquqlarını məhdudlaşdırır. Bakı şəhəri Cavabdeh xx xxxxx 2020-ci il tarixli məktubunda qeyd olunur ki, məsələ ilə bağlı məhkəməyə müraciət olunması məqəsədə müvafiqdir. Bunlara əsasən hesab olunur ki, Rəna Mirzəquliyeva ona (iddiaçıya) məxsus mənzildən qeydiyyatdan çıxarılmalıdır. 2019-cu ilin noyabr ayında Rəna Mirzəquliyevanın depozit hesabına 20.000 manat pul vəsaiti köçürülsə də, həmin şəxs 6 aydan artıqdır mənzildən qeydiyyatdan çıxmır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsaslanaraq, X4nın ona (iddiaçıya) məxsus mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4395/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4395/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxs X4 apellyasiya şikayətini “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə uyğun əsaslandırmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4395/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamış, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarının 9cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi əsasında xx xxxxxx 2018-ci il tarixdə icra vərəqəsi verilmişdir. İcra vərəqəsində göstərilmişdir ki, satışdan əldə olunmuş pul mülkiyyətçilər X2, İddiaçı, X3, X5 və X4 arasında onların paylarına (hər birinə 1/5 hissədə) mütənasib sürətdə böldürülsün. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarda aşağıdakılar göstərilmişdir: - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12918/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli icra sənədi üzrə satışdan əldə olunmuş pul mülkiyyətçilər X2, İddiaçı, X3, X5 və X4 arasında onların paylarına (hər birinə 1/5 hissədə) mütənasib sürətdə böldürülməlidir. İcra tədbirləri nəticəsində tələb tam icra edilmişdir. İcranın təmin edilməsinə dair “X6” MMC-nin xx xxxxxx 2019-cu il tarixli “Hərracın yekunları üzrə alqı-satqı müqaviləsi”nin surəti, satışdan əldə olunan 100.000 manat pulun tərəflər arasında 1/5 qaydada bölünməsinə dair hər birinə 20.000 manat x xxxxxx 2019-cu il tarixli 32, 33, 34, 35 və xx xxxx 2020-ci il tarixli 26 saylı kassa xərclərinin sifarişi və ödəniş tapşırıqları sənədi əsasında tərəflərin bank hesabına köçürülmüşdür. Bundan əlavə iş üzrə göstəriıən cəmi 200 manat ekspert xərcinin ödənişinə dair x xxxxxx 2019-cu il tarixli (150 manat) və xx xxxx 2020-ci il tarixli 27 saylı icra sənədi (50 manat) iş materiallarına əlavə edilmişdir. Beləliklə, iş üzrə icraat başa çatmışdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrini rəhbər tutaraq, qərara alınmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12918/2018 nömrəli xx xxxxxx 2018ci il tarixli icra vərəqəsinin icraatına xitam verilsin. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12918/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxaraq qərar almışdır: - İddiaçı X2nın kassasiya şikayəti qismən təmin edoolsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12918/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qətnaməsi “ümumi (paylı) mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilinin 82.000 manat satış qiyməti ilə hərraca çıxarılması” hissəsində dəyişdirilərək həmin mənzilin açıq hərracda satış qiyməti 100.000 manat müəyyən edilməklə dəyişdirilsin. X2nın kassasiya şikayətinə əsasən qətnamə qalan hissədə dəyişdirilməsin. Cavabdeh X4nın kassasiya şikayəti təmin edilməsin. İş materiallarından görünür ki, İddiaçı “X6” MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-12918/2018 saylı icra vərəqəsi və Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli sifariş məktubu əsasında Bakı şəhəri, Xəqani küçəsi, 26/32 saylı evin paylı mülkiyyətdə olan 99 saylı mənzilinin satılması üzrə keçirilmiş hərracda qalib kimi həmin mənzili 100.000 manat pul vəsaiti ödəməklə əldə etməsi barədə həmin tarixdə 130 nömrəli hərrac protokolu tərtib edilmiş və onunla “X6” MMC arasında həmin mənzilə dair “Hərracın yekunları üzrə alqı-satqı müqaviləsi” bağlanmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı məxsus və DƏDRX tərəfindən onun həmin mənzilə mülkiyyət hüquqları x xxxx 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq adına reyestrdən çıxarış verilmişdir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, məhkəmənin icra sənədi əsasında icra qurumunun sifarişi ilə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzili “X6” MMC tərəfindən keçirilən açıq hərracda satışa çıxarılmış və əmlakın payçılarından biri kimi hazırkı İddiaçı keçirilən hərracın qalibi kimi həmin mənzili satın alaraq mülkiyyətə keçirilmişdir. Mənzilin hərracda satışından əldə olunan vəsaitin 20.000 manat hissəsi həmin əmlakın digər payçılarından biri olan hazırkı üçüncü şəxs X4nın depozit hesabına köçürülmüşdür. Sözügedən mənzil hazırda İddiaçı qzıının mülkiyyətindədir. O, X4nın həmin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı hazırkı cavabdeh Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Üçüncü şəxs hazırda mənzildə yaşamır. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilinin açıq hərracda satışı nəticəsində payçılardan biri kimi hazırkı İddiaçı hərracın qalibi kimi alqı-satqı yolu ilə həmin mənzili əldə etdiyindən, digər payçıların o cümlədən hazırkı üçüncü şəxs X4nın həmin mənzilə mülkiyyət hüququna xitam verilmiş olur. Həmçinin nəzərə alınmalıdır ki, mənzil tam şəkildə İddiaçı mülkiyyəti kimi artıq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məlum olduğu kimi, hərracda satış yolu ilə əldə edilmiş daşınmaz əmlaka hərracın qalibi kimi alqı-satqı müqaviləsini bağlayan şəxsin mülkiyyət hüquqları yaranır. Həmin şəxsin mülkiyyətçi kimi elə istifadə hüququnun yaranması da həmin andan başlanır. Məhkəmənin qənaətinə görə, üçüncü şəxs X4nın Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilinə mülkiyyət hüquqları hərracda satış zamanı həmin əmlakın satılması ilə itirildiyindən, onun istifadə hüquqları da artıq mövcud olmur. Nəzərə alınmalıdır ki, üçüncü şəxs X4 həmin mənzildə faktiki olaraq da yaşamır. Həmçinin mənzilin satışından onun depozit hesabına müvafiq məbləğdə pul vəsaiti ödənilmiş və mənzil alıcı kimi İddiaçı mülkiyyəti qismində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilindən üçüncü şəxs X4nın qeydiyyatdan çıxarılmasından imtina etməsi qanuni sayılmamalı və bu hərəkət İddiaçı hüquqlarının pozulmasına səbəb olan kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual qanunvericiliyin tələblərini pozmaqla icraatına qəbul etdiyi iddia ərizəsi üzrə çıxardığı qərar qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də həmin qərar ləğv edilməklə iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi X4 mübahisəli mənzilin paylı mülkiyyətçisi olmuş, mülkiyyətçi olduğu dövrdə yaşayış binasından istifadə hüququ yaranmış və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X4 məhdud əşya hüququ mənasında istifadə hüququna malik olmuşdur. Onun yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılığı olmadığı üçün bu hüquqa mülkiyyətçi İddiaçı məhkəmə qaydasında tələbinə əsasən mülki məhkəmə icraatı qaydasında xitam verilə bilər. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında iddiaçı müvafiq icra hakimiyyəti orqanlarına X4nın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 87, 89-90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4395/2020 saylı qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs: X4) “üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-295/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-295/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver