Məhkəmə qərarları › İş №2-1(103)-295/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-295/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-295/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2913/2021 saylı 13.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 15-18 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi pensiya təyin edilərək dövlət qulluğuna xitam verildiyi 01.05.2020-ci il tarixdən ödənilməsi və yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1965-ci ildə anadan olmuşdur. 1982ci ildə Ali məktəbin əyani şöbəsinə daxil olmuşdur. 1983-1985-ci illərdə həqiqi hərbi xidməti başa vurduqdan sonra yenidən təhsilini əyani olaraq davam etmişdir. 1988-ci ilin iyul ayında təhsilini başa vurub, həmin ildən Saatlı rayon Aqrar-Sənaye Birliyində dövlət qulluqçusu kimi işə qəbul olunmuşdur. Fevral 1993-cü ildə işdən azad olunmuşdur. May 2001-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon Sosial Müdafiə Mərkəzinə pensiya təyinatı sektorunda məsləhətçi vəzifəsinə dövlət qulluğuna qəbul olunmuşdur. Aprel 2004-cü ildə həmin Nazirliyin Xətai rayon şöbəsinə analoji vəzifəyə köçürülmüşdür. Fevral 2007-ci ildən həmin Nazirliyin Xəzər rayon şöbəsinə köçürülmə yolu ilə məsləhətçi vəzifəsinə keçirilmişdir. Xəstəliyi ilə əlaqədar ona 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 03.12.2007-ci il tarixdə İİİ qrup əlillik təyin edildi (05 dekabr 2013-cıi ildən TSEKin SER TSE-01 № 210277 saylı arayışı ilə İİİ qrup ümumi xəstəlik müddətsiz olaraq təyin edildi) və 05.12.2007-ci ildə işdən azad edildi, yanvar 2008-ci ildə DSMF Xətai rayon şöbəsi tərəfindən ona müvafiq sənədləri təqdim etdiyi üçün İİİ qrup əlilliyə görə pensiya hüququ yarandığı üçün ona dövlət qulluqçusu kimi pensiya təyin edildi. Pensiya təyinatı aparılan zaman dövlət qulluqçusunun pensiyası - pensiyanın baza hissəsi, sığorta hissəsi və qulluq stajına görə əlavələr olmaqla 3 hissəyə ayrılaraq müvafiq qərarlarda göstərilir ki, əlil işlədikdə yalnız pensiyanın baza hissəsini, işdən azad olunduqdan sonra isə pensiya əlavələrlə birlikdə tam olaraq ödənilir. 02.02.2011-ci ildə Ali Məhkəmənin qərarı ilə işə bərpa olunduğu tarixədək dövlət qulluqçusu kimi ona tam olaraq pensiya ödənildi. İşə bərpa olunduğu üçün 02.02.2011-ci il tarixdən işləyən əlil pensiyaçılara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyanın ancaq baza hissəsi ödənildiyi üçün pensiyanın ona ancaq baza hissəsi ödənildi. 05.05.2014-cü ildə işdən azad olunduğu üçün DSMF-nin Xətai rayon şöbəsi müraciəti əsasında DSMF Xəzər rayon şöbəsinə sorğu verərək əmək haqqı və dövlət qulluğuna görə iş stajı barədə müvafiq sənədləri tələb edərək yenidən ona dövlət qulluqçusu kimi pensiya təyin edərək ödədilər. Ali Məhkəmənin 03 may 2017-ci il tarixli 2-1(102)-1043/2017 nömrəli Qərarına əsasən 20 sentyabr 2017-ci ildə yenidən işinə bərpa olunduğu üçün pensiyası da dövlət qulluğu əlavəsi dayandırılaraq ödənildi. 01 may 2020-ci ildə işdən azad olunduğu üçün ƏƏSMN-nin yanında DSMF-nin Xətai rayon şöbəsinə məlumat verərək pensiyanın tam ödənilməsini bildirdi. Ona məlumat verildi ki, bu barədə ƏƏSMN-nin yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməlidir. 16.06.2020-ci il tarixdə həmin idarəyə müraciət etdi 01.07.2020-ci il tarixdən bugünə kimi ona heç bir pensiya ödənişi aparılmayıb. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İddiaçıya İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi 01.05.2020-ci il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 20.1.7-ci və 20.11-ci maddələrində (2008-ci il dövrünə olan tələbi) nəzərdə tutulmuş əlavələrin və yaranmış pensiya məbləği fərqinin birdəfəyə ödənilməsi tələbinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2913/2021 saylı 13.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: E.Əliyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, “məhkəmənin qərarı ilə işə bərpa olunmağı, dövlət qulluqçusu kimi əldə etdiyi pensiyaçı statusunun itirilməsi və 05 may 2014cü il tarixdən işdən azad olunmamağı kimi qiymətləndirililməsi” ilə bağlı məhkəmənin gəldiyi nəticə tamamilə absurddur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan 20.1.7-ci maddəsində «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan əmək pensiyaçılarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi nəzərdə tutulmuşdur.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilinəsi barədə 543-VQD №-li, 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, 20.1.7-ci maddənin əvvəlinə “əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş” sözləri əlavə edilmiş və Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. İİİ qrup əlilliyə görə pensiya hüququ 2007ci ilin dekabr ayından yarandığından, məhkəmənin dövlət qulluğuna 01.05.2020-ci il tarixdə xitam verildiyindən, pensiya təyin edilməsi məsələsinin həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməli olmasını göstərməsi qanunvericiliyin tələbinə ziddir. Ona görə də pensiya hüququ yarandığı dövrdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Dövlət qulluqçusu kimi pensiya təyin edilməsi məsələsi hazırda qüvvədə olan qanunvericiliklə tənzimlənməli olması qənaəti ona görə əsassızdır ki, o, 2007-ci ilin dekabr ayından fasiləsiz olaraq pensiya almış və 01.05.2020-ci il tarixdə barəsində dövlət qulluğuna xitam verilməsi yenidən pensiya təyinatına əsas ola bilməz. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi pensiya təyin edilərək dövlət qulluğuna xitam verildiyi 01.05.2020-ci il tarixdən ödənilməsi və yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, İddiaçı 05.05.2014-cü il tarixdən işdən azad olunduğuna görə dövlət qulluqçusu kimi pensiya təyin edilsə də, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə 05 may 2014-cü il tarixli əmri ləğv edilmiş və iddiaçı öz vəzifəsinə bərpa edilmişdir, həmçinin iddiaçının məcburi iş buraxmaya görə görə əmək haqqı tam hesablanaraq onun hesabına köçürülmüşdür. Həmçinin, iddia ərizəsindən və iddiaçının izahatından da göründüyü kimi, iddiaçı 05.05.2014-cü il tarixdən işə bərpa olunduğu 20.09.2017-ci il tarixədək olan dövr ərzində həm dövlət qulluqçusu kimi əmək pensiyası, həm də məcburi iş buraxmaya görə görə əmək haqqı almışdır. Məhkəmənin qərarı ilə iddiaçının işdən azad olunmasına dair 05 may 2014-cü il tarixli əmrin ləğv edilməsi və onun öz vəzifəsinə bərpa olunması, həmçinin məcburi iş buraxmaya görə əmək haqqının ona tam ödənilməsi, onun dövlət qulluqçusu kimi əldə etdiyi pensiyaçı statusunun itirilməsi, yəni onun 05 may 2014-cü il tarixdən işdən azad olunmaması kimi qiymətləndirilməlidir. Beləliklə də, iddiaçının əvvəlki statusu (dövlət qulluqçusu) məhkəmə qərarı ilə bərpa olunduğu üçün pensiyaçı statusunu əldə etmədiyindən və 05 may 2014-cü il tarixdən işdən azad olunmamış hesab olunduğundan, ona həmin vaxt qüvvədə olan müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırkı dövr üzrə pensiyanın ödənilməsi (təyin edilməsi) həyata keçirilə bilməz. Odur ki, iddiaçının dövlət qulluğuna 01.05.2020-ci il tarixdən xitam verildiyindən, ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi məsələsi həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür, 05.12.2013-cü ilin müayinə aktına əsasən ona İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun 103/K, 02 fevral 2011-ci il tarixli əmrinə görə, Azərbaycan Respublikası DSMF-in Bakı şəhəri Xəzər rayonu şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsində işləmiş iddiaçı 03 fevral 2011-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə, həmin şöbənin pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsinə bərpa edilmişdir. İş materiallarında olan Fondun 789 saylı, 10 iyun 2013-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası DSMF-nun Bakı şəhəri Xəzər rayonu şöbəsinin Gəlirlər sektorunda 1 ştat vahid aparıcı məsləhətçi, 1 ştat vahid məsləhətçi, pensiya təyinatı sektorunda 2 ştat vahid məsləhətçi, maliyyə uçot şöbəsinə 1 ştat vahid aparıcı məsləhətçimühasib və 1 ştat vahid məsləhətçi-mühasib ştatının ixtisar edilməsi qərara alınmışdır. İş materiallarında olan 642/K saylı, 05 may 2014-cü il tarixli əmrinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası DSMF-nun Bakı şəhəri Xəzər rayonu şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi iddiaçı 05 may 2014-cü il tarixdən tutduğu vəzifədən azad edilməklə və onunla bağlanmış 02 fevral 2011-ci il tarixli Əmək müqaviləsinə (kontraktına) xitam verilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 sentyabr 2016-cı il tarixli 2-1(81)-2081/2016 saylı qərarına əsasən iddia tələbinin təmin edilməsi; Azərbaycan Respublikası DSFM-nin Bakı şəhəri Xəzər rayonu şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi, İddiaçı 05 may 2014-cü il tarixdən tutduğu vəzifədən azad edilməklə və onunla bağlanmış 02 fevral 2011-ci il tarixli Əmək müqaviləsinə (kontraktına) xitam verilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 642/k saylı, 05 may 2014-cü il tarixli əmrinin ləğv edilməsi; İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSFM-nin Bakı şəhəri Xəzər rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə görə əmək haqqının tam hesablanaraq birdəfəyə iddiaçının hesabına köçürülməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.02.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 sentyabr 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1043/2017 saylı 03.05.2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.02.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə 2.5 Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Maddə 7.1 Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) ... Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya 03.12.2007-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Ona 05.05.2014-cü il tarixdən işdən azad olunduğuna görə dövlət qulluqçusu kimi pensiya təyin edilsə də, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə 05 may 2014-cü il tarixli əmri ləğv edilmiş və iddiaçı öz vəzifəsinə bərpa edilmişdir. İddiaçının dövlət qulluğuna 01.05.2020-ci il tarixdən xitam verilmişdir. İddia tələbindən görünür ki, iddiaçı öz tələbini "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan normaları ilə (20.1.7-ci və 20.11-ci maddələri), həmçinin 01.05.2020-ci il tarixədək onun 23 il 4 ay 8 gün dövlət qulluğu stajının olması, qanun dəyişdikdən yəni 01.07.2017-ci il tarixdən sonra işə bərpa olunduğu 20.09.2017-ci il tarixədək ona dövlət qulluqçusu kimi pensiyanın ödənilməsi, ümumilikdə 7 ilə qədər dövlət qulluqçusu kimi pensiya alması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dövlət qulluğuna 01.05.2020-ci il tarixdən xitam verildiyindən, ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi məsələsi həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. “Dövlət Qulluğu haqqında” Qanunun 23-cü maddəsinə 6 mart 2018-ci il tarixli Qanunla dəyişiklik edilərək dövlət qulluqçusu kimi pensiya təminatı verən xidmət illərinin minimum həddi 5 ildən 15 ilə artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinin 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən dövlət qulluğu vəzifəsində azı 15 il (bu Qanunun 20.11- 1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilinəsi barədə 543-VQD №-li, 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, 20.1.7-ci maddənin əvvəlinə “əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş” sözləri əlavə edilmiş və Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.5.8-ci bəndinə əsasən Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, “İİİ qrup əlilliyə görə pensiya hüququ 2007-ci ilin dekabr ayından yarandığından, məhkəmənin dövlət qulluğuna 01.05.2020-ci il tarixdə xitam verildiyindən, pensiya təyin edilməsi məsələsinin həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməli olmasını göstərməsi qanunvericiliyin tələbinə ziddir. Ona görə də pensiya hüququ yarandığı dövrdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir.” İddiaçının qeyd olunan apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının əvvəlki statusu (dövlət qulluqçusu) məhkəmə qərarı ilə bərpa olunduğu üçün pensiyaçı statusunu əldə etmədiyindən və 05 may 2014-cü il tarixdən işdən azad olunmamış hesab olunduğundan, ona həmin vaxt qüvvədə olan müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırkı dövr üzrə pensiyanın ödənilməsi (təyin edilməsi) həyata keçirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək bildirir ki, iddiaçının tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2913/2021 saylı 13.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar