Məhkəmə qərarları › İş №2-1(103)-295/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-295/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-295/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının X9) «etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5550/2022 saylı, 06 may 2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının X9) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müvafiq olaraq böyük məsələhətçi və baş məsləhətçi vəzifələrində 12 iyul 2012-ci il tarixdən hal-hazıradək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajı nəzərə alınaraq cavabdeh ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə 26 aprel 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildə X10 Bakı Türk Litseyindən fərqlənmə attestatı ilə məzun olmuş və ali məktəblərə qəbul imtahanında yüksək nəticə – 671 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetində “beynəlxalq iqtisadi münasibətlər” fakultəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr pilləsində “Prezident təqaüdçüsü” kimi (Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2007-ci il tarixli 2388 saylı Sərəncamına əsasən) təhsil almışdır. O, 2011-ci ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib, Bakı Dövlət Universitetində “beynəlxalq münasibətlər və iqtisadiyyat” fakultəsinin beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmiş, 2013-cü ildə həmin ixtisas üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. İddiaçı 3 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61.3-cü maddəsinə əsasən əmək müqaviləsi ilə Ümumi şöbənin böyük məsləhətçisi vəzifəsinə təyin edilməklə əmək fəaliyyətinə başlamış və 12 iyul 2012-ci il tarixədək sözügedən vəzifədə işləmişdir. Həmçinin, 2020-ci ilin iyun – dekabr aylarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən “X11”nin işinə nəzarəti həyata keçirmişdir. Bir sıra dövlət proqramlarının hesabatlarının hazırlanması, təkliflərin irəli sürülməsi, tədbirlərin təşkil olunması, məktubların hazırlanması və s. fəaliyyət istiqamətində xidmət etmişdir. Çalışdığı illər ərzində Komitəni təmsil etməklə təlim, seminar və treninqlərdə iştirak etmiş, müvəffəqiyyətlə həmin təlimləri başa vurub sertifikatla mükafatlandırılmışdır. İddiaçı 6 fevral 2016-cı il tarixdə Komitə sədri tərəfindən uğurlu fəaliyyətinə görə “Fəxri Diplom”la təltif olunmuşdur. Bundan başqa, 16 fevral 2020ci il tarixdə Azərbaycan Respublikasının X9 tərəfindən dövlət qulluğuna qəbul üçün keçirilmiş müsabiqənin test mərhələsində iştirak edərək, 120 maksimum baldan 93 bal toplamış və BA3 nəticəsi üzrə 3 illik sertifikat (3 mart 2020-ci il tarixli) qazanmışdır. Lakin iddiaçı X9 tərəfindən keçirilən ümumi müsahibədə iştirak etmək istəsə də, dəfələrlə onun müsahibədə iştirakına imkan verilməmişdir. X4 15 iyun 2021-ci il tariixli elektron məktubu ilə iddiaçının ümumi müsahibədə iştirak etmək üçün iddia etdiyi vakant vəzifə üzrə müraciətinə cavab olaraq, dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edildiyinə görə müsahibədə iştirakına imtina verilmişdir. İddiaçı elektrin qaydada X7 15 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Mənzil X3, 28 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fonduna təqdim etmək məqsədilə stajla bağlı arayış alınması üçün müraciət etmə də, hər iki müraciət müsbət cavablandırılmamış, yenə də səbəb kimi dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edilməsi göstərilmişdir. O, 12 iyul 2012-ci il tarixdən hal-hazıradək dövlət qulluğu vəzifələrində işləmiş, dövlət qulluqçusu kimi vəzifə öhdəliklərini icra etmiş, bütün təminatlardan istifadə etmişdir. Onunla dövlət orqanı arasında dövlət qulluqçusu kimi hüquq münasibətləri olmuşdur. Digər tərəfdən, inzibati orqanın iddiaçının onunla işə qəbul prosesi ilə əlaqədar işçi ilə işə götürən münasibətlərini tənzimləyən və bir-birini tamamlayan yuxarıda qeyd olunan inzibati aktlar mövcuddur. Eyni zamanda, işçi ilə işəgötürən arasında 9 ildən artıq müddət ərzində qəbul edilmiş işçilərin həvəsləndirilməsi, məzuniyyət məsələlərini tənzimləyən əmrlər, əməyin ödənişi ilə bağlı bir sıra tədbirlər (dövlət qulluqçusu kimi əmək haqqından tutulmalar, habelə sosial sığorta haqqı ilə bağlı ödənişlər və s.) barədə çoxsaylı inzibati aktlar da qəbul edilmişdir. Həmin inzibati aktların heç biri 9 ildən artıq müddət ərzində istər inzibati orqanın özü, istərsə də X9 və ya bundan əvvəl dövlət qulluğuna qəbulla bağlı prosedurları yerinı yetirən orqanlar, habelə digər orqanlar tərəfindən mübahisələndirilməmiş və həmin inzibati aktlar ləğv edilməmişdir. Göründüyü kimi, iddiaçının işçi kimi inzibati orqanla aralarında publik hüquq münasibətləri mövcud olmuşdur. Belə olan halda hesab edilir ki, onunla inzibati orqan arasında mövcud olan publik hüquq münasibətləri tanınmalıdır (müəyyən edilməlidir). Yəni, iddiaçının müvafiq vəzifə üzrə dövlət qulluğunda çalışdığı nəzərə alınmalı və onun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində işlədiyi bütün dövr (2012-ci ildən hal-hazıradək) üzrə dövlət qulluqçusu kimi statusu və stajı nəzərə alınmalıdır. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 67-ci maddəsinə, İPM-in 2.2.5, 36-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsaslanaraq, İddiaçı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müvafiq olaraq böyük məsələhətçi və baş məsləhətçi vəzifələrində 12 iyul 2012-ci il tarixdən hal-hazıradək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajı nəzərə alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 17 mart 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı 3 oktyabr 2011-ci il tarixdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ümumi şöbəsində əmək fəaliyyətinə başlamışdır. 1 oktyabr 2015-ci il tarixdən hal-hazıradək Komitənin Uşaq problemləri şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. İddiaçı 11 yanvar 2021-ci il tarixdə inzibati vəzifələrin beşinci təsnifatı üzrə 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cavabdeh olaraq iddianı qəbul edir, məhkəmə iclasında işə baxılmasını və qərar çıxarılmasını məhkəmədən xahiş edir Üçüncü şəxs X4 nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, dövlət qulluğuna qəbul «Dövlət qulluğu haqqında» Qanunun 28.1-ci maddəsinə əsasən müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. İddiaçı 2012-ci ildə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla müsabiqədən keçmədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində inzibati vəzifələrin beşinci təsnifatına aid olan böyük məsələhətçi vəzifəsinə dövlət qulluğuna qəbul edilmişdir. X9 tərəfindən aparılan məlumat bazalarında İddiaçı dövlət qulluğuna qəbulla bağlı hər hansı müsabiqədə iştirakı qeydə alınmamışdır. İddiaçı qeyd olunan vəzifəyə müsabiqədən keçməklə təyin edilməli olduğu halda, bu cür prosedurdan keçmədən birbaşa dövlət qulluğuna qəbul edilmiş, 2015-ci ildə isə, əlavə olaraq müvafiq qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqə və ya müsahibədə (daxili və ya ümumi müsahibə) iştirak etmədən vəzifədə irəli çəkilmiş və baş məsələhətçi vəzifəsinə təyin edilmişdir. X9 dövlət orqanlarında dövlət qulluğuna qeyri-qanuni qəbul hallarını araşdıraraq yol verilmiş pozuntu halları ilə bağlı 2017-ci ildə müvafiq dövlət orqanlarına məktublar ünvanlamışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində inzibati dövlət qulluğu vəzifələrinə müsabiqədə iştirak etmədən qəbul edilmiş 17 nəfər şəxs müəyyən edilmiş, qanunvericilik tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi barədə Mərkəzə məlumat verilməsi xahişi 2017-ci ilin noyabr ayında dövlət orqanına bildirilmiş və sözügedən şəxslərin siyahısı, o cümlədən İddiaçı barədə məlumatlar dövlət orqanına təqdim edilmişdir. Eyni məsələ ilə bağlı 14 may 2018-ci il tarixli 01/xx-xx/1323 nömrəli məktubla X9 Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət etmişdir. Həmin məktubda İddiaçı məlumatları da öz əksini tapmışdır. X9 tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması halları barədə yenidən 18 dekabr 2018-ci il tarixli 01/xx-xx/3566 nömrəli məktubla Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət edilmişdir. İddiaçı dövlət qulluğuna qəbulu «Dövlət qulluğu haqqında» Qanunun tələbləri gözlənilmədən həyata keçirilmişdir. «Dövlət qulluğu haqqında» Qanuna 31 may 2021-ci il tarixdə edilmiş dəyişikliklərlə qanunverici 10 avqust 2016-cı il tarixdən əvvəl dövlət qulluğuna qəbul edilmiş şəxslərin hüququ statusunu müəyyən etməklə bu kateqoriyadan olan şəxsləri 2 kateqoriyaya ayırmışdır. 1-ci kateqoriyaya 2021-ci il iyulun 1-dək «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər daxildir. Qanunverici bu şəxsləri müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutur. 2-ci kateqoriyaya isə, 10 avqust 2016-cı il tarixədək «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş dövlət qulluqçuları daxildir. Qanunverici həmin kateqoriyadan olan dövlət qulluqçularının daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət hüququnu həmin Qanunun 28-1-ci maddəsinə əsasən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat alması ilə şərtləndirir. Qanundan da göründüyü kimi, qanunverici «Dövlət qulluğu haqqında» Qanuna uyğun olmadan dövlət qulluğuna qəbul olunmuş şəxslərə münasibətdə hər hansı status müəyyən etməmişdir. Yuxarıda qeyd edilənləri və İddiaçı dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edildiyini nəzərə alaraq, onun “etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi” barədə iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5550/2022 saylı, 06 may 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, məhkəmə qərarında İddiaçı müsahibədə iştirakla bağlı müraciətinə X9 tərəfindən imtina verilməsi məsələsinə toxunsa da, məsələyə münasibət bildirilməmiş, İddiaçı vakant inzibati vəzifələrin tutulması ilə bağlı elan edilən ümumi və daxili müsahibələrdə iştirak hüququnun tanınıb-tanınmamasına dair fikir bildirilməmişdir. Dövlət qulluqçusu statusunun əldə edilməsi isə artıq yuxarıda qeyd etdiyimiz kimi yalnız “Dövlət qulluğu haqqında” Qanunla nəzərdə tutulmuş prosedurlar (müsabiqə) əsasında mümkündür ki, İddiaçı də bu prosedurlardan keçməmiş, həm dövlət qulluqçusu statusunu, həm də inzibati vəzifə üzrə ixtisas dərəcəsini qeyri-qanuni əldə etmişdir. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi kimi məsuliyyətli fəaliyyətə cəlb edilmiş şəxsin isə dövlət qulluğu sahəsində fəaliyyəti və dövlət qulluğu keçmə ilə bağlı məsələləri tənzimləyən əsas hüquqi akt olan “Dövlət qulluğu haqqında” Qanunun tələblərini bilməməsi qəbuledilməzdir. Qeyd edilənlərə əsasən düşünürük ki, bu halda nə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, nə də İddiaçı etimadın qorunması hüququna istinad edə bilməz və bu nöqteyi-nəzərdən İddiaçı barəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilmiş qanunsuz inzibati akt ləğv edilməlidir. Məhkəmə İddiaçı iddia tələbini təmin edərkən istinad etdiyi digər müddəa “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsidir. Həmin maddəyə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edirək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı 3 oktyabr 2011-ci il tarixdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ümumi şöbəsində əmək fəaliyyətinə başlamışdır. 1 oktyabr 2015-ci il tarixdən hal-hazıradək Komitənin Uşaq problemləri şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. İddiaçı 11 yanvar 2021-ci il tarixdə inzibati vəzifələrin beşinci təsnifatı üzrə 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.5-ci maddəsinə görə hazırkı iddia növü müəyyənetmə haqqında iddiadır. İnzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati icraat qaydasında baxılır. Müəyyənetmə haqqında iddia hər hansı bir qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik olmasının aydınlaşdırılmasına xidmət edir. İPM-in 36-cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (36.1). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (36.2). Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (36.3). Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır (36.4). Müəyyənetmə haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya hər hansı bir inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hər hansı bir hüquqi vəziyyətin aydınlaşdırılması məqsədilə bu və ya digər hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. Beləliklə, iddiaçı publik hüquq münasibətinin mövcud olub-olmamasının müəyyənləşdirilməsini tələb edə bilər. Müəyyən etmə haqqında iddianın mümkün sayılması üçün növbəti şərt iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər marağının olmasıdır. Mövcud hüquq münasibəti üzrə müəyyən etmə marağı iddiaçının hüquqi vəziyyəti barədə onda yaranmış qeyri-əminlik və ya qeyri-müəyyənliklə bağlı olmalıdır. Hazırkı iş üzrə iddiaçı müvafiq hüquqi marağının mövcudluğu onun subyektiv hüquqa malik olmasını əsaslandırmış, dövlət qulluğu münasibətlərində olduğunu iddia etdiyi qurumu cavabdeh qismində seçmişdir, eləcə də hazırkı iddianın mümkünlüyünü istisna edən hallar mövcud deyil. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Bununla bağlı da Məhkəmə kollegiyası qeyd edir ki, müəyyən etmə haqqında iddia o zaman əsaslı sayılır ki, maddi hüququn müddəalarına əsasən, hüquq münasibəti ərizədə göstərildiyi kimi mövcud olsun və ya olmasın. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Dövlət qulluğu haqqında» Qanunun: - 16.1-ci maddəsinə görə dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. - 17.1-ci maddəsinin birinci hssəsinə görə ixtisas dərəcələri bu Qanunun 16- cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin maddənin üçüncü hissəsinə görə ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. «İnzibati icraat haqqında» Qanunun: - 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. - 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda (67.6.1), səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda (67.6.2), inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda(67.6.3). - 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikasaı Prezidentinin 21 iyun 2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları»nın: - 2-ci bəndinə görə dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. - 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. - 12-ci bəndinə görə Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İddiaçı dövlət qulluğu vəzifəsinə təyin olunması barədə 12 iyul 2012-ci il tarixli 166 “k” nömrəli və 22 sentyabr 2015-ci il tarixli 203 “k” nömrəli əmrləri iddiaçıya müvafiq hüquq verdiyindən, ona münasibətdə əlverişli inzibati aktlar sayılır. Həmin əmrlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 12 iyul 2012-ci il tarixli 166 “k” nömrəli və 22 sentyabr 2015-ci il tarixli 203 “k” nömrəli əmrləri qanunsuz hesab edilsə belə, əlverişli inzibati akt kimi onların mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Bundan başqa, etimad hüququnun qorunması həmin əmrlərin hətta qanunsuz sayıldığı halda ləğvini istisna edir. İddiaçı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2012-ci ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş müvafiq vəzifələri yerinə yetirmiş və hüquqlardan, təminatlardan istifadə etmiş, eləcə də ona dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan istifadə etdiyi 9 ildən artıq dövrdə ixtisas dərəcəsi verilmiş, ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr ödənilmişdir. Qeyd edilənlər, həmçinin İddiaçı ixtisas səviyyəsinin, peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının əlaməti kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, 3-cü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikasının X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5550/2022 saylı, 06 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar