Məhkəmə qərarları › İş №2-1(103)-2951/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2951/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2951/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2872/2025 saylı, 11 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, 1986-cı il may ayından 1987-ci ilin avqust ayınadək Şamaxı rayonu Poladlı kənd sovxozunda işləmişdir- 1 il, 04 ay; 1987- 1992-ci illərdə Bakı Neft- Energetika Kollecində əyani oxumuşdur-2 il, 00 ay, 23 gün; 1988-1990-cı illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur-1 il, 10 ay, 19 gün; “Əmək pensiyası haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992- ci il yanvarın 1-dək keçmiş SSRİ- nin ərazisində müddətli həqiqi həırbi xidmət dövrü daxil omaqla) müddəti sığorta stajına daxil edilir. xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə kimi Dövlət Neft Şirkətində neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsində işləmişdir- 13 il, 04 ay 19 gün; xx.xx.1993-cü ildənxx.xx.1993-cü ilə kimi Qarabağda döyüşən ordunun tərkibində Azərbaycan Respublikası azadlığı, suverenliyi və ərazi bütövlüyü uğranda gedən döyüşlərdə iştirak etmişdir-07 ay, 19 gün; İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququm “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə yaranır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iş materiallarına əsasən iddiaçı tərəfindən Mərkəzi Filiala ünvnlanmış xx.xx.2024-cü il tarixli müraciət ərizəsinə əlavə edilmiş X3 filialının xx.xx.2024-cü il tarixli 3- 48-11F/2M-xx-xx-2024 nömrəli məktubundan görünür ki, Ə.Qarayev adına sovxozun əmr kitablarının X3 filialı təhvil verilmədiyi, 1986-cı il üzrə yanvar, fevral, mart, aprel, 1987-ci il üzrə sentyabr, oktyabr, noyabr, dekabr aylarında əməkhaqqı alınması barədə məlumat qeyd olunmadığı əks olunmuşdur. Lakin daha sonra iddiaçı tərəfindən Mərkəzi Filiala ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciət ərizəsinə əlavə edilmiş X3 filialının eyni tarixli məktubundan əvvəl təqdim edilmiş arayışa düzəliş edilərək 1986-cı il aprel ayı üzrə əməkhaqqı ödənişi barədə qeyd olduğu müəyyən edilmişdir. Bu səbəbdən də, sözügedən arayışda qeyd olunan məlumatların mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. 07 avqust 2024-cü il tarixli aktdan məlum olur ki, Poladlı kənd Ə.Qarayev adına sovxoza aid əməyin ödənişi kitablarında iddiçının ata adının qeyd olunmadığı, qeyd olunan əmək haqqı məbləğinin qələm və karandaşla yazıldığı, işə daxilolma və işdən çıxma əmrlərinin aşkar olunmadığı, 1986-cı ilin aprel ayı üzrə əməkhaqqı məbləğinin sonradan fərqli qələmlə yazıldığı qeyd olunmuşdur. 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 20 ildən az (19 il 11 ay 22 gün (xx.xx.1986- xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1990-ci il, xx.xx.1990- xx.xx.1992, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993- xx.xx.1993-cü il (döyüşən ordunun tərkibində olduğu üçün ikiqat ölçüdə), xx.xx.1993- xx.xx.2005-ci il, xx.xx.1999- xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2872/2025 saylı, 11 aprel 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı hüququnun yarandığı 52 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2872/2025 saylı, 11 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970ci il tarixində doğulmuş, onun 52 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 76 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1993-cü il tarixdən xx.xx.1993- cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüşən hərbi hissənin tərkibində hərbi xidmətdə olmuşdur. - Bakı Neft-Energetika Kollecinin 824 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçı 11 avqust 1987-ci il tarixində 482 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 30 noyabr 1988-ci il tarixində 636 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 19 noyabr 1990-cı il tarixində 576 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 02 iyun 1992-ci il tarixində 232 saylı əmrlə “Neft və qaz quyularının istismarı” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texnik- texnoloq” ixtisas dərəcəsi və PT-İ № 095587 saylı diplom verilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dovlət Arxivi Şamaxı filialının xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən də aprel 1986- avqust 1987-ci illərdə Şamaxı rayonunun Poladlı kənd “Ə.Qarayev” adına sovxozunda işləmişdir. - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1942-ci il tarixində 2 saylı Neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixədək həmin işdə işləmişdir. - Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş Milli Arxiv İdarəsinin Şamaxı Filialının iddiaçıya dair xx.xx.2024-cü il tarixli 3-48-11F/2Mxx-xx-2024 nömrəli arayışında 1986-cı il üzrə aprel ayında əmək haqqı ödənişi almağı barədə məlumat qeyd olunmayıb, lakin həmin arayışı xx.xx.2024-cü il tarixli müraciətlə təqdim edərkən sonradan arayışa düzəliş edilərək 1986-cı il aprel ayı üzrə əmək haqqı ödənişi yazıldığı müəyyən edilib. Bu səbəbdən də, sözügedən arayışda qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Bununla əlaqədar, iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq, Poladlı kənd Ə.Qarayev adına sovxoza aid əməyin ödənişi kitablarında ata adının qeyd olunmadığı, işə girmə və işdən çıxma əmrlərinin aşkar olunmadığı, həmçinin 1986-cı ilin aprel ayı üzrə əmək haqqı məbləğinin sonradan fərqli qələmlə yazıldığı qeyd olunub. Bu fakt X3 Filialı tərəfindən xx.xx.2024-cü il tarixli Akt ilə təsdiq edilib. Göstərilən səbəblərdən də, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 11 ay 22 gün (xx.xx.1986- xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1990-cı il, xx.xx.1990- xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992- ci il, xx.xx.1993-xx.xx.1993-cü il (döyüşən ordunun tərkibində olduğunuz dövr ikiqat ölçüdə), xx.xx.1993-xx.xx.2005-ci il, xx.xx.1999-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə:: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Göründüyü kimi 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 20 ildən; - güzəştli iş stajı 10 ildən az olmamalıdır. Məhkəmə kollegiyası iddiaçının xx.xx.2006-cı ilə qədər olan ümumi iş stajı ilə bağlı qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İddiaçı qeyd olunan normaların tələbindən çıxış edərək, onun xx.xx.2005-ci il tarixə 20 ildən artıq ümumi iş stajının olduğunu bildirir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli məktubunda göstərmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 20 ildən az (19 il 11 ay 22 gün (xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il (döyüşən ordunun tərkibində olduğu dövr ikiqat ölçüdə), xx.xx.1993xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 12 il 8 ay 26 gün (xx.xx.1992xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2002- xx.xx.2005-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi, cavabdeh iddiaçının 19 il 11 ay 22 gün ümumi iş stajının olmasını göstərmiş, bu zaman onun döyüşən ordunun tərkibində olduğu dövrü ikiqat ölçüdə qəbul etmişdir. Cavabdehin bu mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, həmin müddət “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin 01.09..2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən üçqat ölçüdə hesablanmalıdır. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə görə həmin Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edirdi. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına (bundan sonra – Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına (bundan sonra – Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. Eyni zamanda, həmin Qanunla “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə dəyişiklik edilərək aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir”. Qeyd edilən dəyişikliklər 2004-cü il 13 sentyabr tarixindən qüvvəyə minmişdir. Bundan sonra “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir: "hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə;". Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarına dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir. Göründüyü kimi qanunvericiliyə edilmiş yeni dəyişikliklə şəxsin hərbi qulluqçu kimi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövr əvvəl 3 qat ölçüdə hesablanırdısa, xx.xx.2005ci il tarixli qanunla edilmiş dəyişiklikdən sonra qeyd edilən dövrün 2 qat ölçüdə hesablanması nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki: (...)Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn bublikhüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik prinsipinin və onun mühüm elementi olan vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır. Konstitusiya Məhkəməsi bu nəticəyə gəlmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır” Adları çəkilən Plennum Qərarındakı hüquqi mövqedən çıxış edərək məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 1993-cü il tarixdə iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan “Vətəndaşların Pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsi məhz döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrünü 3 qat ölçüdə hesablanmasını nəzərdə tutmuşdur, xx.xx.2005-ci il tarixli qanunla edilmiş dəyişikliklə həmin dövrün 3 qat deyil, 2 qat ölçüdə hesablanması şəxsin hərbi xidmət keçdiyi dövrdə artıq qazandığı pensiya hüquqlarının pozulmasına gətirib çıxarır. Başqa sözlə, yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanıldığından iddiaçının məhz yeni dəyişikliyə qədər stajının 3 qat ölçüdə hesablanması ilə bağlı tələb hüququ da saxlanılmışdır, qüvvədədir və məhdudlaşdırmaya məruz qalmamalıdır. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı mövcud olması öz təsdiqini tapır. Güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən- X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, - 1100000a—15824- neft və qaz hasilatı üzrə operatorlar və 1100000b—23187- neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar vəzifələri güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. İş materiallarında olan “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, “iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xx.xx.1992-ci ildən (əmr 105-k, xx.xx.1992-ci il) 31.01,1993-cü il tarixədək “Abşeronneft” NQÇİ-nin 2 saylı neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator, 01,09.1993-cü ildən xx.xx.2001 -ci ilədək 2 saylı neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib. xx.xx.2001-ci ildən (əmr 27-k xx.xx.2001-ci il) xx.xx.2002-ci ilədək “Abşeronneft” NQÇİ-nin 4 saylı neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsində işləib. xx.xx.2002- ci ildən (əmr 53-k xx.xx.2002-ci il) xx.xx.2006-cı ilədək “Abşeronneft” NQÇİ-nin 4 saylı neft və qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində işləyib. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 12 il 09 ay 17 gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: -Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, quyuların iş rejiminin saxlanılması və yaxşılaşdırılması üçün geoloii-texniki tədbirlərin həyata keçirilməsi. Yüksək məhsuldarlıqlı elektrik dalma nasos qurğularının mənimsənilməsi və iş rejiminə qoyulması. Sadə və orta mürəkkəblikdə olan neft-mədən avadanlıqlarının, qurğuların, mexanizmlərin, nəzarətölçü cihazlarının və kommunikasiyaların quraşdırılması və sökülməsi isinə rəhbərlik. Quyuların yeraltı və əsaslı təmirdən sonra qəbul edilməsində iştirak etmək. Quyuların tədqiqata hazırlanması, nəzarət-ölçü cihazlarının köməyi ilə avtomatika və telemexanika vasitələrinin yerüstü və yeraltı avadanlıqların nasazlıqlarının müəyyən edilməsi. Yerli avtomatikanın nasaz bloklarının dəyişdirilməsi və xırda təmir işlərinin aparılması. Güc və işıq elektrik xətlərində xırda nasazlıqların müəyyən edilməsi və mürəkkəb olmayan nasazlıqların aradan qaldırılması. neft və qazçıxarma üzrə briqadanın istehsal fəaliyyətinə və vahid naryad üzrə işləyən əlaqəli briqadalara rəhbərliyi həyata keçirir. Əmək məhsuldarlığının yüksəldilməsi, neft və qazçıxarma üzrə plan tapşırıqlarının verinə yetirilməsini təmin edir. Obyektlərin və quyuların texnoloji iş rejimlərinə riayət olunmasını təmin edir və onlara nəzarət edir, kənarlaşmaların səbəblərini operativ surətdə aşkar edir və onları aradan qaldırır;. Quyulara və başqa istehsalat obyektlərinə və kommunikasiyalara xidməti təşkil edir. Quyu fondunun boşdayanmasının azaldılması üzrə tədbirlər görür. Quyuları təmirə verən zaman onlarda hazırlıq isləri görür və quyuların qəbul və təhvil aktlarını rəsmiləşdirir. Quyuların təmirdən qəbul edilməsinə nəzarəti həyata keçirir. Mürəkkəb və təhlükəli islərin verinə yetirilməsində iştirak edir. İstehsal planları və qrafiklərinə müvafiq olaraq istehsal tapşırıqlarını təyin edir və onları, həmçinin materialların, yanacağın, elektrik enerjisinin istifadəsi üzrə göstəriciləri və onlara qənaət edilməsinə görə mükafatların məbləğlərini briqadalara və ayrı-ayrı fəhlələrə çatdırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsinin «a» və «b» bəndlərində müəyyən edilmiş sahənin və vəzifənin (peşənin) xüsusiyyətləri ilə eynidir və həmin Qərara əsasən neft və qaz hasilatı üzrə operator peşəsi (kod 1100000a- 15824), neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar (kod 1100000b-23187) vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə onun xx.xx.2006-cı il tarixə 12 il 09 ay 17 gün güzəştli iş stajının olmasını bildirmiş, cavabdeh isə bu halı mübahisələndirməmiş, məhkəməyə təqdim etdiyi məktubunda iddiaçının güzəştli stajının 10 ildən artıq olmasını qəbul etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri olan üçüncü şərti də ödəmişdir. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2872/2025 saylı, 11 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2872/2025 saylı, 11 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar