Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2953/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, qərarla tutulmuş məbləğin geri qaytarılması və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, qərarla tutulmuş məbləğin geri qaytarılması və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2165/2023 saylı 12 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İddiaçı 26 fevral 2014-cü il tarixində Fondun Suraxanı rayon şöbəsi tərəfindən 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan İddiaçı təyin olunmuş əmək pensiyasının ödənişi 2020-ci ilin oktyabr ayından dayandırılmış və 2022-ci ilin iyul ayından pensiya ödənişi bərpa olunan zaman ona artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd edilən səbəblərdən Mərkəzi filial tərəfindən xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərar qəbul edilmiş və ərizəçinin əmək pensiyasının artıqödəmə nəzərə alınmaqla bərpa edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin **********6 saylı 22 iyul 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 715.36 manat (yeddi yüz on beş manat 36) əmək pensiyası alır. Vətəndaşın əmək pensiyasının məbləğindən xx.xx.2022-ci il tarixdən xx.xx.2038-ci il tarixədək hər ay 143.07 manat (bir yüz qırx üç manat 07 manat 07 qəpik), xx.xx.2038-ci il tarixdən xx.xx.2038-ci il tarixədək hər ay 89.57 manat (səksən doqquz manat 57 qəpik) tutulur. Cavabdeh inzibati orqanın iddiaçının əmək pensiyasında apardığı dəyişikliklərdən, o cümlədən pensiyadan tutulmalardan narazı qalan iddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən **********9 saylı xx.xx.2021-ci il tarixli “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında” məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi dayandırılmışdır. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə əmək pensiyasının ödənişi bərpa olunacaq, dayandırma müddətində ödənilməmiş pensiya məbləği müvafiq kart hesabına köçürüləcəkdir. Daha sonra cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2022-ci il tarixli “artıq ödənilmiş pensiya məbləği haqqında” məktubda qeyd edilmişdir ki, ona 26 ferval 2014-cü il tarixində Fondun Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçı pensiya işinin araşdırılması ilə əlaqədar olaraq, vaxtilə adıçəkilən şəxsə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişi 2020-ci ilin oktyabr ayından dayandırılmışdır. Araşdırma nəticəsində onun pensiya ödənişi 2022-ci ilin iyul ayından bərpa olunmuş və ona 27559,01 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 27559,01 pul vəsaiti cari ilin iyul ayından etibarən hissə-hissə (hər ay 143,07 manat) onun əmək pensiyasından tutulmaqla büdcəyə bərpa edilir. Onun əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 715,36 manat təşkil edir. İddiaçı ona verilmiş cavab məktubları ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, qərarla tutulmuş məbləğin geri qaytarılması və 2020-ci ilin fevral ayından müəyyən edilmiş, hesablanmış 1038.50 AZN məbləğin bərpa olunaraq ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ona 2020-ci ilin 04 noyabr tarixindən pensiyanın verilməsi dayandırılmışdır. Dəfələrlə müxtəlif dövlət orqanlarına, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, məhkəməyə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına pensiya ödənişinin bərpa edilməsi ilə əlaqədar müraciət etmişdir. Müsbət nəticə əldə edilmədiyi üçün təkrar cavabdehin qanunsuz hərəkətləri barədə və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi barədə məhkəməyə müraciət edilmişdir. Pensiyanın hansı səbəbdən dayandırılması, bərpa olunubsa bərpa qərarının verilməsinin, həmçinin hansı səbəbdən pensiya məbləğinin 2038-ci ilə qədər tutulması barədə səbəbləri barədə açıqlama verilməsi və pensiya məbləğinin tutulması barədə qəbul edilmiş qərarın surətinin verilməsi xahiş edilsə də, heç bir nəticə olmamışdır. Pensiya ödənişi 04 noyabr 2020-ci il tarixindən dayandırılan vaxta qədər hər ay 1038.50 azn pul alınmışdır. Həmin müddət pensiya müntəzəm şəkildə verilsə idi 50689.84 azn məbləğ edərdi. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı 26 fevral 2014-cü il tarixində Fondun Suraxanı rayon şöbəsi tərəfindən 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı təyin olunmuş əmək pensiyasının ödənişi 2020-ci ilin oktyabr ayından dayandırılmış və 2022-ci ilin iyul ayından pensiya ödənişi bərpa olunan zaman ona artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd edilən səbəblərdən Mərkəzi filial tərəfindən xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərar qəbul edilmiş və ərizəçinin əmək pensiyasının artıqödəmə nəzərə alınmaqla bərpa edilməsi qərara alınmışdır. İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçı pensiya işinin araşdırma zərurəti ilə əlaqədar ona təyin olunmuş pensiya ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq sənədlərinin araşdırılması nəticəsində qanunazidd təyin olunduğu müəyyən edilmiş, ona yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri ehtimalı olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Nazirliyin xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğundan Nazirliyə daxil olmuş xx.xx.2022- ci il tarixli 02/2- 248mat-21/179 nömrəli məktubunda qeyd olunanlara əsasən daxil olmuş material əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış, araşdırma nəticəsində toplanmış material Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun keçmiş Suraxanı rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə əlaqədar Baş İdarənin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə olunmuşdur. Lakin İddiaçı avtomatlaşdırılmış qaydada xx.xx.2022-ci il tarixdən 65 yaşından 504,97 manat məbləğində yaşa görə əmək pensiyası təyin edildiyi, 2022-ci ilin mart-iyun aylarında cəmi 2073,98 manat vəsaitin onun plastik kart hesabına köçürüldüyü məlum olmuşdur. Qeyd olunmalıdır ki, araşdırma nəticəsində İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 57 yaşından xx.xx.2014-cü il tarixdən olduğu, onun aylıq pensiya məbləğinin xx.xx.2020-ci il tarixdən 330,57 manat, əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün Qanunun 37.3.1-ci maddəsinə əsasən fərdi hesabında qeydə alınmış pensiya kapitalı əsasında hesablanmış 290,47 manat sığorta hissəsi aylıq məbləğin üzərinə əlavə olunmaqla xx.xx.2020-ci il tarixdən 621,04 manat, xx.xx.2021-ci il tarixdən 691,84 manat və xx.xx.2022-ci il tarixdən 715,36 manat (3,4% nəzərə alınmaqla) təşkil etdiyi müəyyən edilmişdir. Bu səbəbdən də Əmək pensiyasının yenidən hesablanması haqqında **********7 nömrəli xx.xx.2022-ci il tarixli Qərarla iddiaçının əmək pensiyasının məbləği 715,36 manat müəyyən edilmişdir. Həmçinin, araşdırma nəticəsində İddiaçı pensiya ödənişi 2022-ci ilin iyul ayından bərpa olunmuş və ona 27559,01 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 27559,01 manat pul vəsaiti cari ilin iyul ayından etibarən hissə-hissə (hər ay 143,07 manat) onun əmək pensiyasından tutulmaqla büdcəyə bərpa edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2165/2023 saylı 12 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı artıq ödənilmiş 27559.01 əmək pensiyası məbləğinin geri qaytarılması məqsədi ilə qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması barədə” **********7 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, həmin qərarla tutulmuş məbləğin geri qaytarılması və 2020-ci ilin fevral ayından müəyyən edilmiş, hesablanmış 1038.50 manat məbləğində əmək pensiyasının bərpa olunaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı və onun vəkili Vəkil iddia ərizəsini və apellyasiya müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə mübahisələndirdiyi qərar xx.xx.2022-ci il tarixli, tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi isə xx.xx.2022-ci il tarixlidir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1, 38.2-ci, “İnzibati icraat haqqında” Qanunun 73.1, 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, qərarla tutulmuş məbləğin geri qaytarılması və 2020-ci ilin fevral ayından müəyyən edilmiş, hesablanmış 1038.50 AZN məbləğin bərpa olunaraq ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İş materiallarından müəyyən olunur ki, iddiaçıya 26 fevral 2014-cü il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş əmək pensiyasının ödənişi 2020-ci il oktyabr ayından dayandırılmış, 2022-ci ilin iyul ayından isə bərpa edilmişdir. Lakin bu zaman cavabdeh həmin dövr ərzində iddiaçıya 27559,01 manat artıqödəmənin olduğunu müəyyən etmiş və bunu Fonda vurulmuş zərər kimi qiymətləndirərək ödənilmiş pul vəsaitinin geri qaytarılması məqsədi ilə xx.xx.2022-ci il tarixli **********7 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul etmişdir. Həmin qərarla iddiaçıya 1038 manat hesablanmış pensiya azaldılaraq 715 manat müəyyən olunmuş, daha sonra isə hər ay artıq ödənilmiş hesab edilən məbləğin tutulmasına başlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin **********7 saylı xx.xx.2022-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması” barədə qərarından görünür ki, İddiaçı pensiya məbləği artıqödəmənin nəzərə alınması səbəbi ilə yenidən hesablanmış və 1038,50 manatdan azaldılaraq 715,36 manat təşkil etmişdir. Hazırda iddiaçının tələbi ona artıq ödənilmiş 27559.01 manat əmək pensiyası məbləğinin geri qaytarılması ilə bağlı cavabdeh orqanın qəbul etdiyi “əmək pensiyasının yenidən hesablanması” barədə olan xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, qərarla tutulmuş məbləğin geri qaytarılması, 2020-ci ilin fevral ayından müəyyən edilmiş, hesablanmış 1038.50 AZN məbləğin bərpa olunaraq ödənilməsindən ibarətdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş pensiya təyinatı altsistemindən görünür ki, iddiaçıya təyin edilmiş pensiyanın ödənişi həqiqətən də 2020-ci ilin oktyabr ayından dayandırılmışdır. Həmin dayandırmaya əsas kimi cavabdeh Nazirliyin daxili araşdırmalarına istinad edir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda isə qeyd olunmuşdu ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının aparılan araşdırmalar nəticəsində artıq ödənildiyi müəyyən olunmuş və buna görə də ondan 27559.01 manat məbləğində artıq pul vəsaitinin geri qaytarılması tələb olunmuşdur. Göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın məbləğində artıq ödəmələrin aparılması ilə bağlı araşdırma cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırki işdə xx.xx.2022-ci il tarixli qərar qəbul edilməmişdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq “artıq ödənilmiş pensiya məbləği haqqında” xx.xx.2022-ci il tarixli məktubunda iddiaçıya təyin edilmiş pensiya ilə bağlı artıq ödəmələrin həyata keçirildiyini bildirmiş və bununla bağlı həmin 27559.01 manat artıq ödəmənin cari ilin iyul ayından etibarən hissəhissə (hər ay 143 manat) iddiaçının əmək pensiyasından tutulmaqla büdcəyə bərpa edildiyini və iddaçıya sonuncu dəfə əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun olaraq 715,36 manat miqdarında təyin edildiyini bildirməklə kifayətlənmişdir. Digər tərəfdən inzibati orqan “artıq ödənilmiş pensiya məbləği” barədə iddiaçıya məktub göndərsə də, bu barədə ayrıca inzibati akt qəbul etməmiş və həmin məsələ ilə bağlı tələb olunan və hər ay iddiaçının əmək pensiyasından 143 manat olmaqla tutulan ümumilikdə 27559.01 manat artıq pul vəsaitinin hansı hesablama qaydasında hesablandığını əsaslandırmamışdır. Həmçinin belə artıq ödəmələrin iddiaçının təqsiri üzündən aparılması faktı da iş materialları ilə müəyyən olunmur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya artıq ödənilmiş 27559.01 manat əmək pensiyası məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehin qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması barədə” **********7 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, həmin qərarla tutulmuş məbləğin geri qaytarılması və 2020-ci ilin fevral ayından müəyyən edilmiş, hesablanmış 1038.50 manat məbləğində əmək pensiyasının bərpa olunaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2165/2023 saylı 12 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2165/2023 saylı 12 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2953/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2953/2023
18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver