Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2953/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndsi X5, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X8) “hərrac protokolunun etibarsız hesab edilməsi və sair” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1118/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Mənzil-Tikinti Kooperativi cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında X8 ilə bağlanılmış alqı-satqı müqviləsinin etibarsız hesab edilməsi və X4 adına verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X4 cavabdehlər siyahısından çıxarılmasını və iddia tələbi kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında X8 ilə bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında qəbul olunmuş digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin və X4 cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 105 saylı, 19 aprel 2017-ci il tarixli sərəncamına və 1/11 saylı, xx.xx.2017-ci il tarixli Ayrıca Aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində yeni çoxmərtəbəli binaların və qeyri-yaşayış obyektlərinin tikintisi üçün torpaq sahəsi 49 illik icarə əsasında İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmişdir. Eyni zamanda ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi İddiaçı Mənzil-Tikinti Kooperativə həvalə edilmişdir. İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahiblərinin böyük əksəriyyəti ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20% əlavə sahə verilməklə və aylıq kirayə haqları, eləcə əşyaların daşınması xərcləri ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyriyaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli binaların tikintisinə başlanılmışdır. O cümlədən, ayrılmış ərazidə-ünvan 1 ünvanda 14 kv.m. qeyri-yaşayiş sahəsi müəyyən edilmiş, 17 may 2017-ci il tarixdə dəyəri faktiki sahibi X2 ödənilməklə, həmin qeyri-yaşayış sahəsi X1 rəhbərliyi ilə sökülmüşdür. Bununla bağlı müvafiq akt tərtib edilmişdir. Ərazi müvafiq icra hakimiyyəti orqanı tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinin icarə və istifadəsinə verildikdən və göstərilən qeyri-yaşayış sahəsi söküldükdən bir ildən artıq müddət keçdikdən sonra X8 adlı şəxs ortaya çıxmış, tərəfindən göstərilən qeyri-yaşayış sahəsini hərrac vasitəsilə aldığını bildirmişdir. Sonradan məlum olmuşdur ki, faktiki mövcud olmayan sahəyə texniki pasport tərtib edilmiş və çıxarış verilmişdir. Tərtib edilmiş texniki pasportda göstərilmişdir ki, “pasport xx.xx.2018 tarixdə olan vəziyyətə əsasən tərtib olunub”, halbuki həmin tarixdən düz bir il öncə həmin tikili tamamilə sökülmüşdür. Yəni faktiki mövcud olmayan bir sahənin hərracda satılması, texniki pasportun və çıxarışın verilməsi əsassız və qanunsuz olmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-1118/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Hazırda həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndsi X10 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlər birinci instansiya məhkəməsi tərəfindən qərardadda ətraflı göstərilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, “Əmlak Məsələləri Dövlət Komitəsinin bəzi sərəncamlarına dəyişiklik edilməsi və qeyriyaşayış sahələrinin hərraca çıxarılması barədə” Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2017-ci il tarixli 68 nömrəli sərəncamından görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” sərəncamları ilə satın alınmaq üçün icarəçiyə təklif olunmuş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 14.9 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan icarəçi X1 icarəsinə verilmiş qeyri-yaşayış sahəsinə dair xx.xx.2016-cı il tarixli 169 nömrəli sərəncam ona aid olan hissədə və həmin qeyri-yaşayış sahəsinə dair bağlanılmış alqı-satqı müqaviləsi ləğv edilmiş, həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin həmin qeyri-yaşayış sahəsi haqqında məlumatlar “Mülkiyyət” qəzetində dərc edildikdən azı 30 (otuz) gün sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərrac vasitəsilə həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2018-ci il tarixli 10/05 nömrəli “Hərrac protoklu”ndan görünür ki, ünvan 3 ünvanında yerləşən Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 1 mərtəbəli bitişik tikili (14,9 kv.m) satıcı Əmlak Məsələləri Dövlət Komitəsi olmuş, xx.xx.2017-ci il tarixli 68 nömrəli sərəncama əsasən keçirilmiş hərracın qalibi 16500 manat müqabilində alıcı X8 olmuşdur. xx.xx.2018-ci il tarixli 3891 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müaviləsi”ndən görünür ki, müqavilənin predmetini “Alıcı”nın (X8) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilən hərracda 10/05 №-li protokola əsasən satın aldığı 14,9 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. “Satıcı” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi satır, “Alıcı" X8 isə bu müqavilədə göstərilən şərtlərlə ünvan 5 ünvanında yerləşən 14,9 kv.m qeyri-yaşayış sahəsini hərracdan satış qiyməti ilə 16500.00 - on altı min beş yüz manata satın alır. Hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. İddia tələbindən görünür ki, iddiaçı hazırda xx.xx.2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında X8 ilə bağlanılmış alqı-satqı müqviləsinin etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Qeyd edilməlidir ki, iddiaçı hazırda cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında X8 ilə bağlanılmış alqı-satqı müqviləsinin etibarsız hesab edilməsi və onun əsasında qəbul olunmuş digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsini xahiş etsə də, həmin hərracın keçirilməsinə əsas olan cavabdehin xx.xx.2017-ci il tarixli 68 nömrəli sərəncamını mübahisələndirməmişdir. Bundan başqa, iddiaçı hazırkı tələblə ilk əvvəl mülki məhkəməyə müraciət etmiş, həmin məhkəmə icraatı zamanı mübahisənin inzibati mübahisə olması ilə əlaqədar iş üzrə icraata xitam verilmiş, iddiaçı ən geci 18 avqust 2021-ci il tarixdə cavabdehin qəbul etdiyi inzibati aktlardan və hazırkı mübahisə ilə bağlı inzibati mühakimə icraatı qaydasında iddia qaldırmalı olduğundan məlumatlı olmuşdur. Lakin işdən görünür ki, iddiaçı müvafiq tələblə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6082/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərardadının qəbul edilməsindən 2 ildən artıq müddət keçdikdən sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı 2021-ci ildə ona bəlli olan sərəncam və hərracın nəticələrinin ləğvi üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə mübahisələndirmə üçün prosessual müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti ötürmüşdür. İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Qeyd olunanlara əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1118/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2953/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2953/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver