Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2954/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-771/2021 saylı, 12 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə işləməsinə görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və 15.11.1993-cü ildən 01.01.1996-cı ilədək pensiyanın indeksləşdirilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28.01.1966-cı ildən Dzerjinski adına Bakı Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamış, 08.08.1975-ci ildən Bakı Yod zavodunda fəhlə kimi fəaliyyətini davam etdirərək 25.05.1994-cü ilədək həmin zavodda müxtəlif ağır işlərdə işləmişdir. Ümumilikdə isə iddiaçı 2003-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının 40 ilə yaxın əmək stajı vardır ki, bunun da 19 ilini əmək şəraiti xüsusilə ağır və zərərli olan Bakı Yod zavodunda işləmişdir. Həmin zavodda onun gördüyü iş əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarının 1 nömrəli Siyahısına daxil edilmişdir. İddiaçı 15.11.1993-cü il tarixdə əmək pensiyasına çıxmış, lakin iddiaçıya ilk dəfə 01.01.1996-cı ildə pensiya (45397 rubl) ödənilmişdir. Bu barədə pensiya vəsiqəsində də qeyd edilmişdir. İddiaçıya edilən güzəşt yalnız 45 yaşında pensiyaya göndərilməsindən ibarətdir. Əmək pensiyasının məbləğində iddiaçıya zərərə görə heç bir məbləğ, eləcə də 15.11.1993-cü ildən 01.01.1996-cı ilədək üç ilin pensiyası ödənilməmişdir. İddiaçı 27.01.2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmiş, ərizəsi baxılması üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə göndərilmiş, lakin 28.01.2020-ci il tarixli **********8 nömrəli məktubla məsələnin həllindən imtina edilmişdir. Məktubda bildirilmişdir ki, 15.11.1993-cü ildən etibarən Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsi üzrə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilmiş və ödənilmişdir. Təyin edilmiş pensiya həmin dövrdən bu günədək indeksləşdirilmiş və infilyasiyaya uyğun olaraq pensiyanın məbləği artırılaraq hazırda 216,09 manata çatdırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş 28.01.2020-ci il tarixli məktub əsassızdır və bu məktubla iddiaçının hüquqları pozulmuşdur. İddiaçı Nazirliyə sorğu ilə müraciət edərkən 19 ildən artıq əmək şəraiti xüsusilə ağır və zərərli olan işdə işləməsinə görə hansı güzəştlərin edildiyi və ya edilməli olduğu barədə hüquqi cəhətdən əsaslandırılmış cavab verilməsini xahiş etməsinə baxmayaraq, bu barədə ona heç bir məlumat verilməmişdir. Məktubdan belə görünür ki, İddiaçı ümumi əsaslarla əmək pensiyası alır, lakin pensiyaya 5 il əvvəl çıxmaqla iddiaçıya güzəşt edilmiş, onun da 3 ili ödənilməmişdir. İddiaçının 19 ildən çox əmək şəraiti xüsusilə ağır və zərərli olan işdə işləməsi əmək kitabçası ilə öz təsdiqini tapmışdır. Pensiya vəsiqəsindən də məlum olur ki, iddiaçıya pensiya 01.01.1996-cı ildən hesablanmağa başlamışdır. Odur ki, iddiaçının 15.11.1993-cü ildən 01.01.1996-cı ilədək pensiyası da indeksləşdirilib hazırki məbləğə uyğunlaşdırılmaqla verilməlidir. Göstərilənlərə əsasən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən əvvəl qüvvədə olmuş qanunvericiliyə uyğun əmək pensiyasının ödənilməsi və 15.11.1993-cü ildən 01.01.1996-cı ilədək pensiyanın indeksləşdirilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən əvvəl qüvvədə olmuş qanunvericiliyə uyğun əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-771/2021 saylı, 12 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iddiaçıya 15.11.1993-cü ildən (45 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyini formal olaraq, qeyd etsə də, izah etməmiş, 15.11.1993-cü ildən 01.01.1996-cı ilədək olan dövrü isə heç bir əsas olmadan, yəni kifayət qədər sübut olmadığına görə rədd etmişdir. Halbuki. onun tərəfindən əsas sübut kimi əmək kitabçası təqdim edilmişdir. “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. Həmin maddədə yazıılmışdır ki, pensiyanı təyin edən və ya ödəyən orqanın təqsiri üzündən vaxtında alınmamış pensiyanın məbləği heç bir müddət məhdudiyyəti qoyulmadan bütün dövr üçün ödənilir. İddiaçı qeyd olunan bu halın onun işinə aid olduunu bildirilərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilrərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilrərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 21.11.2019-cu il və 28.01.2020-ci il tarixli məktublarda 15 noyabr 1993-cü il tarixindən ona “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiyanın təyin edilib ödənilməsi qeyd edilmişdir. Həmçinin lazımi qaydada təsdiqlənmiş surəti məhkəməyə təqdim olunan 513153 nömrəli pensiyaçının uçot vərəqində də 15.11.1993-cü il tarixindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi sübut olunur. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli Qərardadında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğu qeyd edilmişdir. İddiaçının əmək pensiyasının ödənilməsini xahiş etdiyi dövr (1993-1996) müraciət etdiyi vaxtdan əvvəlki üç ilin təsiri altına düşmədiyi üçün ona həmin illər üçün əmək pensiyasının indeksləşdirilərək ödənilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə, habelə Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsinə ziddir. Buna görə də həmin illər üçün iddiaçıya əmək pensiyası ödənilə bilməz. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan İddiaçı məxsus 513153 saylı vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 15.11.1993-cü ildən əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan 513153 nömrəli pensiyaçının uçot vərəqinin surətindən görünür ki, İddiaçı 15.11.1993-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı DSMF-yə müraciət edərək, 1993-cü ildən pensiyaya çıxmasına baxmayaraq ona 1996-cı ildən pensiya təyin olunmasını əsas kimi göstərərək 15 noyabr 1993-cü ildən 01 yanvar 1996-cı ilədək pensiyasının indeksləşdirilərək ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 28.01.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 27.01.2020-ci il tarixli məktubu baxılmaq üçün DSMF-nun Suraxanı rayon şöbəsinə göndərilmişdir. Məktubda qaldırılan məsələ ilə əlaqədar olaraq bildirilmişdir ki, 15.11.1993-cü ildən etibarən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsi üzrə Sizə güzəştli şərtlərlə pensiya təyin edilmiş və ödənilmişdir. Təyin edilmiş pensiya həmin dövrdən bu günədək indeksləşdirilmiş və infilyasiyaya uyğun olaraq pensiyanızın məbləği artaraq 216.09 manata çatdırılmışdır. İşdən son haqq hesab verildiyi təqdirdə inzibati orqana yenidən müraciət edərək pensiyanın yenidən hasablamaq hüququ olması iddiaşıya izah edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 23.09.1992-ci il tarixli «X1 haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Həmin Qanunun 106-cı maddəsinə əsasə hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. Pensiyanı təyin edən və ya ödəyən orqanın təqsiri üzündən vaxtında alınmamış pensiyanın məbləği heç bir müddət məhdudiyyəti qoyulmadan bütün dövr üçün ödənilir. «X1 haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçıya 15.11.1993-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin tarixdən bu günə qədər ödənildiyi öz təsdiqini tapmışdır, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya 15.11.1993-cü il tarixdən (45 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin dövrdən etibarən ödənilməsi iş materiallarında olan iddiaçıya məxsus 513153 saylı vəsiqənin və pensiyaçının uçot vərəqinin təsdiq olunmuş surətlərində öz təsdiqini tapmışdir. İddiaçının əmək pensiyasının ödənilməsini xahiş etdiyi dövr (1993-1996) müraciət etdiyi vaxtdan əvvəlki 3 ilin təsiri altına düşmədiyi üçün ona həmin illərin əmək pensiyasının indeksləşdirilərək ödənilməsi “ Əmək Pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinə, habelə AR Ali Məhkəməsinin 08 oktyabr 2020-cı il tarixli qərardadı ilə formalaşdırdığı məhkəmə təcrübəsinə zidd olduğundan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-771/2021 saylı, 12 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2954/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2954/2021
20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver