Məhkəmə qərarları › İş №2-1(103)-2954/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2954/2023

25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2954/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5588/2023 saylı, 16 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı1 və övladları İddiaçı2, İddiaçı3 və İddiaçı4 ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5588/2023 saylı, 16 may 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan iş üzrə cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5588/2023 saylı, 16 may 2023-cü il tarixli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı4 cavabdeh inzibati orqanının apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdilər. Lakin cavabdeh tərəfə və digər iddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin nümayəndəsinin və digər iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən bu Məcəllənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, apellyasiya şikayətini imzalayan şəxsin ad və soyadı, həmçinin vəzifəsi qeyd edilməmiş, onun səlahiyyətini təsdiq edən sənəd şikayətə əlavə edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə hüquqi yardım göstərilərək 11 iyul 2023-cü il tarixli bildirişlə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5588/2023 saylı 16 may 2023-cü il tarixli qərarından apellyasiya şikayətini imzalayan şəxsin onu vermək və imzalamaq səlahiyyətinin olmasını təsdiq edən sənədi (etibarnaməni) məhkəməyə təqdim etməyi təklif edilsə də, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, 04 avqust 2023-cü il tarixli məktubla məhkəmə kollegiyasının 11 iyul 2023-cü il tarixli bildirişinə cavab olaraq bildirilmişdir ki, cavabdeh Yasamal Rayon Polis İdarəsinin apellyasiya şikayətində göstərilənləri nəzərə alaraq qərar qəbul edilməsi xahiş olunmuşdur. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti verərkən apellyasiya şikayətində şikayəti verən şəxsin adı, soyadı, atasının adı və ünvanı göstərilməli, şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilməli olduğu halda, edilməmişdir. Odur ki, Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, cavabdeh Yasamal rayon Polis İdarəsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5588/2023 saylı, 16 may 2023-cü il tarixli qərarından verilmi apellyasiya şikayəti mümkün hesab edilməməli və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 86 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5588/2023 saylı, 16 may 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və cavabdehə geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Fərrux Qasımov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar