Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2957/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X16 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (X13, X11, X18 və X10 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “pasport qeydiyyatından çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-4578/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (bundan sonra mətndə Yasamal RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X6, X3, X2 və yetkinlik yaşına çatmayan X12 onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən 9B saylı evin 38 nömrəli mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdeh Yasamal RPİ-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən 9B saylı evin 38 nömrəli mənzili onun mülkiyyətindədir. Üçüncü şəxslər X13, X11, X10 və yetkinlik yaşına çatmayan X18 hazırda ona məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adı çəkilən şəxslər həmin mənzildə qeydiyyatda olsalar da, lakin heç zaman həmin mənzildə yaşamamışlar. Onların onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda olmaları onun mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. O, cavabdeh Yasamal RPİ-yə müraciət edərək, X13, X11, X18 və X2 Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən 9B saylı evin 38 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmasını xahiş etdə də, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Odur ki, müvafiq hərəkətlərin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16915/2023 nömrəli 14 dekabr 2023-cü il tarixli qərardadı ilə xx.xx.1985-ci il təvəllüdlü X13, xx.xx.1987-ci il təvəllüdlü X11, xx.xx.1960-cı il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəlüdlü X18 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4578/2024 nömrəli 14 may 2024-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4578/2024 nömrəli 14 may 2024-cü il qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və həmçinin qeyd olunmuşdur ki, üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması onun mülkiyyət hüququnu pozur. Belə ki, o, əmlakı barədə sərəncamvermə fəaliyyətini həyata keçirə bilmir. Çünki daşınmaz əmlak barədə sərəncamvermənin həyata keçirilməsi üçün həmin əmlakda yaşayış yeri üzrə qedyiyyatda olan bütün şəxslərin razılığı alınmalıdır. İndiki vəziyyətdə iddiaçının bunu yerinə yetirməyi mümkünsüzdür - öz mülkiyyət hüququnu realizə etmək üçün heç bir əlaqəsi olmayan şəxslərdən razılıq almaq məcburiyyətindədir. İnzibati məhkəmə yardım etmək vəzifəsini yerinə yetirməyib. Belə ki, barəsində şikayət verilən qərarda qeyd edilir ki, üçüncü şəxslər iddiaçıya məxsus olan mənzildə deyil, eyni ünvanla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüququ ilə özlərinə məxsus olan mənzildə qeydiyyatdadırlar, belə olan halda məhkəmə qeyd edir ki, hal-hazırda iş üzrə üçüncü şəxslərin qeydiyyatda olduqları sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmamışdır. Əvvəla, o üçüncü şəxslərin özlərinə məxsus olan mənzildə qeydiyyatdan çıxarılmaları barədə deyil, ona məxsus olan mənzildə qeydiyyatdan çıxarılmaları barədə iddia qaldırmışdır. Bu baxımdan dövlət reyestrində üçüncü şəxslərə məxsus olan mənzilin ünvanı ilə ona məxsus olan mənzilin ünvan adlarının üst-üstə düşməsi onun üçün yox, müvafiq dövlət orqanı üçün məsuliyyət yaradan haldır. Odur ki, iddiasında tamamilə haqlıdır. Bununla belə, məhkəmənin yuxarıda qeyd edilmiş mövqeyinə əsaslansaq, aydın olur ki, həqiqətən də, hüquq pozuntusu yaradan bir hal var, sadəcə bu hal üzrə lazımi iddianı qaldırmamışdır. Belə olan halda Məhkəmə niyə ona düzgün iddianı qaldırmaqla bağlı hüquqi yardım göstərməyib? Belə yardımın göstərilməsi inzibati məhkəmənin vəzifəsidir. İş materiallarından aydın olur ki, ünvanda qeydiyyat məsələsilə bağlı əsas qarışıqlıq yaradan məqam həm ona, həm də üçüncü şəxslərə məxsus olan mənzilin dövlət reyestrində eyni ünvan adı ilə qeydiyyata alınmasıdır. Üçüncü şəxs X11 da məhkəmə iclasında verdiyi izahatında xüsusi mülkiyyət hüququ ilə özünə məxsus (1/2 hissə X13 və 1/2 hissə X11) olan Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən 9B saylı evin 38 nömrəli mənzilində qeydiyyatda olmaqla, iddiaçıya məxsus mənzillə heç bir əlaqələrinin olmadığını bildirmişdir. Bununla da aydın olur ki, üçüncü şəxslər nəinki ona məxsus olan mənzildə yaşamışdır, heç həmin mənzillə əlaqələri belə olmamışdır. Sadəcə mənzillərin ünvan adları üst-üstə düşür. Ünvanların qeydiyyatı məsələsi qarışıqlıq yaratdığından məhkəmə iş üzrə üçüncü şəxs qismində işə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini cəlb edə bilərdi. Lakin məhkəmə nəinki onu işə cəlb etmiş, heç həmin məsələnin aydınlaşdırılması üçün müvafiq inzibati orqana sorğu belə göndərməmişdir. Üçüncü şəxslərin qeydiyyata alınması üçün əsas olmuş sənədlərdəki məlumatlar həqiqətəuyğun deyildir. Bu işin hallarından açıq-aşkar aydın olan bir haldır. Daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarını təsdiq edən şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas olan sənəddir. Üçüncü şəxslərə məxsus olan bu sənəddə yanlışlıq vardır. Əslində həmin şəxslərin daşınmaz əmlakın dövlət reyestrində yeni qaydalarla AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, 63, M8, m.2 olan mənzildə (sahəsi: 67,60 kv.m.) yaşayırlar və onların çıxarışları da bu məlumatı təsdiq edir. Buna görə də həmin şəxslər bu ünvanda qeydiyyata alınmalıdırlar. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, inzibati məhkəmə icraatının iştirakçıları bunun səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə inzibati məhkəmə icraatının iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi, ev 9B, mənzil 38 ünvanında yerləşən mənzil üzərində X8 xüsusi mülkiyyət hüquqları xx.xx.2007-ci il tarixdə № ********* qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır. -“Bakı Nikah Evi” tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ № 537170 “Nigah haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, xx.xx.1985-ci il təvəllüdlü X26 və xx.xx.1986-cı il təvəllüdlü X15 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2008-ci ilin oktyabr ayının 25 günündə 3296 №-li qeyd edilmişdir. Nikah bağladıqdan sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir. -xx.xx.2023-cü il tarixdə “Asan 1” tərəfindən xx.xx.1986-cı il təvəllüdlü İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X13, xx.xx.1987-ci il təvəllüdlü X11, xx.xx.1960-cı il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəlüdlü X18 Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi, ev 9B, mənzil 38 ünvanında pasport qeydiyyatındadırlar. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi, ev 9B, mənzil 38 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, 63, M8, mənzil 2) xüsusi mülkiyyət hüququ ilə aşağıda qeyd olunan paylarla: - ½ hissədə xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə X6 adına; - ½ hissədə xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 adına qeydə alınmışdır. -xx.xx.2024-cü il tarixdə “Asan 3” tərəfindən xx.xx.1987-ci il təvəllüdlü X7 verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki: xx.xx.2020-ci il təvəllüdlü X18, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı, xx.xx.1958-ci il təvəllüdlü X19, xx.xx.1985-ci il təvəllüdlü X13, XX.XX.1929-cu il təvəllüdlü X22 və xx.xx.1960-cı il təvəllüdlü X10 ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-3832/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X6, X4, X2 xx.xx.2007-ci il tarixdən ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericilikdə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. -Yasamal RPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-53/2-7157/24 №-li məktubu ilə vətəndaşlar xx.xx.1960-cı il təvəllüdlü X2, xx.xx.1985-ci il təvəllüdlü X13 və xx.xx.1987-ci il təvəllüdlü X3 Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi, ev 9B, mənzil 38 ünvanında pasport qeydiyyatına alınması barədə fərdi uçot kartının təsdiq olunmuş kserosurəti təqdim olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Yasamal RPİ-nin 3-13-53/2-Ə-67224/11/23 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülkiyyətində olan ünvan 4 ünvanından X13, X18, X10 və X3 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunduğu kimi Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi, ev 9B, mənzil 38 ünvanına dair üç şəxsin adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Mənzillərdən biri iddiaçı X15, digəri isə paylı mülkiyyət hüququ ilə üçüncü şəxslər X11 və X9 məxsusdur. Bununla yanaşı, xx.xx.1960-cı il təvəllüdlü X5 aid fərdi uçot kartının təsdiq olunmuş kserosurətdən müəyyən olunur ki, o, X1 ərizəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi, ev 9B, mənzil 38 ünvanına pasport qeydiyyatına alınmışdır. Göründüyü kimi iddiaçı üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, o, həmin şəxslərə münasibətdə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birini məhkəməyə təqdim edə bilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən ünvanda yerləşən mənzil üzərində əmlak hüququna malik olmaqla yanaşı, həmin mənzildə yaşadıqları halda qeyd edilən ünvanda qeydiyyatdan çıxarılmaları məqsədəmüvafiq hesab edilmir. Belə ki, iddiaçı istinad edir ki, Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi, ev 9B, mənzil 38 ünvanında yerləşən mənzil üzərində mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququ məhdudlaşdırılır. Lakin nəzərə alınmalıdır ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə deyil, eyni ünvanda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüququ ilə özlərinə məxsus olan mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda, üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə yeni ünvan verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldırmaq hüququ olduğu halda bu imkandan istifadə etməməsi üçüncü şəxslərin yaşadıqları evdən iddiaçının tələbi ilə qeydiyyatdan çıxarılmalarına əsas vermir. Apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin düzgün iddia qaldırmaqla bağlı yardım etmək vəzifəsi olduğu halda, etməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin yardımı etmiş olsa idi belə, qeyd olunan yardımın iddiaçıya münasibətdə heç bir müsbət nəticəsi olmayacaqdı. Belə ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə yeni ünvan verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldırması üçün ilk öncə həmin inzibati orqana müraciət etməli, həmin orqan imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi halda müvafiq iddia ilə məhkəməyə müraciət etməlidir. Beləliklə, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin yuxarıda sadalanan sənədlərin təqdim olunmaması ilə əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4578/2024 nömrəli 14 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2957/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2957/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver