Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2958/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5600/2022 saylı, 18 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 479227,93 manat pul vəsaitinin geri qaytarılmasının tələb edilməsi barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi və xx.xx.2021-ci ildən güzəştli şərtlərlə 52 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməyən hissəsinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5600/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddaçının iddia tələbinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 02 fevral 2022-ci il tarixli **********8 saylı qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və əmək pensiyasının xx.xx.2021-ci ildən məhkəmə aktı icra olunan vaxtadək ödənilməmiş hissəsinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin.” məzmunda dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, xx.xx.1973-cü ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1975-xx.xx.1977-ci ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra xx.xx.1977-ci ildən yenidən əmək fəaliyyətini hazırki vaxtadək davam etdirmişdir. Əmək fəaliyyətinin mühüm hissəsi 1 saylı güzəştli siyahıya aid edildiyinə görə, 52 yaşının tamam olduğu vaxtda aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə ərizə ilə müraciət edərək tələb olunan bütün sənədləri təqdim etmişdir. Müəyyən müddət araşdırma aparıldıqdan sonra ona 52 yaşdan güzəştli şərtlərlərlə pensiya təyin edilərək xx.xx.2021-ci il tarixədək ödənilmiş, sonradan isə əmək pensiyası azaldılmışdır. Bununla bağlı 2021-ci ilin iyun ayında cavabdehə müraciət etmiş, lakin cavabdehin xx.xx.2021-ci il tarixli **********5 saylı cavab məktubu ilə ərizəsi təmin edilməmiş, imtina onunla əsaslandırılmışdır ki, yalnız xx.xx.1977- xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik mühərrikləri sexində müvafiq olaraq 2-ci, 3cü və 4-cü dərəcəli təzyiq altında tökmək üçün maşın tökücüləri vəzifəsində işlədiyi dövr Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 saylı siyahı üzrə müəyyən edilmiş peşə və vəzifələrə aiddir ki, bu da cəmi 4 il 7 ay 19 gün təşkil etməklə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmağı üçün tələb olunan 10 il güzəştli iş stajından azdır, X5 rayon şöbəsi tərəfindən ona 52 yaşdan qanunvericiliyin tələblərinə uyğun olmayaraq xx.xx.2009cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, bu səbəbdən ona xx.xx.2009- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 518957,56 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda bildirilmişdir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (1 iyul 2017-ci ilədək qüvvədə olmuş redaksiyasına uyğun) əsasən 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixində yarandığından, ona xx.xx.2021-ci il tarixində 1115,26 manat məbləğində əmək pensiyası təyin edilmiş, həmçinin xx.xx.2014xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 39729,63 manat pensiya məbləği müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, artıq ödənilmiş 518957,56 manatdan ona ödənilməli olan 39729,63 manat pensiya məbləği çıxılmış, qalıq artıq ödənilmiş 479227,93 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılığı razılığının verilməsi xahiş olunmuşdur. 2009-cu ildə pensiya təyinatı aparılandan 12 ildən artıq müddət keçəndən sonra təkrarən pensiyanın düşüb-düşməməsinin yoxlanılması qanunsuz və əsassız olmuş, iddiaçı tərəfindən pensiya təyinatı ilə bağlı hər-hansı qanunsuz və ya saxta sənəd təqdim edilməsi müəyyən edilməmişdir. Cavabdeh inzibati orqanın həmin hesablamanı aparmağa səlahiyyət verdiyi əməkdaşları tərəfindən aparılmışdır ki, bu zaman iddaçının həmin hesablamanın aparılmasında hər-hansı formada təqsiri mövcud olmamışdır. İddiaçı istəsəydi belə, hesablamanın hansı qaydada aparılmasına müdaxilə edə bilməzdi. Cavabdeh orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala miqrasiya olunmuş bütün pensiya işlərinin mərkəzi filialda davamlı araşdırılması prosesi çərçivəsində iddiaçıya məxsus pensiya işinə və ona əlavə edilmiş sənədlərə baxılarkən məlum olmuşdur ki, 12 mart 1974-cü il tarixində açılmış əmək kitabçasının surətində iddiaçının: xx.xx.1973xx.xx.1974-cü il tarixləri arasındakı dövr ərzində “Uşaq oyuncaqları fabrik”ində fəhlə; xx.xx.1977-xx.xx.1977-ci tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik mühərrikləri sexində tökücü şagirdi; xx.xx.1977xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə müvafiq olaraq 2-ci, 3-cü və 4-cü dərəcəli təzyiq altında tökmək üçün maşın tökücüləri (1 №-li siyahı üzrə təsnifat kodu: 1110100a-13395); xx.xx.1982xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində “Başdənizpoladkonstruksiya” Mexaniki emalatxanasında yarımavtomat maşınların elektrik qaynaqçısı (2 №-li siyahı üzrə təsnifat kodu: 23200000-19905); xx.xx.1982-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Tula metalkonstruksiya zavodu”nda yarımavtomat maşınların elektrik qaynaqçısı (2 №-li siyahı üzrə təsnifat kodu: 23200000-19905); xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Başdənizpoladkonstruksiya” Mexaniki emalatxanasında yarımavtomat maşınların sazlayıcısı; xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Bakı dərin özüllər zavodu”nda yarımavtomat maşınların sazlayıcısı; xx.xx.1984xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində mühəndis; xx.xx.1985-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində mühəndis-texnoloq; xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində usta (2 №-li siyahı üzrə təsnifat kodu: 2290000b-23419); xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində mexaniki yığma sexində çilingər; xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində böyük usta; xx.xx.1992-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində sahə rəisi; xx.xx.1997xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “MakŞelf birgə müəssisəsində quraşdırıcıçilingər; xx.xx.1997-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Bakı dərin özüllər zavodu”nda yığıcı-çilingər; xx.xx.1999-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “Azfen” Birgə müəssisəsində quraşdırıcı (2 №-li siyahı üzrə təsnifat kodu: 2290000a14612); xx.xx.2004-cü il tarixindən pensiya təyin olunan tarixədək AMEC Services LTD-də metal-konstruksiyaları üzrə quraşdırıcı (2 №-li siyahı üzrə təsnifat kodu: 2290000a-14612) vəzifələrində çalışdığı əks olunmuşdur. Göründüyü kimi, iddiaçının yalnız xx.xx.1977xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik mühərrikləri sexində müvafiq olaraq 2-ci, 3-cü və 4-cü dərəcəli təzyiq altında tökmək üçün maşın tökücüləri vəzifəsində işlədiyi dövr Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş peşə və vəzifələrə aiddir ki, bu da cəmi 4 il 7 ay 19 gün təşkil etməklə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmağı üçün tələb olunan 10 il güzəştli iş stajından azdır. X5 rayon şöbəsi tərəfindən iddiaçıya 52 yaşdan qanunvericiliyin tələblərinə uyğun olmayaraq xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən də iddiaçıya xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 518957,56 manat artıq pul vəsaiti ödənilmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixində yarandığından ona xx.xx.2021-ci il tarixində 1115,26 manat məbləğində əmək pensiyası təyin edilmiş, həmçinin xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 39729,63 manat pensiya məbləği müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya artıq ödənilmiş 518957,56 manatdan ona ödənilməli olan 39729,63 manat pensiya məbləği çıxılmış, qalıq artıq ödənilmiş vəsait 479227, 93 manat təşkil etmişdir. Həmin qalıq artıq ödənilmiş 479227,93 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi iddiaçıdan xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5600/2022 saylı, 18 may 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia qismən təmin edilmiş, cavabdehin “Əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 02 fevral 2022-ci il tarixli **********8 saylı qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsi bərpa edilməsi və əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci ildən məhkəmə aktı icra olunan vaxtadək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.İddia tələbi qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddiaçının yalnız xx.xx.1977-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASCdə elektrik mühərrikləri sexində müvafiq olaraq 2-ci, 3-cü və 4- cü dərəcəli təzyiq altında tökmək üçün maşın tökücüləri vəzifəsində işlədiyi dövr Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş peşə və vəzifələrə aiddir ki, bu da cəmi 4 il 7 ay 19 gün təşkil etməklə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmağı üçün tələb olunan 10 il güzəştli iş stajından azdır. Fondun Nizami rayon şöbəsi tərəfindən iddiaçıya 52 yaşdan qanunvericiliyin tələblərinə uyğun olmayaraq 12.01,2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən də ona xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 518957,56 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda bildirilir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun) əsasən 57 yaşının tamam olduğu 12.01,2014-cü il tarixində yarandığından ona xx.xx.2021-ci il tarixində 1115,26 manat məbləğində əmək pensiyası təyin edilmiş, həmçinin xx.xx.2014xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 39729,63 manat pensiya məbləği müəyyən olunmuşdur. İddiaçıya xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 479227,93 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubla həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə onun yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianı təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qanunvericilik normalarını diqqətə çəkir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6.2-ci maddəsinə görə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. - 67.7-ci maddəsinə görə bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Sadalanan normalara istinadən məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini nəzərdə tutan qərarı əlverişli inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: - 1. Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir. - 2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Başqa sözlə, inzibati orqan özü birbaşa pensiyanın geri qaytarılması barədə qərar qəbul edə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyanın qaytarılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyəqədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyanın geri qaytarılması qanuni hesab edilə bilməz. Göründüyü kimi, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. İş materiallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasından tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı qanunsuzdur və ləğv olunmalıdır. Bundan başqa, işin araşdırılmış hallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. - 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. Göründüyü kimi, pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, iddiaçıya pensiya təyin edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ləğv olunmadığı halda, cavabdeh tərəfindən heç bir inzibati akt qəbul etmədən qanunsuz olaraq iddiaçıya pensiya ödənişinin ödənilməsini dayandırmışdır. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əmək pensiyasının dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərini qanunsuz hesab etməkdə, bununla da pensiya ödənişinin həyata keçirilməsi ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5600/2022 saylı, 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2958/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2958/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver