Məhkəmə qərarları › İş №2-1(103)-2958/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2958/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2958/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7114/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı (**********) barəsində xx.xx.2022-ci il tarixli **********154501 №-li “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə cavabdehin **********142723 nömrəli xx.xx.2020- ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə noyabr 2017-oktyabr 2020-ci il tarixli İddiaçı (**********) MMC-də səyyar vergi yoxlaması təyin edilmiş və akt tərtib edilərək həmin akt əsasında cavabdehin xx.xx.2022-ci il tarixli **********154501 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçıya əlavə vergilər hesablanmış, vergi məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı cavabdehin həmin qərarını qeyri-qanuni hesab edərək həmin qərarın ləğv edilməsi tələbinə dair mübahisələndirmə haqında hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsində işə baxılarkən, məhkəmənin 2-1(112)-7114/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin qərardadla da ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2022-ci ilin mart ayından iddiaçı tərəfindən cavabdehin xx.xx.2022-ci il tarixli **********154501 nömrəli qərarı mübahisələndirilir. Uzun müddət keçməsinə baxmayaraq hələ də yekun məhkəmə aktı qəbul edilməyib, əksinə, məhkəmə işi dayandırma barədə qərardad qəbul edib. Məhkəmə prosesi zamanı həm iddiaçı, həm cavabdehin nümayəndəsi məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət olmadığını bildirərək, təyin edilməsinə etiraz etdilər. Mübahisələndirilən vergi borcu ilə bağlı cavabdeh tərəfindən cəmiyyətin banklarda olan hesablaşma hesablarına sərəncam qoyulmuş, sərəncamın qoyulması müəssisənin dövriyyəsinin məhdudlaşdırılmasına, təsərrüfat subyekti kimi normal iqtisadi fəaliyyətlə məşğul olmasına, dövlət və digər təşkilatlar qarşısında öhdəliyinin yerinə yetirilməsinə mane olmaqla fəaliyyətini iflic vəziyyətinə salmış, dövriyyəsinin azalmasına zəmin yaratmışdır. Hal-hazırda şirkətdə 720 nəfərə yaxın işçi çalışır. Bundan əlavə müəssisənin əməkdaşlıq etdiyi təchizat şirkətləri vardır, dövlətə vergi, su, elektrik xərci ödəyir, “Paşa bank” qarşısında öhdəliyi vardır. 8 milyona yaxın qeyri-qanuni əlavə vergi hesablanması müəssisənin digər tərəfdaşlarının qarşısında öhdəliklərinin yerinə yetirlməməsi deməkdir və müflis olması deməkdir. Qeyri-qanuni, etibarsız dəlil düzəltməklə iddiaçıya əlavə olaraq hesablanmış vergi şirkətin bu günə kimi qurduğu, yaratdığı, qoruduğu infrastrukturun dağılmasına səbəblər yaradır. Həm işgüzar nüfuzunu pozur, həm də digər şirkətlər qarşısında öhdəliklərinin icra edə bilməməsi ilə nüfüzunu, etibarını aşağı salır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3590/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-497/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya məhkəməsinin qeyd olunan qərardadı iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmiş, şikayət qərardadın iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi hissəsinə münasibətdə mümkün sayılmamış və həmin hissədə şikayətin qəbulundan imtina edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi məsələnin həllini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, İPM-in 96.11-ci maddəsinin tələblərinə müvafiq Ali Məhkəmənin qərarından irəli gələn göstərişləri nəzərə alıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı, iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, inzibati prosessual qanunvericiliklə ekspertiza keçirilərkən, məhkəmə icraatının dayandırılması nəzərdə tutulmamışdır. Ümumiyyətlə, iş üzrə icraatın dayandırılmasını qanuni əsasları İPM-in 7, 39.2, 122.8 və 124-cü maddələrində dəqiq göstərilmiş və yalnız həmin normalarda nəzərdə tutulmuş əsaslar mövcud olduqda iş üzrə icraatın dayandırılmasına yol verilir. Həmin Məcəllənin 29-1-ci maddəsinə gəldikdə, burada söhbət iş üzrə icraatın dayandırılması və ya dayandırılmış icraatın təzələnməsi ilə bağlı məsəllələrin həlli deyil (MPM-in 18-ci fəsli), bilavasitə məhkəmə ekspertizasının özü ilə bağlı məsələlərin (ekspert qismində çıxış edən şəxs, ilkin, əlavə və təkrar ekspertizanın təyin edilməsiəsasları, aparılması qaydası,ekspertin hüquq və vəzifələri,ekspert rəyi və s.) həllində mülki-prosessual qanunvericiliyin müvafiq müddəalarının tətbiqindən gedir. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın təyin edilməsi səbəbi ilə hazırkı inzibati iş üzrə icraatın dayandırılması üçün hüquqi əsas mövcud olmamış, bununla da məhkəmə qərardad qəbul edərkən prosessual hüquq normaları pozmuşdur. Beləliklə də, məhkəmə kollegiyası, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7114/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının iş üzrə icraatın dayandırılması hissəsində inzibati prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyini nəzərə alaraq yekunda belə qənaətə gəlir ki, həmin hissədə qərardad ləğv edilməli və işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7114/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı qismən- iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar