Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2958/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə “3-cü şəxs qismində işə cəlb edilmə” barədə ərizəyə dair GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6566/2024 saylı 08 may 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Səbail RİH-nin xx.xx.1995-ci il tarixli 842 saylı Sərəncamı ilə iddiaçıya Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindən fərdi ev tikmək üçün ayrılan 600 kv.m. sahəsi olan 422A nömrəli torpaq sahəsi üzərinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhddəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərizə verilərək, X6 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ümumi torpaq sahəsi 1045 kv.m. təşkil edir və torpaq sahəsinin 600 kv.m. hissəsi **********60 reyestr nömrəsi ilə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məlumat üçün bildiririk ki, X8 **********60 reyestr nömrəli torpaq sahəsinin qeydiyyata alınması üçün İdarəyə müraciəti zamanı ümumi hasar daxilindəki bütün torpaq sahəsini göstərmişdir. (1045 kv.m.) Bu səbəbdən qeyd edilən inzibati iş üzrə X6 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6566/2024 saylı 08 may 2024-cü il qərardadı ilə üçüncü şəxsin məhkəmə icraatına cəlb edilməsi barədə cavabdehin vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh tərəfindən şikayət verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6566/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və X6 cəlb edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəməyə yazılı və rəsmi etiraz təqdim olunaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən ilkin yerləşmə cizgisi təqdim edilməmişdir. Belə ki, təqdim edilən yerləşmə cizgisi xx.xx.2005-ci il tarixdə verilmişdir. Yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd olunmadığından sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Təqdim olunmuş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 842 nömrəli xx.xx.1995-ci il tarixili Sərəncamında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü 600 kv.m, yerləşmə cizgisində isə torpaq sahəsinin ölçüsü 410 kv.m qeyd olunmuşdur. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, ümumi torpaq sahəsi 1045 kv.m təşkil edir və iddiaçı tərəfindən göstərilən 410 kv.m torpaq sahəsi həmin sahənin bir hissəsidir, ara sərhədləri şərtidir. Ümumi torpaq sahəsi 1045 kv.m təşkil edir və torpaq sahəsinin 600 kv.m hissəsi **********60 reyestr nömrəsi ilə X6 ((fin : 0UV7GRS) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məlumat üçün bildiririk ki, X8 **********60 reyestr nömrəli torpaq sahəsinin qeydiyyata alınması üçün İdarəyə müraciəti zamanı ümumi hasar daxilindəki bütün torpaq sahəsini göstərmişdir (1045 kv.m). Cavabdeh məhkəməyə vəsatət təqdim edərək, X6 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə X8 cəlb edilməmiş, iş ilə bağlı düzgün araşdırma aparılmamışdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçının vəkili X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqan X6 iş üzrə 3-cü şəxs qismində icraata cəlb edilməsini tələb edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsinə dair qərardad qəbul etmişdir və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən məhkəmə qərarının X6 qanunla qorunan maraqlarına toxunacağına dair sübutlar (mübahisəli torpaq sahəsinə dair həmin şəxsin cavabdehə təqdim etdiyi sənədləri barədə məlumatlar) təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə verdiyi ərizəni təmin etməməklə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. ... Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.” Hazırki işdə cavabdeh ərizəsini onunla əsaslandırır ki, göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, ümumi torpaq sahəsi 1045 kv.m təşkil edir və iddiaçı tərəfindən göstərilən 410 kv.m torpaq sahəsi həmin sahənin bir hissəsidir, ara sərhədləri şərtidir. Ümumi torpaq sahəsi 1045 kv.m təşkil edir və torpaq sahəsinin 600 kv.m hissəsi **********60 reyestr nömrəsi ilə X6 ((fin : 0UV7GRS) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İşin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş 22 fevral 2024-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 422B unvanında olan 0,06 ha torpaq sahəsi X6 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Bununla yanaşı apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsinin təqdim etdiyi ortofotodan da görünür ki, iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını və reyestrdən çıxarış verilməsini tələb etdiyi torpaq sahəsinin faktiki ölçüsü 410 kv.m. olmaqla yanaşı, onun faktiki istifadəsində deyil və 22 fevral 2024-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı olan X8 tərəfindən faktiki istifadə olunur, həmin torpaq sahəsində X6 inşa etdiyi hovuz mövcuddur. Qeyd olunan 410 kv.m. torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olmama faktını məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Faiq Ələkbərzadə izahat verərkən təsdiqləmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsi işə 3-cü şəxs qismində cəlb edilməsi tələb olunan şəxs- X8 barəsində araşdırmanı tam aparmamış, iş üzrə mübahisə olunarkən qəbul ediləcək məhkəmə qərarının həmin şəxsin hər hansı hüquqlarına toxunacağı məsələsini müfəssəl müzakirə etməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-6566/2024 saylı 08 may 2024-cü il tarixli qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla, o cümlədən X6 işə hansı cəlbetmə qaydasında (adi yaxud zəruri cəlbetmə qaydasında) cəlb olunması məsələsi yenidən müzakirə olunmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6566/2024 saylı 08 may 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elnur Həsənov Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2-1(103)-2958/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2958/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver