Məhkəmə qərarları › İş №2-1(103)-2959/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2959/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2959/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, vəkili X2 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6451/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11-18 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-cü ilin 9 oktyabrından 2018-ci ilin 20 oktyabrınadək olan dövr üçün (4 il 11 gün üçün) 4.522 (dörd min beş yüz iyirmi iki) manat məbləğin əmək pensiyasının sığorta hissəsinə hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 08 may 1992-ci ildən Şuşa şəhərindən məcburi köçkündür. X1 08 may 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. İddiaçıya 09 oktyabr 2014-cü ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 20 oktyabr 2021-ci ildə “Əmək pensiyaları haqqında” Qanunun 19.1.1-ci maddəsinə əsaslanaraq, əmək pensiyasına aylıq 93,5 manat məbləğində əlavənin, əvvəlki illər üçün ödənilmə də daxil olmaqla, hesablanaraq ona ödənilməsinə dair ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. İddiaçının müraciəti Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Filialın 13 yanvar 2022-ci il tarixli məktubu ilə iddiaçının xx.xx.2018-ci il tarixdən şəhid ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə nəzərdə tutulmuş əlavə hesablanmış və ötən 3 (üç) illik dövr üçün yaranmış 3589,19 manat fərq məbləği onun cari pensiyasına əlavə edilmişdir. Lakin iddiaçının qalan 04 il - xx.xx.2014-xx.xx.2018-ci illər üçün (4 il 11 gün) əlavənin hesablanması barədə müraciəti həmin cavab məktubu ilə təmin edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edilmiş və ərizəsi onunla əsaslandırılmışdır ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən ona xx.xx.2021-ci il tarixli müraciəti ilə əlaqədar xx.xx.2018-ci il tarixindən şəhid ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə nəzərdə tutulmuş əlavənin hesablanması və ötən dövr üzrə yaranış 3598,19 manat fərq məbləğin cari pensiyasına əlavə edilməsi barədə məlumat verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2021-ci il tarixindən qüvvədən düşmüş 19.1.1-ci maddəsinə əsasən şəhidlərin ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavələr hesablanır. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçı xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş, həmin tarixdən şəhid ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə nəzərdə tutulmuş əlavə ilə bağlı inzibati orqana müraciət etməmiş, müraciət etməməsinin səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunan normalara istinad edərək, İddiaçı 2014-cü ilin 9 oktyabrında 2018-ci ilin 20 oktyabrınadək olan dövr üçün əmək pensiyasının sığorta hissəsinə əlavə məbləğin hesablanaraq birdəfəlik ödənilməsi qanunamüvafiq hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6451/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: H.Ağalarov) Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh orqan və birinci instansiya məhkəməsi əmək pensiyasına əlavənin qalan 4 il üçün verilməsindən imtinanın hüquqi əsası kimi "Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad edib. Həmin maddəyə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. "Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalarının təhlilindən aydın olur ki, keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılıb. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsi ilə bağlı vahid məhkəmə - hüquq təcrübəsi yoxdur. İddiaçının bu hüququ 2017-ci il 01 iyul tarixinədək yaranıb. Əvvəllər Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət idi ki, 2017-ci il 1 iyul tarixinədək pensiya hüququ yaranmış şəxslər barəsində "Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi tətbiq edilməməlidir. Kassasiya instansiyası məhkəməsi bu qənaətini Konstitusiyanın normativ hüquqi aktların qüvvəsinin geriyə tətbiqinin yolverilməzliyi prinsipini müəyyən edən 149-cu maddəsinin Vİİ hissəsi, habelə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 87-ci maddəsi ilə əsaslandırırdı. Lakin, sonradan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab etdi ki, mübahisəli hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşma tətbiq edilməlidir. Ali Məhkəmə sosial və iqtisadi məsələlərin tənzimlənməsində dövlətin daha geniş mülahizə sərbəstliyinə malik olduğu və "Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinin vətəndaşların hüquqi vəziyyətinin son dərəcədə pisləşməsinə də səbəb olmadığı qənaətinə gələrək mübahisəli məsələyə münasibətdə özünün yanaşmasını və hüquqi mövqeyini dəyişdi. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyası 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə qeyd edilən maddənin birinci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsini qərara aldı. Ancaq, Konstitusiya Məhkəməsi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında müəyyən etdi ki, "məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər". Konstitusiya Məhkəməsinin Plenumu hesab etdi ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarları qəbul edilərkən həmin Kollegiyanın "Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair" 8 oktyabr 2020-ci il tarixli qərardadının hər hansı fərqləndirmə etmədən bu tərzdə tətbiq edilməsi nəticəsində ərizəçilərin Konstitusiyanın 38 və 60-cı maddələrində təsbit edilmiş hüquqları pozulub. Bakı inzibati Məhkəməsinin mübahisələndirilən qərarında məhz Konstitusiya Məhkəməsinin sözügedən mövqeyinə məhəl qoyulmadan, iddiaçıya münasibətdə hər hansı bir fərqləndirmə etmədən Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadı tətbiq edilib ki, bu da qanunsuz və əsassızdır. Eyni zamanda, Konstitusiya Məhkəməsinin bu qərarı birmənalı şəkildə göstərir ki, Ali Məhkəmənin inzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə qeyd edilən maddənin birinci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsi Əsas Qanun və digər normaların hüquqi təbiətinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Əgər sadəcə 3 illik əlavələr şəxsə ödənilərsə, o zaman bu fiziki şəxsin vəziyyətini yüngülləşdirən yox, ağırlaşdıran hal kimi qəbul ediləcəkdir. Başqa sözlə, konkret bu situasiyada, 1 iyul 2017-ci ildə qüvvəyə minmiş qanuna dəyişiklik yalnız fiziki və hüquqi vəziyyətini yaxşılaşdıra biləcəyi halda, geriyə tətbiq oluna bilər. Ali Məhkəmənin 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş iddiaçıya da münasibətdə tətbiq edilməsi Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinə ziddir. "Normativ-hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 87-ci maddəsində isə təsbit edilir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi və "Normativ-hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 87-ci maddəsinə ziddi olaraq, iddiaçının hüquqi vəziyyəti ağırlaşdırılıb. Apellyasiya baxışı zamanı İddiaçı və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 2014-cü ilin 9 oktyabrından 2018-ci ilin 20 oktyabrınadək olan dövr üçün (4 il 11 gün üçün) 4.522 (dörd min beş yüz iyirmi iki) manat məbləğin əmək pensiyasının sığorta hissəsinə hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etsə də, ona pensiyanın təyin edilməsi (və ya yenidən hesablanması) üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlər əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə Qərar ilə, iddiaçının pensiyasının yenidən hesablanması, həmçinin ödənilməmiş fərq məbləğinin müvafiq olaraq 3 il əvvəlki dövrdən – xx.xx.2018-ci il tarixdən ödənilməsi qərara alındığından, iddiaçının həmin tarixdən (xx.xx.2018-ci il) əvvəlki dövrlər üzrə tələbi əsassız hesab olunur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə iddia ərizəsində göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1 və 19.1.1-ci maddələrinə (xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir) əsasən, ... şəhidlərin ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanır; 31.1-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək olan redaksiya) əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; 37.7-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək olan redaksiya) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir; 32.1-1-ci maddəsinə (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiya) əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) il ilə məhdudlaşdırılmışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 2017-ci il 1 iyul tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli № 03/2020 nömrəli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir.” Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ xx.xx.2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İşdən görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı əvvəlki dövr üzrə şəhid ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə nəzərdə tutulmuş əlavənin hesablanması ilə bağlı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, müraciəti ilə əlaqədar ona xx.xx.2018-ci il tarixdən şəhid ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə nəzərdə tutulmuş əlavə hesablanmış və ötən dövr üzrə yaranmış 3589,19 manat fərq məbləği cari pensiyasına əlavə edilməklə ona ödənilməkdədir. Hazırda iddiaçı hüququnun yarandığı xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilədək olan dövr üzrə həmin əlavənin birdəfəyə ödənilməsini tələb etsə də, o, əmək pensiyasının yenidən hesablanmasını xx.xx.2021-ci il tarixdə, yəni “Əmək pensiyaları haqqında” Qanuna 32.1-1-ci maddənin əlavə edilməsi barədə Qanunun qüvvəyə mindiyi 2017-ci il 1 iyul tarixdən sonra müraciət etdiyindən, cavabdeh xx.xx.2018-ci il tarixdən iddiaçıya şəhid ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə nəzərdə tutulmuş əlavəni hesablayaraq ötən dövr üzrə yaranmış 3589,19 manat fərq məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün cari pensiyasına əlavə etməklə ödəməkdədir. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6451/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar