Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-296/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4193/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Əziz Nəsirov küçəsi, ev 3, mənzil 20 ünvanına dair onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, keçmiş 26 Bakı Komissarı XDSİK Neft Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 622 saylı, Sərəncamına əsasən yaşayış sahəsi 37.04 kv. metr olan üç otaqlı mənzil Podarina Elenanın adından, İddiaçı adına keçmişdir. 30 ildən artıqdır ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Əziz Nəzərov küçəsi, ev 3, mənzil 20-də yaşayır və qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Arxivinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin arxivlərinə sərəncamın surət verilməmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4193/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalsına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4193/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05/Q- 796/69 №-li arayışların notarial qaydada təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, İddiaçı və X3 nikaha daxil olması haqqında xx.xx.1990-cı ildə 65 №-li və ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulması haqqında xx.xx.1990-cı ildə 461 №-li akt qeydi ilə Səbail rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. - 26 Bakı Komissarı adına X11 İcraiyyə Komitəsinin 99/9105 №-li xx.xx.1987-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, X7 Badamdar qəsəbəsi, 6012-6014-cü məhəllədə, ev 1, blok 2-də 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 37,04 kv. metr olan 20 №-li mənzilə dair orderin verilməsi, orderə özüQurov Georgiy Qriqoryeviç, arvadı- X10, qızı-X5 və nəvəsi - X4 daxil edilməsi qərara alınmışdır. - 26 Bakı Komissarı adına X11 İcraiyyə Komitəsinin tərəfindən verilmiş 267333 №-li, xx.xx.1987-ci il tarixli orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X8 xx.xx.1987-ci il tarixli 99 №-li qərarına əsasən X7 Badamdar qəsəbəsi, 6012-6014-cü məhəllədə, ev 1, blok 2-də 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 37,04 kv. metr olan 20 №-li mənzil ayrılmışdır. X12 Qriqoryeviçin özü, arvadı O.İ.Qurova, qızı E.Paderina, nəvəsi N.Y.Paderina qeyd olunmuşdur. - 26 Bakı Komissarları adına X13 İdarəsinin 19 iyun 1990-cı il tarixli 622 №-li sərəncamın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, mənzilin icarədarı olan X5 Badamdar 4, 3 saylı evin ümumi sahəsi 37,04 kv. metr olan 3 otaqlı 20 saylı mənzilin İddiaçı İsmayıl oğlunun adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Badamdar 4, 3 saylı evdə yerləşən ümumi sahəsi 37,04 kv. m. olan 3 otaqlı 20 saylı mənzilin İddiaçı İsmayıl oğlunun adına keçirilməsi qərara alınmışdır. - 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 144 saylı MənzilKommunal İstismar Sahəsi tərəfindən verilmiş 711/22 №-li xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsindəki 3 №-li evin 5-ci mərtəbəsində 37.04 kv. metr olan 3 otaqlı 20 №-li mənzildə yaşayır. Bina 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsusdur. xx.xx.1990-cı ildən qeyd olunan ünvanda qeydiyyatdadır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 23 №-li, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1990-cı ildə qeyd olunan ünvanda (ünvan 2nda yerləşən 20 saylı mənzil) yerləşən mənzilin şəxsi maliyyə hesab vərəqi Paderina Yelenanın adından İddiaçı İsgəndər oğlunun adına dəyişdirilməsi haqqında qərar verilmişdir. Lakin təqdim olunan sənədlərə baxış zamanı Yelenanın həmin mənzilin əvvəlki kirayəçisi olmasını təsdiq edən sənədin olmadığı məlum olmuşdur. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş BA-08465- 2022 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, keçmiş 26 Bakı Komissarı rayon XDS İK-nın (indiki Səbail rayon İH) arxiv fondu üzrə 1990-cı ilə dair sənəd materialları Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin sənədlərdə İddiaçı barədə heç bir məlumat yoxdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********21 №-li xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Ə.Nəzərov küçəsi, ev 3, 20 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Səbail Rayon icra Hakimiyyətinin 5-19/2-2/5-135/2023 saylı xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 144 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 01/23 saylı xx.xx.2023-cü il tarixli arayışında (surətində) qeyd olunmuşdur ki, Səbail rayonu, Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsi, ev -3, 20 saylı mənzil Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin, 144 saylı Mənzil Kommunal İstisimar Sahəsinin balansındadır. “Azərneft”in 26 Bakı Komissarı adına X1 tərəfindən xx.xx.1987-ci il tarixli 267333 saylı order ilə X9 Badamdar qəsəbəsi, kvartal 6012-1014, ev-1, 20 saylı mənzil verilmişdir. (Yəni, indiki Səbail rayonu Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, ev- 3 mənzil 20-dir.) xx.xx.1990-cı il 622 saylı “Bibiheybətneft”in sərəncamı ilə Podarina Yelenanın adından İddiaçı adına keçirilmişdir. Lakin, X6 adından mənzilin Padarina Yelenanın adına keçməsi haqqında 144 saylı MKİS-də heç bir sənəd yoxdur. Səbayıl rayonu, Badamdar qəsəbəsində yerləşən, “Azneft” İByə aid olan binalar xx.xx.2015-ci ildən onun balansından çıxarılaraq, Bakı şəhəri İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfat Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin, 144 saylı Mənzil Kommunal İstisimar Sahəsinin balansına verilmişdir. ünvan 3 ünvanında İddiaçı (1 nəfər) qeydiyyatdadır. Lakin, faktiki olaraq İddiaçı Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. - Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-03079/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, keçmiş 26 Bakı Komissarı adına X13 İdarəsinin arxiv sənədləri, o cümlədən xx.xx.1990-cı il tarixli, 622 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin 3-48-DA/2-00897/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 26 Bakı Komissarları adına X13 İdarəsinin sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, İddiaçı barədə məlumat verilməsi imkanları xaricindədir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********81 saylı xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 - ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009- cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında 2.1-ci bəndinə əsasən (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda), 8.0.10.2-ci və 8.0.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993- cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir (12 iyul 2019-cu il tarixli 1653-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2019-cu il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1375) ilə yeni məzmunda 146.4-cü maddə əlavə edilmişdir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2009-cu il tarixli 153 nömrəli Fərmanının 26 avqust 2019-cu il tarixli 818 nömrəli Fərmanla 2.1-ci bəndə edilmiş dəyişikliyə görə Mənzil Məcəlləsinin 146.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti həyata keçirir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin:
48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X8 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir
51. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla— mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir.
45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X8 icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq X8 icraiyyə komitəsinə məlumat verilir.
46. İctimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X8 icraiyyə komitəsinə məlumat verilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun:
8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunalməişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı ünvan 4 ünvanında yerləşən 20 mənzil üzərində xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, lakin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş müvafiq sənədlər (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009- cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair yerli icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi) təqdim olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi mənzilə dair xx.xx.1987-ci il tarixli orderdə iddiaçının adının olmaması və 622 №-li, 19 iyun 1990-cı il tarixli sərəncamın qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməməsi, iddiaçının Mənzil Məcəlləsinin müddəalarına istinadla iddia olunan mənzilə dair hüquq münasibətinin subyekti olmadığı, buradan, həmin mənzili özəlləşdirmək hüququna malik olmadığı müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4193/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4193/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.