Məhkəmə qərarları › İş №2-1(103)-296/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-296/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-296/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3611/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 04 oktyabr 2006-cı il tarixdən pensiya təyin edilməsini, təminat xərclərinin 68 faiz həcmində hesablanmasının və təminat xərclərinin artım məbləğinin hər il üçün 3% əlavənin hesablanmasının və yaranacaq fərqin 04 oktyabr 2006-cı il tarixdən 04 oktyabr 2019-cu il tarixədək hesablanmasının və birdəfəlik ödənilməsi vəzifəsini cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 il 5 ay 1 gün Azərbaycan Respublikası Daxili İşlər orqanlarında baş serjant vəzifəsində işləmişdir. 24 mart 2022-cı il tarixdən xidmət müddəti 26 il 5 ay 1 gün olmaqla pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən geriyə 3 ili, yəni 24 mart 2019-cu ildən pensiya ödənişi əlavə ödənilmişdir. Əslində ona 04 oktyabr 2006-cı ildən pensiya təyin olunmalı idi. Odur ki, ona ödənilməmiş 12 il 6 ay, yəni 04 oktyabr 2006-cı ildən 04 oktyabr 2019-cu il tarixə qədər pensiyasının ödənilməsini, təminat xərclərinin 68 faiz həcmində hesablanmasını və təminat xərclərinin artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla pensiyasının hesablanması üçün Azəbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə müraciət etmişdir. Həmin İdarə cavab məktubunda ödənişlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalı tərəfindən ödənildiyini bildirmişdir. Təyin olunmuş pensiyanın düzgün hesablanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına 20 iyul 2023-cü il tarixdə müraciət etmişdir. Həmin şöbə 3-17- 1/2-T-176340/23 saylı, 04 avqust 2023-cü il tarixli cavab məktubu ilə pensiyasının müəyyən vaxtlarda hesablanmasını göstərsə də, hesab edir ki, onun iş fəaliyyəti ilə bağlı pensiyası düzgün hesablanmayıb. Hesab edir ki, sosial təminat hüququ pozulur. Əslində onun kifayət qədər sığorta stajı olduğu halda, (26 il 5 ay 1 gün) ona 4 oktyabr 2006-cı il tarixdən pensiya təyin olunmalı idi və pensiyası 01 iyul 2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1 maddəsinə əsasən hesablanmalı idi. Yəni təminat xərcləri 68 faiz həcmində hesablanmalı və təminat xərclərinin artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla hesablanmalı idi. 01 iyul 2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1 maddəsinə əsasən hərbi xidmətidən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) təminat xərclərinin 68 faiz həcmində hesablanmalı və təminat xərclərinin artım məbləğinin hər il üçün 3 faizi miqdarında əlavə olunmaqla hesablanmalı idi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək həqiqi hərbi xidmətdə olmuş, 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmiş, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək və xx.xx.1990-cı ildən xx.xx.2006-cı il tarixədək daxili işlər orqanlarında xidmət etmiş, Yasamal Rayon Polis idarəsinin ƏPB-nin polis nəfəri vəzifəsində xidmət edərkən Yasamal RPl-nin xx.xx.2006-cı il tarixli əmri ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndlərinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) X1 xaric edilmişdir. İddiaçı xaric olunduğu vaxt ona təqvimi hesablama ilə - 19 il, 03 ay, 07 gün, imtiyazlı hesablama ilə - 26 il, 04 ay, 29 gün xidmət müddəti hesablanmışdır. Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli «Əmək pensiyaları haqqında» Qanununun 9.5.1-ci maddəsində hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası alması üçün ən azı 20 təqvim ili tələb olunduğundan iddiaçıya pensiya təyin olunmamışdır. 2021 -ci ilin iyul ayında iddiaçının müraciətinə əsasən ona pensiya təyin olunma məsələsinə yenidən baxılmış və onun xidmət müddəti təqvimi hesablama ilə - 21 il, 04 ay, 01 gün, imtiyazlı hesablama ilə - 26 il, 05 ay, 01 gün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 25 fevral 2022-ci il tarixli 45 nömrəli məlumat vərəqəsində iddiaçının xidmət müddətinin 26 il 5 ay 1 gün, ehtiyata buraxılma tarixinin “4 oktyabr 2006-cı il”, vəzifə maaşının 485,00 manat, rütbə maaşının 117,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavənin 150,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavənin 121,25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64,00 manat olmaqla cəmi təminat xərcliyinin 937,75 manat olması qeyd olunmuşdur. İddiaçı 4 oktyabr 2006-cı il tarixdən ehtiyata buraxıldığı üçün əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq təminat xərcliyinin 68 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixdən sonrakı müvafiq artımlar (iddiaçıya münasibətdə 1 mart 2018-ci il və 1 sentyabr 2019-cu il tarixdən) isə 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 62,83 faiz miqdarında hesablanmaqla həmin tarixdən əvvəlki təminat xərcliyinin 68 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürüldüyü qeyd olunmuşdur. İddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 62,83 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçının 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (722,50 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (937,75 manat) arasındakı fərq məbləğinin (215,25 manat) 62,83 faizi-135,25 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (491,30 manat) üzərinə əlavə olunmaqla 626,55 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Eyni zamanda iddiaçının əmək pensiyası müraciət etdiyi tarixdən (9 mart 2022-ci il) keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 22518,42 manat fərq məbləği xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissəhissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Eyni zamanda bildirilir ki, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası iddiaçıya həmin tarixdən 689,21 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 790,52 manata artırılaraq ödənilir. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Qanununun 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11 -ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir. 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin- 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə- 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin- 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə-3 faizi) miqdarında əlavə olunmaqla. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (3 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (3x2) təminat xərcliyinin 6 faizi; -natamam ildəki iş stajı aylarının sayına (10 ay) mütənasib olaraq təminat xərcliyinin 1,66 faizi. Sözügedən Fərman Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli 1903 nömrəli Fərmanı ilə ləğv edilmiş və bu fərman 2023-cü il 1 yanvardan qüvvəyə minmişdir. Yəni, “Əmək pensiyaları haqqında” qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulan şəxslərə 20.14.1-ci maddədə qeyd olunan əlavələr həmin şəxslərə pensiya təyinatı aparılarkən nəzərə alınaraq hesablanır. Həmçinin, 20.1.11-ci maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyasına sonrakı artımların əlavə olunmaqla yenidən hesablanması qaydası nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir. Əlavə olaraq. 2023-cü il 1 yanvar tarixədək bu qanunun 20.14.1-ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əməkhaqqına münasibətdə müəyyən olunan faiz nisbətində onların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanır. Bakı İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli qərardadı ilə, iddia cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə münasibətdə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3611/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərar qanunsuz və əsassızdır. Məhkəmə Qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Buna görədə həmin Qərar ləğv edilməli və iddia tələbimin təmin edilməsi barədə yeni Qərar qəbul edilməlidir. Əslində onun kifayət qədər sığorta stajı olduğu halda, (26 il 5 ay 1 gün) ona 4 oktyabr 2006-cı il tarixdən Pensiya təyin olunmalı idi və pensiyası 01 iyul 2017-ci ilədək qüvvədə olmuş “Əmək Pensiyalar haqqında” Qanunun 20.14.1 maddəsinə əsasən hesablanmalıdır. Yəni təminat xərclərinin 68 faiz həcmində hesablanmasını və təminat xərclərinin artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla hesablanmalı idi. 01 iyul 2017-ci ilədək qüvvədə olan “Əmək Pensiyalar haqqında” Qanunun 20.14.1 maddəsinə əsasən hərbi xidmətidən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) təminat xərclərinin 68 faiz həcmində hesablanmasını və təminat xərclərinin artım məbləğinin hər il üçün 3 faizi miqdarında əlavə olunmaqla hesablanmalı idi. Hesab edir ki, iş fəaliyyəti ilə bağlı aparılmış hesablama qərəzlidir və onun sosial təminat hüququnu pozur. Həmçinin hesab edir ki, məhkəmə qərar qəbul edərkən maddi və prosesual hüquq normalarını kobud şəkildə pozaraq, mübahisəni kifayət qədər araşdırmadan və prosessual qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsindən kənara çıxaraq qanunsuz nəticəyə gəlmiş və istər milli və istərsə də Beynəlxalq hüquq normaları ilə qorunan hüquqlarını pozaraq ziyanına olan qərar qəbul etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Buna görə də məhkəmənin sözügedən qərarı əsaslandırılmış və kifayətedici hesab edilə bilməz və buna görədə apellyasiya məhkəməsi qaydasında ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də qismən əsaslı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə 1.0.3. hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; Maddə 1.0.4. xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 3.3. Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə 9.5 və 9.5.1. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 20.1 və 20.1.11. Bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 20.14. Bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla ... müəyyən edilən məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi ,20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Maddə 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” (Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir) 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 2.2. Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. 2.6. Qanunun 20.1.11-ci, 20.1.12-ci və 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslər üzrə (bu Qaydanın 2.5-ci bəndində göstərilən - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət etməyən şəxslər istisna olmaqla) qulluq stajına görə əlavələrin məbləği Qanunun 29.2-ci maddəsində nəzərdə tutulan qaydada yenidən hesablanır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin faktiki hallarından, pensiya işi materiallarından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixli qərarla 4 oktyabr 2006-cı il tarixdən ehtiyata buraxıldığı üçün əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq təminat xərcliyinin 68 faizi miqdarında müəyyən edilmiş, təminat xərcliyinin artım hissəsinə isə 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 62,83 faiz tətbiq edilmişdir. Eyni zamanda iddiaçıya əmək pensiyası müraciət etdiyi tarixdən (9 mart 2022) keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Hazırki iş üzrə iddiaçının tələbi ona 04 oktyabr 2006-cı il tarixdən pensiya təyin edilməsi, təminat xərclərinin 68 faiz həcmində hesablanması və təminat xərclərinin artım məbləğinin hər il üçün 3% əlavənin hesablanması və yaranacaq fərqin 04 oktyabr 2006-cı il tarixdən 04 oktyabr 2019-cu il tarixədək hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması ilə bağlıdır. Məhkəmə kollegiyası iddia tələbini və apellyasiya şikayətinin dəlillərini 20 ildən yuxarı xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla hesablanmalı olması hissəsində əsaslı hesab edir. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında mövcud olan hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunması hazırkı işin düzgün həll olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 25 fevral 2022-ci il tarixli 45 nömrəli məlumat vərəqəsinə istinadən iddiaçı 4 oktyabr 2006-cı il tarixdən ehtiyata buraxıldığı üçün onun əmək pensiyasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq təminat xərcliyinin 68 faizi miqdarında müəyyən etmiş, 1 iyul 2017-ci il tarixdən sonrakı müvafiq artımları isə 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 62,83 faiz miqdarında hesablanmaqla həmin tarixdən əvvəlki təminat xərcliyinin 68 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, burada xüsusi olaraq Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə diqqət yetirilməlidir (həmin Fərman Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir). Həmin bənddə göstərilmişdir ki, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Sözügedən bənddə “Əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır” müddəası şəklində müəyyən edilmişdir, yəni təminat xərcliyindəki faktiki artımın məbləği müvafiq təminat xərcliyin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır (yuxarıda artıq göstərildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin sözügedən 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı 15 dekabr 2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edildiyindən bu Qayda xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuşdur). Sözügedən Qaydanın 2.5-ci bənddəki qeyd edilən müddəa “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin nə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasında, nə də həmin maddənin xx.xx.2017-ci il tarixdən sonrakı yeni redaksiyasında olmamışdır, yəni müvafiq təminat xərcliyinə edilən əlavələr, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı. Başqa sözlə, pensiyalara olan həmin əlavə müvafiq təminat xərcliyinin artım məbləğinə nisbətdə deyil, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı. Birinci instansiya məhkəməsi hazırkı inzibati mübahisənin hansı zaman mərhələsində qüvvədə olmuş maddi hüquq normaları üzrə həll edilməli olması (“Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasında, həmin maddənin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasında, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə) məsələsinə diqqət yetirməmişdir. Pensiya işi materiallarından görünür ki, iddiaçıya əmək pensiyası 25 fevral 2022-ci il tarixli məlumat vərəqəsi nəzərə alınmaqla təyin edilsə də, onun pensiya hüququ xx.xx.2006-cı ildə X1 xaric edildiyi andan yəni ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan norması qüvvədə olan zamanı yaranmışdır. Belə ki, iddiaçı xidmətdən xaric olunduğu vaxt Daxili İşlər Nazirliyinin məlumatına əsasən ona təqvimi hesablama ilə - 19 il, 03 ay, 07 gün, imtiyazlı hesablama ilə - 26 il, 04 ay, 29 gün xidmət müddəti hesablanmışdır. 2021-ci ilin iyul ayında iddiaçının müraciətinə əsasən ona pensiya təyin olunma məsələsinə yenidən baxılmış və onun xidmət müddəti təqvimi hesablama ilə - 21 il, 04 ay, 01 gün, imtiyazlı hesablama ilə - 26 il, 05 ay, 01 gün olduğu müəyyən edilmişdir. Bununla əlaqədar onun barəsində “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqi” tərtib edilərək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş və «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1 -ci maddəsinə əsasən ona son üç il nəzərə alınmaqla pensiya təyin edilmişdir. Göründüyü kimi DİN-in 25 fevral 2022-ci il tarixli, 45 nömrəli məlumat vərəqəsində onun xidmət müddətinin təqvimi hesablama ilə - 21 il, 04 ay, 01 gün, imtiyazlı hesablama ilə - 26 il, 05 ay, 01 gün olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçının pensiya hüququ faktiki olaraq 2006-cı ildən yarandığından, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun olaraq 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla hesablama həyata keçirilməlidir. Lakin işin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018- ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”-nın 2.5-ci bəndinə istinad edilərək, iddiaçının pensiyasının artım faizi 62,83 faiz olmaqla yenidən hesablanmışdır. Halbuki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi baxımından, həmin “Qayda” hüquqi vəziyyətini ağırlaşdırdığından iddiaçıya münasibətdə tətbiq olunaraq, onun xidmət ilinin 20 idən artıq hər ili üçün təminat xərcliyinin 2 fazindən əlavə hesablaması yolverilməzdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun pensiya hesablanması həyata keçirilən zamanı natamam ildəki iş stajı aylarının da hesablanması ilə bağlı nüans vurğulanmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasında sözügedən qayda müəyyən edilməsə də, əslində bununla bağlı hər hansı bir qadağada olmamış, sadəcə olaraq boşluq mövcud olmuşdur. Bununla belə, qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsinin, 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasında həmin boşluq aradan qaldırılaraq, maddənin yeni redaksiyasına “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” müddəası əlavə edilmişdir ki, burada yenə də Azərbaycan Respublikasının Konstitusiyasının 149- cu maddəsinin Vİİ hissəsinə müraciət edilməsi zərurəti yaranır. Belə ki, yuxarıda artıq göstərildiyi həmin maddənin Vİİ hissəsinə müvafiq olaraq, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd edilən halda, iddiaçının natamam ildəki iş stajının, yəni 5 ay 1 gün müddətinin hesablanmasına (“Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasında olan mətn üzrə) münasibətdə, Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində müəyyən edilmiş normativ hüquqi aktların “fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran” müddəası tətbiq edilməlidir. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdirir ki, iş üzrə araşdırma zamanı oxşar işlər üzrə məhkəmə təcrübəsi əsas götürülmüşdür (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1266/2024 №-li, xx.xx.2024-ci il tarixli və 2- 1(102)-612/2024 №-li, xx.xx.2024-ci il tarixli qərarları). Məhkəmə kollegiyası iddia tələbini və apellyasiya şikayətinin dəlillərini ona 04 oktyabr 2006-cı il tarixdən təminat xərclərinin 68 faiz həcmində hesablanması və artım nəticəsində yaranacaq fərqin 04 oktyabr 2006-cı il tarixdən 04 oktyabr 2019-cu il tarixədək hesablanması hissələrində əsassız hesab edərək qeyd edir ki, cavabdeh inzibati orqan təminat xərclərinin həcmini müəyyən edərkən AR Daxili İşlər Nazirliyinin 25 fevral 2022-ci il tarixli, 45 nömrəli məlumat vərəqəsini əsas götürmüşdür. Belə ki, qeyd olunan məlumat vərəqəsində iddiaçının xidmət müddətinin 26 il 5 ay 1 gün, ehtiyata buraxılma tarixinin “4 oktyabr 2006-cı il”, vəzifə maaşının 485,00 manat, rütbə maaşının 117,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavənin 150,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavənin 121,25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64,00 manat olmaqla cəmi təminat xərcliyinin 937,75 manat olması qeyd olunmuşdur. İddiaçı tələbində və apellyasiya instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında qeyd olunan məlumat vərəqəsindəki məbləğlərin həqiqəti əks etdirmədiyini, məlumat vərəqəsinin ondan asılı olmayan səbəblərdən 2022-ci ildə göndərildiyini bildirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının tələbi Bakı İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli qərardadı ilə cavabdeh AR Daxili İşlər Nazirliyinə münasibətdə mümkün sayılmamış, həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin ona 04 oktyabr 2006-cı il tarixdən pensiya təyin edilməli olması dəlili ilə bağlı qeyd edir ki, iddiaçının müraciət ərizəsindən görünür ki, iddiaçı barəsində 25 fevral 2022-ci il tarixli məlumat vərəqəsi 04 mart 2022-ci il tarixdə İdarəyə təqdim edilmiş və iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə xx.xx.2022-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2019-cu il tarixdən pensiya məbləğinin hesablanaraq ödənilməsi ilə bağlı cavabdehin mövqeyi əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə qanunvericilik tələblərinə ziddir, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır, şikayət qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq şikayət qismən təmin edilməli, qərar ləğv edilməli, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3611/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı əmək pensiyasının 20 ildən yuxarı olan xidmət illərinin hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) təminat xərcliyinin 3 faizi miqdarında əlavə nəzərə alınmaqla yenidən hesablanması və pensiyasında yaranacaq fərq məbləğinin ilkin müraciət tarixindən geriyə 3 il üçün (xx.xx.2019-cu il tarixdən) ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar