Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2960/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4449/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxaşa qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın əmək haqqının ümumi məbləğinə daxil edilməklə pensiyanın yenidən hesablanması və xx.xx.2021-ci il tarixdən keçən müddət ərzində ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-4449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarının məzmunundan məlum olur ki, məhkəmə mübahisənin mahiyyətinə varmadan onun həll edilməsi üçün heç bir əhəmiyyət kəsb etməyən 01 yanvar 2006-cı ildə qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4, 20.7-ci maddələrinə istinad etməklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında 20.7-ci maddədə işlədilmiş «sonrakı artım» müddəasına verilmiş şərhi əsas götürərək iddianı qanunsuz olaraq təmin etməmişdir. Belə mövqenin qanunsuz və əsassız olması onunla təsdiq edilir ki, 06 oktyabr 2008-ci il tarixdə ona pensiya təyin edilərkən Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü və 20.7-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi rəhbər götürülməklə qəbul edilmiş qərarı əsasında cavabdeh təşkilatın Səbail rayon şöbəsi (inzibati orqan) öz təşəbbüsü ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Resublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarında nəzərdə tutulduğundan daha üstün sosial müdafiə təminatı müəyyənləşdirən 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 109-cu maddəsinin V hissəsinin tələbinə uyğun olaraq pensiya təyin etmiş və həmin maddənin V hissəsində təsbit edildiyi kimi 5 il və daha artıq hakimlik stajım olduğundan 60 aylıq orta əmək haqqının 80%-i miqdarında hesablanmış pensiya məbləğinə, Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 23 yanvar 2001-ci il tarixli «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsinin 2-ci hissəsinin şərh edilməsinə dair Qərarını əsas götürməklə «Əmək haqqının artımındakı sonrakı dəyişikliklər» qismində hakim işlədiyi dövrdə mövcud olmaması səbəbindən almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmamış hakimlik stajının hər beş ilinə görə həmçinin elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqqı daxil etmişdir. Pensiyasının bu qaydada hesablanmasında «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddəsinin müddəalarının tətbiq edilmədiyinin sübuta ehtiyacı olmadığına baxmayaraq, məhkəmə mübahisənin həllini həmin maddələrlə həll etdiyindən, habelə iddia tələbinin rədd edilməsi üçün Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarında əməkhaqqının «Sonrakı artımı» müddəasına verilmiş şərhi əsas götürdüyündən, habelə həmin Qərarın şamil edilmədiyi mübahisələrin dairəsini düzgün qiymətləndirmədiyindən yekunda qanunsuz nəticəyə gələrək iddianı rədd etmişdir. Birincisi, məhkəmənin qərarında heç bir qanuna əsaslanmayaraq fərz edilir ki, 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarı yalnız ümumi yurisdiksiyalı məhkəmələrin aktları ilə həll edilmiş mübahisələrə şamil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi aktlar - qərarlar göstərilən qərarlara aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə sistemində Konstitusiya Məhkəməsi ən yüksək pillədə dayanır. Konstitusiyanın 130-cu, «Konstitusiya məhkəməsi haqqında» Qanunun 62, 63 və 66-cı maddələrinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi qüvvəyə minmiş qərarlar məhkəmə sistemində qəbul edilən ən yüksək hüquqi qüvvəyə malik olan aktlar olmaqla icrası bütün vətəndaşlar, vəzifəli şəxslər və təşkilatlar üçün məcburi xarakterlidir, icra edilməməsi hüquqi məsuliyyətə səbəb olur. Konkret olaraq Konstitusiya Məhkəməsi Plenumunun 23 yanvar 2001-ci il tarixli qərarı özüicraedilən (özüyetərli) qərar olmaqla onun həll etdiyi mübahisənin icrası qətidir. Bu aktın 15 may 2020-ci il tarixli Plenumun qərarında nəzərə alınmaması barədə məhkəmənin gəldiyi nəticə mənasız, məntiqsiz mülahizə kimi qiymətləndirilməlidir. İkincisi, məhkəmə hesab edir ki, 23 yanvar 2001-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun aktı ilə iddia tələbi üzrə müzakirə edilən mübahisə həll edilməmişdir. Bu qərar normativ xarakterlidir, konkret mübahisələrin həllinə tətbiq edilə bilməz. Məhkəmənin bu etimalı da onunla təkzib edilir ki, qərarın mətnində qeyd edilir ki, «Məhkəmələr və hakimlər haqqında» qanunun 106-cı maddəsinin 2-ci hissəsinin tətbiqi ilə əlaqədar (yəni qanunun qüvvəsinin geriyə tətbiq edilməsi üzrə) mübahisə yarandığından Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusu əsasında həmin məsələ Plunmun iclasında baxılmaqla qəti olaraq bu maddənin 2-ci hissəsində təsdiq edilmiş hər iki müddəanın: 1 - hakimlik stajının hər beş ilinə görə, 2 - həmçinin elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqqı ödənilməsi qanunun qüvvəsinin geriyə şamil edilməsi müəyyən edilmiş bu müddəaların 5 il və daha artıq hakim işləmiş bütün şəxslərə heç bir məhdudiyyət qoyulmadan şamil edilməsi barədə qərar qəbul edilmişdir. Üçüncüsü, məhkəmə qərarında sonradan 23 yanvar 2001-ci il tarixli Plenumun Qərarı ilə müzakirəyə qoyulmuş məsələnin (mübahisənin) həll edildiyini etiraf etsə də yenidən yalnız etimal və fərziyyələr əsasında qeyd edir ki, iddiaçı bu qərar qəbul olunan vaxt artıq hakim vəzifəsində işləmədiyindən və bu əlavəni almadığından qərar onun barəsində tətbiq edilə bilməz. Belə mülahizə yürütmək hər şeydən əvvəl Konstitusiyanın 149-cu maddəsi ilə ziddiyyət təşkil edir. Digər tərəfdən belə təsəvvür məhkəmənin qanunun qüvvəsinin geriyə şamil edilməsi mexanizminə və anlayışına düzgün yanaşmamasının, aydınlıq gətirə bilməməsinin təzahürüdür. İddia ərizəsində də qeyd etdiyi kimi məhz 23 yanvar 2001-ci il tarixli adı çəkilən Plenumun qərarından sonra onun və yüzlərlə pensiyaçı sabiq hakimlərin pensiya məbləğinə inzibati orqan tərəfindən hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq daxil edilməklə pensiyaları yenidən hesablanmış və bu günədək həmin əlavə ödənilməkdədir. 06 oktyabr 2008-ci il tarixdən inzibati orqan - cavabdeh təşkilat tərəfindən elmi dərəcəsi nəzərə alınaraq, hakimlik stajının hər beş ilinə görə hər ay vəzifə maaşının 15 faizi həcmində, 13 il stajı olduğundan vəzifə maaşının 30 faizi həcmində əlavə haqdan başqa, elmi dərəcəyə görə də vəzifə maaşının 15 faizi həcmində əlavə haqq ödənilməsi barədə qərar qəbul etdiyi halda 01 iyun 2021-ci il tarixdə ərizəsi əsasında ixtisas dərəcəsinə görə əlavə haqq ödənilməsi ilə bağlı pensiyanı yenidən hesablayarkən elmi dərəcəyə görə əlavə haqqın ödənilməsinin dayandırılması və onun pensiya məbləğinə daxil edilməməsi barədə yeni qanunsuz qərar qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən bu fakta münasibət bildirməyərək hansı qanuna və ya qanunvericilik aktına əsasən, hansı səbəbdən və hansı əsasla Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı ilə şərh edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən və pensiya hüququ olan şəxsin vaxtılə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissəsinə daxil olmamış və verilməmiş ödənclər «sonrakı artım» hesab etmədiyindən bu əsasla belə artımların pensiva məbləğinə daxil edilməsinə qadağa qoyduğu halda bu qadağanın eyni qanunla - «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası qanununun 106cı maddəsinin 2-ci hissəsində təsbit edilmiş, eyni statusa və qüvvəyə malik olan müddəalardan yalnız birinə - elmi dərəcəyə görə ödənilməli əlavə haqqa tətbiq edildiyinə, digər müddəasına - hakimlik stajının hər beş ilinə görə ödənilməli əlavə haqq üçün tətbiq edilmədiyinə aydınlıq gətirməmiş, cavabdeh də öz növbəsində məhkəmədə verdiyi izahatlarda bu barədə susmaqla öz mövqeyini sübut edə bilməmişdir. Nəhayət, məhkəmə müvafiq iş üzrə məhkəmə təcrübəsini tədqiq etmədiyindən Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı qəbul edilən vaxtadək məhkəmələrdə alınmamış və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrin nəzərə alınmaqla əmək pensiyalarının hesablanması ilə bağlı işlərə baxılmaqla həmin qərarlar icra edilərək vətəndaşlara müvafiq pensiya ödənişlərinin həyata keçirilməsi faktlarını araşdırmamışdır. Eyni zamanda müvafiq mübahisənin həlli üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə əməl etməklə qəbul etdiyi 08 iyun 2023-cü il tarixli qərarından göründüyü kimi, məhkəmə işi həll edərkən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12 və 13-cü maddələrinin tələblərinə riayət etməklə cavabdeh təşkilata (inzibati orqana) göstərilən etimadın mahiyyətini bu etimad hüququnun inzibati orqan tərəfindən qorunması və s. məsələlərlə yanaşı pensiya təyinatı, habelə onun yenidən hesablanması üzrə qəbul etdiyi qərarların qəbul edilmə qaydalarına riayət edilibedilmədiyini yoxlamaqla onların əsaslı olub-olmadığına qiymət verməyə borclu olduğu halda bunu etməmişdir. Həmçinin məhkəmə 15 may 2020-ci ilə qədər onun tərəfindən müvafiq mübahisə mövcud olduğu halda digər əlavələr üzrə məhkəməyə müarciət edib əlavə ödənişlərin pensiya məbləğinə daxil edilməsi üzrə məhkəmə qərarları qəbul edildiyi kimi, elmi dərəcə ilə bağlı da iddia qaldırılmaqla müvafiq qərar qəbul etdirmə kimi real imkanını nəzərə almamışdır. Məhkəmənin qərarında iddia tələbinin rədd edilməsinə əsas olan heç bir mötəbər sübut, dəlil və faktların olmaması, onun fərziyyə və etimallar üzərində qurulması qərarın şərtsiz ləğvi üçün əsasdır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, elmi dərəcəyə görə əlavə haqqın iddiaçının əmək pensiyasında nəzərə alınması məsələsinə onun pensiyasının hesablanması zamanı əsas götürülmüş dövr (xx.xx.1995xx.xx.1999-cu illər arasındakı dövr) ərzində həmin əlavənin ona ödənildiyinə dair müvafiq arayış Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, arxiv sənədlərində elmi dərəcəyə görə iddiaçıya əlavələrin ödənilməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Vəzifə maaşına elmi dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında" 19 aprel 1994-cü il tarixli 155 saylı qərarı hakimlərə şamil edilməmişdir. 01 sentyabr 2000-ci ildən başlayaraq "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən elmi dǝrǝcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində əlavə haqq verilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Sizin hakimlik stajına görə hakimlərə əlavə haqqın ödənilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Bildiririk ki, 1981- 1997-ci il 10 iyun tarixədək qüvvədə olan məhkəmə quruluşu haqqında qanunlarda hakimlərə hakimlik stajına görə əlavə haqqın verilməsi ilə bağlı müddəalara rast gəlinməmişdir. Bununla yanaşı qeyd edirik ki, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2001-ci il 23 yanvar tarixli qərarına əsasən "Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsinin ikinci hissəsinin (hakimlik stajının hər 5 ilinə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir) müddəaları həmin qanuna əsasən hakim vəzifəsinə təyin edilmiş şəxslərə onların qanun qəbul edilənədək (1997-ci ilədək) olan hakimlik stajı nəzərə alınmaqla şamil edilir. Bundan başqa "Əmək pensiyaları haqqında" Qanunun 20.1.4 və 20.7-ci maddələrinə əsasən sabiq hakimlərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla həmin maddələrə müəyyən edilmiş qaydada təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 2020-ci il 15 may tarixli qərarına əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. İş materiallarında olan iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən sabiq hakimi kimi əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiyası hesablanarkən xx.xx.1995-xx.xx.1999-cu illər arasındakı dövr əsas götürülmüşdür. İddiaçı hazırda xx.xx.2021-ci il tarixdən elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın əmək haqqının ümumi məbləğinə daxil edilməklə pensiyanın yenidən hesablanmasını və həmin vaxtdan hal-hazıradək yaranan fərqin ödənilməsini tələb edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya): 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4 əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlər. 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Həmin qərarda həmçinin göstərilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. … Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın əmək haqqının ümumi məbləğinə daxil edilməklə pensiyasının yenidən hesablanmasını tələb etsə də, həmin əlavə onun hakim vəzifəsində işlədiyi və əmək pensiyası hesablanarkən əsas götürülmüş xx.xx.1995-xx.xx.1999-cu illər arasındakı dövr ərzində aldığı əmək haqqına daxil olmamışdır. Qeyd edilən əlavə iddiaçı tərəfindən alınmamışdır, ümumiyyətlə həmin dövrdə hakimlərə belə əlavənin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarındakı hüquqi mövqeyə əsasən şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Belə ki, belə əlavə əmək haqqındakı “sonrakı artım” deyil, əmək haqqına sonradan daxil olan yeni növ ödəncdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 1.0.19-cu maddə əlavə edilmişdir ki, həmin maddəyə əsasən, əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar - əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Beləliklə, şəxs pensiyaya çıxdıqdan sonra əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdə artım olarsa bu “sonrakı artım” kimi həmin ödənci almış pensiyaçılara şamil ediləcəkdir. Şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı əlavələr və onlara edilən artımlar nəzərə alına bilməz, onlar “sonrakı artım” deyil, əmək haqqına sonradan daxil olan yeni növ ödəncdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsinin 2-ci hissəsinin şərh edilməsinə dair 23 yanvar 2001-ci il tarixli Qərarı ilə, “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsinin 2-ci hissəsinin müddəalarının heç bir məhdudiyyət qoyulmadan 5 il və daha çox hakim vəzifəsində işləmiş bütün şəxslərə şamil edilməsi qərara alınsa da, həmin qərar qəbul olunarkən iddiaçı hakim vəzifəsində çalışmırdı və həmin qərar əsasında da elmi dərəcəyə görə əlavəni ala bilməzdi. Qeyd edilən əlavənin pensiyanın məbləği müəyyən edilərkən nəzərə alınması üçün təkcə onu alması deyil, məhz əsas götürülən 5 illik dövrdə alması və məcburi dövlət sosial sığortasına cəlb olunması tələb olunur. Eləcə də Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında bu qərarın qanunu qüvvəyə minmiş məhkəmə aktları ilə həll edilmiş mübahisələrə şamil olunmaması ilə bağlı dəlillərə münasibətdə qeyd edilməlidir ki, iddiaçı həmin dəlilə istinad edərkən “məhkəmə aktı” kimi Konstitusiya Məhkəməsi Plenumunun 23 yanvar 2001-ci il tarixli qərarını nəzərdə tutur və hesab edir ki, həmin qərarla mübahisə həll edilmiş olduğundan 15 may 2020-ci il tarixli qərar şamil edilməməlidir. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarında əmək pensiyasının təyini, yenidən hesablanması və s. kimi mübahisələrə dair birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin aktları nəzərdə tutulur və qeyd edilir ki, həmin həll edilmiş mübahisələrə bu qərar şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərinə və İV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları isə normativ xarakterli aktdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4449/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2960/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2960/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver