Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2961/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs “X9” MMC) qarşı iş (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; dinlənilmə hüququnun və işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Nəbizadə Nigar Xeyrulla qızının və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının vəkili-nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs “X9” MMC) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-5466/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********040300 nömrəli qərarının və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5466/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5466/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********617300 nömrəli xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5466/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə “X9” MMC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərarından iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə şikayət edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********040300 nömrəli qərarı ilə iddiaçının şikayəti təmin olunmayaraq, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********040300 nömrəli qərarı və cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. İddiaçı xx.xx.2019-cu il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınaraq, əsas fəaliyyət növü “binalarda və digər tikinti obyektlərində elektrik şəbəkəsi və elektrik cihazlarının quraşdırılması”ndan ibarətdir. Şamaxı-Abxalı və ŞamaxıDəmirçi istiqamətlərində işıqlandırma dirəklərinin quraşdırılması layihəsi ilə əlaqədar olaraq qum və çınqıl lazım olduğu üçün, satıcı “X9” MMC ilə xx.xx.2020-ci il tarixi, 05 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq, xx.xx.2020-ci il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən “X9” MMC-dən 117,469 manat məbləğində, kubu 22 manata 2300 kub, cəmi 50.600 manata qum, kubu 22 manata 2225 kub, cəmi 48.950 manata çınqıl alınmışdır. “X9” MMC-dən alınmış qum və çınqılın ümumi dəyəri 99.550 manat olmuşdur. 99.550 manatın ƏDV-si 17.919 manat məbləğindəydi. xx.xx.2020-ci il tarixdə malların təhvil-təslim aktı ilə “X9” MMC-dən mallar (qum və çınqıl) qəbul edilmişdir. “X9” MMC 99.550 manat (ƏDV-si 17.919 manat) məbləğində malların (qum və çınqıl) alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, EBAW seriyalı 384635 nömrəli elektron qaimə-faktura göndərmişdir. Həmin elektron qaimə-fakturaya əsasən 99.550 manat (ƏDV-si 17.919 manat) məbləğində pul “X9” MMC-nin hesabına köçürülmüşdür. Şamaxı-Abxalı və Şamaxı-Dəmirçi istiqamətlərində işıqlandırma dirəklərinin quraşdırılması layihəsi üzrə iddiaçıya həvalə edilmiş işləri tam görərək təhvil verildikdən iki il sonra Dövlət Vergi Xidməti iddiaçıya qanunsuz və əsassız olaraq bildirmişdir ki, malların (qum və çınqıl) alındığı “X9” MMC dövlətə olan vergilərini ödəmədiyindən, ödənilmiş 99.550,00 manatın əvəzləşdirilmiş 17.919 manat ƏDV məbləği dövlət büdcəsinə bərpa edilmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2014-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2019-cu il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün "binalarda və digər tikinti obyektlərində elektrik şəbəkəsi və elektrik cihazlarının quraşdırılması”ndan ibarət olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərdən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə-fakturaların vergi orqanının uçot-baza məlumatlara əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********017500 nömrəli məktub göndərilərək müvafiq dövrlər üzrə dəqiqləşmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin məktubda qeyd olunan müddət ərzində iddiaçı tərəfindən uyğunsuzluq məktubuna əsaslandırılmış münasibət bildirilmədiyi üçün Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin iyul ayı üçün 17.919 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********617300 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsində “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütünunda qeyd olunan 110.140 manat (ƏDV-si 19.825,20 manat) məbləğin 99.550 manat (ƏDVsi 17.919 manat) məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək 2022-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə keçirilmiş kameral vergi yoxlaması zamanı əvəzləşdirilmiş 17.919 manat ƏDV məbləği dövlət büdcəsinə bərpa edilmiş və qeyd olunanlar bəyannamənin 324-cü sətrində “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği” göstərilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq cəmiyyətin rəhbəri şəxsən və ya səlahiyyətli nümayəndəsi (vəkili) vasitəsilə Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmuşdur. Cəmiyyətin rəhbəri X3 izahatında bağlanmış müqavilə əsasında qarşı tərəflə əməliyyatlar aparıldığını, Şamaxı-Abaxlı və Şamaxı-Dəmirçi istiqamətlərində işıqlandırma dirəklərinin quraşdırılması layihəsi ilə əlaqədar olaraq qum və çınqıl lazım olduğu üçün Cəmiyyətin iş icraçısı olan Kazımov Məhəmməd tərəfindən verilən təqdimat əsasında "X9" MMC ilə alqı-satqı əməliyyatlarının aparıldığını bildirimişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən "X9" MMC-dən 99.550 manat (ƏDV-si 17.919 manat) məbləğində malların (qum və çınqıl) əldə edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli EBAW seriyalı 384635 nömrəli elektron qaiməfakturanın əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamış və dövlət büdcəsinə bərpa edilmişdir. Araşdırma zamanı "X9" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə elektron qaimə-faktura əsasında rezin metal simpleks, şam tir, kronşteyn və s. tipli mallar təqdim edilməsinə baxmayaraq, qeyd olunan mallar iddiaçının alışında, idxalında müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçının vergi orqanında olan uçotbaza məlumatlarına əsasən təsərrüfat subyektinin (obyektinin) və işçi qüvvəsinin olmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1.,2.1.3.,3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçının riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********582700 nömrəli qərar qəbul edilmişdir. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "X9" MMC-yə (VÖEN: **********) xx.xx.2022-ci il tarixli **********962900 nömrəli araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə məktub göndərilmiş və Cəmiyyətin rəhbəri (səlahiyyətli nümayəndəsi) xx.xx.2022-ci il tarixdə saat 11:00 da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. Lakin qeyd edilən vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi araşdırmada iştirak etməmiş və heç bir təsdiqedici sənədləri araşdırmaya təqdim etməmişdir. Qeyd olunan hal xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Bundan əlavə, "X9" MMC-nin rəhbəri X2, eyni zamanda, "X10" MMC-nin, "X5" MMC-nin, "xxxx" MMC-nin və "X11" MMC-nin rəhbəri olduğu və onların da riskli vergi ödəyiciləri olduqları müəyyən edilmişdir. Beləliklə, uçot baza məlumatlarına və bəyannamə göstəricilərinə əsasən iddiaçı tərəfindən "X9" MMC-dən (VÖEN: **********) 99.550 manat (ƏDV-si 17.919 manat) məbləğində malların iş və xidmətlərin (qum və çınqıl) əldə edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli EBAW seriyalı 384635 nömrəli elektron qaimə fakturanın əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmadığını, "X9" MMC tərəfindən fəaliyyət istiqamətinə uyğun təqdim edilmiş iş və xidmətin mövcudluğunu təsdiq edən müvafiq təsdiqedici sənədlərin inzibati araşdırma zamanı müəyyən edilmədiyini, "X9" MMC-nin inzibati araşdırmada iştirak etmədiyini, Vergi Məcələsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərin bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, habelə "X9" MMC tərəfindən müxtəlif adda iş, xidmətlə bağlı (qayka, bolt, mufta, şplint və s.) elektron qaimə-fakturalar təqdim edilməsinə baxmayaraq, həmin iş və xidmətlərin yerinə yetirilməsi ilə bağlı alışı və idxalında müəyyən edilmədiyi üçün və təsərrüfat subyektinin (obyektinin) olmadığı üçün vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına uyğun qəbul olunmuş qərarın qüvvədə olduğunu nəzərə alaraq, iddiaçının inzibati şikayəti təmin edilməməli və cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********617300 nömrəli Qərar dəyişdirilmədən saxlanılmalıdır.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5466/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********617300 nömrəli qərarı ləğv edilmişdir.
8. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3484/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5466/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Qərardan cavabdeh kasassiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 859/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 3484/2023 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
12. Cavabdehin apellyasiya şikayəti iddiaya etirazla oxşar məzmunda əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
15. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 05 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC (alıcı) ilə "X9" MMC (satıcı) arasında bağlanılmış müqaviləyə əsasən müqavilənin qüvvədə olduğu müddətdə "Satıcı" aşağıda qeyd edilən tikinti materiallarını "Alıcı”ya vaxtında çatdırılmasını "Alıcı" isə ay ərzində həmin malların dəyərini ayın sonuna ödəməyi öz öhdəsinə götürmüşdür.
16. Satıcı “X9" MMC ilə alıcı İddiaçı MMC arasında qeyd edilən tikinti materiallarının (qum, çınqıl) qiyməti barədə (xx.xx.2020-ci il tarixli 05 nömrəli müqaviləyə əsasən) razılığa gəlinməsinə dair “Qiymətlərin razılaşdırılması” haqqında xx.xx.2020-ci il tarixli 01 nömrəli Protokol tərtib edilmişdir.
17. Satıcı “X9" MMC ilə alıcı İddiaçı MMC arasında bağlanılmış 16 iyul 2020-ci il tarixli, 05 nömrəli müqavilə və xx.xx.2020-ci il tarixli 01 nömrəli qiymət razılaşma protokoluna uyğun olaraq aktda qeyd olunan malların təhvil verilməsinə dair xx.xx.2020-ci il tarixli “Malların təhvil-təslim” Aktı təsdiq edilmişdir.
18. EBAW seriyalı xx.xx.2021-ci il tarixli 384635 nömrəli elektron qaimə-fakturada da alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri (ƏDV-siz) 117.469 manat qeyd edilmişdir.
19. "X9" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********582700 nömrəli xx.xx.2021-ci il tarixli Qərar qəbul etmişdir.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, müvafiq dövrlər üzrə xx.xx.2021-xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərdən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə-fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində vergi bəyannamələrini əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri vergi orqanına təqdim edilməsi tələb edilmişdir.
21. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı MMC barəsində 2022-ci ilin iyul ayı üçün 17.919 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********617300 nömrəli Qərar qəbul etmişdir.
22. Azərbaycan Respublikası Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********040300 nömrəli 20 dekabr 2022-ci il tarixli qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********617300 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
24. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya məhkəməsinin icraatında olan araşdırma Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-859/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuş göstərişlər əsasında aparılır.
26. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə "X9" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında alqı-satqı əməliyyatları xx.xx.2020-ci il-xx.xx.2021-ci tarixləri aralığında aparılmış, "X9" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar elə həmin gün xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir.
27. Vergi Məcəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinə əməl edilməsinə nəzarət olunması və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif yoxlama tədbirləri həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti əhatə edir.
28. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən (13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir).
29. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilə bilməsi üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: bənd) 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. (bənd) 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
31. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.
32. Birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir.
33. Cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etdiyi “araşdırma zamanı Cəmiyyət tərəfindən "X9" MMC-dən 99.550 manat (ƏDV-si 17.919 manat) məbləğində malların (qum və çınqıl) əldə edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli EBAW seriyalı 384635 nömrəli elektron qaimə-fakturanın əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların, iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamış və dövlət büdcəsinə bərpa edilmişdir” dəlilinə iddiaçının hazırkı mübahisə üzrə əməliyyat apardığı müəssisənin iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşdur. Yəni iddiaçı ilə "X9" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisənin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. Belə ki, həmin mallar iddiaçıya təqdim edilmiş və o, öz növbəsində malların dəyərini həmin şirkətlərə ödəmiş və aparılmış əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmələri tərəfindən yerinə yetirilmişdir. Beləliklə də, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisə ilə aparmışdır.
35. İddiaçının əməliyyat apardığı müəssisənin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin bununla bağlı dəlilləri əsassızdır.
36. Beləliklə, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.
37. Vergi Məcəlləsinin: - 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqları kimi qeyd edilmişdir. - 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər.
38. Vergi qanunvericiliyi hər 2 yoxlamanın və operativ vergi nəzarətinin keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyinin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Lakin bununla yanaşı, vergi orqanı bu hər hansı yoxlama növünü seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməyə borcludur.
39. Vergi Məcəlləsinin 36.2.-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
40. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
41. Vergi orqanı iddiaçı tərəfindən mübahisələndirilən qərarı qəbul edərkən Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri pozmuşdur.
42. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2-ci mddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.
43. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanın bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.
44. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 6.8-cı bəndinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş bəyannamənin və ya hesabatın 10 iş günü müddətində təqdim edilməsi üçün bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatların təqdim edilməsi barədə Bildiriş” göndərir. Həmin Qaydaların 6.9-cu bəndinə əsasən bu Qaydaların 6.8-ci bəndinə müvafiq olaraq göndərilmiş bildirişlə bağlı daxil olmuş dəqiqləşdirilmiş bəyannamə və ya hesabatlar üzrə kameral vergi yoxlaması aparılmır, yalnız dəqiqləşdirilmiş bəyannamədə və ya hesabatda bildirişdə göstərilən əlavə sənəd və ya mənbəyi məlum olan məlumatların nəzərə alınıbalınmaması araşdırılır. Araşdırma zamanı kənarlaşma aşkar olunduqda bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə yeni bildiriş göndərilir.
45. Qaydaların 6.10-cu bəndinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə müvafiq olaraq göndərilmiş bildiriş üzrə dəqiqləşdirilmiş bəyannamə və hesabat müəyyən edilmiş müddətdə təqdim edilmədikdə bu barədə məlumatlar səyyar vergi yoxlanılmasının və ya operativ vergi nəzarətinin keçirilməsi məsələsinə baxılması üçün vergi orqanının aidiyyəti strukturuna göndərilir.
46. Sadalanan normaların təhlilindən belə nəticəyə gəlinir ki, vergi orqanı təqdim edilmiş bəyannamə üzrə 30 iş günü müddətində kameral yoxlama aparmaq hüququna malikdir və bu müddət bitdikdən sonra həmin bəyannamə üzrə kameral vergi yoxlaması aparıla bilməz. Eləcə də, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı tərəfindən verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi üçün bildiriş göndərilir. Qeyd olunan bildiriş və təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə kameral vergi yoxlaması keçirilmir.
47. Lakin 2021-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin kameral vergi yoxlamasını başa çatdırılmasına baxmayaraq, yenidən həmin dövr üzrə kameral vergi yoxlaması keçirilmiş və həmin dövr üzrə əvəzləşmə ləğv olunaraq iddiaçıya 2022-ci ilin iyul ayı üzrə eyni məbləğdə ƏDV hesablanmışdır.
48. Beləliklə, vergi orqanı tərəfindən “Vergilərin, sosial sıgorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərar maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə hesab edir ki, vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
49. Məhkəmə kollegiyası vergi orqanının vergi ödəyicisi kimi hazırkı iddiaçı MMC-yə xx.xx.2022-ci il-xx.xx.2022-ci illər üzrə əlavə vergi məbləğinin (ƏDV) hesablanması mövqeyi ilə razılaşmayaraq hesab edir ki, “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin qeyd olunan dövrlər üzrə “Vergilərin, sosial sıgorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərarı (əlverişsiz inzibati akt) yazılı şəkildə vergi qanunvericiliyində nəzərdə tutulmuş normalarla tam olaraq əsaslandırılmamışdır. Belə ki, mübahisə predmeti olan inzibati aktda yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmişdir. Müvafiq dövr üzrə yenidən kameral vergi yoxlamasının keçirilməsi üçün vergi qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar mövcud olmamış və inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan yaranan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Həmin qərarda müvafiq inzibati aktın qəbul edilmə əsası kimi yalnız aparılmış əməliyyatların riskli olması qeyd edilmişdir ki, buna səbəb yuxarıda da qeyd edildiyi kimi vergi ödəyicisi "X9" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi olmuşdur.
50. Beləliklə də, qeyd edilənləri nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, müvafiq əməliyyatlar aparıldıqdan sonra tərəflərdən birinin riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələrək həmin dövr üzrə yoxlamanın təkrar həyata keçirilməsi və inzibati aktın qəbul edilməsi əsasları vergi qanunvericiliyində nəzərdə tutulmadığından mübahisə predmeti olan inzibati akt ləğv edilməlidir.
51. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********617300 nömrəli xx.xx.2022ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
52. Məhkəmə kollegiyası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 859/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd etdiyi göstərişlərə münasibətdə qeyd edir ki, apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş “X9”MMC-nin Nizamnaməsinin 3.1-ci bəndindən müəyyən edilir ki, Cəmiyyət AR qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər, həmçinin iddiaçı (nümayəndəsi) tərəfindən onun xidmətinin mövcudluğunu təsdiq edən müvafiq təsdiqedici sənədlər (əmək müqavilələri, xidmət müqavilələri və s.) məhkəməyə təqdim edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, “X9”MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir, lazımi qaydada məhkəmə iclaslarının vaxtı barədə məlumatlandırılmışdır, lakin məhkəmə araşdırmasında iştirak etməmişdir.
53. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
54. “İnzibati icraat haqqında” Qanunun: - 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
55. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir.
56. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5466/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Nigar Nəbizadə Cahangir Yusifov