Məhkəmə qərarları › İş №2-1(103)-2962/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2962/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2962/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “istifadə edilməyən məzuniyyətlərə görə kompensasiyanın və xəstəlik müavinətinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2094/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Nəsimi Rayon Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003, 2004, 2005-ci illər üzrə istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın və 2012, 2013, 2017, 2018, 2019, 2020-ci illər üzrə xəstəlik müavinətinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya və 2012, 2013, 2017, 2018, 2019, 2020-ci illərdə müalicəyə görə xəstəlik müavinətinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Nəsimi rayon Mühafizə İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Nəsimi rayon Mühafizə İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Cavabdeh ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ildən 31 mart 2020-ci ilə qədər Daxili İşlər Nazirliyinin Nəsimi rayon Mühafizə İdarəsində polis nəfəri, polis baş serjantı rütbəsində xidmət etmiş, xx.xx.2020-ci ildə son yaş həddinə çatmağı ilə əlaqədar DİO-dan tərxis olunmuşdur. Xidmət etdiyi müddətdə 1994-2005-ci illərdə məzuniyyətdən istifadə etməmiş və bu illərə görə məzuniyyət kompensasiyası almamışdır. Bundan əlavə, 2012, 2013, 2017, 2018, 2019, 2020-ci illərdə DİN-nin hospitalında əməliyyat və müalicə olunsa da müalicə müavinətini almamışdır. Dəfələrlə xidmət etdiyi Nəsimi rayon Mühafizə İdarəsinə bununla əlaqədar müraciət etsə də, pulun bir qismi (3771 manat) ödənilmiş, pulun digər hissəsi və xəstəliyə görə müavinət ödənilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, polis əməkdaşının xəstəliyə görə müalicə olunması ilə əlaqədar müavinətləri DİN-in xx.xx.2019-cu il tarixli Ə893-001-19 nömrəli əmrinə əsasən əməkdaşdan hər-hansı raport və əlavə sənəd tələb edilmədən ildə bir dəfə verilməsi barədə əmr xx.xx.2020-ci il tarixdə qüvvəyə minmişdir. Həmin tarixədək DİN-in xx.xx.2005ci il tarixli 35/XİÜ nömrəli Əmrinə əsasən əməkdaşa qeyd olunan müavinətlərin verilməsi DİN-in Hospitalından və ya müvafiq poliklinikasından konkret olaraq müalicəyə dair verilən arayışın İdarəyə rəsmi olaraq raportla təqdim etdikdən sonra ödənilirdi. xx.xx.2020-ci il tarixədək sabiq polis əməkdaşı İddiaçı qeyd olunan illər üçün (2012, 2013, 2017, 2018, 2019) müavinətlə bağlı rəsmi raportla hər hansı bir müraciət etməsi və yaxud müalicə alıbalmaması barəsində idarədə heç bir məlumat aşkarlanmamışdır. Bundan başqa, 2020-ci il üçün iddiaçıya 754,50 manat müalicəyə görə müavinət pulu ödənilmişdir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı nəzərə alınmaqla DİN BMİ-nin xx.xx.2008-ci il tarixli 17/6-5-32 nömrəli göstərişi ilə polis əməkdaşları üçün 1998-ci ildən hesablanması nəzərə alınmışdır. İddiaçı tərxis olunduqdan sonra (xx.xx.2020, Ə398şh-038-20 № Əmr) bu barədə rəsmi müraciəti nəzərə alınmış və ona 2001, 2002, 2003, 2004, 2005-ci illərə görə 3771 manat istifadə etmədiyi məzuniyyət pulu ödənilmişdir. DİN-nin xx.xx.2015-ci il tarixli Q-36 nömrəli qərarına əsasən Daxili İşlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahıdan istifadə etmə qaydalarına əlavə edilmiş siyahının 13.1.25-ci bəndinə əsasən məzuniyyət cədvəlləri DİN-in baş idarə, idarə və şöbələrində 3 il müddətinə müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının iddia etdiyi illər üçün (1998,1999,2000) lazımı sənədlər saxlama müddəti bitdiyindən sənədlərin məhvetmə aktları razılaşdırılaraq yandırılmaya göndərilmişdir. Bundan əlavə, xx.xx.2019-cu il tarixdə Nəsimi Rayon Mühafizə İdarəsində tərtib edilmiş akta əsasən həmin ilin fevral ayında idarənin zirzəmisinin su ilə dolması nəticəsində idarəyə aid bir çox sənəd yararsız hala düşdüyündən, iddiaçının iddia etdiyi illər üçün (1998, 1999, 2000) lazımı sənədlər aşkarlanmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2094/2023 saylı, 04 may 2023-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia qismən təmin edilmiş, İddiaçı 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın və 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə müalicəyə görə xəstəlik müavinətinin hesablanaraq ödənilməsinin Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilməsi, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, bildirmişdir ki, qərarla qismən razı deyil, belə ki, qərarın şərh hissəsində qeyd edilmişdir ki, 2020-ci ilin müavinət pulu (754.50 AZN) iddiaçıya ödənilmişdir. Lakin cavabdeh tərəfindən dəfələrlə apardığı söhbətlərdə ona bildirilmişdir ki, 754.50 AZN müavinət pulu deyil, məzuniyyət puludur. Əmək haqqını "xxxx"dan aldığı çıxarışdan və Nəsimi RMİ və eləcə də Baş Mühafizə İdarəsinə göndərdiyi sorğulardan görünür ki, 2020-ci ilin müavinəti ona verilməyib. 2020-ci ilin müalicəyə görə müavinətin də ona verilməsi üçün apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2094/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının İddiaçı 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın və 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə müalicəyə görə xəstəlik müavinətinin hesablanaraq ödənilməsi Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilməsi hissəsində qismən ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsi zamanı təqdim edilmiş iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmışdır və əlavə olaraq göstərilmişdir ki, məhkəmə yekun qərara gələrkən və iş üzrə əhəmiyyət kəsb edən halları qiymətləndirərkən bir sıra pozuntulara yol vermişdir. Belə ki, iddiaçının 1994, 1995, 1996 və 1997-ci illər üçün istifadə olunmamış məzuniyyətə görə kompensasiya tələbinin yaranmasının mümkünsüzlüyü DİN BMl-nin xx.xx.2008-ci il tarixli, 17/6-5-32 nömrəli göstərişi ilə öz təsdiqini tapsa da, məhkəmə tərəfindən buna düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, həmin göstərişə görə istifadə edilməyən əsas məzuniyyətlərə görə kompensasiya polis əməkdaşlarına 1998-ci ildən etibarən hesablanmalıdır. Lakin qərarda əsaslandırılma aparılmadan, sadəcə olaraq bu məsələnin cavabdehin səlahiyyətinə aid olmadığı qeyd olunsa da, bu səlahiyyətin necə müəyyən olunduğu, eləcə də imtinanın qanunsuzluğu ilə bağlı digər halların nədən ibarət olduğu onda öz əksini tapmamışdır. Bu halda məhkəmə DİN BMl-nin xx.xx.2008-ci il tarixli, 17/6-5-32 nömrəli göstərişinin tələbləri aydın və dəqiq olmasına baxmayaraq, onun qeyri-dəqiqliyinə istinad edərək və yenə bu qeyri-dəqiqliyin nədə ifadə olunduğunu göstərməyərək əsassız olaraq iddiaçının hüquqlarının yarandığını təsbit etmişdir. Bundan başqa, iddiaçının qeyd etdiyi illər üçün istifadə olunmamış məzuniyyətini təsdiq edən sənədlər Azərbaycan Respublikası DİN-in xx.xx.2015-ci il tarixli, Q-36-001-15 saylı qərarına görə onların saxlanılma müddətləri bitdiyinə görə məhvetmə aktları razılaşdırılaraq yandırılmağa göndərilmişdir. Buna görə bir daha bu əsasla şəxsin iddia etdiyi istifadə olunmamış məzuniyyətə görə kompensasiya hüququnun yaranmadığı öz təsdiqini tapır. Qərarda “İddiaçının 1998, 1999 və 2000-ci illər üzrə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsindən imtinanın əsası kimi isə sənədlərin aşkar olunmaması göstərilmişdir. Qeyd edilən hal iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas verə bilməz” formasında gəlinən nəticə məhkəməyə bildirildiyi kimi Azərbaycan Respublikası DİN-in xx.xx.2015-ci il tarixli, Q36- 001-15 saylı qərarına görə yanlışdır. Belə ki, həmin qərarın 2.1 və 2.2-ci maddəsində "Daxili İşlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahısında göstərilən sənədlərin Siyahıya müvafiq olaraq saxlanması, məhv edilməsi, işlərin nomenklaturasının tərtib olunması, habelə daimi və uzunmüddətli saxlanılan sənədlərin DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə bilavasitə tabe olan Arxiv-uçot şöbəsinə təhvil verilməsi nəzərdə tutulmuşdur. Siyahının 13.1.25-ci bəndinə əsasən isə məzuniyyət cədvəllərinin DİN-in baş idarə, idarə və şöbələrində saxlanılması 3 il müddətinə müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının iddia etdiyi illər üçün (1998, 1999, 2000) lazımı sənədlər saxlama müddəti bitdiyindən sənədlərin məhvetmə aktları razılaşdırılaraq yandırılmaya göndərilmişdir. İddiaçının hüquqlarını təsdiq edən sənədlər mövcud olmadığından onun iddia etdiyi istifadə edilməmiş məzuniyyət müddəti də öz təsdiqini tapmamış və buna görə kompensasiya tələb etmək hüququ yaranmamışdır. İddiaçının 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə xəstəlik müavinətinin ödənilməsi tələbi ilə bağlı onu qeyd etmək zəruridir ki, polis əməkdaşının xəstəliyə görə müalicə olunması ilə əlaqədar müavinətlərin DİN-in xx.xx.2019-cu il tarixli, Ə893-001-19 nömrəli əmrinə əsasən əməkdaşdan hər-hansı raport və əlavə sənəd tələb edilmədən ildə bir dəfə verilməsi barədə əmr xx.xx.2020-ci il tarixdə qüvvəyə minmişdir. Həmin tarixədək DİN-in xx.xx.2005-ci il tarixli 35/XİÜ nömrəli Əmrinə əsasən əməkdaşa qeyd olunan müavinətlərin verilməsi üçün DİN-in Hospitalından və ya müvafiq poliklinikasından konkret olaraq müalicəyə dair verilən arayışın İdarəyə rəsmi olaraq raportla təqdim etdikdən sonra ödənilməsi qaydası müəyyən olunmuşdur. Lakin İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixinədək bu qaydada heç bir müraciət qeydə alınmamışdır. Buna görə də onun qeyd olunanlar üçün müavinət almaq hüququ yaranmamışdır. Göründüyü kimi qanunvericilik aktının tələbləri dəqiq və birmənalı olsa da, buna əməl edilməmişdir. Lakin məhkəmə "tibbi arayışlar və epikrizlər əsasında ağlabatan mühakimə apararaq” onun xəstəlik müavinəti almaq hüququnun yarandığı qənaətinə gəlmişdir. Məlum olduğu kimi şəxslərin hüquqlarının realizə edilməsi onların iradəsi əsasında və qanun çərçivəsində həyata keçirilir. Hazırki mübahisədə qeyd olunan illər üçün xəstəlik müavinətinin təyin olunması üçün tələblər DlN-in xx.xx.2005-ci il tarixli, 35/XİÜ nömrəli Əmrində dolğun formada əks olunmuş, ancaq iddiaçı tərəfindən hüquqlarının realizəsi üçün heç bir addım atılmamış, bununla belə məhkəmə tərəfindən “ağlabatan mühakimə” anlayışı səhv başa düşülərək şəxsin iradəsinə şamil olunmuş, nəticə olaraq aktın tələblərinə zidd olaraq və şəxsin iradəsinə müdaxilə edilərək düzgün olmayan hüquqi nəticəyə gəlinmişdir. Məhkəmə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsinin iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsinin isə cavabdehin üzərinə düşdüyünü qeyd edərək, iddaçının iddianı sübut etdiyi, cavabdehin isə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyini qeyd etmişdir. Bu zaman məhkəmə tərəfindən qərarda gəlinən və yuxarıda qeyd olunan düzgün olmayan nəticələr əsasında daha bir yanlış hüquqi nəticəyə gəlinmişdir. Göründüyü kimi əsasında duran hüquqi nəticələr düzgün olmadığı və öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu təsdiq edən əsaslar məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, onlara yanlış hüquqi qiymət verildiyinə görə qərarda göstərilmiş bu nəticə də əvvəlki nəticələr kimi həqiqəti əks etdirməməklə birlikdə, qanunsuz və əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı özü tərəfindən verilən apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi nümayəndəsi olduğu inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsi xahiş etmişdir. Məhkəmə kollegiyasının növbəti iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəmə kollegiyasında müraciət edərək bildirmişdir ki, iddiaçının əvvəlki məhkəmə iclasında sadaladığı mülahizələri əsassızdır. Təqdim etdikləri sübutlarda və apellyasiya şikayətində iddianın əsassızlığı barədə kifayət qədər dəlillər məhkəmənin diqqətinə çatdırılmışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmələri, eyni tarixdə Şirvan İnzibati Məhkəməsində 2-1(120)-407/2023 saylı məhkəmə işində cavabdehin nümayəndəsi qismində iştirak etməyini nəzərə alaraq, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və özlərinin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cavabdeh Nəsimi rayon Mühafizə İdarəsində xidmət etmişdir. İstifadə edilməyən məzuniyyətlərə görə kompensasiyanın və xəstəlik müavinətinin ödənilməsi üçün müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçıya 1994, 1995. 1996, 1997, 1998. 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın və 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə xəstəlik müavinətinin ödənilməməsi işin mübahisəsiz hallarındandır. İddiaçı Nəsimi rayon Mühafizə İdarəsinə təqdim ediləsi üçün DİN-in 1 saylı poliklinikası tərəfindən verilmiş 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə tibbi arayışlar və epikrizlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: Maddə 37. İstirahət hüququ İ. Hər kəsin istirahət hüququ vardır. İİ. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”:

88. Əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir.

97. Daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir. Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə, təsdiq edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”:

9. ... Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir.

13. ... Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir. Qanunvericiliyin tələbinə əsasən qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Cavabdeh apelyasiya şikayətində DİN BMİ-nin xx.xx.2008-ci il tarixli 17/6-5-32 nömrəli göstərişinə istinad edərək iddiaçıya 1994, 1995. 1996, 1997-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməməli olması və polis əməkdaşları üçün 1998-ci ildən hesablanmalı olmasını qeyd etmişdir. Belə ki, həmin göstərişə görə istifadə edilməyən əsas məzuniyyətlərə görə kompensasiya polis əməkdaşlarına 1998-ci ildən etibarən hesablanmalıdır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin digər bir dəlili qismində göstərilmişdir ki, iddiaçının 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə xəstəlik müavinətinin ödənilməsi tələbi ilə bağlı onu qeyd etmək zəruridir ki, polis əməkdaşının xəstəliyə görə müalicə olunması ilə əlaqədar müavinətlərin DİN-in xx.xx.2019-cu İl tarixli, Ə893-001-19 nömrəli əmrinə əsasən əməkdaşdan hər-hansı raport və əlavə sənəd tələb edilmədən ildə bir dəfə verilməsi barədə əmr xx.xx.2020-ci il tarixdə qüvvəyə minmişdir. Həmin tarixədək DİN-in xx.xx.2005-ci il tarixli 35/XİÜ nömrəli Əmrinə əsasən əməkdaşa qeyd olunan müavinətlərin verilməsi üçün DİN-in Hospitalından və ya müvafiq poliklinikasından konkret olaraq müalicəyə dair verilən arayışın İdarəyə rəsmi olaraq raportla təqdim etdikdən sonra ödənilməsi qaydası müəyyən olunmuşdur. Lakin İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixinədək bu qaydada heç bir müraciət qeydə alınmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Konstitusiya ilə nəzərdə tutulan əsas hüquqların həyata keçirilməsi qaydasının tənzimlənməsi və ya bu hüquqların həyata keçirilməsində məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini nəzərdə tutan qanun norması aydın və dəqiq olmalıdır. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsində hər hansı məhdudiyyət nəzərdə tutulmamış və bu məsələni tənzimləmək və qaydalar müəyyən etmək səlahiyyəti cavabdehə həvalə edilməmişdir. İddiaçının 1998, 1999 və 2000-ci illər üzrə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsindən imtinanın əsası kimi isə sənədlərin aşkar olunmaması göstərilmişdir. Qeyd edilən hal iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas verə bilməz Bundan əlavə, cavabdeh iddiaçının 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə xəstəlik müavinətinin ödənilməsi üçün müalicəyə dair arayışları raportla təqdim etməməsini qeyd etsə də, iddiaçının Nəsimi rayon Mühafizə İdarəsinə təqdim edilməsi üçün DİN-in 1 saylı poliklinikası tərəfindən verilmiş 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə tibbi arayışlar və epikrizlər özlüyündə ağlabatan mühakimə əsasında həmin illərdə qeyd edilən müalicəyə dair arayışların raportla Nəsimi rayon Mühafizə İdarəsinə təqdim edilməsi qənaətinə gəlməyə əsas verir. Bundan başqa, iddiaçının apelyasiya şikayətinin dəlillərinə münaisbətdə məhkəmə kollegiyası qeyd edir ki, 2020-ci il üçün iddiaçıya 754,50 manat müalicəyə görə müavinət pulu ödənilməsi təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş 10 nömrəli pul attestatından və "xxxx" ASC tərəfindən verilmiş ödəniləcək hesablara dair çıxarışdan görünür ki, iddiaçıya 754,50 manat ödənilmişdir. Bütün qeyd olunanların məcmusunda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın və 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə müalicəyə görə xəstəlik müavinətinin hesablanaraq ödənilməsinin Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayətlər təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2094/2023 saylı, 04 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar