Məhkəmə qərarları › İş №2-1(103)-2962/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2962/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2962/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsı tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2793/2023 saylı 14 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının xidmət illərinin 31 il 05 ay 23 gününün xx.xx.2017-ci il tarixdən 2%-lə hesablanaraq verilməsinin ləğv edərək 3%-lə yəni 84,4%- lə hesablanaraq hər ay 2355 manat pensiya verilməsi, xx.xx.2017-ci il tarixdən qərar icra olunan aya kimi kəsilərək ödənilməmiş 111 manatın və hər il üçün 5% cavabdehdən alınaraq ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Azərbaycan Respublikasının daxili işlər orqanlarında (“DİO”) güzəştli xidmət illəri ilə birlikdə 31 il 5 ay 23 gün (güzəştli xidmət illəri 11 il 5ay 23 gün) xidmət etdikdən sonra 1 mart 2011-ci ildə xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ilə təyin olunmuşdur. Lakin natamam ildəki iş stajı 5ay 23 gün yəni 1,42% əmək pensiyasına hesablanmayıb əgər hesablansaydı əmək pensiyası 84,42% olardı, Bununla da 2022-ci il sentyabr ayına kimi 11 il 6 ay ərzində təminat xərcliliyinin 2212.60 manat olduğu nəzərə alındıqda, 1.42% görə (ayda 22.12 manat) 3052.56 manat verilməyib. Eləcə də 7 ildən sonra konstitusiya normasına zidd olaraq Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli fərmanını əsas götürərək 11 il 5ay 23 gün illərin hər ili 3% ilə hesablanaraq pensiyası 2018-ci il mart ayından 11 il 5 ay 23 gün illərin hər ili 2%-ə endirərək verilir. Bununla da 2018-ci il mart ayından hal-hazıra yəni 2022-ci il sentyabr ayına kimi hər ay əmək pensiyasından 65 manat kəsilərək ödənilməklə iddiaçıdan 3575 manat tutulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yazmış olduğu məktubun cavabı əsassızdır. Belə ki, cavabdehə təqdim etdiyi sənədlərlə tələbinin qanuni olması öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndi əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının gözlənilməsi və qorunması qanunvericilik, icra və məhkəmə orqanlarının borcudur...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırmışdır: “...Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 11 mart 2011-ci il tarixli 171 nömrəli məlumat vərəqəsinə əsasən iddiaçıya xx.xx.2011-ci il tarixdən 31 il 5 ay 23 gün (təqvimi xidmət illəri 22 il 6 ay 14 gün, ali təhsil müddəti 2 il 6 ay, güzəştli xidmət illəri 6 il 5 ay 9 gün) xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla, 1 mart 2018-ci il tarixədək 'Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq 31 il 5 ay 23 gün xidmət müddətinə görə təminat xərcliyinin (1655,65 manat) 83 faizi (20 ilə görə 50 faiz, 11 ilə görə 33 faiz (11x3)) - 1374,19 manat məbləğində əmək pensiyası ödənilmişdir. 1 mart 2018-ci il tarixdən iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğinə əsasən əmək ona ödənilən əmək pensiyası 1477,94 manat müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixdən iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 1057,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə362,10 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə 369,95 manat, xüsusi işə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə1211,40 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 2214,45 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20- ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əməkpensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək censiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan caydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam o madıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (11) hər ili üçün 2 faiz tətbiq edilməklə (11x2) təminat xərcliyinin 22 faizi; natamam ildəki iş stajı aylarının sayına (5 ay) mütənasib olaraq təminat xərclyinin 0,83 faizi. İddiaçıya ödənilən əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 72,83 faiz təşkil edir. Qeyd olunanlara əsasən 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (1655,65 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (2214,45 manat) arasındakı fərq məbləğinin (558,80 manat) 72,83 faizi406,97 manat 1 mart 2018-ci il tarixədək olan pensiyanızın (1374,19 manat) üzərinə əlavə olunmaqla 1781,16 manat məbləğində əmək pensiyası müəyyən edilməklə iddiaçıya məxsus kart hesabına köçürülür. Eyni zamanda, iddiaçının müraciəti ilə əlaqədar cavabdeh orqan tərəfindən aparılan araşdırma zamanı onun əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir Bu səbəbdən də əmək pensiyası yenidən hesablanaraq 1781,16 manat müəyyən edilmiş, həmçinin keçmiş müddət üçün ona ödənilməli olan 47,44 manat pul vəsaiti hesablanmışdır. Həmin keçmiş müddət üçün hesablanmış 47,44 manat pul vəsaiti 13 oktyabr 2022-ci il tarixdə iddiaçının əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. xx.xx.2022-xx.xx.2022-ci il tarixlər arasındakı dövr üzrə İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-178,12 manat maddi yardım ödənilib. Göründüyü kimi, İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanmış və pensiya məbləğinin yenidən hesablanması üçün əsaslar mövcud deyildir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2793/2023 saylı 14 aprel 2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “...Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 11 mart 2011-ci il tarixli 171 nömrəli məlumat vərəqəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin xx.xx.2011-ci il tarixli 11/725 nömrəli qərarı ilə xx.xx.2011-ci il tarixdən “Əmək pensiyaları haqqnda” Qanunun 20.14.1-ci maddəsinə əsasən 31 il 5 ay 23 gün (təqvimi xidmət illəri 22 il 6 ay 14 gün, ali təhsil müddəti 2 il 6 ay, güzəştli xidmət illəri 6 il 5 ay 9 gün) xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdən etibarən pensiya məbləği artım faizi 72.83 % olmaqla, yenidən hesablanmışdır.Həmin hesalama qaydası ilə raılaşmır. Belə ki, 1 mart 2011-ci ildə 31 il 5 ay 23 gün xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ilə təyin olunmuş, lakin natamam ildəki iş stajı 5 ay 23 gün yəni 1,42% əmək pensiyasına hesablanmamışdır, əgər hesablansaydı əmək pensiyası 84,42% olardı. Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində xx.xx.2017-ci il tarixdən etibarən 20 ildən yuxarı xidmətin hər ili üçün 2%-i miqdarında əlavə nəzərdə tutulmuşdur, iddiaçıya pensiya təyin ediləndən 7 ildən sonra Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli fərmanını əsas götürərək 11 il 5ay 23 gün illərin hər ili 3% ilə hesablanaraq pensiyasını 2018-ci il mart ayından həmin illərin hər ili 2%-ə endirərək yəni 72,4% hesablanması Konstitusiynın 149-cu maddəsinin tələbinə ziddir. Həmin Qanunun 20.14.1-ci maddəsində mötərizədə qeyd edilmiş “müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə 3% miqdarında əlavə”ni ona münasibətdə tətbiq etməməsi əsassızdır İddia etdiyi natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq faizin hesablanması yuxarıda da qeyd edildiyi kimi yalnız həmin normaya 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla edilmiş əlavə ilə daxil edilmiş və həmin norma məhz xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Başqa sözlə, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş Qanunla iddiaçının pensiya faizinin hesablanmasında natamam illərə görə təminat xərcliyi faizinin hesablanması ilə bağlı norma (qayda) mövcud olmadığından inzibati orqanın məhz 83%-lə hesablamanı aparması qanuni olmuşdur. Təsadüf deyil ki, inzibati orqan məhz xx.xx.2017-ci il tarixdən sonra yenidən hesablama zamanı Qanunun 20.14.1-ci maddəsinin qüvvədə olan yeni redaksiyasına əsasən natamam ildəki iş stajı aylarını da təminat xərcliyinin faizinin hesablanması zamanı nəzərə almışdır. Odur ki, istinad etdiyi pensiyanın düzgün hesablanmaması ilə bağlı birinci dəlili öz təsdiqini tapmır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası xx.xx.2017-ci ilədək pensiya təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanmasını pensiya təyin edən orqanın mülahizəsinə və ya pensiyaçının seçiminə buraxmamış, yenidən hesablamanın imperativ qaydasını müəyyən etmişdir. xx.xx.2011-ci ildən ilkin olaraq təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra 1 mart 2018-ci il, daha sonra 1 sentyabr 2019-cu il tarixindən xidmət etdiyi orqan tərəfindən daxil olmuş məlumata əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə maaşı artırıldığından Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyası yenidən hesablanmış, bu zaman Qaydanın 2.5-ci bəndinə əsasən pensiya mələği faizi 72,83 %-lə hesablanmışdır. Belə ki, adıçəkilən Qaydanın 2.5-ci bəndindəki hesablama qaydasına uyğun olaraq pensiya artım faizi 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi+ 20 ildən artıq xidmət müddəti olan 11 ilin hər ili üçün 2 faiz tətbiq edilməklə (11x2) təminat xərcliyinin 22 faizi+ natamam ildəki iş stajı aylarının sayına (5 ay) mütənasib olaraq təminat xərclyinin 0,83 faizi (5 ay/12x2%) olmaqla təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 72,83 %- faiz təşkil edir. Hərbi qulluqçu deyil, daxili işlər orqanının sabiq əməkdaşıdır və ona pensiya hesablanarkən Qanunun 20.14.1-ci maddədə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla hesablama aparılmalıdır...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-2835/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 612/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya məhkəməsinin həmin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmə həmin qərarının 44-45-ci bəndlərində aşağıdakıları qeyd etmişdir: “...Natamam ildəki iş stajının, yəni 5 ay 23 gün müddətinin hesablanmasına (“Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında olan mətn üzrə) münasibətdə, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində müəyyən edilmiş normativ hüquqi aktların “fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran” müddəası tətbiq edilməlidir (b.44). Həmçinin məhkəmə kollegiyası ayrıca olaraq “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında mövcud olan hər il üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunması məsələsinin hazırkı işin düzgün həll olunması baxımından xüsusi önəm daşıdığını qeyd edir. ...burada xüsusi olaraq Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5- ci bəndinə diqqət yetirilməlidir (həmin Fərman Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir. b.45) Sözügedən bəndin ən diqqət çəkici məqamı ondan ibarətdir ki, “Əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır” müddəası şəklində müəyyən edilmişdir, yəni təminat xərcliyindəki faktiki artımın məbləği müvafiq təminat xərcliyin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır (yuxarıda artıq göstərildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin sözügedən 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı 15 dekabr 2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edildiyindən bu Qayda xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuşdur). Sözügedən Qaydanın 2.5-ci bənddəki qeyd edilən müddəa “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin nə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasında, nə də həmin maddənin xx.xx.2017-ci il tarixdən sonrakı yeni redaksiyasında olmamışdır, yəni müvafiq təminat xərcliyinə edilən əlavələr, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı. Başqa sözlə, pensiyalara olan həmin əlavə müvafiq təminat xərcliyinin artım məbləğinə nisbətdə deyil, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı (b.51). Lakin inzibati mübahisəni həll etmiş apellyasiya instansiyası məhkəməsi, sözügedən qanunvericilikdə mövcud olan həmin hüquqi məqamları nəzərə almadan, onları incələmədən və araşdırmadan iş üzrə qanuna uyğun olmayan və əsassız məhkəmə qərarı qəbul etmişdir (b.52)...” İşin təkrar apellyasiya icraatı: Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdiriilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1 iyul 2017-ci il tarixdən 20 ildən yuxarı stajının hər ili üçün təminat xərcliyinin 3 faizindən olmaqla, əmək pensiyasının yenidən hesablanmasını və yaranacaq fərq məbləğinin ona verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, onun həmin ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayətinə və həmin iddia tələbinə etiraz edərək iddia ərizəsinə etirazda göstərilənlərə uyğun ifadə tərzində birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və İPM-in 96.11-ci maddəsinin tələbləri qaydasında Ali Məhkəmənin qərarında ifadə olunan hüquqi mövqeyi nəzərə alınmaqla, iş materiallarını yenidən apellyasiya qaydasında araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. İddiaçının dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi, cavabdehə qarşı iddia tələbində 1 iyul 2017-ci il tarixdən etibarən 20 ildən yuxarı xidmət illərinin hər ili üçün təminat xərcliyinin 3 faizindən olmaqla, əmək pensiyasının yenidən hesablanmasını və yaranacaq fərq məbləğinin ona ödənilməsini verilməsi haqqında qərar qəbul edilməsini məzkəmədən tələb etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, aşağıdakılara görə iddiaçı tələbində haqlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin iddiaçıya əmək pensiyası təyin olunarkən qüvvədə olmuş redaksiyası, qulluq stajına görə əmək pensiyasına aşağıdakı ələvinin təyin olunması nəzərədə tuturdu: - “hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla,” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93) 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir. Konkret halda, AR DİN-nin DSMF-yə təqdim olunan məlumat vərəqəsinə əsasən xx.xx.2011-ci il tarixdən iddiaçıya 31 il 5 ay 23 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi təminat xərcliyinin 83 faizi miqdarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi və bu zaman “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin qeyd olunan tələbinə müvafiq olaraq onun 20 ildən yuxarı hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavənin hesablanması işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Qeyd olunmalıdır ki, qanuna edilən dəyişikliyin qüvvəyə mindiyi 1 iyul 2017-ci il tarixinədək, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018- ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” mövcud olmamışdır. Lakin işin mübahisələndirilən hallarından göründüü kimi, cavabdeh inzibati orqan tərəfindən həmin Qaydanın 2.5-ci bəndinə istinad edilərək, iddiaçının pensiyası artım faizi 72,83 faiz (20 il üçün 50% + 20 ildən artıq hər il üçün 2% olmaqla 11 il 5 ay üçün 22,83%) olmaqla, xx.xx.2018-ci il tarixdən yenidən hesablanmışdır. Halbuki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi baxımından, həmin “Qayda” hüquqi vəziyyətini ağırlaşdırdığından iddiaçıya münasibətdə tətbiq olunaraq, onun xidmət ilinin 20 idən artıq hər ili üçün təminat xərcliyinin 2 fazindən əlavə hesablaması yolverilməzdir. Əksinə, iddiaçıya münasibətdə nəzərə alına bilən hal yalnız ondan ibarət ola bilərdi ki, qeyd olunan dəyişikliyə görə mübahisələndirilən əlavə hesablanarkən, iddiaçının xidmət “ili tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına” mütənasib olaraq hesablanmasına münasibətdə, onun hüquqi vəziyyətini yüngülləşdirən hal kimi tətbiq olunaraq, natamam ilinin ayları (5 ay 23 gün) da, nəzərə alınmalı idi. Digər tərəfdən, konkret halda, sözügedən “Qayda”nın iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran və cavabdeh tərəfindən iddiaçıya münasibətdə tətbiq edilən 2.5-ci bəndində təsbit olunan müddəa “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişiklikdən sonrakı redaksiyasında da olmamışdır. Ümumiyyətlə, ən azından, Konstitusiyanın 148-149-cu və “Normativ-hüquqi aktilar haqqında” Konstitusiya Qanunun 2.4-cü maddsininn tələbi baxımından, qanun fərman və ya digər normativ hüquqi aktlardan üstün hüquqi qüvvəyə malikdir. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, hazırkı cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının dəqiqləşdirilmiş iddia tələbinə müvafiq yenidən hesablanmasını zəruri edən faktiki şərtlər sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən onun həmin tələbinin mtina ilə qarşılanması onun hüquqlarını pozmuş olur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmamış, məhkəmənin iddianın rədd olunması barədə gəldiyi nəticə əsassızdır. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2793/2023 saylı 14 aprel 2023-cü il tarixli qərarı ləğv edilməli, iddiaçının hazırkı mərhələdə təqdim etdiyi dəqiqləşdirilmiş iddia tələbi təmin edilməli və onun əmək pensiyası - 1 iyul 2017-ci il tarixdən 20 ildən yuxarı olan xidmət illərinin hər ili üçün (natamam ilinin ayları da daxil olmaqla) təminat xərcliyinin 3 faizi miqdarında əlavə nəzərə alınmaqla, yenidən hesablanması və pensiyasında yaranacaq fərq məbləğinin ona ödənilməsinin vəzifəsi cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2793/2023 saylı 14 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia (dəqiqləşdirilmiş) təmin edilsin. İddiaçı əmək pensiyası - 1 iyul 2017-ci il tarixdən, 20 ildən yuxarı olan xidmət illərinin hər ili üçün (natamam ilinin ayları da daxil olmaqla) təminat xərcliyinin 3 faizi miqdarında əlavə nəzərə alınmaqla, yenidən hesablanması və pensiyasında yaranacaq fərq məbləğinin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar