Məhkəmə qərarları › İş №2-1(103)-2963/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2963/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2963/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi X2, Üçüncü şəxs Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi X4, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X8, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi) “kirayə müqaviləsinin bağlanması üçün sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6863/2021 saylı, 15 sentyabr 2021- ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı X8 üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-ə dair onunla sosialkirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsinin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə və sərəncamdan irəli gələn öhdəliyin icrasını isə yəni sosial kirayə müqaviləsinin bağlanmasını Suraxanı Mənzil Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Vətən Müharibəsi iştirakçısı kimi və hal-hazırda təxris olunmamış, Vətən Müharibəsi qazisi kimi Suraxanı İcra Hakimiyyətinə sosial kirayə müqaviləsinin onunla bağlanmasına dair ərizə ilə müraciət etmişdir. Suraxanı İcra Hakimiyyətinin 26 aprel 2021-ci il tarixli Ə 123-068 saylı cavab məktubu ilə bildirilmişdir ki, Suraxanı rayonu Qaracuxur qəsəbəsi 4048-ci məhəllə ev 10, mənzil 3 mübahisə predmeti olduğundan müraciətinin həlli RİH-nin səlahiyyətləri xaricindədir. Suraxanı rayonu Qaracuxur qəsəsəbəsi 4048-ci məhəllə ev 10, mənzil 3 mübahisə predmeti olduğu zamandan da qabaq o, həmin ünvanda yaşamışdır, həmin ünvana 2014cü ildə qeydiyyata düşmüşdür və yaşadığı ünvandan hərbi xidmətə cağrılmışdır. Məhkəmə çəkişmələri zamanında mübahisə predmeti olan Suraxanı rayonu Qaracuxur qəsəbəsi 4048/49-cu məhəllə ev 10 mənzil 3-ün hansı təşkilatın balansında olması müəyyənləşdirilməmiş, hətta Suraxanı RİH və Suraxanı MKTB mübahisəni bilmiş, qanunun tələbinə əməl etmədən qərəzli formada susmuşdular. Araşdırmalar zamanı məlum olmuşdur ki, Suraxanı rayonu Qaracuxur qəsəsəbəsi 4048/49-cu məhəllə ev 10 mənzil 3 Dövlət Mənzil Fonduna məxsus olmaqla Suraxanı rayon MKTB-nin balansındadır. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti MKTB Departamentinin 18 may 2021-ci il tarixli 359 saylı cavab məktubunda mübahisəli mənzilin yerləşdiyi binanın Suraxanı MKTB-yə məxsus olduğu təsdiqini tapmışdır. Lakin uzun müddət mübahisə predmeti üzrə məhkəmə çəkişmələri olsa da nə məhkəmələr tərəfindən mənzilin hansı təşkilata məxsus olması aydınlaşdırılmamış, nə də müvafiq təşkilatların öz təşəbbüsləri ilə tərəf kimi məhkəmə proseslərinə cəlb edilməsi barədə məhkəmələrə müraciət edilməmişdir. İddia üzrə 3-cü şəxs X3 “yaşayış veri üzrə pasport qeydiyyatına alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə iddiası 2-saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-2094 №li 23 iyun 2017-ci il tarixli qərarı ilə rədd edilmişdir. Həmin qərardan X8 apellyasiya şikayəti vermiş, Apellyasiya Məhkəməsinin 2-1(103)-2128 saylı 07 dekabr 2017-ci il tarixli qərarı ilə Babayeva Badamxanımın apellyasiya şikayəti təmin edilməmişdir. Yenə də X8 apellyasiya instansiyası məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 2-1(102)-632 saylı 10 aprel 2018-ci il tarixli qərarı ilə Badamxanım Əliyevanın kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya İnzibati-İqtisad Kollegiyası yenidən 07 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddia üzrə 3-cü şəxs X5 qarşı X11 tərəfindən verilmiş “yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə” dair iddia tələbi 26 fevral 2015-ci ildə 2(010)-1268 saylı qətnamə ilə təmin edilmiş, X3 Suraxanı rayonu Qaracuxur qəs. 4048/49-ci məhəllə ev 10, mənzil 3-ə olan hüququ itirilmiş hesab edilmişdir. İş üzrə cavabdeh X8 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi 26 avqust 2015-ci il tarixli 2(103)-6040 saylı qərdadı ilə cavabdeh X3 apellyasiya şikayətinin geri qaytarılması barədə Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qərardadı əsaslı hesab edilmiş və qüvvədə saxlanılmış, Ali Məhkəmənin MK-sı 17 noyabr tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2015-ci il tarixli 2(103)-6040 saylı qərdadını ləgv etmiş iş yenidən baxılmaq ücün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi yenidən işi araşdırmış və 13 yanvar 2016-ci il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qərardadını dəyişdirmədən qüvvədə saxlamışdır. Babayeva Badamxanım yenidən Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2016-ci il tarixli qərardadından Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmə 02 iyun 2016-cı il tarixli 2(102)-2008 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2016-ci il tarixli qərardadını əsaslı hesab etmiş, qüvvədə saxlamışdır. X1 qanuni qüvvəsini almış məhkəmə qərarları ilə yaşayış yeri üzrə pasport qeydiyyatına alınması və yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək məhkəmədən ünvan 1 ünvanına dair onunla sosial-kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6863/2021 saylı, 15 sentyabr 2021- ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı X8 və Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “kirayə müqaviləsinin bağlanması üçün sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. 22.10.2021-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6863/2021 saylı, 15 sentyabr 2021- ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilərək, qərardadda qeyd edilən üç elementin də onun iddiasında nəzərdə tutulduğu qeyd edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Eyni zamanda X8, X14, X9 həmin ünvanda qeydiyyatdadırlar. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 28.04.2021-ci il tarixli 01-9/44 saylı məktubunda və Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 18.05.2021-ci il tarixli 359 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən yaşayış binası Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin X13 ünvanladığı 26.04.2021-ci il tarixli Ə123- 068 saylı məktubunda qeyd olunmuşdur ki, sözügedən mənzilə iddialı olan vətəndaş X3 iddiasına əsasən 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1 (82)-155/2017 saylı, 25.01.2017-ci il tarixli qərarı ilə anası X10 adına kirayə müqaviləsinin bağlanılmasına dair Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27.02.2014-cü il tarixli 22 nömrəli Sərəncamı ləğv edildiyindən və hazırda sözügedən mənzil tərəflər arasında mübahisə predmeti olduğundan müraciətinin həlli RlH-in səlahiyyətləri xaricindədir. Birinci instansiya məhkəməsi qərarını iddiaçının hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3781/2020 №li iş üzrə çıxartdığı 01.07.2021-ci il tarixli qərardaddan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı iş üzrə qəbul etdiyi 26.04.2019-cu il tarixli qətnaməsi ilə X3 iddiasının təmin olunması, Bakı şəhəri, ünvan 7 ünvanından cavabdehlər X14, X9 və İddiaçı çıxarılmaları qət edilmiş, həmin qətnamədən cavabdehlər X9 və X14 tərəfindən birgə verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)3781/2021 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı iş üzrə qəbul etdiyi 26.04.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsindən cavabdeh İddiaçı nümayəndəsi X9 tərəfindən imzalanmış kassasiya şikayəti geri qaytarılaraq, kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməməsi qərara alınmışdır. Göründüyü kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı iş üzrə qəbul etdiyi 26.04.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, ünvan 7 ünvanından çıxarılmaları qət edilmiş və qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iş üzrə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı mübahisəli mənzil üzrə kirayə müqaviləsinin bağlanması üçün sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyasi hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6863/2021 saylı, 15 sentyabr 2021- ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar