Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2963/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2963/2022 (Açar sözlər:”şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi və ödənilməsi”) Bakı şəhəri 19 dekabr 2022-ci il Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2388/2022 saylı 07 iyun 2022-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı Tərtər Rayon Polis Şöbəsi tərəfindən 08 iyun 2017-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir.
2. Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qaraağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ailə tərkibi haqqında 603 nömrəli xx.xx.2021-ci il tarixli arayışının surətindən görünür ki, arayış Tərtər rayon Qapanlı kənd sakini İddiaçı verilir ondan ötrü ki, o, Tərtər rayon Qaraağacı kənd 120-nin Qapanlı kəndində daimi qeydiyyatdadır, həmin kənddə yaşayır və aşağıda göstərilən ailə üzvləri var: özü – İddiaçı, arvadı – X16, oğlu – X14, oğlu – X10, qızı – X11.
3. Şəhid statusunun verilməsi barədə 114 №-li xx.xx.1996-cı il tarixli qərarın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 26 aprel 1994-cü il tarixdə Qarabağda erməni təcavüzkarları nəticəsində həlak olmuş X8 şəhid statusu verilməsi qərara alınmışdır.
4. AZ-İİ 047894 №-li Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X9 27 noyabr 2019-cu il tarixdə Tərtər rayonu, Qapanlı kəndində qocalıq generalizə olunmuş və dəqiqləşdirilməmiş at-dan dünyasını dəyişmişdir.
5. 5074303 №-li Hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı qeyri-döyüş xidmətinə uyğundur.
6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 166 №-li arayışının surətindən görünür ki, arayış 1967-ci il təvəllüdlü İddiaçı ondan ötrü verilir ki, o, həqiqətən Tərtər RHK qərarı ilə “Xəstəliklər cədvəli”nin 1-ci qrafasının 92-ci maddəsinin “b” bəndinə (Əmr № 185, 1973-cü il) əsasən xx.xx.1985-ci il tarixdə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründəməhdud yaralı” hesab edilmişdir. Təkrar tibbi müayinədə Tərtər RHK qərarı ilə “Xəstəliklər cədvəli” nin 1-ci qrafasının 30-cu maddəsinin “b” bəndinə (ƏMR № 30, 1997-ci il) əsasən xx.xx.1997-ci il tarixdə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralı” hesab edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 Şəxsin 5 saylı Regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli arayışının surətindən görünür ki, arayış İddiaçı ondan ötrü verilir ki, o, həqiqətən DSMF publik hüquqi şəxsin 5 saylı regional ərazi filialından xx.xx.1994-cü ildən xx.xx.2016-cı ilə qədər 3-cü qrup əlilliyə görə sosial müavinət alıb. xx.xx.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunub və hüquq yarandığı xx.xx.2016-cı il tarixdən ötən dövr pensiya tam ödənilib və hal-hazırda 259,78 manat əmək pensiyası alır.
8. DSMF-nin Tərtər rayon şöbəsi tərəfindən verilmiş 138064 №li vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ümumi xəstəlikdən 2-ci qrup əlillik dərəcəsi verilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2021-ci il tarixli **********7 nömrəli imtina məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialından xx.xx.2021-ci il daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezdentinin təqaüdü”nü qeyd olunan ailə üzvlərinin ər, arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar (uşaq evlərində tərbiyə olunanlar), qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələrin almaq hüququ vardır. Əyani təhsil alan uşaqlara, qardaş və bacılara Prezident təqaüdü təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənilir. Müraciətlə əlaqədar bildirmişlər ki, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaların 6-cı bəndində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Məlumat üçün bildirilmimişdir ki, X2 X23 Sisitemində 096783 saylı ilkin müayinə arayışında əlillik müddəti xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixinədək müəyyən edilmişdir. İddiaçıya ilkin əlillik 27 yaşınında müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq bildirmişlər ki, 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar şəhid ailə üzvü hesab ediİdiyindən, iddiaçıya isə ilkin əlillik 27 yaşında müəyyən olunduğuna görə şəhid ailəsi üçün verilən Azərbaycan Respublikası Prezdentinin təqaüdünün təyin olunması qanunvericiliyin tələbləri baxımından uygun hesab edilmir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2021-ci il tarixli **********1 nömrəli imtina məktubu ilə məhkəməyə göndərilmiş İddiaçı təqaüd işi ilə bağlı inzibati icraat materiallarının surətindən görünür ki, İddiaçı TSERAS-da 096783 saylı arayışında əlilliyi xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək təyin edilmişdir. Bu zaman vətəndaşın əlillik müddəti 27 yaşı tamam olduğu dövrə istinad edir, yəni 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına əlilliyini təsdiq edən TSERAS-ın arayışı təqdim olunmamışdır.
11. Məhkəmənin sorğusuna cavab olaraq Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təqdim etdiyi 2196 nömrəli xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı, 1967-ci il təvəllüdlü, xx.xx.1980-cı il tarixdə X18 adına Milli Oftalmologiya Mərkəzinin “Uşaq” şöbəsində (X18 adına X5 İnstitutu) stasionar müalicədən evə yazılmışdır. Xəstəlik tarixi № 1450
12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktub və ona qoşma olan sənədlər.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı (üçüncü şəxs: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 Şəxsin 5 saylı Regional Ərazi Filialı) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, uşaqlıqdan gözdən əlil olduğuna görə İİ dərəcə əlillik pensiyası təyin edildiyi üçün hazırki vəziyyətdə qanunvericiliyə uyğun olaraq şəhid atasına görə ailəsinə verilən və sonradan dayandırılmış Prezident təqaüdünün yenidən təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-174/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
15. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul ediməsi” kimi oxunması qərara alınmışdır. Həmçinin, həmin tarixli məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 Şəxsin 5 saylı Regional Ərazi Filialının üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir.
16. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. O, xx.xx.1994-cü ildən Tərtər Rayon Mərkəzi X4 «OD göz almasının subatrofiyası. OS yüngül hipermetropiya» diaqnozu ilə oftomoloji kabinetdə dispanser qeydiyyatına alınmış və bu səbəbdən də ona xəstəliyə görə əlillik, o cümlədən xx.xx.2016-cı ildən ümumi xəstəliyə görə İİ dərəcəli gözdən əlillik təyin edilmişdir. Lakin, iddiaçı əlil olduqdan sonra onun atası X24 oglu xx.xx.1994-cü ildə Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş və o vxtdan da ailəsi şəhid ailəsi statusu almışdır. Həmin vaxtı ailəsindən yalnız anası X7 şəhid ailəsi statusu daşımasına dair şəhidlik vəsiqəsi verilmiş, lakin sağlamlıq imkanları məhdud şəxs olduğuna baxmayaraq ona həmin vəsiqə verilməmişdir. Bu səbəbdən də anası həmin vəsiqəni aldığı vaxtdan vəfat etdiyi xx.xx.2019-cu ilədək qanunvericiliyə uygun olaraq hər ay atasına görə verilmiş şəhid pulunu almış, lakin anasının vəfat etdiyi 2019-cu ilin dekabr ayından sonra ailəsinə verilən həmin şəhid pulunun verilməsi dayandırılmışdır. Hesab edir ki, bu qanuna ziddir. Çünki iddiaçı uşaqlıqdan (13 yaşından) gözdən əlil olduğu və bununla əlaqədar ona İİ dərəcə əlilik pensiyası təyin edildiyi üçün hazırki vəziyyətdə qanunvericiliyə uyğun olaraq şəhid atasına görə ailəsinə verilən və sonradan dayandırılmış Prezident təqaüdü ona təyin edilməlidir. Belə ki, onun əlilliyi 27 yaşında müəyyən edilməsinə baxmayaraq, həmin əlillik sonradan qazanılmış deyil, 13 yaşı tamam olduğu tarixdən mövcud olduğundan, həmçinin o, gözdən əlil olaraq işləmədiyi üçün şəhid təqaüdü ilə dolandığından, hal-hazırda həmin şəhid təqaüdünə maddi ehtiyacı olduğundan cavabdehin üzərinə öhdəliklərin qoyulmasını tələb etməkdə haqlıdır. Ona görə də bu barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin ona ünvanlandırdığı xx.xx.2021-ci il tarixli, **********7 №-li məktubunda ona əlilliyini təsdiq edən VTEK sənədinin ona 18 yaşında deyil, 27 yaşında təqdim edildiyi səbəbindən atasının şəhid olması ilə əlaqədar Şəhid təqaüdünün təyin olunmasının qanuna müvafiq olmadığı bildirilmişdir. Ona görə də cavabdehin məktubunu qanunsuz və əsassız hesab edərək bildirir ki, cavabdehin hərəkətləri ilə onun hüquqlarını pozmuşdur.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 07 iyun 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
20. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından aydın olur ki, iddiaçı ona şəhid ailələri üçün nəzərdə tutulmuş prezident təqaüdünün ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət etmiş, iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraatın nəticəsi olaraq 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar şəhid ailə üzvü hesab edildiyindən, İddiaçı isə ilkin əlillik 27 yaşında müəyyən olunduğuna görə ona şəhid ailəsi üçün nəzərdə tutulmuş prezident təqaüdünün ödənilməsi barədə inzibati aktın qəbul edilməsi mümkün olmamışdır. Bundan sonra, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “şəhid ailələri üçün nəzərdə tutulmuş prezident təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, cavabdeh inzibati orqanın İddiaçı barədə qəbul etdiyi əlverişsiz inzibati akt əsaslıdır və iddiaçının sözügedən iş üzrə iddia tələbi təmin olunmamalıdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə görə, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar əlilliyi olan şəxs kimi səciyyə olunurlar. Əlilliyin müəyyən edilməsi, şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. Həmin qanunun 3.1-ci maddəsinə görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Həmin qanunun 4.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət TibbiSosial Ekspertiza və X1 1.1-ci bəndinə görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bənd 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.4 strukturuna daxıl olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək; Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.2 müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; 3.1.3 əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək; 3.2.5 tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 nömrəli qərarının 1-ci bəndinə əsasən, bu qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Həmin qərarın 2.3- cü bəndinə görə, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına (ailə üzvlərinə) təyin edilir. İş materiallarından məlum olur ki, İddiaçı üçüncü qrup ilkin əlillik dərəcəsi xx.xx.1994cü il tarixdə (27 yaşında) verilmişdir. Odur ki, iddiaçıya "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin olunması üçün şəhidin 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaq olmadığı üçün o, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 nömrəli qərarına əsasən şəhid ailə üzvü əhatə dairəsinə daxil edilmir.
21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2388/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.
22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh orqana hazırkı tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, iddiaçıya ilkin əlillik 27 yaşında müəyyən olunmuşdur.
23. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur.
24. Belə ki, iş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təqdim etdiyi 2196 nömrəli xx.xx.2021ci il tarixli məktubundan görünür ki, 1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-cı il tarixdə X18 adına Milli Oftalmologiya Mərkəzinin “Uşaq” şöbəsində (X18 adına Elmi -X15 İnstitutu) stasionar müalicədən evə yazılmışdır.
25. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 166 №li arayışından görünür ki, 1967-ci il təvəllüdlü İddiaçı Tərtər RHK qərarı ilə “Xəstəliklər cədvəli”nin 1-cı qrafasının 92 maddəsinin “b” bəndinə əsasən 30.04 1985-ci il tarixdə “Dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Təkrar tibbi müayinədə Tərtər RHK qərarı ilə “Xəstəliklər cədvəli”nin 1-ci qrafasının 30 maddəsinin "b” bəndinə əsasən xx.xx.1997-ci il tarixdə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. xx.xx.1985-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsində qeydiyyatdadır.
26. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktuba əlavə edilmiş iddiaçıya dair “Əlillik” altsistemindən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə ilk dəfə bir il müddətinə əlillik dərəcəsi, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya ilkin olaraq əlillik dərəcəsi xx.xx.1994-cü il tarixdə, yəni 27 yaşında təyin edilsə də, həmin əlilliyin təyin edilməsinə əsas olan sənəddə 18 yaşınadək (uşaqlıqdan) əlil (sağlamlıq imkanlarının məhdud olması) olması göstərilmişdir.
28. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı atası X8 xx.xx.1994-cü il tarixdən şəhid statusu verilmişdir.
29. İş materiallarından görünür ki, İddiaçı anası xx.xx.2019-cu il tarixdə ölmüşdür və ölən vaxta kimi mərhuma “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” verilmişdir.
30. Hazırkı iş üzrə iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun təsdiq edilməsi 18 yaşına çatdıqdan sonra, yəni iddiaçının 27 yaşına təsadüf etsə də, iş materialları ilə onun uşaqlıqdan qüsurlu olması təsdiq edilir, sadəcə əlil statusunun ona verilməsi 27 yaşında rəsmiləşdirilmişdir.
31. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun təsdiq edilməsi 18 yaşına çatdıqdan sonra, yəni 27 yaşına təsadüf etsə də, onun uşaqlıqdan sağlamlıq imkanları məhdud olması (əlil), sadəcə əlil statusunun ona verilməsi 27 yaşında rəsmiləşdirildiyindən, həmçinin iddiaçının şəhid ailəsi olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir.
32. Məhkəmə öz mövqeyini, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi” Qaydalarının 1-ci bəndinə, Həmin Qaydaların 2-ci bəndinə, Həmin Qaydaların 7-ci bəndinə, Həmin Qaydaların 8-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
33. Qərardan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2388/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, İddiaçı iddiasının rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
34. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar qanuna ziddir və ləğv olunmalıdır. Həmin iddia tələbi üzrə iş materiallarından aydın olur ki, ona şəhid ailələri üçün nəzərdə tutulmuş prezident təqaüdünün ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət etmiş, iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraatın nəticəsi olaraq 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar şəhid ailə üzvü hesab edildiyindən, İddiaçı isə ilkin əlillik 27 yaşında müəyyən olunduğuna görə ona şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezident təqaüdünün ödənilməsi barədə inzibati aktın qəbul edilməsi mümkün olmamışdır. Bundan sonra, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "şəhid ailələri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, cavabdeh inzibati orqanın İddiaçı barədə qəbul etdiyi əlverişsiz inzibati akt əsaslıdır və iddiaçının sözügedən iş üzrə iddia tələbi təmin olunmamalıdır. İş materiallarından məlum olur ki, İddiaçı üçüncü qrup ilkin əlillik dərəcəsi xx.xx.1994-cü il tarixdə (27 yaşında) verilmişdir. Odur ki, iddiaçıya "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin olunması üçün şəhidin 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaq olmadığı üçün o, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 nömrəli qərarına əsasən şəhid ailə üzvü əhatə dairəsinə daxil edilmir. Qeyd olunanları nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini, İddiaçı iddiasının rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə istinad edərək Bakı İzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsimnin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
38. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:
39. Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
40. 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;
41. 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq;
42. 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.
43. Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
44. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
45. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
46. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
47. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət TibbiSosial Ekspertiza və X3”
48. Bənd 1.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
49. Bənd 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
50. 2.1.4. strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək;
51. Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:
52. 3.1.2. müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək;
53. 3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək;
54. 3.2.5. tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə
55. Bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.
56. Bənd 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.
57. Bənd 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır.
58. Bənd 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası:
59. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
60. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
61. Bənd 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur.
62. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun:
63. 1-ci maddəsinə əsasən şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı:
64. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi” Qaydalarının 1-ci bəndinə əsasən bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir.
65. Həmin Qaydaların 2-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.
66. Həmin Qaydaların 7-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir.
67. Həmin Qaydaların 8-ci bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi
68. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
69. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
70. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:
71. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;
72. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
73. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
74. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
75. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
76. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası aşağıdakı səbəblərə əsasən hesab edir ki, şikayət əsaslıdır, odur ki, təmin edilməlidir.
78. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iddia tələbi əsassız olaraq təmin edilmişdir.
79. Belə ki, birinci instansiyası məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçının atası X8 xx.xx.1994-cü il tarixdən şəhid statusu verilmişdir. İddiaçının anası xx.xx.2019-cu il tarixdə ölmüşdür və ölən vaxta kimi mərhuma “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” verilmişdir.Hazırkı iş üzrə iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun təsdiq edilməsi 18 yaşına çatdıqdan sonra, yəni iddiaçının 27 yaşına təsadüf etsə də, iş materialları ilə onun uşaqlıqdan qüsurlu olması təsdiq edilir, sadəcə əlil statusunun ona verilməsi 27 yaşında rəsmiləşdirilmişdir.
80. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun təsdiq edilməsi 18 yaşına çatdıqdan sonra, yəni 27 yaşına təsadüf etsə də, onun uşaqlıqdan sağlamlıq imkanları məhdud olması (əlil), sadəcə əlil statusunun ona verilməsi 27 yaşında rəsmiləşdirildiyindən, həmçinin iddiaçının şəhid ailəsi olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir.
81. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır.Çünki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət TibbiSosial Ekspertiza və X3”, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə və “Əlilliyin qiymətləndirilməsi” Qaydasının yuxarıda qeyd edilmiş müddəalarının təhlilindən görünür ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
82. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər - 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar.
83. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir.
84. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır.
85. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətləndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır.
86. Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə", yaxud “uşaqlıq əlili” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab edilməsinə əsas vermir. Çünki bu halda, belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur.
87. Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə özü həmin qiymətləndirməni inzibati orqanın əvəzinə apara bilməz. Məhkəmə yalnız həmin qiymətləndirməni aparmış inzibati orqanın gəldiyi nəticənin qanuniliyini və əsaslılığını diskresion səlahiyyətlərin həyata keçirilməsinin yoxlanılması qaydasında qiymətləndirə bilər.
88. Beləliklə, hazırkı qanunvericilik normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, yuxarıda sadalanan qanunvericilik aktlarına istinad edilməklə məhkəmə tərəfindən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin edilə bilməz.
89. Hazırkı iş üzrə iddiaçının da əlilliyi 18 yaşından sonra müəyyən edildiyindən yuxarıda qeyd olunan normaların məzmunu ona da şamil edilməlidir. Odur ki, birinci instansiyası məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə qanunauyğun olmamışdır.
90. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, 18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslər əgər əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) 18 yaşınadək əldə etdiklərini güman edərək yuxarıda sadalanan qanunvericilik aktlarına istinad edilməklə məhkəmə tərəfindən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin edilməsinə nail olmaq istəyirlərsə, bu halda, əlilliyin təyin edilməsinə dair qərarı mübahisələndirməklə, həmin qərarda əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) yaranma tarixinin 18 yaşından əvvəlki tarix kimi göstərilməsini tələb edə bilərlər. Bundan başqa, həmin şəxslər həm də inzibati orqana yeni bir tələblə müraciət edərək əlilliyin və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun bununla bağlı qərarın qəbul edildiyi tarixdən əvvəl yarandığına dair qərar qəbul edilməsini də tələb edə, eləcə də inzibati orqanın həmin müraciətlə bağlı qərar və ya hərəkətini (hərəkətsizliyini) yenə də məhkəmədə mübahisələndirə bilərlər.
91. Birinci instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(112)-2388/2022 saylı qərarı ləğv olunaraq iddia tələbi rədd edilməlidir.
92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 87.6-cı, 87.8ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(112)-2388/2022 saylı qərarı ləğv olunsun. İddia tələbi rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.