Məhkəmə qərarları › İş №2-1(103)-2963/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2963/2025

25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2963/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Arif qızının sədrliyi və məruzəsi ilə, X3 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “iddiaçıya müvəqqəti qalma icazəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8224/2025 saylı 30 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqdim etdiyi sənədlər əsasında müvəqqəti qalma icazəsinin verilməsini, cavabdehin Asan 5 mərkəzində olan əməkdaşları tərəfindən hansı səbəbdən sənədlərin qəbul edilməməsinin açıqlanmasını və həmin qanunsuzluğu edən əməkdaşlar barəsində görülən tədbirlər haqqında məlumatın təqdim edilməsi vəzifəsininin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “iddiaçıya müvəqqəti qalma icazəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanunvericiliyin müvafiq qaydasına görə ailə üzvünün, yəni yetkinlik yaşına çatmamış məktəbli oğlunun müvəqqəti yaşamaq hüququ olduğundan daimi onunla olub himayə etmək məqsədi ilə Dövlət Miqrasiya Xidmətinə müvəqqəti yaşamaq hüququ icazəsi üçün müraciət etməyə cəhd etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində ASAN 5 mərkəzində sənədlərini təqdim etməyə çalışmış, lakin vətəndaşların müraciəti haqqında qanuna baxmayaraq sənədlərini qanunsuz olaraq qəbul etməmişdilər. Miqrasiya haqqında qanunvericilikdə qeyri-dəqiq izahlara əsasən, Miqrasiya Xidmətinin əməkdaşları süni olaraq aidiyyəti olmayan səbəblər gətirərək sənədlərini qəbul etməmişdilər. İddiaçı tərəfindən poçt vasitəsi ilə sənədləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İddiaçı cavabdehin hərəkətsizliyini əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir

5. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki iddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, xx.xx.2025-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək xx.xx.2025-ci il tarixədək olduğu yer üzrə qeydiyyata alınmışdır. Əcnəbi iddia ərizəsində qeyd etdiyi kimi Azərbaycan Respublikası ərazisində təhsil alan yetkinlik yaşına çatmayan övladını əsası göstərərək müvəqqəti yaşama icazəsi almaq istədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) hallar sadalanmışdır. İddiaçının isə ölkə ərazisində müvəqqəti yaşamaq üçün təqdim etdiyi əsas yuxarıda qeyd edilən maddənin müddəalarında öz əksini tapmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının Dövlət Miqrasiya Xidmətinə ünvanladığı məktuba cavab olaraq, şəxsin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Miqrasiya xidmətləri” üzrə işçi yerlərinə müraciət etməsi tövsiyə edilsə də, bu günədək rəsmi müraciəti qeydə alınmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8224/2025 nömrəli iş üzrə 30 aprel 2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddiaçıya müvəqqəti qalma icazəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir.

7. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, şin faktiki hallarına əsasən, iddiaçı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti qalmağa dair icazə müddətinin uzadılması üçün müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı müvəqqəti qalma müddətinin uzadılmasının qanuni əsası kimi - onun övladı yetkinlik yaşına çatmamış E.S.Eqorovun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq hüququna malik olması halını göstərmiş və Miqrasiya Məcəlləsinin 45.1.5-ci maddəsinə istinad etmişdir. İddiaçı hesab edir ki, yetkinlik yaşına çatmamış oğlu onun ailə üzvü olduğu kimi, o da, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq hüququ verən vəsiqəyə malik olan yetkinlik yaşına çatmamış oğlunun “ailə üzvü” sayılmalıdır Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirən normativ hüquqi akt olmaqla xüsusilə bu hüquq sahəsinə xas olan prinsiplərə, anlayışların tərifinə, əsas təsisatlara əsaslanır . Miqrasiya Məcəlləsinin 3-cü maddəsində “əcnəbinin ailə üzvü” və “yaxın qohum” anlayışlarının tərifi verilmişdir. “Əcnəbinin ailə üzvü” - arvadı (əri), 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları və himayəsində olan valideynləridir. “Yaxın qohum”- ata, ana, ər (arvad), övlad, qardaş, bacı və onların övladları, baba, nənə, babanın (nənənin) atası və anası, nəvə, qayınata, qayınana, qayın, baldızdır; Göründüyü kimi, Azərbaycan Respublkasında müvəqqəti yaşamaq hüququna malik olan E.S.Eqorov yetkinlik yaşına çatmayan məktəblidir və Miqrasiya Məcəlləsinin müddəalarının mənasına görə ona münasibətdə onun anası iddiaçı X1 “ailə üzvü” kimi deyil, “yaxın qohum” statusunda müəyyən olunur. İddiaçının öz hüququnun müdafiəsi üçün istinad etdiyi Miqrasiya Məcəlləsinin 45.1.5-ci maddəsinə görə isə - “Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda əcnəbilərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir.” Qanunvericiliyin normaları ilə işin faktiki hallarının qarşılıqlı tədqiqi məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının istinad etdiyi qanun norması əsasında onun Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin verilməsi tələbi əsassızdır. Belə olan halda, cavabdehin hərəkətsizliyi, yəni iddiaçının arzuladığı aktın verilməsi üçün sənədlərin qəbul edilməsindən imtinası iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilmir.

8. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III.Apellyasiya şikayətinin dəlilləri:

9. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ailə üzvünün, yəni 18 yaşına çatmamış məktəbli oğlu Eqorov Eqorun müvəqqəti yaşamaq hüququ olduğundan daimi onunla olub himayə etmək məqsədi ilə Dövlət Miqrasiya Xidmətinə müvəqqəti yaşamaq icazəsi üçün müraciət etməyə cəhd edib. O, xx.xx.2025-ci il tarixində saat 17:00 radələrində ASAN 5 mərkəzində G117 saylı növbə ilə sənədlərini təqdim etməyə çalışıb. Lakin vətəndaşların müraciəti haqqında qanuna baxmayaraq onun sənədlərini qanunsuz olaraq qəbul etməmişdilər. Miqrasiya haqqında qanunvericilikdə qeyri-dəqiq izahlara əsasən hesab edir ki, Miqrasiya Xidmətinin əməkdaşları süni olaraq aidiyyəti olmayan səbəblər gətirərək sənədlərini qəbul etməmişdilər. Halbuki sənədlərini qəbul edib, araşdırma aparıb, sonra yazılı sürətdə imtina verilə bilərdi. Əlavə olaraq xatırlatmaq istəyir ki, beynəlxalq konvesiyanın tələblərini nəzərə almaqla onun yetkinlik yaşına çatmamış, Azərbaycan məktəbində şagird olan oğlum ilə birlikdə olmağım üçün müvəqqəti yaşamaq icazəsi verilməlidir. Bundan sonra o, prinsipial olaraq topladığı sənədləri Dövlət Miqrasiya Xidmətini poçt ünvanına əyani şəkildə göndərdi. Əlavə olaraq ərizə yazdı ki, hansı səbəbdən sənədlərimi qəbul etmillər və xahiş etdim ki, qanunsuzluq edən əməkdaşlar barəsində tədbir görsünlər. Sübüt olaraq poçt qəbzini təgdim edirəm (SS913937767AZ məktubun izləmə nömrəsi). Bundan sonra cavabdehdən xx.xx.2025-ci il tarixində cavab məktubu daxil olmuşdur ki, o, ASAN xidmətində Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına yaxınlaşıb sənədləri təqdim edə bilər. Həmin cavab məktubunda onun ərizəsində olan suallar, yəni hansı səbəbdən sənədlərini xx.xx.2025-ci il tarixində qəbul etməmişdilər və hansı tədbirlər görülmüşdür qeyd etməyiblər. Hesab edir ki, cavabdeh bununla hərəkətsizlik nümayiş edib və onun məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Buna baxmayaraq, yenidən o pul xərcləyərəq sənədləri toplayıb xx.xx.2025-ci il tarixində ASAN 5 mərkəzinə gəldi və yenə də cavabdehin əməkdaşları sənədlərini qəbul etmədilər. Hesab edir ki, onun tərəfindən xx.xx.2025-ci il tarixdə göndərilən ərizəyə mahiyəti üzrə cavabdeh baxmayıb, araşdırma aparmayıb və bununla hərəkətsizlik göstərib. Bununla əlaqədar məhkəməyə müraciət etdi və bundan sonra Miqrasiya Xidməti cavab məktubu, yəni imtinanı elektron poçtuna göndərdi. Lakin hesab edir ki, imtina əsassızdır, qanunvericiliyin tələbləri icra edilmir.

IV. Tərəflərin izahatları:

10. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı oğlu ilə birlikdə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmiş və bir daha geri qayıtmamışdır. Oğlunun Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsinin müddəti xx.xx.2025-ci il tarixdə bitmiş və müddətin uzadılması ilə bağlı xidmətə müraciət daxil olmamışdır.

11. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir.

Əsaslandırıcı hissə

V. Tətbiq olunan hüquq

12. Miqrasiya Məcəlləsi 45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır): 45.1.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda; 54.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. 54.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər. 54.3. 14 yaşına çatmamış uşağın Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında, 14-18 yaşı olan uşağın isə razılığı alınmaqla, valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında alınır.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

Vİ.Məhkəmənin mövqeyi

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd etməsi əsasları ilə razılaşmayaraq qeyd edir ki, həmin əsaslandırma Avopa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə əsasən ailə həyatına hörmət hüququnun tələbləri ilə bir araya sığmır.

15. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı qalmamışdır.

16. Belə ki, iş materiallarından görünür ki, İddiaçı və yetkinlik yaşına çatmayan oğlu X7 03 iyul 2025-ci ildə ölkə ərazisini tərk etmişlər. Həmçinin iş materiallarından o da məlum olur ki, iddiaçının oğlu X6 verilmiş Azərbaycan Respublikasında müvəqqəti yaşama icazəsinin müddəti 16 noyabr 2025-ci il tarixdə bitmiş və şəxs tərəfindən müddətin uzadılması üçün hər hansı bir müraciət qeydə alınmamışdır. Halbuki belə müraciət həmin müddətin bitməsinə ən azı 3 ay qalmış edilməli idi.

17. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbini irəli sürməyə hüquqi marağı və iddia tələbinin qanuni əsası qalmamışdır. Belə ki, iddiaçının oğlunun Azərbaycan Respublikasında qüvvədə olan müvəqqəti yaşayan əcnəbi statusu yoxdur.

18. Odur ki, kollegiya hesab edir ki, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8224/2025 nömrəli iş üzrə 30 aprel 2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni məhkəmə aktı qəbul edilərək iddia tələbi mümkün sayılmamalıdır.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

Nəticə hissəsi

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8224/2025 nömrəli iş üzrə 30 aprel 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. İddia tələbi rmümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Rəşid Səmədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar