Məhkəmə qərarları › İş №2-1(103)-2965/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2965/2022

27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2965/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-3142/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehə artıq ödənilmiş 331,66 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən cavabdehə 15 yanvar 2018-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırması zamanı ona vaxtilə əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 306 manat, xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanır. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 il 4 ay 11 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci və 45-ci maddələrinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 37,53 manat (20,36 il x 306 manat: 166 ay = 37,53 manat) hesablanaraq 2018-ci il tarixinə indeksləşdirilib 86,03 manat müəyyən edilərək, xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 46976,34 manat sığorta kapitalına uyğun 196,96 manat hesablanmalı (cəmi:86,03+196,96=282,99 manat (indeksləşdirilərək hazırda 339,87 manat)) olduğu halda, səhvən xx.xx.2006-cı il tarixinədək iş stajına görə 99,05 manat sığorta hissəsi müəyyən edilərək xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində müəyyənləşdirilmiş 46976,34 manat sığorta kapitalına uyğun olaraq (99,05 manat+194,59 manat=293,64 manat) əmək pensiyası hesablanmaqla (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 352,66 manat) cavabdehə ödənilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 331,66 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 331,66 manat pul vəsaitin büdcəyə qaytarılması məqsədilə yazılı razılığının qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş edilmiş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-3142/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-3142/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 002594 nömrəli pensiya işindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 xx.xx.2018-ci il tarixli, 84 nömrəli Qərarı ilə cavabdehə xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli **********2 saylı “ Artıq ödənilmiş pensiya məbləği haqqında” cavabdehə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırması zamanı sizə vaxtilə əmək pensiyası təyin edilərkən pensiya məbləğinizin düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 306 manat, xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanır. Pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 20 il 4 ay 11 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajınıza uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci və 45-ci maddələrinin tələblərinə əsasən həmin tarixə pensiyanızın sığorta hissəsi 37,53 manat (20,36 il x 306 manat: 166 ay = 37,53 manat) hesablanaraq 2018-ci il tarixinə indeksləşdirilib 86,03 manat müəyyən edilərək, xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 46976,34 manat sığorta kapitalına uyğun 196,96 manat hesablanmalı (cəmi:86,03+196,96=282,99 manat (indeksləşdirilərək hazırda 339,87 manat)) olduğu halda, səhvən xx.xx.2006-cı il tarixinədək iş stajınıza görə 99,05 manat sığorta hissəsi müəyyən edilərək xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabınızın sığorta hissəsində müəyyənləşdirilmiş 46976,34 manat sığorta kapitalına uyğun olaraq (99,05 manat+194,59 manat=293,64 manat) əmək pensiyası hesablanmaqla (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 352,66 manat) sizə ödənilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən sizə xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 331,66 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 331,66 manat pul vəsaitin büdcəyə qaytarılması məqsədilə yazılı razılığınızı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Bununla əlaqədar olaraq cavabdehdən artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Məlumat üçün bildirilir ki, əmək pensiyanızın məbləği xx.xx.2020-ci il tarixindən etibarən 339,87 manat məbləğində olmaqla Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürülür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2020ci il tarixli, **********3 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə məhkəməyə müraciət edə bilər. Qanunvericilik əmək pensiyasının təyin edilməsini aidiyyətini səlahiyyətli orqan kimi Dövlət Sosial Müdafiə Fondu orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar cavabdehə münasibətdə “əlverişli inzibati akt” sayılır. İddiaçının bu qəbildən olan əlverişli inzibati aktı cavadehə münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna iddiaçı tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. İddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, cavabdehdən ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə iddiaçının güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində cavabdehin təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Cavabdehə yaşa görə təyin edilmiş pensiya onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, cavadehin qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, ödənilmiş pensiya məbləğinin müəyyən hissəsinin geri qaytarılması tələb edilir. Qeyd olunmalıdır ki, iddia üzrə cavabdehə münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, “ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” qərarının qəbulu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. Hazırki iş üzrə iddiaçı tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması səbəbləri, yəni təyin edilmiş pensiyanın qanuniliyinin araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda tərəfin iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. İş materiallarında olan sənədlərlə əmək pensiyasının təyin edilməsininin əsassızlığı ümumi iş stajının olmaması ilə bağlı əsaslandırılsa da, bu zaman cavabdehin səhv təyinata hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Həmçinin, göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Beləliklə, maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı iddiaçının hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın və həmin qərar əsasında yenidən hesablama barədə qərar, sərəncam qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması iddiaçı tərəfindən hazırkı iddianın verilməsinə və həmin iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsini istisna edir. İnzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yol verilməzdir. Göründüyü kimi əmək pensiyasının təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv olunacağı, əmək pensiyasının bərpa edilməsi barədə cavabdeh tərəfindən iddia qaldırılmayacağı, iddia qaldırılsa belə həmin iddianın təmin edilməyəcəyi halda belə bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla cavabdehin etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələb təmin edilə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-3142/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar