Məhkəmə qərarları › İş №2-1(103)-2965/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2965/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2965/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmək zəmanəti qrafasında düzəliş edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10407/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının əsassız hesab edilməsi, cavabdehin Bakı İnzibati Məhkəmənin 2-1(112)-8104/2021 nömrəli qərarını ilk dəfə icra edərək xx.xx.2022-ci il tarixli tibb müəssisəsinin 0280003AAFMA göndərişinə əsasən tərtib etdiyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını əsas kimi hesab edərək Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının əlillik qrupu qrafasında yazılmış 2.2 ikinci dərəcəli əlillik =>2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verən hal) (F20-F20.9) sözlərinin əlillik qrupu qrafasında 2.2 İkinci dərəcəli əlillik => 2.2.11. epilepsiya. tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişməsi ilə (G40-G41.9) sözləri ilə, Diaqnoz qrafasında yazılmış "Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitıv funksiyaların enməsi ilə, anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzəhür edən psixotik hallar.” sözlərinin Diaqnoz qrafasında "Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları" sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış "əmək qabiliyyətsiz” sözlərinin Əmək zəmanəti qrafasında “Yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmək zəmanəti qrafasında düzəliş edilməsi” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibatı Məhkəmənin 2-1(112)-8104/2021 nömrəli qanuni qüvvəsini almış qərarını, tibb müəssisəsinin 0280003AAFMA göndərişini nəzərə alaraq Əmək zəmanəti qrafasında “yüngül işlərdə işləyə bilər" kimi qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-10407/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. 1993-cü ildən 1996-cı ilədək Cəmşid Naxçıvanski adına hərbi litseydə, 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabit, Prezident təqaüdçüsü, 2-ci qrup müharibə əlillidir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Mayor rütbəsində zabit kimi Xüsusi Təyinatlı, kəşfiyyat bölmələrində və xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X1, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərinin yanında olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3029/2021 saylı qərarı ilə iddiaçıya “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilməsi təmin etdi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 195 nömrəli qərarı ilə təmin edildi, xəstəlik diaqnozu 2008-ci ildən bu günədək eyni xəstəlikdir. Eyni diaqnozla və səhhətində olan digər xəstəliklərlə bağlı bir çox vaxtlarda, bir çox xəstəxanalarda müalicələrdə olmuş, bu xəstəlik diaqnozuna əsasən iddiaçıya 2-ci qrup xx.xx.2021-ci il tarixdən etibarən müddətsiz əlillik təyin edilməsini qanuna müvafiq hesab edir. Belə ki, iddiaçıya müddətsiz əlillik təyin edilməsindən cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciət etdi, Ali Məhkəmənin 2- 1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli Qərarları ilə xx.xx.2021-ci il tarixdən etibarən iddiaçıya 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməsinə qərar verildi və cavabdeh tərəfindən icra edildi. İddiaçıya müddətsiz əlillik təyin edilənədək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının diaqnoz və əmək zəmanəti qrafasında düzəlişlər edilərək cavabdeh tərəfindən iddiaçıya qarşı bir çox qanuna zidd hərəkətlərə yol verilmişdir, xx.xx.2021-ci ilə kimi təyin olunmuş əlillikdə əmək zəmanəti qrafasında “Xüsusi yaradılmış şəraitdə işləyə bilər” kimi qeyd edilmiş, sonradan xx.xx.2021-ci ildə əlillik səbəbi dəyişdirilməsi ilə bağlı müraciət etdikdən sonra əmək zəmanəti qrafasında “Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmiş, daha sonra Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli qərarını icra edərək xx.xx.2022-ci ildə xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən əmək zəmanəti qrafasında “Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmişdir. Cavabdehin qanuna zidd hərəkətləri barədə xx.xx.2022ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək xahiş etdi ki, Azərbaycan Respublikası adından çıxarılan qanuni qüvvəsini alan Ali Məhkəmənin 2- 1(102)-1012/2022 nömrəli Qərarını nəzərə almaqla xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Əmək zəmanəti qrafasında yazılmış “Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” sözlərinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayşında əmək zəmanəti qrafasında “yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsinə göstəriş verilsin. Lakin xx.xx.2022-ci il tarixli müraciətindən sonra cavabdeh əvvəllər olduğu kimi yenə də iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirmişdir, belə ki, xx.xx.2022-ci ildə elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, müraciətinə əsasən iddiaçıya kömək etmək əvəzinə Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Diaqnoz qrafasında yazılmış “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçrilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları” sözlərinin Diaqnoz qrafasında “Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzəhür edən psixotk hallar” sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış “Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” sözlərinin əlillik arayışında Əmək zəmanəti qrafasında “əmək qabiliyyətsiz” sözləri ilə əvəz etmişdir. Hal-hazırda müraciəti ondan ibarətdir ki, cavabdehin elektron altsistemə müdxilə edərək gündə bir inzibati akt qəbul etməklə onun Əlil, Sosial və Sosial inkişaf və dövlət hüquqlarının pozulmasına gətirib çıxarması barədə hərəkətlərini qanunsuz hesab edərək, sonradan ikinci dəfə xx.xx.2022-ci il tarixli inzibati aktını əsassız hesab edilməsi, Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli Qərarını ilk dəfə icra edərək xx.xx.2022-ci il tarixli inzibati aktını əsas kimi hesab edərək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Əlillik qrupu qrafasında yazılmış 2.2 İkinci dərəcəli əlillik => 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verənn hal) (F20- F20.9) sözlərinin Əlillik qrupu qrafasında 2.2 İkinci dərəcəli əlillik => 2.2.11. epilepsiya, teztez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişməsi ilə (G40-G41.9) sözləri ilə, Diaqnoz qrafasında yazılmış “Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzəhür edən psixotik hallar” sözlərinin Diaqnoz qrafasında “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçrilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları” sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış “əmək qabiliyyətsiz” sözlərinin Əmək zəmanəti qrafasında “Yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsidir. İddia ərizəsini, əlavə etdiyi sənədləri və məhkəmə qərarlarını tam şəkildə nəzərdən keçirərək cavabdeh orqan uzun müddətdir ona qarşı çox qəddarcasına şəxsi qərəzçilik etməklə məşğuldur, bu şəxsi qərəzçilik nəticəsində cavabdeh onu bir ilə qədər sosial təminat hüququndan məhrum etmişdir, hüquq mühafizə orqanları, xüsusən məhkəmələr, hakimlər onun sosial hüquqlarını bərpa etmişdir. xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etdi, məhkəmə iddia tələbi üzrə icraata başlayaraq xx.xx.2023-cü il tarixdə hazırlıq iclası təyin etdi, lakin heç bir araşdırma aparmadan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10407/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi mümkünsüz sayılmışdır və əsas kimi qeyd etmişdir ki, qərar qəbul edən məhkəmə bu barədə qərarın icrası barədə izah verməlidir. Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə izah verilməsi barədə ərizə təmin edilməmişdir, məhkəmə qeyd etmişdir ki, bu ayrılıqda mübahisələndirilməli olan iddiadır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati icraat haqqında qanununun 65.1-ci və 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir” tələblərinə tamamilə əməl etməmişdir. Belə ki, məhkəmənin 2 ay icraatdan sonra iddia tələbini mümkünsüz sayılmasını əsassız, qanunsuz və ədalətsiz bir mövqe hesab edir, dolayısı ilə məhkəmə cavabdehin nümayəndəsi rolunu oynamaqla iddiaçının ziyanına qərardad qəbul etmişdir, 2 ay ərzində məhkəmə icraatı getsə də cavabdehin məhkəmə qərarını icra etdikdən sonra xx.xx.2023-cü il tarixdə etibarsız hesab etdiyi inzibati aktın bərpa edilməsi mümkün olmamışdır. Beləliklə 2 ay məhkəmə icraatı müddətində iddia tələbi üzrə sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, iddia tələbi üzrə dəqiqləşdirmə nəzərə alınmamışdır. Bu səbəbdən hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10407/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iddia tələbi üzrə icraat davam etdirilərək iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8104/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyi müddətsiz olaraq təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir. xx.xx.2021-ci il tarixli, 2-1(112)-8104/2021 nömrəli məhkəmə qərarı ilə müəyyən edilən diaqnozlar əsas götürülməklə iddiaçının əmək qabiliyyətsiz olması barədə qeyd altsistemə daxil edilmişdir. Hazırda iddiaçının tələbi də məhz məhkəmə həmin qərarı ilə öz həllini tapmış mübahisənin predmetinə aiddir. Konkret halda da iddiaçı qanuni qüvvəsini almış yekun məhkəmə aktının düzgün icra olunmadığını mübahisələndirdiyi halda, onun eyni məsələ ilə əlaqədar təkrarən məhkəməyə müraciət etməsi yolverilməzdir. Bundan başqa, iş materiallarında olan məhkəmə qərarlarının surətlərindən görünür ki, iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, iddialar mümkün sayılmamışdır (iş № 2-1(112)-7645/2023, 2-1(103)-2536/2023, 2-1(112)- 7004/2023, 2-1(103)-2726/2023). Ona görə də iddiaçının eyni iddia tələbinə eyni əsas üzrə yenidən baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və orada nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10407/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar