Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2966/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7852/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehə artıq ödənilmiş 74839,81 manat pensiya məbləğinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 3 aprel 2014-cü il tarixində cavabdehin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 880,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi- 396,00 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələrinin 1230,25 manat olmaqla orta aylıq əmək haqqı 2636,25 manat təşkil etmişdir. Bununla əlaqədar cavabdehin əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 20.8.3-cü maddəsinə əsasən 16 il 4 ay 1 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2636,25 manat) 80 faizi- 2109,00 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən ona xx.xx.2014xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 98982,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 142587,40 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə cavabdehə 43605,00 manat artıq pul vəsaiti ödənilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1- dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar cavabdehə 16 il 4 ay 1 gün qulluq stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 54 faiz təşkil edir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən etibarən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 970,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 436,50 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 1344,44 manat olmaqla orta aylıq əmək haqqı 2880,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2636,25 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (2880,94 manat) arasındakı fərq məbləğinin (244,69 manat) 54 faizi-132,13 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanızın (2109,00 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 2241,13 manat hesablanmalı olduğu halda, 3240,03 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə cavabdehə 37958,20 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən ona xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 81563,20 manat artıq pul vəsaiti ödənilib. Cavabdehin əlillik müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişinin xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda bildiririk ki, cavabdehin təkrar müayinədən keçməyilə əlaqədar Mərkəzi Filiala müraciəti əsasında əmək pensiyası 2021-ci ilin avqust ayında bərpa edilib, həmçinin xx.xx.2021- xx.xx.2021- ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməyən 6723,39 manat pensiya məbləği müəyyən edilib. Həmin 6723,39 manat pul vəsaiti sizə artıq ödənilmiş 81563,20 manat vəsaitdən çıxılaraq büdcəyə bərpa edilmişdir (qalıq 74839,81 manat). Qalan artıq ödənilmiş 74839,81 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7852/2022 saylı 08 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: E.Əliyev) Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı Cavabdeh apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı artıq ödənilmiş 74839,81 manat pensiya məbləğinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, Qanunun müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi belə məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə iddiaçının güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində cavabdehin təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İddiaçı əmək pensiyasının düzgün hesablanmamasını əsaslandırsa da, bu zaman cavabdehin səhv təyinata hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı iddiaçının hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyası ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Beləliklə, işin hallarından müəyyən olunur ki, cavabdehə yaşa görə təyin edilmiş pensiya onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımiqaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, cavadehin qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, ödənilmiş pensiya məbləğinin müəyyən hissəsinin geri qaytarılması tələb edilir. Qeyd olunmalıdır ki, iddia üzrə cavabdehə münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, “ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” qərarının qəbulu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. Hazırki iş üzrə iddiaçı tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması səbəbləri, yəni təyin edilmiş pensiyanın qanuniliyinin araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda tərəfin iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. İş materiallarında olan sənədlərlə əmək pensiyasının təyin edilməsininin əsassızlığı ümumi iş stajının olmaması ilə bağlı əsaslandırılsa da, bu zaman cavabdehin səhv təyinata hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7852/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2966/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2966/2022
11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver