Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2966/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “X8” Açıq Səhmdar Cəmiyyəti) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “çıxarışın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 nömrəli Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: “X8” Açıq Səhmdar Cəmiyyəti) qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3003/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı “X8” Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində göstərilməklə “mövcud olmayan, sökülmüş, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 nömrəli evin 2 nömrəli mənzilinə dair xüsusi mülkiyyət hüququ əsasında “X8” Açıq Səhmdar Cəmiyyətinə məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqi qeydiyyatın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq İddiaçı yaranmışdır. Bu səbəbdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ilə əvəz edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsinin ərizəsinə əsasən iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əsl İddiaçı ilə əvəz edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3003/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
4. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2368/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin apelyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3003/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərara alınmışdır.
c) Kassasiya instansiya məhkəməsində icraat
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-17/2024 nömrəli işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2368/2023 nömrəli qərardadının ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
d) Prosses iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
9. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
10. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3003/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
11. İnzibati işin araşdırılmış və mübahisələndirilməyən hallarından aydın olur ki, iddiaçı mövcud olmayan, sökülmüş, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 nömrəli evin 2 nömrəli mənzilinə dair xüsusi mülkiyyət hüququ əsasında “X8” Açıq Səhmdar Cəmiyyətinə məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqi qeydiyyatın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdirlər.
12. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab etmişdir. İddianın mümkünsüz hesab edilməsinin əsası ondan ibarət olmuşdur ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, hazırda mənzilin mülkiyyətçisi “X8” ASC-dir, bu səbəbdən sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğvi barədə ərizə ilə müraciət etmək hüququna mənzilin mülkiyyətçisi olan “X8” ASC malikdir. İddiaçının belə bir hüququ qanunvericiliklə müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.
13. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 12 dekabr 2016-cı il tarixli 430 nömrəli sərəncamı ilə rayonun Təbriz, F.Məmmədov, Qarabağ ve Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3.82 ha torpaq sahəsi "xxxx" MMC-nin (hazırki adı İddiaçı MMC) daimi istifadəsinə verilmiş, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə sonuncuya tapşırıqlar verilmişdir. Hazırkı mübahisənin predmeti olan mənzilin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşməklə qeyd olunan Sərəncamın təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər.
39. Sadalanan qanunvericilik normalarının birgə təhlili onu deməyə əsas verir ki, qanunverici məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi ilə bağlı müraciət etmək hüququ olan şəxslərin dairəsini müəyyən edərkən, hüquq sahibi qismində çıxış edə bilən subyektlərin dairəsinə yalnız mülkiyyətçiləri deyil, maraqlı şəxsləri də daxil etmişdir.
15. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mübahisə predmeti olan mənzil Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 12 dekabr 2016-cı il tarixli 430 nömrəli sərəncamının icrası ilə bağlı söküldüyündən və həmin mənzilin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 3.82 ha torpaq sahəsi yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış sahələrinin tikilməsi üçün iddiaçının istifadəsinə verildiyindən maraqlı şəxs olmasını nəzərə almamış və iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab etmişdir.
16. Göründüyü kimi, hazırkı mübahisə üzrə iddiaçı maraqlı şəxsdir və onun maraqlı şəxs kimi müvafiq iddia tələbini irəli sürmək hüququ mövcuddur.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).
18. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı hazırkı məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olduğundan, bu iddia mümkün iddiadır və mahiyyəti üzrə baxılmalıdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3003/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.