Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2966/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhəbət oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X2 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı Məhəbət oğlunun və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Məhəbət oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(112)-2188/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdeh tərəfindən iddiaçıya dəqiq tarixi və nömrəsi bəlli olmayan, təxmini iddiaçıya dediklərinə görə 2024-cü ilin may ayında qanunsuz olaraq iddiaçını işdən azad olunmağına dair verdikləri əsassız əmrin ləvğinə, qanunsuz əmrin verilməsi nəticəsində iddiaçıya dəymiş olan ziyan 2 aylıq qulluq maaşı 2450 manat, bununla bağlı 2 aylıq kirayə pulu 750 manat pulun alınıb iddiaçıya verilməsinə, Azərbaycan Respublikasının qanunu maddə 26.2-ci bəndinə əsasən qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı halda əvvəlki xidmət yerində tutduğu vəzifədən aşağı olmayan (əvvəlki vəzifə və bölməmə) vəzifəyə bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddiaçı barəsində xidmət müddətinin bitməsi ilə bağlı olan qərarının ləğv edilməsi, həqiqi hərbi xidmətə bərpa edilməyi, xidmətdən xaric edilməyi barədə əmrin verildiyi gündən əmək haqqı və digər ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(112)-2188/2025 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
5. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xidmətdən buraxılmağa dair əmrdən çıxarış verilmədiyi üçün iddia ərizəsində bunu qeyd edə bilməmişdir. Məhkəmə proseslərində hakim cavabdehdən əmrdən çıxarışın məhkəməyə təqdim edilməsini bildirsədə cavabdeh qurum təqdim etməmişdir. Həmçinin məhkəməyə xəstəlik vərəqələrini təqidm etməsinə baxmayaraq tam ətraflı araşdırma etməmişdir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. Dövlət Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının xx.xx.2024-cü il tarixli 32 ş/h nömrəli əmrində qeyd edilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidməti müddəti başa çatdığına görə) müvafiq olaraq gizir İddiaçı texniki istismar bölməsinin uçuş aparatlarının və mühərriklərin reqlament qrupunun baş mexaniki vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması və onunla bağlanılmış xx.xx.2019-cu il tarixli bağlaşma ləğv edilsin.
10. Dövlət Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatlarının Qüvvələri N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 16 may 2024-cü il tarixli 0137 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “Dövlət Sərhəd Xidməti rəisinin müavinlərinə və Silahlı birləşmə rəhbərlərində kadrlarla iş sahəsində səlahiyyətlərin verilməsi haqqında” Dövlət Sərhəd Xidməti rəisinin 01 noyabr 2021-ci il tarixli 0255 nömrəli əmrinin 4 nömrəli əlavəsinin 2.4-cü bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə) xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq, gizir İddiaçı texniki-istismar bölməsi uçuş aparatları və mühərriklərin reqlament qrupunun baş mexaniki vəzifəsindən azad olunmaqla 16 may 2024-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılsın, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılsın və onun bağlanmış xx.xx.2019-cu il tarixli bağlaşma ləğv edilsin.
11. Texniki istismar bölməsinin uçuş aparatlarının və mühərriklərin reqlament qrupunun baş mexaniki gizir İddiaçı barədə 23 aprel 2019-cu il tarixdən 23 aprel 2024-cü ilə qədər olan dövr üçün keçirilmiş Attestasiyaya əsasən, gizir İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Dövlə Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğundur.
12. “Xüsusi Hava Əməliyyatlar Qüvvələrinin Attestasiya Komissiyasının keçirilməsi barədə” 1 nömrəli xx.xx.2024-cü il tarixli aktda qeyd edilmişdir ki, həqiqətən 24 aprel 2024cü il tarixdə texniki istismar bölməsinin uçuş aparatlarının və mühərriklərin reqlament qrupunun baş mexaniki gizir İddiaçı xidmət müddətinin 23 aprel 2024-cü il tarixdə başa çatması ilə əlaqədar Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Attestasiya Komissiyasının iclası keçirilmişdir. Gizir İddiaçı Attestasiya Komissiyasının iclasının nəticəsi elan olunmuş, lakin hərbi qulluqçu Attestasiya Komissiyasının qərarı ilə bağlı sənədi imzalamaqdan, həmçinin Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar təyinat üzrə hansı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi ilə əlaqədar raport yazmaqdan imtina etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(112)- 2188/2025 nömrəli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
14. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.
16. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü ildə mediasiya şurasına müraciət etmişdir, yəni, əmrin qəbul edildiyi tarixdən 27 gün sonra iddiaçının mediasiya şurasına müraciət etməsi, onun inzibati aktdan məlumatlı olmasını bildirir. Bundan əlavə iş materiallarında olan “Xüsusi Hava Əməliyyatlar Qüvvələrinin Attestasiya Komissiyasının keçirilməsi barədə 1 nömrəli xx.xx.2024-cü il tarixli Akt bu halı təsdiq edir. Bundan başqa məhkəmə onuda qeyd edir ki, iddiaçının mediasiya şurasına müraciət etməsi, hazırda mübahisələndirilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddət axımını dayandırmır. Belə ki, mediasiya şurasına müraciət edilməsi inzibati məhkəmə icraatı üçün məcburi deyildir. Yəni yalnız mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqan mediasiya üzrə tərəf ola bilərdi. Mediasiya şurasına müraciət etmək şəxsin vəzifəsi deyil hüququ olması və mediasiya prosesinin tətbiqinə dair cavabdeh inzibati orqanın razılığının olmaması onun həmin inzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulan müddətin dayandırılmasına səbəb olmur
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 19.Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. 20.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin sonrakı zəruri prosessual hərəkətlərinin davam etdirilməsi üçün İPM-nin 38.1-ci, 38.4, “İnzibati icraat haqqında” Qanunun 73.2, 80-1.1 və “Mediasiya haqqında” AR Qanunun 30, 35.1-ci maddələrinin tələbləri nəzərə alınması məqsədəuyğundur.
21. Belə ki, İPM-nin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.4-cü maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 80-1.1-ci maddəsinə əsasən İnzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (bu Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr) istisna olmaqla) “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. “Mediasiya haqqında” AR Qanunun 30-cu maddəsinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (həmin Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr) istisna olmaqla) bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. 35.1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
22. Apellyasiya araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin mübahisələndirmə haqqında iddia növü üçün nəzərdə tutulmuş 30 günlük müddəti ötürülməklə məhkəməyə təqdim edildiyinə istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 59-cu maddəsinə əsasən yazılı inzibati aktın əsas rekvizitlərindən biri də həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan haqqında məlumatdır. Eləcə də həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə, işin hallarından müəyyyən olunur ki, mübahisələndirilən inzibati akt (əmr) 11 may 2024-cü il tarixində qəbul edilmişdir. Lakin mübahisə edilən inzibati akt (əmr) özündə hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutmamışdır. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə Mediasiya təşkilatına müraciət etmişdir və sonunda məhkəməyə iddia ərizəsini xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını diqqətə alaraq hesab edir ki, mübahisələndirilən əmrdə ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığından və həmin hüquqi müdafiə vasitələri barədə iddiaçıya rəsmi məlumat verilmədiyindən, qanunvericiliklə müəyyən edilmiş müddət (iddiaçıya münasibətdə 6 aylıq müddət) ötürülməmişdir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 24.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(112)-2188/2025 nömrəli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev