Məhkəmə qərarları › İş №2-1(103)-2969/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2969/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2969/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1250/2024 saylı, 08 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1977-ci ildə başlamışdır. Belə ki, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilə qədər Kaspiski (Xəzər) Texniki Quraşdırma idarəsində fəhlə işləmişdir. 1981-1986-ci ildə Rusiya Federasiyasının (keçmiş SSRİ-nin) İvanov şəhərində yerləşən Frunze adına X3 əyani bitirmişdir. xx.xx.1986-ci ildən xx.xx.2009-cu ilə kimi X4 Kombinatında müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2010-cu ildən xx.xx.2013-cü ilə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 5 saylı İxtisaslaşdırılmış Müəssisəsində 3-cü dərəcəli fəhlə işləmişdir. Beləliklə, ümumulikdə ali təhsil müddəti daxil olmaqla 35 il əmək stajı vardır. X4 Kombinatında işlədiyi müddət ərzində 4 uşağı anadan olmuşdur. Hər uşaq anadan olarkən 3 il analıq məzuniyyətində olmuşdur. "xxxx" ASC-də işlədiyi müddət ərzində Həmkarlar İttifaqı fəaliyyət göstərdiyindən onların maaşından müəyyən məbləğdə pul tutulurdu. Hazırda fəaliyyəti olmayan təşkilatın sənədləri arxivdədir. 35 il stajı olduğu halda ona 25 ildən az staj olduğunu bildirirlər. Halbuki, o, əmək kitabçasının surətini də 2 saylı Bakı Dost Mərkəzinə təqdim etmişdir. Əmək kitabçasında işlədiyi iş stajı öz əksini tapmışdır. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz imtina məktubuna uyğun tərtib edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1250/2024 saylı, 08 aprel 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş və qeyd edilmişdir ki, Mərkəzi Filialın məktubunda İddiaçı təqdim etdiyi sənədlərin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajının (xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək əyani təhsil illəri nəzərə alınmaqla) 13 il 10 ay 18 gün təşkil etdiyi qeyd olunmuşdur. Eyni zamanda, xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8 il 8 ay 18 gün sığorta stajına uyğun olaraq 8073,02 manat, xx.xx.2010-cu il tarixdən xx.xx.2018-ci il tarixədək 4315,17 manat olmaqla, ümumilikdə 12388,20 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Bildirilir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə sosial müavinət təyin edildiyi üçün həmin Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1986-cı il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İş üzrə müvafiq olaraq Dövlət Vergi Xidməti, Milli Arxiv İdarəsi və Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********653600 nömrəli məktubunda qeyd edilmişdir ki, hüquqi şəxs "xxxx" ASC xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış Bakı Komvol Kombinatının bazasında xx.xx.1998-ci il tarixdə "xxxx" X14 Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınmış və xx.xx.2015-ci il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyəti kimi adlandırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-16342/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 27 oktyabr 1997-ci il tarixli 931 nömrəli sərəncamı əsasında yaradılan "xxxx" ASC 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin xx.xx.2023-cü il tarixli 3-48-2F/2- 08090/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı "xxxx" İdarəsi ASC-nin natamam arxiv sənədlərində 1960-cı il təvəllüdlü vətəndaş Cəfərova (Xəlilova) Şövkət Şəmsəddin qızına 1986-cı ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1987, 1988, 1989, 1990, 1991, 1993-cü illər, 1994-cü ilin mart və 1996-cı ilin fevral ayına dair əməkhaqqı cədvəllərində ona əməkhaqqı hesablanması barədə məlumat mövcuddur. Həmin məktubda Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı "xxxx" ASC-nin natamam arxiv sənədlərinin 1992, 1995-ci illərə dair əməkhaqqı cədvəllərində vətəndaş Cəfərova (Xəlilova) Şövkət Şəmsəddin qızına əməkhaqqı hesablanması barədə heç bir məlumatın olmadığı, eyni zamanda Bakı "xxxx" ASC-nin 1986, 2009-cu illərə dair əmr kitabları və 1996-cı ildən sonrakı dövrər üçün əməkhaqqı cədvəllərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Milli Arxiv İdarəsinin məktubundan göründüyü kimi İddiaçı "xxxx" ASC-də əməkhaqqı ödənilən 6 il 6 ay dövr mövcuddur. Həmin dövrlər iddiaçının Mərkəzi Filial tərəfindən mübahisələndirilməyən 13 il 10 ay 18 gün sosial sığorta stajı ilə birlikdə 20 il 4 ay 18 gün təşkil edir ki, bu da “Əmək pensiyaları haqqında” Qanunla yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il sosial sığorta stajından azdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-361/2024 nömrəli qərarının 37-ci bəndində qeyd olunmuşdur ki, “X11 Filialı tərəfindən təqdim edilmiş Ağdam rayonu 5 nömrəli tam orta məktəbə aid olan 1994-2004 dövrlərinin bəzi aylarının əmək haqqı cədvəllərində iddiaçının adı aşkar edilməmişdir və apellyasiya məhkəməsi tərəfindən işin həmin halı ümumiyyətlə araşdırılmamış, bu sənədlərə hüquqi qiymət verilmədən, məhkəməyə təqdim olunmuş əmək kitabçasında olan məlumatlar mötəbər hesab edilmişdir”. Göründüyü kimi Ali Məhkəmə həmin qərarda iş stajının iddiaçının əmək kitabçasında qeyd olunması ilə kifayətlənməyərək əməkhaqqı cədvəllərinin araşdırma zamanı nəzərə alınmalı olduğu qənaətinə gəlmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının əsaslandırma hissəsində İddiaçı "xxxx" ASC-də işlədiyini iddia etdiyi 1986-2005-ci illər arasındakı dövrün bütövlükdə onun sosial sığorta stajına daxil edilməli olduğu qeyd olunmuşdur. Lakin yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı həmin müəssisədə 1986-2005-ci il tarixləri arasında fasiləsiz hər ay əməkhaqqı almamışdır. Bu səbəbdən məhkəmənin mövqeyi əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuş, 63 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur. -ИТ-İ №0512611 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977xx.xx.1981-ci illərdə Quraşdırma İşləri İdarəsində mühafizəçi, fəhlə, xx.xx.1986xx.xx.2009-cu illərdə Bakı Komvol Kombinatında usta köməkçisi, xx.xx.2010- xx.xx.2013cü illərdə "xxxx" ASC 5 saylı ixtisaslaşdırılmış müəssisə MMC-də 3- cü dərəcəli fəhlə, xx.xx.2015-xx.xx.2017-ci və xx.xx.2018-xx.xx.2018-ci illərdə "xxxx" MMC şirkətində qabyuyan vəzifəsində işləmişdir. -xx.xx.1986-cı il tarixli 610695 nömrəli diplomun surətindən görünür ki, X2 1981-ci ildə M.V.Frunze adına X5 daxil olmuş və xx.xx.1986-cı il tarixdə toxuma ixtisası üzrə tam kursu bitirmişdir. -xx.xx.1989-cu il tarixli 462226 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X2 arasında nikah bağlanmış, nikahdan sonra arvada “Cəfərova” soyadı verilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17-1/2-C-86499/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, təqdim etdiyi sənədlərin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək əyani təhsil illəri nəzərə alınmaqla) 13 il 10 ay 18 gün təşkil edir. xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8 il 8 ay 18 gün sığorta stajına uyğun olaraq 8073,02 manat, xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək 4315,17 manat olmaqla, ümumilikdə 12388,20 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edildiyi üçün Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1986-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək "xxxx" ASC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2018-ci il tarixindən ona təyin edilən yaşa görə sosial müavinətin məbləği hazırda 220 manat olmaqla davam etdirilir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçının 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə cəmi 33 il 1 ay 6 gün iş stajı olmuş, bununla da iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan hər iki şərti ödəmişdir.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apelyator tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində qadınların yaş həddi 1 iyul 2022 - 30 iyun 2023-cü il üzrə 63 yaşdır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2022 - 30 iyun 2023-cü il üzrə qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 63 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuş, 63 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur. Göründüyü kimi iddiaçı ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş tələbini ödəyir. İkinci halla bağlı qeyd edilməlidir ki, xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8 il 8 ay 18 gün sığorta stajına uyğun olaraq 8073,02 manat, xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək 4315,17 manat olmaqla, ümumilikdə 12388,20 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır (əmək kitabçasındakı bütün dövrlər qəbul edilsə belə). Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. Kollegiya hesab edir ki, iddiaçıya qanunvericiliklə nəzərdə tutulmuş 63 yaşından yaşa görə əmək pensiyasının təyinatına əsas verən 25 il ümumi iş stajı mövcud deyil. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarda göstərilmişdir ki, iddiaçının 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə cəmi 33 il 1 ay 6 gün iş stajı mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya icraatı zamanı iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, 1997-ci ildən uşağı anadan olan tarixdən öz hesabına 3 il məzuniyyətdə olmuş, 2001-ci ildən 2009-cu ilə qədər yenidən öz hesabına məzuniyyət götürmüşdür. O bu dövr ərzində başqa işlərdə çalışdığını bildirmişdir. Göründüyü kimi iddiaçının 1997-2000 və 2001-2009-cu illərdə öz hesabına məzuniyyətdə olması onun izahatı ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri nəzərdə tutulmuşdur ki, həmin normada işçinin öz hesabına götürdüyü məzuniyyət dövləri sığorta stajına daxil edilən müddət kimi öz əksini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 63 yaşının tamam olduğu tarixədək ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 25 il ümumi iş stajı mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1250/2024 saylı, 08 aprel 2024-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1250/2024 saylı, 08 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar