Məhkəmə qərarları › İş №2-1(103)-297/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-297/2020

16.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-297/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Seyidova Səriyyə Seyid qızı və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Xüsusi şərtlərlə təyinat idarəsinin vəkili və nümayəndəsi X1 iştirakı ilə dövlət qulluqçusunun əmək pensiyanın yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3300/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, dövlət qulluqçusunun dövlət məvacibi nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensyasının üzərinə ixtisas dərəcəsinə görə haqq, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq, dövlət qulluqçusuna il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğdə mükafat və 1 aylıq vəzifə maaşı məbləğdə müavinət olmaqla yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə haqq, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq və 1 aylıq vəzifə maaşı məbləğdə müavinət nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçıya xx.xx.2013-cü il tarixdə “Əmək pensiyaları haqqında” AR Qanununun 20.1.7-ci maddəsinə əsasən 12 il 3 ay dövlət qulluğu stajına görə və son iki illik əmək haqqına uyğun olaraq dövlət qulluqçusu kimi əmək pensiyası ləyin edilmişdir. Belə ki, əmək pensiyası iddiaçının işlədiyi son iki il üzrə vəzifə maaşının ümumi məbləği əsasında müəyyən edilmiş 386,66 manat orta aylıq əmək haqqının və 20 faiz qulluq stajına görə əlavənin nəzərə alınması ilə hesablanaraq, xx.xx.2013-cü il tarixdən etibarən əmək pensiyasının məbləği 301,59 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli sərəncamına uyğun olaraq xx.xx.2018-ci il tarixdən iddiaçının əmək pensiyası yenidən hesablanmaqla 320,79 manat müəyyən edilmişdir. Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması qaydaları Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrlə tənzimlənir. Əlavə 1-in 10-cu bəndi ilə müəyyən edilir ki, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq eldiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. 11-ci bəndi ilə müəyyən edilir ki, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. İddiaçı tərəfindən isə həmin arayışlar təqdim edilməmişdir. Məhkəmə tərəfindən isə arayışların olmaması nəzərə alınmamış, arayışlar olmadan həmin məbləğlər nəzərə alınmış, bununla da, Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək pensiyası hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq nəzərə alınmalıdır. Halbuki, məhkəmə iddiaçının vəzifəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nda olub-olmadığını yoxlamamışdır. İddiaçının Azərbaycan Kommunist Partiyasının şəhər komitəsinin aparatında şöbə müdiri vəzifəsinin uyğunlaşdırıldığı rayon, şəhər və şəhərdə rayon icra hakimiyyət başçısının aparatında bölmə rəhbəri vəzifəsi həmin siyahıda yoxdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək pensiyası hesablanarkən 1 aylıq vəzifə maaşı məbləğdə müavinət nəzərə alınmalıdır. Halbuki, həmin müavinətin verilməsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 948 saylı Fərmanına əsasən xx xxxxxx 2003-cü il tarixdən başlanmışdır, yəni iddiaçı həmin müavinəti heç vaxt almamış, həmin müavinətdən sığorta ödənişi həyata keçirməmişdir. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Lakin həmin müavinət dövlət məvacibinin tərkibinə daxil deyil. “Dövlət qulluğu haqqında” AR Qanununun 22.2-ci maddəsinə əsasən, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Göründüyü kimi, məzuniyyətə çıxarkən verilən müavinət dövlət məvacibinin tərkibinə daxil edilməmişdir. Buna görə də həmin müavinətin verilməsi dövlət məvacibinin artırılması kimi qiymətləndirilərək, pensiyada olan dövlət qulluqçularının əmək pensiyalarının məbləğinin yenidən hesablanmasına səbəb ola bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək pensiyası hesablanarkən ixtisas dərəcəsinə görə haqq nəzərə alınmalıdır. Halbuki, iş materiallarında iddiaçının hər hansı ixtisas dərəcəsinə malik olmasına dair heç bir sübut yoxdur. İddiaçının əmək kitabçasında iddiaçıya ixtisas dərəcəsinin verilməsinə dair müvafiq qeydlərin olmaması da onun ixtisas dərəcəsinə malik olmadığını göstərir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət, ixtisas dərəcəsinə və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqlara dair hissədə, qismən əsaslıdır. Belə ki, cavabdeh iddiaçının müraciətinə xx.xx.2019-cu il tarixli **********8 nömrəli imtina məktubunda bildirmişdir ki, Dövlət qulluqçularına əmək pensıyanının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması və Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrlə tənzimlənir. 1 nömrəli Əlavənin 10-cu bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. Həmin Əlavənin 11-ci bəndinə uyğun olaraq dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Əlavənin 12-ci bəndinə əsasən isə dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Qeyd olunanları nəzərə alaraq, ərizədə göstərilən əlavələrin pensiyanın üzərinə əlavə edilərək yenidən hesablanması “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” qanunların, “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvaciblərinin hesablanması Qaydası”nın və “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin tələblərinə ziddir. Məhkəmə kollegiyası, ilk olaraq, qeyd edir ki, qanunvericiliyə görə fəaliyyətdə olan dövlət qulluqçusunun məvacibinin tərkibinə vəzifə maaşından başqa, həm də dövlət qulluqçularına verilən mükafatlar, ixtisas dərəcəsinə görə əlavə haqq, məzuniyyətə çıxarkən verilən müavinət və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq da daxildir. Bu növ mübahisələr üzrə aydınlaşdırılmalı olan hallar ondan ibarətdir ki, pensiyaya çıxanadək dövlət məvacibinin tərkibində həmin əlavələri almamış dövlət qulluqçusu sonradan dövlət qulluqçularına verilməyə başlanılmış həmin əlavələri nəzərə almaqla özünün pensiyasının yenidən hesablanmasının tələb etmək hüququna malikdirmi? Çünki, qanunverici əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Bununla bağlı, məhkəmə kollegiyası hesab edir ki, dövlət qulluqçusu özünün pensiyasının yenidən hesablanmasını tələb edərkən sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanan bütün əlavələrin istisnasız nəzərə alınmasını tələb etməkdə haqlı deyil. Qanunvericiliyin təhlili göstərir ki, müəyyən qrup əlavələr dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olaraq verildiyi halda, digər bir qrup əlavələr belə bir mülahizədən asılı olmayaraq, qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənilir. Ona görə də, dövlət qulluqçusunun elə əlavələri nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ vardır ki, onlar dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq, birbaşa qanundan irəli gəlməklə, imperativ qaydada dövlət məvacibinin tərkibinə daxil edilməklə verilsin. Dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olan əlavələrə münasibətdə isə nəzərə alınmalıdır ki, dövlət qulluqçusunun həmin əlavələrə layiq görüldüyü (görülməli olduğu) qənaətinə gəlmək inzibati orqanının diskresion səlahiyyətinə müdaxilə olardı. Başqa sözlə, «iddiaçı əgər həmin dövrdə işləsəydi iş yerinin rəhbərinin mülahizəsindən asılı olan həmin əlavələri də alacaqdı» mülahizəsi hüquqilikdən uzaqdır. Göstərilən mövqeyə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, hakimiyyət səlahiyyətlərinin icrasına görə verilən haqq qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavədir. Belə ki, «Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında» AR Qanununun 3-cü maddəsinə görə, dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətlərin icrasına görə hər ay vəzifə maaşına qanunvericiliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir. Azərbaycan Respublikası Prezidentinin «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı»nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə» xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanının 2-ci bəndi ilə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilmişdir. Ona görə də, iddiaçının hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavənin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması tələbini təmin edə bilmək üçün onun dövlət qulluqçusu kimi hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısında təsbit edilmiş vəzifələrdən birində çalışmış olması tələb olunur. İşdən müəyyən olunur ki, iddiaçının pensiyası Azərbaycan Kommunist Partiyası Şərur rayon Partiya Komitəsinin Təşkilat şöbəsinin müdiri kimi işlədiyi son iki il üzrə vəzifə maaşının ümumi məbləği əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.6-cı bəndinə əsasən Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında şöbə müdiri vəzifəsi Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyası”na “Dövlət qulluğu haqqında” AR Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na uyğun olaraq:

1. ali - 5-ci kateqoriya dövlət orqanlarında administrasiya (aparat) rəhbərləri və administrasiya (aparat) rəhbərlərinin müavinləri, işlər müdirləri və işlər müdirlərinin müavinləri, şöbə müdirləri və şöbə müdirlərinin müavinləri;

2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində inzibati vəzifələrin ali - ikinci təsnifatlarında qulluq keçən dövlət qulluqçuları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və Azərbaycan Respublikası Prezidentinin Katibliyində sektor müdiri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində şöbə müdiri, onun müavinləri, habelə müstəqil struktur vahidi olan sektorun müdiri;

3. kollegial orqanların fəaliyyətini təmin edən dövlət orqanlarının rəhbərləri (katib və s.) və rəhbər müavinləri;

4. 3-cü - 5-ci kateqoriya dövlət orqanlarının (mərkəzi, yerli icra hakimiyyəti orqanları və məhkəmələr istisna olmaqla) rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının müavinləri, yerli icra hakimiyyəti başçılarının yanında olan orqanların rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri və nümayəndələrinin müavinləri;

5. Ali - 5-ci kateqoriya dövlət orqanlarında sədrin (rəhbərin) köməkçiləri və müşavirləri, Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin köməkçisi, İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri və rəhbərinin müavini, daxildir. Göründüyü kimi, yalnız sözügedən siyahıda sadalanan vəzifələri tutan dövlət qulluqçularına hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq verildiyindən, siyahıda qeyd olunan dövlət qulluğu vəzifəsini tutan şəxsin pensiyasının hesablanmasında həmin əlavələr nəzərə alına və xx.xx.2008-ci il tarixli Fərmandan sonrakı dövr üçün hesablana bilər. Lakin iddiaçının işlədiyi rayon Partiya Komitəsinin Təşkilat şöbəsinin müdiri vəzifəsinin uyğunlaşdırıldığı rayon icra hakimiyyəti başçısının aparatında bölmə rəhbəri vəzifəsi “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nda nəzərdə tutulmamışdır. Bundan əlavə, Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları»nın 11-ci bəndinə görə, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır ki, iddiaçı belə bir arayışa malik deyil. İxtisas dərəcəsinə görə əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbinə münasibətdə isə sonrakılar nəzərə alınmalıdır. Belə ki, «Dövlət qulluğu haqqında» AR Qanununun: 16.1-ci maddəsinə görə, dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir; 17.1-ci maddəsinə əsasən, ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir; 17.5 və 17.6-cı maddələrinə görə, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları»nın: 5-ci bəndinə əsasən, dövlət qulluqçusuna ixtisas dərəcələri aşağıdakı səlahiyyətli şəxslər tərəfindən verilir: 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikasının Prezidenti; dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri-müvafiq dövlət orqanının rəhbəri; 10-cu bəndinə görə, dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan ixtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir; 12-ci bəndinə əsasın, ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay ixtisas dərəcəsinə görə əlavə ödənilir. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi, dövlət qulluqçusuna hansı ixtisas dərəcəsinin verilməsi müvafiq dövlət orqanının rəhbəri tərəfindən onun mülahizəsinə əsasən həll edilir. Bundan başqa, qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ya onun ixtisas dərəcəsindən məhrum edilməsi də mümkündür. Digər tərəfdən, ixtisas dərəcəsinə görə əlavələr yalnız ixtisas dərəcəsinin verildiyi gündən başlayaraq ödənilə bilər. Həmçinin, ixtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilməli və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilməlidir. Lakin işdən iddiaçıya ixtisas dərəcəsinin verildiyi müəyyən olunmur, iddiaçı da ona ixtisas dərəcəsinin verildiyini irəli sürmür. «Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları»nın 10-cu bəndi isə, buna əlavə olaraq, təsbit etmişdir ki, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. Müavinətlə bağlı olaraq isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin «Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında» xx.xx.2003-cü il tarixli 948 nömrəli Fərmanına əsasən, 2003-cü ilin 01 yanvar tarixindən dövlət qulluqçusuna məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Ona görə də, prinsipcə dövlət qulluqçusu kimi pensiyaya çıxan şəxslər pensiyalarının hesablanmasında ödənilməli olan həmin müavinətin nəzərə alınmasını tələb etməkdə haqlıdırlar. Çünki, normadan göründüyü kimi, məzuniyyətə çıxarkən verilən müavinət qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavədir. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə, ixtisas dərəcəsinə və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqlara dair hissədə qismən razılaşır və eyni hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni maddi hüquq normalarının pozuntusu kimi qiymətləndirir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı müzakirə edilən qaydada qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməli və iddia eyni hissədə rədd olunmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3300/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı qismən - ixtisas dərəcəsinə görə haqq və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissədə - ləğv edilsin, həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin və eyni hissədə iddia təmin olunmasın. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Xüsusi şərtlərlə təyinat idarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Səriyyə Seyidova İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar