Məhkəmə qərarları › İş №2-1(103)-297/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-297/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-297/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “sənədlərin təqdim edilməsi tələbinə dair” inzibati mübahisə üzrə iddiaçının iddiadan imtina barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu X2 ərazisində iddiaçı ”Xəyal Adası” MMCnin mülkiyyətində olan torpaq sahəsində inşa və istismar edilən ticarət Mərkəzi binasının “tikintilərin dövlət reyestri”nə daxil edilməsi və müvafiq kod verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1475/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin apellyasiya mərhələsində iddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında olan mübahisənin öz həllini tapdığını, tikilinin reyestrdə qeydiyyata alınıb ona çıxarış verildiyini (çıxarış ərizəyə əlavə olunmuşdur) və hazırkı vəziyyətdə tərəflər arasında hər hansı mübahisə mövcud olmadığını bildirərək iddia tələblərindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan, ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsində göstərilənləri nəzərə alıb və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, iddiadan imtina etmək iddiaçının qanunvericiliklə ona verilən hüququdur. İş materiallarından görünür ki, iddiaçının iddiadan imtina etməsi üçüncü şəxslərin hüquqlarını pozmur və tərəflərin qarşılıqlı mənafeyinə uyğundur. İddiaçıya izah edilir ki, həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. İPM-in 55.5-ci maddəsi isə nəzərdə tutur ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının iddiadan imtina barədə ərizəsi təmin edilsin. İddiadan imtina məhkəmə tərəfindən qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar