Məhkəmə qərarları › İş №2-1(103)-297/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-297/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-297/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2-1(112)-5903/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********923100 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2014-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına və xx.xx.2017-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Əsas fəaliyyəti xəstəxana fəaliyyəti olmuşdur. Müəssisənin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. MMC-də 2014-cü ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli № **********923100 qərarla 2022-ci il üçün 12.165,44 AZN manat əlavə mənfəət vergisi hesablanmışdır və müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Kameral hesablama barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 60827,20 manat tərəflərindən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı bildirilmişdir, lakin hansı müəssisələrlə bu əməliyyatların aparılması barədə məlumat verilməmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə vergi orqanına müvafiq müraciət ünvanlanaraq, sənədlər təqdim edilərək obyektiv araşdırmanın aparılması xahiş edilmişdir. Cəmiyyət tərəfindən 2022-ci il ərzində aşağıda adları qeyd olunan müəssisələrdən 60827,20 manat dəyərində elektron qaimə-fakturalar əldə edilmiş, bundan 53378,30 manat hissəsində olan 21 sayda elektron qaimə-fakturanın (asiton, batareya, birdəfəlik stəkan kağız, boru sok üçün, boşqab, komet, daraq, klyok ,zərf, qab şampunu, masa üstü, salfetka, üzqırxan pena Derby, birdəfəlik xörək qaşığı və sair təsərrüfat malları) "xxxx" MMC-dən 6316,35 manat hissəsində olan 3 sayda elektron qaimə-fakturaların (birdəfəlik stəkan kağız, zibil klyoku(rulon), qab şampunu 41 Feel, boru sok üçün, batareya Duraccel AA (4 ədədli), hava təravətlendirici Air Vik ehtiyat, klyok pingivin, disk CD-R Verbatim (100) orijinal, konteyner 101 şəffaf və sair) "xxxx" MMC-dən əldə edilmiş və 1132,5 manat hissəsində olan 3 sayda elektron qaimə-fakturaların (distille edilmiş su) "xxxx" MMC-dən əldə edilmişdir. Müəssisəyə 2022-ci il üçün əlavə mənfəət vergisi hesablanmasına səbəb 2023-cü ildə yuxarıda göstərilən cəmiyyətlərin riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Müəssisə tərəfindən bu əməliyyatları təsdiq edən bütün qaimə faktura və digər ilkin mühasibat sənədləri vergi orqanına təqdim edilmişdir. Yuxarıda qeyd edilən təsərrüfat malları və distillə edilmiş su müəssisənin xəstəxana fəaliyyətinə sərf olunmuşdur. Təqdim olunmuş mallar üçün hesablanmış bütün vergi öhdəlikləri tərəflərindən tam və vaxtında yerinə yetirilib. Müəssisə tərəfindən mal, iş və xidmətlərin alğı-satqı əməliyyatları aparılarkən, yəni həmin müəssisə tərəfindən iddiaçıya elektron qaimə faktura təqdim edilərkən və müvafiq mal, iş və xidmətlər alınarkən qeyd edilən müəssisələrin riskli vergi ödəyicisi olması barədə məlumatları olmamışdır, həmçinin həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Qeyd edilən sahibkarlarla mal, iş və xidmətlərin alqı-satqı müqaviləsi bağlanarkən və onlardan elektron qaimə faktura alarkən, Dövlət Vergi Xidmətinin təqdim etdiyi, riskli vergi ödəyicilərinin axtarışı sistemində onların riskli vergi ödəyiciləri olub-olmaması barəsində İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Bundan başqa, iddiaçının əməliyyat apardığı sahibkarların iddiaçıya satdığı malların saxlanılması üçün anbarın sahəsinin az olması, həmin həcmdə malların alınmamaması və ya idxal edilməməsi iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq illik mənfəət vergisi bəyannaməsini təqdim etdiyi tarixdə bu müəssisələr riskli vergi ödəyicisi olmamışdır.

3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, uçot-baza məlumatına əsasən iddiaçının xx.xx.2014-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına və xx.xx.2017-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyətinin “xəstəxanaların fəaliyyəti: müalicə, qalmaq, qidalanmaq və sair” olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən 25 sentyabr 2023-cü il tarixli **********9223100 saylı qərardan Dövlət Vergi Xidmətinə inzibati şikayət verilmiş, 16 dekabr 2023-cü il tarixli **********406300 saylı “İnzibati şikayətin təmin edilməməsi” barədə qərar qəbul edilmiş, "Med Corporation” Məhdud Məsuliyyətli Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********923100 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki halları barədə bildirilmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı iddiaçının 2022-ci il ərzində "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) ilə ümumilikdə aparılmış 60827,15 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********615100 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən 2022-ci il üçün mənfəət vergisi üzrə 12165,44 manat vergi məbləği hesablanaraq, xx.xx.2023-cü il tarixli **********923100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar vergi ödəyicisinə göndərilmişdir. Həmçinin inzibati araşdırma zamanı 2022-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsinin “Xammal və materiallar” sətrində qeyd olunan 1870022,46 manat məbləğin 60827,15 manat məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və əlavə olaraq 12165,44 manat mənfəət vergisi hesablanmışdır. Araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci il ərzində 4482370,86 manat dəyərində elektron qaimə-fakturalar əldə edilməsi, bundan 53378,30 manat hissəsində olan 21 sayda elektron qaimə-fakturanın (asiton, batareya, birdəfəlik stəkan kağız,boru sok üçün, boşqab,komet, daraq, klyok ,zərf, qab şampunu, masa üstü, salfetka, üzqırxan pena Derby, birdefelik xörək qaşığı və sair təsərrüfat malları) "xxxx" MMC-dən, 6316,35 manat hissəsində olan 3 sayda elektron qaimə-fakturaların (birdefelik stekan kağız, zibil klyoku(rulon), qab shampunu 4İ Feel, boru sok uçün, batareya Duraccel AA (4 ededli), hava teravetlendirici Air Vik ehtiyat, klyok pingivin, disk CD-R Verbatim (100) orijinal, konteyner 101 sheffaf və sair) "xxxx" MMC-dən əldə edilməsi, 1132,5 manat hissəsində olan 3 sayda elektron qaimə-fakturaların (distille edilmiş su) "xxxx" MMC-dən əldə edilməsi həmin vergi ödəyicilərinin Cəmiyyətə təqdim etdiyi elektron qaiməfakturalarda qeyd olunan malların əldə etdikləri elektron qaiməfaktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları (iş və xidmətləri) satdıqları müəyyən edilmişdir. Vergi orqanı tərəfindən aparılmış təhlillər zamanı "xxxx" MMC-nin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmiş, qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.3-cü yarımbəndinə əsasən barəsində riskli vergi ödəyicisi olması haqqında xx.xx.2022-ci il tarixli **********596000 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il dövr ərzində cəmi 69000 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Marker lovhe yashil, Batareya AA Duracel və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən barəsində riskli vergi ödəyicisi olması haqqında xx.xx.2023-cü il tarixli **********136400 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2022xx.xx.2023-cü il tarixdə cəmi 4,8 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Distillə su 5L-lik, Distillə su 1 L-lik və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1, 2.1.3 və 3.1.1 -ci yarımbəndlərinə əsasən barəsində riskli vergi ödəyicisi olması haqqında xx.xx.2023-cü il tarixli **********622800 nömrəli qərar qəbul edilmişdir. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" MMC-yə, "xxxx" MMC-yə və "xxxx" MMC-yə araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə məktublar göndərilmiş, vergi ödəyicilərinin rəhbərləri (səlahiyyətli nümayəndələri) Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. Lakin onlar tərəfindən səlahiyyətli nümayəndələrinin araşdırmada iştirakı təmin edilməmiş və heç bir təsdiqedici sənədi araşdırmaya təqdim olunmamışdır. Qeyd olunan hallar aktlarla rəsmiləşdirilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2-1(112)-5903/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********923100 nömrəli qərarı ləğv edilmişdir.

5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri L.Əhmədova və E.Hacızadə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********923100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə, 2022-ci il üzrə 12.165,44 manat əlavə mənfəət vergisi hesablanmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

10. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

11. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır

13. İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır.

14. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

15. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

16. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsidir.

17. İş materiallarından görünür ki, iddiaçının 2022-ci il ərzində "xxxx" MMC (VÖEN: **********) ilə 3, "xxxx" MMC (VÖEN: **********) ilə 21 və "xxxx" MMC (VÖEN: **********) ilə 3 olmaqla, ümumilikdə 27 elektron qaimə-faktura əsasında 60827,15 manat məbləğində mal almışdır.

18. Göründüyü kimi, hal-hazırda qərarın qanuniliyinin müəyyən edilməsi ilə bağlı yuxarıda adıçəkilən vergi ödəyicisinin həmin əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olub-olmamasının aydınlaşdırılması zərurəti yaranmışdır.

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin tələbindən göründüyü kimi, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 №-li Fərmanın 1.12-ci maddəsinə əsasən, həmin Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur).

20. İş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2023-cü il, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2022-ci il və "xxxx" MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixli qərarlarla, cavabdehin istinad etdiyi əməliyyatlardan sonra riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

21. Həmçinin qeyd edilməlidir ki, cavabdeh vergi orqanı əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün, həmin əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir. Yalnız satıcının mülkiyyətində həmin malın olmaması əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli sayıla bilməz.

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

24. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

25. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2-1(112)-5903/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar