Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2970/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya əmək pensiyasının təyin edilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2-1(112)-6416/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 65 yaşı tamam olduğu dövrdən yəni, 02.03.2021-ci il tarixdən əmək stajına görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 04.03.2021-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 02.04.2021-ci il tarixli məktubla müraciətdə qaldırılan məsələnin həllindən imtina edilmişdir. İddiaçı 01.09.1971-ci il tarixdən 15.02.2010-cu il tarixədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuş, 01.01.2006-cı il tarixədək 34 il əmək stajına malikdir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə – Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür, Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə, və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. AR Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 saylı qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları»nın 1.1-cibəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 69-cu maddəsində iş stajının təsdiq edilməsi qaydası nəzərdə tutulmuşdur. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2-1(112)-6416/2021 saylı qərarı ilə iddia təmin edilmişdir.(hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İddiaçı 05.04.1994-cü il tarixdən 03.05.2001-ci il tarixədək 446 saylı Tikinti İdarəsində və 10.05.2001-ci il tarixdən 01.01.2006-cı il tarixədək X3 İstismar müəssisəsində işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, həmin müəssisələrin hal-hazırda heç bir fəaliyyətinin olmaması və həmin müəssisələrin arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması səbəbindən sosial sığorta stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Əlavə olaraq, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 03.06.2021-ci il tarixli, **********636100 nömrəli və AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin 01.10.2021-ci il tarixli, **********023200 nömrəli məktublarında həmin kommersiya qurumlarının aşkar edilmədiyi və AR Dövlət Statistika Komitəsinin 10.06.2021-ci il tarixli, 01/3-1269 nömrəli məktubunda da həmin müəssisələr ilə bağlı məlumatların mövcud olmadığı qeyd olunmuşdur. AR Milli Arxiv İdarəsinin 26.07.2021-ci il tarixli, 4/1408 nömrəli məktubunda müəssisələr ilə bağlı arxiv sənədlərinin AR Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi vəzifəsi məqsədəmüfaviq hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmənin yardım etmək vəzifəsi nəzərdə tutulmuşdur. Belə ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin iddiaçıya hüquqi yardım etmək vəzifəsi olduğu halda iddiaçının vəkillə təmsil olunmasına və həmin məhkəmə prosesində məhkəmə xərcləri kimi nəzərə alınmış vəkilə ödənilmiş 300 manat məbləğ ağlabatan məbləğ hesab oluna bilməz. Belə ki, iş üzrə bütün sorğular məhkəmə tərəfindən verilərək sübutlar toplanmışdır. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 65 yaşı tamam olduğu dövrdən yəni, 02.03.2021-ci il tarixdən əmək stajına görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və məhkəmə araşdırılması ilə müəyyən etmişdir ki, iddiaçının 02.03.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur, tələb olunan 28.800 manat pensiya kapitalının qarşılığında onun fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalının məbləği 16.137 manatdır. İddiaçının sığorta stajı ilə bağlı qeyd olunmalıdır ki, əmək kitabçasına əsasən o, 1974-cü ildən əmək fəaliyyətinə başlamış (1974 – 1976-cı illərdə hərbi xidmətdə olmuşdur) 2010-cu ilin fevral ayınadək işləmişdir. Qanunvericilik 2002-ci ilin yanvar ayından sığorta stajına məcburi dövlət sosial sığorta haqqının ödənildiyi müddətin daxil edilməsini nəzərdə tutur. Bu səbəbdən də, 2006-cı ilin yanvar ayından başlayaraq, iddiaçının fərdi hesabının sığorta hissəsinə hər hansı vəsait toplanmadığından, həmin müddət sığorta stajı kimi qəbul edilə bilməz. 2006-cı ildən əvvəlki dövrə gəldikdə isə, cavabdeh inzibati orqanın bildirdiyinə əsasən 2006-cı ilədək əmək kitabçasında sadalan müəssisələrdə 21 il 2 ay 8 gün sığorta stajı toplanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının 05.04.1994-cü il tarixdən 03.05.2001-ci il tarixədək və 10.05.2001-ci il tarixdən 01.01.2006-cı il tarixədək olan ümumilikdə 11 il 8 ay 19 gün dövrü sığorta stajı kimi nəzərə almamış və bu mövqeyi həmin dövr üzrə müəssisənin faktiki və arxiv sanədlərinin saxlandığı ünvanın məlum olmaması səbəbindən araşdırılmanın aparılmasının mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin bu mövqeyi ilə tam razılaşmamış və vurğulamışdır ki, iddiaçının işlədiyi "xxxx" Dövlət Şirkətinin strukturuna daxil edilmiş 446 saylı Tikinti İdarəsinin VÖEN açılmasa da, 1996-cı ildə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanı barədə məlumatın mövcudluğu Dövlət Vergi Xidmətinin 08.05.2021-ci il tarixli müvafiq məktubu ilə təsdiqini tapır. Həmin müəssisənin sənədlərinin saxlanılmaması iddiaçının iradəsindən asılı olmamış və onun əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqətə uyğun olması da heç bir yetərli sübutla təkzib olunmur. Odur ki, əmək kitabçasındakı iş stajı ilə bağlı qeydlər 2002-ci ilin yanvar ayının 1-dək olan hissədə sığorta stajı kimi qəbul olunmalıdır. Həmin qeydlər üzrə iş stajı 05.04.1994-cü il tarixdən sonra 7 il 7 ay 26 gün təşkil edir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının 1971 – 1974-cü illərdə texniki peşə məktəbində aldığı təhsil dövrü də «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə əsasən iş stajına daxil olunur. Mübahisələndirilən həmin (7 il 7 ay 26 gün) iş stajı və texniki peşə təhsili dövrü ilə cavabdeh inzibati orqanın iş stajı kimi qəbul etdiyi 21 il 2 ay 8 gün müddətlə birlikdə təsdiq olunur ki, iddiaçının 25 ildən artıq iş stajı toplanmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaçı 1956-cı il təvəllüdü İddiaçı «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ yaranır. Odur ki, inzibati orqanın iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ tərəfindən 4 noyabr 2010-cu il tarixdə verilmiş AZE 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 2 mart 1956-cı il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, 7-ci mikrorayon, məhəllə 3123, ev 4, mənzil 61-dir. İş materiallarında olan 284901 nömrəli 27.07.1974-cü il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1971 – 1974-cü illərdə Bakı şəhəri 54 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə doğulmuş İddiaçı 1974-cü ilin noyabr ayından 1976-cı ilin noyabr ayınadək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Vəkil Bürosuna ünvanlanmış 08.05.2021-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunur: - Vətəndaş İddiaçı 1994 – 2001-ci illərdə işlədiyi 446 saylı Tikinti İdarəsi ilə bağlı verilmiş vəkil sorğusuna baxılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədlərinə əsasən bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 22 noyabr tarixli 564 nömrəli qərarı ilə "xxxx" Dövlət Şirkətinin strukturuna daxil edilmiş 446 saylı Tikinti İdarəsi hüquqi ünvanı Bakı şəhəri, Nobel prospekti, 4 olmaqla 06.08.1996-cı il tarixdə D-1353 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. Həmin İdarə 2004-cü ildən hazırkı dövrədək VÖEN alınması üçün vergi orqanına müraciət etməmişdir. İş materiallarında olan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının DSMF Məhkəmə Mübahsələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xidməti məktubunda «Əmək Pensiyaları haqqında» AR Qanununun 1.0.2, 7, 22-1.1, 27.1, 29.1-1 maddələrinə istinad olunaraq aşağıdakılar bildirilir: - Vətəndaş İddiaçı təqdim etdiyi 17.09.1976-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçası və ******* nömrəli hərbi biletinə əsasən 01.01.2006-cı il tarixədək 21 il 2 ay 8 gün ümumi iş stajı və ona uyğun olaraq 16.147 manat pensiya kapitalı («Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.2, 27.1 və 29.1-1-ci maddələri tətbiq olunmaqla) hesablanmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə X5, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin 14.03.2021-ci il tarixli xidməti məruzəsinə əsasən vətəndaşın 05.04.1994-cü il tarixdən 03.05.2001-ci il tarixədək işlədiyi 446 saylı Tikinti İdarəsi və 10.05.2001-ci il tarixdən 01.05.2006-cı il tarixədək işlədiyi faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından araşdırılmamış və həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Mübahsələndirilən dövrlər sığorta stajına daxil edildikdən sonra vətəndaşın 01.01.2006-cı il tarixə 32 il 10 ay 27 gün sığorta stajı toplanmışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyanın təyin olunması üçün vətəndaşın hüququnun yarandığı 02.03.2021-ci il tarixə tələb olunan pensiya kapitalı 28.800 manatdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə əsasən həmin Qanunun 22.1.1-ci maddəsi tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı həmin Qanunun 7-ci maddəsi ilə tələb olunan 25 il sığorta stajı və 28.800 manat pensiya kapitalı, eləcə də, 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Bu səbəbdən, vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İddiaçı 05.04.1994-cü il tarixdən 03.05.2001-ci il tarixədək 446 saylı Tikinti İdarəsində və 10.05.2001-ci il tarixdən 01.01.2006-cı il tarixədək X3 İstismar müəssisəsində işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, həmin müəssisələrin hal-hazırda heç bir fəaliyyətinin olmaması və həmin müəssisələrin arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması səbəbindən sosial sığorta stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dövrlər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrə aid əmək fəaliyyətini əhatə edir və müvafiq olaraq həmin dövrlərdəki əmək fəaliyyətinin pensiya hüququ verən sosial sığorta stajına hesablanıb-hesablanmaması məsələsinə də məhz həmin Qanunun müddəalarından çıxış etməklə qiymət verilməlidir. Belə ki, həmin dövrdə əmək haqqının alınmaması və ya alınsa belə həmin əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 05.04.1994-cü il tarixdən 03.05.2001-ci il tarixədək 446 saylı Tikinti İdarəsində və 10.05.2001-ci il tarixdən 01.01.2006-cı il tarixədək X3 İstismar müəssisəsində işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Dövlət Vergi Xidmətinin 08.05.2021-ci il tarixli məktubuna əsasən "xxxx" Dövlət Şirkətinin strukturuna daxil edilmiş 446 saylı Tikinti İdarəsi1996-cı ildə dövlət qeydiyyatından keçməsi öz təsdiqini tapmışdır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 01 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla və iddiaçının işlədiyi müəssisə tərəfindən təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, iddiaçının 65 yaşı tamam olduğu dövrdə əmək kitabçasına əsasən ümumilikdə 25 ildən artıq sığorta stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Bundan başqa cavabdeh apelyasiya şikayətində hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi vəzifəsi məqsədə müvafiq hesab etmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, İddiaçı ilə Vəkil arasında 30 aprel 2021-ci il tarixdə “Hüquqi xidmətin göstərilməsi haqqında” 478 nömrəli müqavilə bağlanmış və həmin müqavilə üzrə İddiaçı tərəfindən 300 manat ödəniş edilmişdir. Belə olan halda məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2-1(112)-6416/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2970/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2970/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver