Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2971/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qаrşı Dövlət Sığorta Kommersiya Şirkəti üçüncü şəxs qismində cəlb olunmaqla “birdəfəlik ödənişin verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2922/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq 11000 (on bir min) manat birdəfəlik ödəmənin verilməsi vəzifəsinin cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci ildə X7 ilə rəsmi nikahla ailə qurmuş, həmin nikahdan xx.xx.1993-cü ildə İsmayıl adlı bir oğlu anadan olmuşdur. X1 rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1994-cü ildə orduya çağırılmış, Tərtər rayonu ərazisində dislokasiya olunan N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş, xx.xx.1994-cü ildə Ağdərə rayonunda hərbi borcunu yerinə yetirərkən itkin düşmüşdür. Füzuli rayon məhkəməsinin xx.xx.1994-cü il tarixli qətnaməsinə əsasən X3 xəbərsiz itkin düşməsi faktı müəyyən edilmişdir. Füzuli rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə xx.xx.1961-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olmuş X7 ölmüş elan edilmiş və məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün xx.xx.2007-ci il X3 ölüm günü sayılmışdır. Bununla əlaqədar birdəfəlik ödəmənin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, müraciəti təmin olunmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş müvafiq siyahıya əsasən şəhid hərbi qulluqçu X3 vərəsəsinə (vərəsələrinə) xx.xx.2007ci il tarixində 11000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2922/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Sığorta Kommersiya Şirkətinə şəhid hərbi qulluqçu X3 vərəsələrinə sığorta ödənişinin edilib-edilməməsi barədə xx.xx.2021-ci il tarixli sorğu ünvanlanmış və xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Dövlət Sığorta Şirkətinin elektron informasiya bazasının məlumatlarına əsasən Q.B.Vəliyevin vərəsələrinə xx.xx.2007-ci il tarixdə 11.000 manat sığorta ödənişi verilmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-404/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2922/2021 saylı, 05 avqust 2021-ci tarixli qərarı ləğv edilmiş, İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qаrşı “11000 manat birdəfəlik ödənişin verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1132/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-404/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə rədd edilmişdir. Tərəflərin məhkəmə icraatında iştirakı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2971/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti adi cəlbetmə qaydasında cəlb edilən üçüncü şəxs qismində tanınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə əlavəyə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və cavabdehin əsl cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti ilə əvəz edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il Fərmanına əsasən, birdəfəlik ödəmə 1997-ci il avqustun 2-dək həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11 000 (on bir min) manat məbləğində (qanunvericilikdə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanı əməkdaşlarının vərəsələrinə verilir. Azərbaycan Rospublikası Prezidentinin 19 aprel 2018-ci il Fərmanına əsasən xx.xx.1997-ci il tarixədək şəhid ailələrinə 11.000 manat birdəfəlik ödəmənin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Dövlət İcbari şəxsi sığortası sahəsində idarəotmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prozidentinin 2021 -ci il 18 may tarixli 1340 nömrəli Fərmanına əsasən qeyd olunan dövrdan xx.xx.2022-ci il tarixədək Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilir. Belə ki, İddiaçı mərhum həyat yoldaşının ölüm günü xx.xx.2007- ci il hesab edildiyindən həmin dövrə məxsus şəhid hərbi qulluqçunun ailə üzvlərinə 11 000 manat birdəfəlik ödəmənin verilməsi Dövlət Sığorta Kommersiya Şirkətinin səlahiyyətlərinə aid olduğu qanunvericiliyə əsasən müəyyən edilmişdir. İş üzrə İddiaçı 11.000 manat birdəfəlik ödəmə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2007-ci il tarixdə ödənilmiş və ödəmənin həyata keçirilməsinə baxmayaraq iddia tələbində cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qoyulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə əsasən məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını, cavabdeh tərəfindən təqdim edilmiş vəsatətə isə etiraz edərək, təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin göstərişi aşağıdakı kimidir: - apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Füzuli rayon Notariat ofisinin 30 dekabr 2021-ci il tarixli 504 saylı məktubuna istinad etsə də, həmin məktubda qeyd olunan vərəsəlik şəhadətnaməsi (onun məzmunu), əgər həmin şəhadətnamə vərəsəyə və ya vərəsələrə həqiqətən də yuxarıda qeyd olunan məzmunda verilibsə, onun sonrakı taleyi – şəhadətnamədən təyinatı üzrə istifadə olunub-olunmadığı araşdırma predmeti olmamışdır. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Məhkəmə kollegiyası iş üzrə araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, İddiaçı iddiası üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdehlik daşıyan orqan olmadığına görə həmin orqana münasibətdə iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutları diqqətə çəkir: Füzuli rayon məhkəməsinin 2-27/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən 16 mart 1961-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində doğulmuş, həmin kəndin sakini Azərbaycan Respublikasının vətəndaşı, evli X7 ölmüş ela edilmiş, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün 22 mart 2007-ci il X5 ölüm günü sayılmışdır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2018-ci il tarixli, xx-xx/1139 nömrəli məktbuna əlavə edilmiş siyahıya əsasən X3 vərəsələrinə 2007ci ildə 11000 manat sığorta ödənişi ödənilmişdir, həmin Şirkətin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Dövlət Sığorta Şirkətinin elektron informasiya bazasının məlumatlarına əsasən Q.B.Vəliyevin varisinə xx.xx.2007-ci ildə 11000 manat sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, həmin şirkət tərəfindən X3 vərəsəsinə 24 may 2007-ci ildə 11000 manat ödənilmişdir, lakin həmin ödənişlə bağlı sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilməsi ilə bağlı təqdim edilməsinin mümkün olmaması bildirilmişdir. Təkrarən apellyasiya baxışında araşdırma zamanı məhkəmənin sorğularına cavab olaraq; Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2022-ci il tarixli 08/01-408 nömrəli məktubuna əlavə edilmiş “Sənədlərin və işlərin məhvə ayrılması haqqında” Aktdan görünür ki, Ekspert Komissiyası xx.xx.2016-cı il tarixində təsdiq edilmiş “icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətlərini göstərən nümunəvi” siyahını və Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 519-111Q №-li “Sığorta fəaliyyəti haqqında” Qanunu rəhbər tutaraq Azərbaycan Respublika Dövlət Sığorta Kommersiya Şirkətinin 2010-2015-ci illərə aid vaxtı keçmiş, elmi- tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənəd və işlərin məhv edilməsi üçün seçib ayırmışdır. Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2022-ci il tarixli 08/01-463 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən akt əsasında Şirkətin 2005-ci ildənb 2010-cu il tarixinədək toplanmış sənədlərinin də məhvə ayrılması nəzərdə tutulmuş və icra edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli fərmanının 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ‘Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi qaydalarının 2-ci bəndinə əsasən, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilin arvadına (ərinə); valideynlərinə; 18 yaşına çatmamış uşaqlarına (tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında" Nazirlər kabinetinin 10 saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən “şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur." Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin. Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti. Xanci Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin. Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının: 2.7-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir; 2.8-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid. dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişlən istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Qanunvericlik normalarının təhlilindən göründüyü kimi, 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçulara birdəfəlik ödəmələr Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, həmin tarixdən sonra, yəni dövlət icbari şəxsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci ilin yanvarın 1-dək olan kateqoriya şəxslərə birdəfəlik sığorta ödənişinin Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən, adı çəkilən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid şəxslərə isə sığorta ödənişi 2022-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. İş materiallarından da göründüyü kimi, iddiаçı İddiaçı mərhum həyat yoldaşı X1 rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə ölmüş elan edilmiş və məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün xx.xx.2007-ci il X3 ölüm günü sayılmışdır. Göründüyü kimi, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi xx.xx.2007-ci il tarixlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçının qeyd olunan iddia tələblərinə cavab verilməli orqan olmadığı işə baxmış birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, nəticədə işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsi qərara alınmışdır. Beləliklə, qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaçının hazırkı tələbi üzrə cavabdehlik daşıyan inzibati orqan qismində çıxış edə bilməz. Həmçinin iddiaçıya izah olunur ki, onun birdəfəlik ödəmənin verilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2922/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərarı ləğv edilərək, iddiaçının iddia tələbi düzgün cavabdehə qarşı qaldırılmaması əsası ilə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2922/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə qərardad qəbul edilsin. İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qаrşı “11000 manat birdəfəlik ödənişin verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2971/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2971/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver