Məhkəmə qərarları › İş №2-1(103)-2972/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2972/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2972/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 62 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 62 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4506/2023 saylı 30 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. HB seriyalı 014374 saylı xx.xx.1988-ci il tarixli diplomdan görünür ki, İddiaçı 1984- 1988-ci il tarixlərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı15 fevral 1978-ci il tarixli də əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1984-cü ilədək (8 il 1 ay 21 gün), xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək (1 il 11 ay 13 gün), xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək (6 ay 9 gün), xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək (2 il 3 ay 17 gün), xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək (3 il 4 ay 14 gün), xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək (1 il 2 ay), xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək (7 ay 18 gün), xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilədək (4 il 2 ay 18 gün) müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı onun 25 ildən artıq iş stajının olmasına istinad edərək ona yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdeh quruma müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş əmək kitabçasına və təhsil haqqında diplomun surətinə əsasən sığorta stajı (xx.xx.1984cü il tarixindən xx.xx.1988-ci il tarixinədək əyani təhsil aldığı illər) 19 il 5 ay təskil edir. Əmək kitabçasında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək, və xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçanızda qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək M.F.Axundov adına kolxozun invertarizasiya kitablarında iddiaçının adına rast gəlinmədiyindən həmin dövr sığorta stajına əlavə edilməmişdir. Həmçinin, Mərkəzi Filialın “X3” ASC-də xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək X1 əmək fəaliyyəti zamanı xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək öz hesabına məzuniyyətdə olduğundan həmin dövrün sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əmək kitabçasında qeyd olunmuş xx.xx.2001- ci il tarixindən xx.xx.2006-cı il tarixinədək 100 saylı TTİ-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin müəssisədə əməkhaqqı alıbalmaması müəyyən etmək mümkün olmamışdır. Əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və ona xx.xx.2016-cı il tarixindən çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. Əlavə sənədlər təqdim edilmiş təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajına qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Bu imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ona 62 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə doğulmuş, 3 uşaqlı ana olaraq 180 AZN məbləğində sosial müavinət alır. 28 illik əmək satjı olmasına baxmayaraq, əmək pensiyasına çıxmağı üçün sənədlərini təqdim edən zaman ona bildirilmişdir ki, əmək stajı yetərsizdir. Araşdırma aparan zaman məlum olmuşdur ki, onun əmək stajı hesablanan zaman əmək kitabçasında adları qeyd olunmuş və zamanında işlədiyi M.F.Axundov adına kolxozdakı xx.xx.1991-xx.xx.1993-cü il tarixinədək, “X3” ASC-dəki 1993-cü ildən 1998-ci ilə qədər, “Azərbaycan Respublikası 100 saylı Təmir-Tikinti İdarəsindəki xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər, “Ozan” qəzetində olan xx.xx.1998xx.xx.1999-cu ilə qədər olan əmək stajları nəzərə alınmayıb. Səbəb olaraq ona bu müəssisələrin arxiv arayışlarının olmadığı bildirilmişdir. Bu səbəbdən də o, işlədiyi “X3” ASC-dəki 1993-cü ildən 1998-ci ilə qədər və Azərbaycan Respublikası 100 saylı Təmir- Tikinti İdarəsindəki xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər olan arxiv arayışlarını əldə edərək, yenidən "xxxx" ASC-yə müraciət etmiş və yenidən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İşlədiyi “Ozan” qəzetində olan xx.xx.1998-xx.xx.1999-cu ilə qədər olan əmək stajları üçün qəzetin arxivi olmadığından arxiv arayışını əldə edə bilməmişdir. Lakin onun həmin qəzetdə işlədiyini təsdiq edəcək şahidi var. Əmək kitabçasında qəzetdə işlədiyi tarixlər qeyd olunmuşdur. Hər müraciətində müxtəlif bəhanələr gətirərək ona imtina cavabı verilmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini və əmək haqqı aldığını iddia edir. Lakin İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi dövrlərə dair arxiv sənədləri (əmək haqqı cədvəlləri, əmrlər) olmadığından həmçinin xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğundan həmin dövrlərin sosial sığorta stajına daxil edilərək pensiya təyin edilməsi mümkün olmamışdır. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - qanun) 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil eilən digər dövrlərin məcmusu hesab edilir. Həmçinin Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminät verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, müvafiq orqanlara sorğular göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx.xx.2022-ci il tarixli cavab məktubunda Salyan rayon Şorsulu kənd M.F.Axundov adına kolxozun inventarizasiya (əmək haqqı üzrə) kitablarının araşdırıldığı, lakin İddiaçı 1991-1993-cü illərdə adıçəkilən kolxozda əmək fəaliyyətinin olmasının aşkarlanmadığı qeyd olunmuşdur. Bundan əlavə Fondun 2 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-ci il tarixdən xx.xx.1993- cü il tarixədək M.F.Axundov adına kolxozun invertarizasiya kitablarında adına rast gəlinmədiyi göstərilmişdir. Həmçinin, Mərkəzi Filialın “X3” ASC-də xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək X1 əmək fəaliyyətinin araşdırılması zamanı İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Araşdırma zamanı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 100 saylı TTİ-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından İddiaçı həmin müəssisədə əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamentinin xx.xx.2023-cü il tarixli 3- 17-1/3-126546/2023 nömrəli məktubuna əsasən İddiaçı adı sığortaolunan kimi qeyd olunmamış, xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi dövrlərə dair arxiv sənədləri (əməkhaqqı cədvəlləri, əmrlər) olmadığından həmçinin xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğundan həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericilyin tələblərinə uyğun deyil. Təqdim olunan əmək kitabçasının və təhsil haqqında diplomun surətlərinə əsasən sosial sığorta stajl (xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək əyani təhsil müddəti) 19 il 05 ay təşkil edir. Tələb olunan 25 il sosial sığorta stajına qarşı iddiaçının 19 il 05 ay sosial sığorta stajı olduğundan, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı sığorta stajına (19 il 05 ay) uyğun olaraq qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Göründüyü kimi, qanunda nəzərdə tutulan iki şərtdən heç biri ödənilməmişdir. Belə olan halda İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4506/2023 saylı 30 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 62 yaş 06 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina haqqında” 16 noyabr 2022-ci il tarixli imtina məktubu almışdır. İddiaçı iddia ilə məhkəməyə 01 dekabr 2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 62 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçı xx.xx.1959-cu ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 62 yaş 6 aydan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. İddiaçıya məxsus təhsil haqqında sənəddən və əmək kitabçasından görünür ki, onun xx.xx.1976-cı ildən xx.xx.1984-cü ilədək işlədiyi (8 il 1 ay 21 gün), xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək təhsil aldığı (3 il 9 ay 5 gün), xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək (1 il 11 ay 13 gün), xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək (6 ay 9 gün), xx.xx.1991ci ildən xx.xx.1993-cü ilədək (2 il 3 ay 17 gün), xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək (3 il 4 ay 14 gün), xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək (1 il 2 ay), xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək (7 ay 18 gün), xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilədək (xx.xx.2006dək 4 il 3 gün) işlədiyi dövrlər nəzərə alınmaqla, ümumilikdə iş stajı 25 ildən artıq, yəni 25 il 10 ay 10 gün təşkil edir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrlərə dair arxiv sənədləri (əmək haqqı cədvəlləri, əmrlər) olmadığından, həmçinin xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək iddiaçının ödənişsiz məzuniyyətdə olduğundan həmin dövrlərin onun sosial sığorta stajına daxil edilərək pensiya təyin edilməsinin mümkün olmadığını bildirir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Beləliklə, qeyd edilənlərə əsasən mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. 100 saylı Təmir Tikinti İdarəsinin 25 saylı xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi 100 saylı Təmir Tikinti İdarəsində mühasib vəzifəsində işləmiş və ona əmək haqqı aşağıdakı məbləğdə hesablanmışdır; 2002- 14400000 manat, 2003 - 14400000 manat, 2004 - 14400000 manat, 2005 - 14400000 manat, 2006 - ******* manat. Eyni zamanda birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 3-17- 1/2-109831/2023 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdi ki, 10 №-li Rayonlararası İstehsalat Təmir Tikinti Tresti Nəzdində Bakı Şəhəri 100 №-li Təmir Tikinti İdarəsi (SUN:**********5; VÖEN:**********) tərəfindən 0111 fəaliyyət növünün kodu üzrə (İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)) 2001 - 2006-cı illər üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə təqdim edilmiş “Məlumat”dan müəyyən olunur ki, Bakı Şəhəri 100 №-li Təmir Tikinti İdarəsi tərəfindən 2001-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta -0,00 manat; 2002-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta - 314,40 manat; 2003-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta - 80,00 manat; 2004-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 326,00 manat; 2005-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 931,52 manat; 2006-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 131,30 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının cavabdeh tərəfindən qəbul edilməyən xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrlərdə işəgötürən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi həm müəssisənin özü tərəfindən verilmiş sənədlər, həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən tam təsdiq olunur. İddiaçının xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək işlədiyi müəssisə tərəfindən arxiv sənədlərinin təhvil verilməməsinə gəldikdə isə qeyd olunmalıdır ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilmə vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Odur ki, iddiaçının xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək M.F.Axundov adına kolxozda mühasib müavini vəzifəsində işləməsi faktı onun yuxarıda adı çəkilən qanunvericiliyin tələbinə görə əsas sənədi olan əmək kitabçası ilə öz təsdiqini tapır və bu halı təkzib edə biləcək hər hansı sübut cavabdeh qurum tərəfindən təqdim olunmadığından məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövr iddiaçının əmək stajına daxil edilməlidir. O ki qaldı cavabdehin həm imtina məktubunda, etirazında, həm də apellyasiya şikayətində göstərdiyi “iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək öz hesabına məzuniyyətdə olması səbəbindən həmin dövrün onun sosial sığorta stajına daxil edilməsinin mümkünsüz olması” barədə dəlilinə, bu barədə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Hazırki işdə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, yəni 5 ay təşkil edir. Yuxarıda sadalanan normaların hazırki mübahisəyə tətbiqi zamanı aydın olur ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu 5 ayın onun iş stajına daxil edilməsi ilə bağlı hər hansı məhdudiyyət qanunla müəyyən edilməmişdir. Odur ki, həmin dövr iddiaçının iş stajına daxil edilməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi müvafiq qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-1597/2023 saylı xx.xx.2023-cü il tarixli qərar). Belə olan halda iddiaçının ödənişsiz məzuniyyətdə olduğu xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövr də onun iş stajına daxil edilməklə, iddiaçının xx.xx.2006-cı il tarixə qanunla tələb olunan 25 il əvəzinə, iş stajı daha artıqdır, yəni 25 il 10 ay 10 gündür. Məhkəmə kollegiyası həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi halına münasibətdə də qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə istinadən məhkəmə kollegiyası bir daha qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən onun tələbi əsaslıdır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 62 yaş 6 aydan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4506/2023 saylı 30 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4506/2023 saylı 30 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar