Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2973/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6671/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşı tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi irəli sürmüşdür. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1975-1979-cu illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda əyani bölmədə təshil almışdır. İddiaçı xx.xx.1979-cu il tarixdə əmək fəaliyyətinə Şaumyan rayon 165 saylı uşaq baxçasındakörpələr evində tərbiyyəçi kimi başlamış, xx.xx.1983-cü il tarixədək orada həmin vəzifdə işləmiş, 01.03- 1983 - xx.xx.1998-ci illərdə 208 saylı uşaq baxçası-körpələr evində tərbiyyəçi işləmiş, xx.xx.2000 - xx.xx.2001-ci illərdə Uşaq və X1 işləmiş, xx.xx.2005-ci il Ceyranbatan qəsəbəsi 1 saylı körpələr uşaq bağçasında tərbiyyəçi işləmiş, ümumi iş stajı 24 il 4 ay 12 gün təşkil etmişdir. xx.xx.2015 - xx.xx.2006-cı illərdə iddiaçının 57 yaşı tamam olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 12-ci maddəsinə əsasən qadınalar üçün yaşa görə pensiyanın təyin olunması üçün şərt - 57 yaşın çatması və 20 il stajın toplaması olmuşdur. Həmin Qanunun 3-cü maddəsinə əsasən əmək pensiyası almaq hüququ olan şəxslərin iş stajına müəssisələrdə, təşkilatlarda və idarələrdə işləməklə yanaşı ali məktəblərdə (əyani bölməsində) təhsil alma müddəti də daxil edilirdi. 2021-ci ilin avqust ayında iddiaçıya əmək pensiyası almaq üçün tələb olunan 20 il stajı olmadığından yaşa görə müavinət təyin edilmiş və 62 yaşı tamam olduğu vaxtdan almadığı məbləğ də hissə-hissə ödənilmişdir. Əmək pensiyasının ona təyin olunması üçün xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdehin 19 yanvar 2023-cü il tarixli məktubu ilə ona pensiyanın təyin olunmasından imtina olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin edilməsi, qocalığa görə ona verilmiş müavinət nəzərə alınmaqla, 57 yaşı tamam olduğu vaxtdan, xx.xx.2015ci il tarixdən bu günədək ona ödənilməmiş əmək pensiyasının məbləğininn verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia tələbi “iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin edilməsi, qocalığa görə ona verilmiş müavinət nəzərə alınmaqla, 57 yaşı tamam olduğu vaxtdan, xx.xx.2015-ci il tarixdən bu günədək ona ödənilməmiş əmək pensiyasının məbləğinin verilməsi” kimi göstərilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə əsasən cavabdeh tərəfindən ona 130 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixdə yenidən cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq onun xx.xx.1983-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək fəaliyyəti dövrlərinin əmək kitabçasında öz əksini tapmadığından iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixədək pensiya yaş həddi qadınlar üçün 61 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı məhkəməyə müraciət edərək, ərizəsində “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək ona 57 yaşdan, xx.xx.2015-ci il tarixdiən yaşa görə əmək pensiyasının təyin olunmasını istəyir. Sözügedən qanunda qadınlar üçün 55 yaş, 20 il staj nəzərdə tutulduğundan iddiaçı tərəfindən iddia tələbi düzgün qoyulmamışdır. Həmçinin 13 iyun 1997-ci il tarixli dəyşikliyə müvafiq olaraq sözügedən Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İddiaçının iddia etdiyi 57 yaşdan yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2015-ci ildən yaranır. Həmin dövrdə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğundan iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa istinad edə bilməz. İddiaçı tərəfindən cavabdehə təqdim edilən əmək kitabçası və təhsil haqqında diplomun surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əyani təhsil aldığı müddət də nəzərə alınmaqla) 9 il 1 ay 25 gün təşkil edir. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 9 il 1 ay 25 gündən ibarət olmaqla, xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əyani təhsil aldığı müddət, xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək Şaumyan rayon 165 saylı körpələr evində işlədiyi dövr, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Uşaq və X1 işlədiyi dövrlər, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ceyranbatan qəsəbəsi 1 saylı körpələr evində işlədiyi dövrləri əhatə edir. Hazırki iş üzrə mübahisələndirilən dövrlər kimi (xx.xx.1983-cü il tarixdən 13.02. 1998-ci il tarixədək 208 saylı körpələr evində işlədiyi dövrlər) müəyyən edilmişdir. Sözügedən dövrlərin mübahisələndirmə əsası isə həmin dövrlərin iddiaçının əmək kitabçasında qeyd edilməməsidir. Mübahisələndirilən sosial sığorta stajı cəmi 14 il 11 ay 12 gündür. Belə ki, cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlər iddiaçının əmək kitabçasında qeyd olunmalı idi. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçıya məxsus sosial sığorta stajının mübahisəli və mübahisəsiz dövrlərini toplasaq belə, yenə də 25 il tamamlanmır. Cəmi 24 il 4 ay 13 gün sosial sığorta stajı təşkil edir. İddiaçıya xx.xx.2020-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən isə 220 manata çatdırılmışıdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sosial sığorta stajı 25 ildən az (9 il 1 ay gün) olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6671/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 12-ci maddəsinə istinad edərək həmin qanuna görə ona pensiyanın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmin maddəyə müvafiq olaraq qadınlar 57 yaşa çatdıqda və 20 il iş stajı olduqda əmək pensiyasına çıxmaq hüququnu əldə edirdilər. Məhkəmənin də gəldiyi nəticəyə görə xx.xx.2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 24 il 1 ay 7 gün olmuşdur. Qeyd olunan iş stajı İddiaçı xx.xx.2015-ci il tarixdə 57 yaşı tamam olduğu üçün həmin vaxtdan əmək pensiyasına çıxmaq hüququ qazanmışdır. Lakin məhkəmə xx.xx.2006-cı ilədək qüvvədə olmuş“Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 12-ci maddəsinə deyil həmin dövrdən qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinə istinda edərək İddiaçı iddiasını rədd etmişdir. Halbuki Məhkəmə Azərbaucan Respublikası Konstitusiyasının 149-cu maddəsinə “Normativ hüquqi aktlar haqqına” Azərbaycan Respublikası Konstitusiya Qanunun 87.1-ci maddəsini tədbiq etməli, işin halları da nəzərə alınmaqla iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 12-ci maddəsinə əsasən 57 yaşa pensiya təyin etməli idi. Lakin iddia ərizəsində bu qeyd olunsa da, məhkəmə buna qiymət verməmişdir. Cavabdehin iddia etdiyi hallar ümumiyyətlə mövcud deyil. Belə ki, iddiaçı xx.xx-1983-xx.xx.1998-ci illərdə 208 saylı uşaq baxçası-körpələr evində tərbiyəçi işləməsi əmək kitabçasında qeyd edilmişdir. Bu illərin hesaba alınmaması əsassızdır. Digər tərəfdən pensiya kapitalının olmaması da pensiyanın verilməsindən imtinaya səbəb ola bilməz. Belə ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 12-ci maddəsinə müvafiq olaraq əmək pensiyasının təyin edilməsini tələb edir ki, həmin qanun qüvvədə olduğu müddətdən kapital yığımı müəyyən edilməmişdir. Bu yanlışlıq aradan qaldırılmalı, iddiaçıya xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 12-ci maddəsinə əsasən 57 yaşdan əmək pensiyası təyin edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə də əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. -22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Beləliklə, Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının müraciətinə əsasən Mərkəzi Filial tərəfindən ona “Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1.2-ci maddəsinə uyğun olaraq 130 (bir yüz otuz) manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri əmək kitabçasının surətində öz əksini tapmadığından iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçının diplomu və əmək kitabçası qeydlərinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əyani təhsil aldığı müddət, xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək Şaumyan rayon 165 saylı körpələr evinda, xx.xx.1983 – cü ildən xx.xx.1998-ci il tarixinədək 208 saylı körpələr evində, xx.xx.2000-ci il tarixdan xx.xx.2001-ci il tarixədək Uşaq və X1 işlədiyi dövrlər, xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixədək Ceyranbatan qəsəbəsi 1 saylı körpələr evində işlədiyi dövrlər onun əmək stajını təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 9 il 1 ay 25 gündən ibarət olmaqla (xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əyani təhsil aldığı müddət, xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək Şaumyan rayon 165 saylı körpələr evində işlədiyi dövr, xx.xx.2000-ciyi tarixdən xx.xx.2001-ci il tarixədək Uşaq və X1 işlədiyi dövrlər, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ceyranbatan qəsəbəsi 1 saylı körpələr evində işlədiyi dövrləri) əhatə edir. Hazırki iş üzrə mübahisələndirilən dövrlər kimi (xx.xx.1983-cü il tarixdən xx.xx.1998ci il tarixədək 208 saylı körpələr evində işlədiyi dövrlər) müəyyən edilmişdir. Sözügedən dövrlərin mübahisələndirmə əsası isə həmin dövrlərin iddiaçının əmək kitabçasının surətində qeyd edilməməsidir. Mübahisələndirilən sosial sığorta stajı cəmi 14 il 11 ay 13 gündür. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçıya məxsus əmək kitabçasının əsli məhkəməyə təqdim edilmiş, əmək kitabçasının mötəbərliyini şübhə altına alan məqam müəyyən edilməmişdir. Lakin məhkəmə araşdımasının nəticəsində müəyyən edilir ki, iddiaçının xx.xx.1983 xx.xx.1998-ci il tarixinədək olan müddət ərzində 208 saylı körpələr evində fəaliyyəti nəzərə alınsa da, onun ümumilikdə 25 il stajı (cəmi 24 il 3 ay 12 gün) və ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı müəyyən edilmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına uyğun olaraq iddiaçının fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Apellyasiya şikayətinin dəlillərindən də aydın olur ki, iddiaçı onun 25 il stajının tamamlanmadığını və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmadığını qəbul etsə də, ona münasibətdə tələb olunmalı iş stajının 20 il kifayət etdiyini bildirmiş və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən azı 20 il staja malik olduğundan 57 yaşı tamam olan tarixdən ona pensiya təyin edilməli olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edilən dəlillərlə razılaşmır. Belə ki, iddiaçının 57 yaşdan yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2015-ci ildən yaranmışdır və həmin dövrdə yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olduğu kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğundan iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilə bilməz. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. (İPM-73.1), imtina mövcud inzibati praktikaya da uyğun olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6671/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2973/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2973/2023
07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver