Məhkəmə qərarları › İş №2-1(103)-2975/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2975/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2975/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, iddiaçının vəkili Vəkil Fərəc oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinin onun adına mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinin onun adına mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-736/2022 saylı 28 fevral 2022-ci il tarixli Qərardadına əsasən inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara almışdır. Sumqayıt İnzibati Məhkəməsi qərardadında belə nəticəyə gəlmişdir ki, hazırki mübahisəyə aidiyyəti üzrə həmin məhkəmədə deyil, Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Öz növbəsində Bakı İnzibati Məhkəməsi bununla razılaşmamış, hesab etmişdir ki, mübahisə predmeti olan torrpaq sahəsi Abşeron rayonunun inzibati ərazisində yerləşdiyindən hazırki işə Azərbaycan Respublikası İPM-nin 8.1.1-ci maddəsinin tələbləri baxımından işə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Belə olan halda hazırki mübahisə üzrə məhkəmələr arasında işin ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı yarandığından inzibati iş məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-7290/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş məhkəmə aidiyyətinin həll edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iddia ərizəsini araşdıraraq hesab edir ki, hazırki iş aidiyyəti üzrə baxılmaq üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən həmin məcəllənin 8.1.1-8.1.3 maddəsində nəzərdə tutulan hallar istisna olmaqla iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi aidiyyətin müəyyən olunmasında həmin norma ümumi norma kimi çıxış edir. Məcəllənin 8.1.1-8.1.3 maddələri isə xüsusi norma kimi çıxış edir. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya xüsusi norma kimi çıxış edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən baxılmalıdır. İş materiallarında əlavə edilmiş "xxxx" ASC-nin 25 yanvar 2022-ci il tarixli arayışından məlum olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayon, Kürdəxanı qəsəbəsi ərazisində yerləşir. Bu isə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinin tələbləri baxımından işə Bakı İnzibati Məhkəməsində baxılmasını şərtləndirir. Məhəmmədi kənd bələdiyyəsinin 15 fevral 2000-ci il tarixli qərarından görünür ki, iddiaçının sahibliyində olan Abşeron rayonu, Məhəmmədi bələbiyyəsinin ərazisində olan torpaq sahəsinin yerləşdiyi ərazi faktiki olaraq Sabunçu rayonun inzibati ərazisidir. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi inzibati ərazi baxımından Abşeron rayonunun idarəçiliyində olan torpaqlarda yerləşsə belə, faktiki olaraq Bakı şəhərinin ərazi hüdudlarında yerləşdiyi üçün mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Çünki, bunu Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsi şərtləndirir. Həmin normaya əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iş üzrə əmlakın və ərazinin aid olduğu yerin məhkəməsi isə Bakı İnzibati Məhkəməsidir. Qey edilməlidir ki, qanun bu normasının qeyd edilən əsaslarla müəyyən olunmasında qanunvericinin iradəsi, sübutların əldə edilməsi və yerində müayinə edilmə imkanları baxımından operativlik və məqsədəmüvafiqlik tələblərinə uyğunluğun əsas alınmasına yönəlmə kimi başa düşülməlidir. Kollegiya vurğulayır ki, bu kateqoriya işlərdə mübahisə predmeti olan torpaq sahəsinin Abşeron rayonunun idarəçiliyində olduğu və cavabdeh inzibati orqanın Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasında yerləşdiyi hallarda işə Sumqayıt İnzibati Məhkəməsində baxıldığı hallar olsa da, son dövrlərdə formalaşmış məhkəmə təcrübəsi işə İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinin tələbləri baxımından torpaq sahəsinin idarəçiliyini yox, yerləşdiyi inzibati ərazi vahidini əsas alaraq baxılmasını müəyyən edir. Məhkəmə hesab edir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsi tələbləri baxımından aidiyyətin müəyyən olunmasında cavabdeh inzibati orqanın harada yerləşməsinin heç bir əhəmiyyəti yoxdur. Cavabdeh inzibati orqanın harada yerləşməsi aidiyyətin müəyyən olunmasında cavabdehin yerləşdiyi yerin əsas götürüldüyü hallarda müəyyənedici ola bilər. Hazırkı halda isə cavabdehin düzgün müəyyən olunması cavabdehlik və səlahiyyət baxımından əhəmiyyətli olsa da, aidiyyətin müəyyən olunmasında heç bir rol oynaya bilməz. Bu baxımdan iddiaçının hazırkı iş üzrə cavabdeh inzibati orqanın cavabdehlik baxımından səlahiyyətli olub-olmamasını araşdırması prosessual qənaət baxımından məqsədəmüvafiq hesab edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinin onun adına mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar