Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2975/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9028/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 5.949,96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6.000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisi olan cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan 5.949,96 manat borcuna görə 6.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********9 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 5.949,96 manat ödənilməmiş borcu qalmışdır.» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9028/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır. “...Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi olan Cavabdehun (VÖEN: **********) əmlakının siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli **********9 nömrəli qərar qəbul edilmişdir. Vergi orqanının “Əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli **********9 nömrəli qərarı vergi ödəyicisinə təqdim olunmuş və vergi ödəyicisi qərarla danış olması barədə qərarın kötüyünə imza etmişdir. Əmlakın siyahıya alınması prosesində vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) məxsus Bakı şəhəri Qaradağ rayonu, Qızıl Daş ŞTQ, Qızıldaş qəsəbəsi, ev.1-ci geoloji yatağın yanı ünvanında yerləşən daş karxanasında yerləşən dəyəri 6000 manat olan “daş mişarı” siyahıya alınmış, bununla bağlı xx.xx.2023-cü il tarixli **********9 nömrəli protokol tərtib olunmuş və həmin siyahı və əmlakın fotoşəkili protokola əlavə edilmişdir. Protokol və sıyahıya alınmış əmlakın siyahısı vergi ödəyici tərəfindən imzalanmış, “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2023-cü il tarixli aktla siyahıya alınmış əmlakıməsul saxlayama qəbul etmişdir. Bundan əlavə Cavabdeh Vergi orqanına xx.xx.2023-cü il tarixli izahat təqdim edərək siyahıya alınmış əmlakın ona məxsus olduğunu qeyd etmişdir. Lakin işin bu xüsusatlarını nəzərə almayan məhkəmə yanlış əsaslandırmalara yol vermiş, siyahıya alınmış əmlakın daş karxanası deyil, daş mişarı olmasını, cavabdehin həmin əmlakın ona məxsus olması barədə izahatını nəzərə almamışdır. Halbuki protokolda siyahıya alınmış əmlakın daş mişarı olması qeyd olunmuş, cavabdehin siyahıya alınmış əmlakın ona məxsus olması barədə izahatı iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə siyahıya alınmış əmlakın daş karxanası olduğunu qeyd edərkən yanlışlığa yol verdiyi üçün siyahıya alınmış əmlak olan daş karxanasını eyniləşdirməyə imkan verən hər hansıməlumatın (yerləşmə sxeminin, sahəsinin və s.) olmadığını qeyd edir. Yuxarıda qeyd edildiyi, eyni zamanda protokolda qeyd olunanlardan göründüyü kimi siyahıya alınmış əmlak daş karxanasında yerləşən daş kəsən mişardır və həmin əmlakın yerləşdiyi obyektin ünvanı protokolda qeyd olunmuşdur. Məhkəmə vergi orqanının daş karxanasını deyil, həmin karxanada yerləşən daş mişarını siyahıya aldığını nəzərə almamış, iş materiallarında cavabdehin əmlakın ona məxsus olması barədə izahahatının olmasını nəzərdən qaçırmış, beləliklə də iş üçün mühüm əhəmiyyətə malik bu halları araşdırmamışdır. İşin hallarına əsasən vergi ödəyicisinin dövlət büdcəsinə borcu olduğundan və bu borcu vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə ödəmədiyindən onun əmlakı siyahıya alınmışdır. Siyahıya alınma prosesinə dair bütün sənədlərin məhkəməyə təqdim olunduğu və həmin sənədlərin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməyə kifayət edəcəyi halda məhkəmə sənədlərin tam təqdim olunmadığını, əmlakın məxsusluğunun müəyyən edilmədiyini qeyd etmiş, nəticədə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir...” Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçınn apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsinin qərardadında iddianın mümkünsüz hesab edərkən qeyd etmişdir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mövcudluğu, əmlakın siyahıya alınması haqqında qərarın qüvvədə olması, həmin əmlakın vergi ödəyicisinə məxsusluğu, əmlakın fərdiləşdirmək imkanının və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir. İddiaçı tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında siyahıya alınmış əmlak olan daş karxanasını eyniləşdirməyə imkan verən hər hansı məlumat (yerləşmə sxemi, sahəsi və s.), eləcə də, həmin karxananın cavabdehə məxsusluğu müəyyən edilmir. İddia tələbi (hansı əmlaka yönəldiyi müəyyən edilmədiyindən) aydın deyil. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmənin qeyd olunan mövqeyindən belə anlaşılır ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa riayət olunmamış, iddia ərizəsində istinad etdiyi hallar sübutlarla əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsaslarla iddianın mümkün sayılmaması prosessual qanunvericilyə uyğun hesab oluna bilməz. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, məna etibarı ilə onu ehtiva edir ki, iddia inzibati icraat qaydasından baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, qanunla cavabdehliyi müəyyən edilən şəxsə arşı qaldırıldıqda və formal baxımdan əsaslandırıldıqda izibati məhkəmə icraatı mümkün sayılır. Konkret halda, iddia ərizəsinin məzmunundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının öhdəliyin icrası haqqında iddia ərizəsi prosessual qanunvericiliyin qeyd olunan tələblərinə cavab verir. İddia ərizəsində aşkar olunan çatışmazlıqlara və ona əlavə edilmiş sübutların natamam olmasına gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. AR Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması(əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunmasıməqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunmasıməqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsindən görünür ki, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.1-ci maddəsindən isə görünür ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsi isə nəzərədə tutur ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə də, qanunvericiliyin qeyd olunan tələbləri baxımından, hazırkı işin inzibati məhkəmə icraatında baxılmasını mümkün edən zəruri şərtlər ödənilir. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası üzrə «Vinterverp Niderlanda qarşı» (A33(1979)) işdə Məhkəmə bildirmişdir ki, «Hüquqi müəəyyənlik prinsipi lazımi qaydada əlçatan olan və kifayət qədər dəqiq ifadə edilən, yəni «qanun» anlayışının tələblərinə cavab verən dövlətdaxili normativ aktların mövcud olmasını və onlara riayət edilməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunanlar nəzərə alınmamış, iddianın mümkün sayılmaması barədə səhv nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin işin hallarına uyğun olmayan nəticəyə gəldiyini mübahisələndirən dəliləri hisəsində mövqeyi ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9028/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9028/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2975/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2975/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver