Məhkəmə qərarları › İş №2-1(103)-2979/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2979/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2979/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “daimi orderin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7452/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yerli mənzil idarəsi tərəfindən 000247 saylı, 12 iyul 1985-ci il tarixli orderlə verilmiş 10,0 kv.m. yaşayış sahəinə daimi orderin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, ünvan 1 ünvanında yerləşən mənzilə dair hüquqları 22,13 kv.m. hissədə xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatında alınmışdır. Bundan əlavə, yerli mənzil idarəsi tərəfindən ona verilmiş 000247 saylı, 12 iyul 1985-ci il tarixli orderə əsasən 10,0 kv.m. hissəyə də hüquq əldə etmişdir. Həmin sahəyə daimi orderin verilməsi üçün rayon icra hakimiyyətinə müraciət etmişdir. Müraciəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7452/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsinə dair yeni qərar qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçmiş Şaumyan rayon XDS İKnın (indiki Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti) xx.xx.1985-ci il tarixli, 13/4a saylı qərarı və 000247 nömrəli xx.xx.1985-ci il tarixli xidməti orderi ilə ünvan 1 ünvanında yerləşən xidməti mənzil (10,0 kv.m) İddiaçı verilmişdir. Məhkəmənin istinad etdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi haqqında Qaydası” 2010cu il tarixdə qəbul edilmiş, xidməti mənzil isə 1985-ci il tarixdən, yəni 38 il əvvəl istifadəyə verilmişdir. Qaydaların geriyə tərtib edilməsi iddiaçının konstitusion hüquqlarının pozulmasıdır. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş və məhkəməyə gəlmədikləri təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və iddiaçının hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda, iddiaçının cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı mənzil idarəsi tərəfindən 000247 saylı, 12 iyul 1985-ci il tarixli orderlə verilmiş 10,0 kv.m. yaşayış sahəsinə daimi orderin verilməsi tələbinin məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunumur. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər şəhərdə rayon xalq deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq,ayrıca mənzil ayrılır. Həmin Məcəllənin 103-cü maddəsinin 3-cü hissəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi haqqında qəbul edilən qərara müvafiq olaraq istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti İcraiyyə Komitəsinin orderi üzrə verirlir. İddia ərizəsinə, ona əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, iddiaçıya ünvan 1 ünvanında yerləşən xidməti mənzil (10,0 kv. m.) keçmiş Şaumyan (indiki Xətai) rayon XDS İK-nın (indiki Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti) xx.xx.1985-ci il tarixli, 13/4a saylı qərarı və 000247 nömrəli xx.xx.1985-ci il tarixli xidməti orderi əsasında verilmişdir. Göründüyü kimi, 1985-ci il tarixdə müvəqqəti order əsasında iddiaçıya verilən mənzil xidməti yaşayış binasında yerləşən xidməti mənzildir. Konkret halda iddiaçı məcburetmə qaydasında cavabdehdən tələb edir ki, yaşadığı xidməti mənzilə dair ona daimi order verilsin. Bununla əlaqədar, birincisi, məhkəmə kollegiyası qeyd edir ki, hazırda qüvvədə olan qanunvericiliyə görə mənzilə dair order verilməsi qaydası nəzərdə tutulmamış, ikincisi, məcburetmə haqqında iddialara münasibətdə qüvvədə olan qanunvericiliyin normaları tətbiq olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi haqqında Qaydası”nın 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla balans saxlayıcı yerli icra hakimiyyəti orqanı tərəfindən müvafiq qərar qəbul edilməli, daha sonra həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilməsi mümkündür. Konkret halda isə iddiaçı xüsusi təyinatlı mənzil fonduna aid edilmiş xidməti mənzilin, xüsusi təyinatlı mənzil fondunun siyahısından çıxarılmasının qanunla müəyyən edilən prosedur qaydalarından kənar, həm də qüvvədən düşmüş qanunvericiliyə uyğun olaraq mübahisəli xidməti mənzilə daimi orderin verilməsini tələb etmişdir. Halbuki, qeyd edildiyi kimi, öz istəyini reallaşdırmaq üçün o, ilk öncə, Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, həmin binanın mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması ilə bağlı aidiyyəti yerli icra hakimiyyəti orqanına müraciət edərək, yaşadığı mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması barədə qərar qəbul edilərək mənzilin icra hakimiyyəti orqanının balansına daxil edilərək sosial təyinatlı yaşayış fonduna aid edilməsinə nail olduqdan sonra yalnız, hazırkı tələblə müraciət etmək hüququnu əldə edə bilər. Göründüyü kimi, hazırkı iddianın inzibati məhkəmə icraatının mümkün sayılmasını zəruri edən faktiki şərtlər mövcudluğu sübuta yetirilmir. Belə olan halda iddianın İPM-in 35.1-ci maddəsinin qeyd olunan tələbləri baxımından əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə məhkəmə tərəfindən qərardad qəbul edilir. Birinci instansiya məhkəməsi tərəfindən də məhz, yuxarıda qeyd olunan əsaslardan çıxış edən məhkəmə tərəfindən, əsaslı olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmuşdur. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, həmin qərardadın əsassız olduğunu və onun hüquqlarını pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7452/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7452/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar