Məhkəmə qərarları › İş №2-1(103)-298/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-298/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-298/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2113/2018 saylı, 18 may 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar-03 fevral 2023-cü il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı xx.xx.1970-xx.xx.1975-ci illər ərzində ali məktəbdə əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi və xx.xx.2008- xx.xx.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2113/2018 nömrəli 30 may 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2112/2018 nömrəli 01 noyabr 2018-ci il tarixli qərarı ilə təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 629/2019 nömrəli 26 fevral 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2112/2018 nömrəli 01 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2113/2018 saylı 30 may 2018-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qərarın İddiaçı xx.xx.2008-xx.xx.2011-ci illər ərzində Gürcüstanda fərdi hesabına ödənilmiş sosial sığorta haqlarının əmək pensiyasının hesablanmasında nəzərə alınması hissəsi icra olunmamışdır. Araşdırma zamanı Fondun struktur bölmələrindən toplanılmış məlumatlar əsasında məlum olmuşdur ki, vətəndaşın Gürcüstanda işlədiyi dövrlərin sosial sığorta ödənişləri Fonda ödənilmədiyi üçün sözügedən məlumatların onun fərdi şəxsi hesabında əks olunması mümkün olmadığından qərarın icrası tam təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 30 may tarixli 2-1(81)-2113/2018 nömrəli qərarının qüvvədə saxlanılması barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 fevral tarixli 2-1(102)-629/2019 nömrəli Qərarında məhkəmə hüquqi mövqeyini “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” 1993-cü il 3 fevral tarixində imzalanmış Saziş ilə əsaslandırmışdır. Məhkəmənin İddiaçı xx.xx.2008-xx.xx.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması barədə qərarının icrası yuxarıda qeyd olunan Sazişə, eləcə də Azərbaycan və Gürcüstan Respublikalarının müvafiq qanunvericilik aktlarına əsasən mümkün olmamışdır. Belə ki, Sazişdə iş stajının hesablanması zamanı sığorta haqqının ödənilməsi əsas şərt kimi müəyyən edilmiş, 2006-cı il tarixdən isə Gürcüstan Respublikasında “İcbari sığorta haqqında” Qanun ləğv edilmiş və müvafiq olaraq sığorta haqlarının tutulması dayandırılmışdır. “X4” MMC-nin təqdim etdiyi arayışdan da göründüyü kimi vətəndaşın əməkhaqqından xx.xx.2008-xx.xx.2011-ci illər üzrə yalnız vergilər tutulmuş, sığorta haqqının tutulması barədə isə heç bir qeyd aparılmamışdır. Hər bir halda, məhkəmə qərarını icra etmək məqsədilə İddiaçı xx.xx.2008xx.xx.2011-ci illər üzrə Gürcüstanda işlədiyi dövr ərzində əmək haqqından sığorta ayırmalarının ödənilib-ödənilmədiyini dəqiqləşdirmək məqsədilə Fondun Beynəlxalq əlaqələr departamenti tərəfindən **********9 nömrəli xx.xx.2022-ci il tarixdə Gürcüstanın müvafiq dövlət orqanına sorğu göndərilmişdir. Sorğuya hər hansı cavab verilməmişdir. Lakin bununla belə, dövlət adından çıxarılmış qərar qanuni qüvvəsini aldığı üçün onun məcburi icrası tələb edilir. Məhkəmə qərarının nəticə hissəsi (xx.xx.2008- xx.xx.2011-ci illər ərzində Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Səbail Rayon Şöbəsinə həvalə edilmişdir) onun icrasını mümkünsüz etdiyi üçün məhkəmə qərarına izah verilməsi zərurəti yaranmışdır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 5-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıbyaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilibedilməməsindən asılı olaraq qiymət verilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2113/2018 saylı, 18 may 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2113/2018 saylı 30 may 2018-ci il tarixli qərarına izah verilməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində ərizədə qeyd olunanları qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq bildirilir ki, 30 may 2018-ci il tarixli 2-1(81)-2113/2018 nömrəli qərar texniki cəhətdən aydın olmadığı üçün deyil, bu sahədə müvafiq icra mexanizminin mövcud olmaması səbəbindən icra edilməmişdir. Belə ki, Sazişin 4-cü maddəsinə əsasən, tərəflərin vətəndaşlarına pensiya təyinatı onların yaşayış yeri üzrə aparılır. Pensiya təminatı hüququnu, o cümlədən imtiyazlı şərtlərlə, xidmət illərinə görə pensiya təminatı hüququnu müəyyən etmək üçün iş stajına hər iki Tərəfin ərazisində olan iş müddəti (sığorta haqqı ödənilən dövr) nəzərə alınır. Pensiyaların Hesablanması əmək (sığorta haqqı ödənilən dövr) stajına hesablanan iş dövrünün əmək haqqından (gəlirindən) aparılır. Tərəflərdən hər hansı birində milli valyuta tətbiq olunarsa, əmək haqqının (gəlirin) miqdarı pensiya təyin edilərkən müəyyən edilmiş rəsmi kursa əsasən nəzərə alınır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarına əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Qanunun 1.0.6-cı maddəsinə əsasən, fərdi ucot sıöortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir. Qanunun 1.0.7-ci maddəsinə əsasən, fərdi hesab dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.12-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Lakin İddiaçı fərdi uçot məlumatlarına əsasən müəyyən olunmuşdur ki, müvafiq illər üzrə fərdi hesabında hər hansı sosial sığorta ödəmələri qeydə alınmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2113/2018 saylı 30 may 2018-ci il tarixli qərarın icra olunması mümkün olmadığından izah verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş və hesab etmişdir ki, iddiaçının izah verilməsi barədə ərizəsi qərardakı hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, qərarın tərtib olunmasında anlaşılmayan, iki və ya çoxmənalı söz və ifadələrdən istifadə olunması, həmçinin ziddiyyətli olması nəticəsində məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qərarın icrasında çətinlik yaranması ilə əlaqədar olmamışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən, məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116-cı maddəsində göstərilmişdir: “116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir.” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; İlk öncə qeyd olunmalıdır ki, məhkəmənin inzibati iş üzrə yekun qərarı inzibati mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə aktı savadlı, hüquqi cəhətdən düzgün, anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Məhkəmə aktı gələcəkdə icrasının müəyyənliyini və mümkünlüyünü təmin edəcək tələblərə cavab verən məzmunda olmalıdır. Məhkəmə qərarı həmin tələblərə cavab vermədikdə məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsinə, qərarın icrasında qeyri-müəyyənliyin yaranmasına səbəb olur. Bu halda qanunvericilik yaranmış vəziyyətin qərara izah verilməsi yolu ilə həll olunmasını təsbit etmişdir. Bu prosessual vasitədən istifadə qaydaları və əsasları MPM-nin 230-cu maddəsi ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, qərarın izahı heç bir halda məhkəmənin baxılmış mübahisə üzrə təkrar araşdırmanı, qərarın təsviri, əsaslandırıcı və nəticə hissələrində olan ziddiyyətlərin təhlilini ehtiva etmir. Bu hallarda yol verilmiş nöqsanlar qərardad çıxarılmaqla aradan qaldırıla bilər. Həmçinin qərarın izahı zamanı məhkəmə baxışının predmeti olmamış məsələlərin həlli yolverilməzdir. Qərarın izahı həm də onun məzmununun dəyişdirilməsi ilə nəticələnə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd olunur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2113/2018 nömrəli 30 may 2018-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.1970-xx.xx.1975-ci illər ərzində ali məktəbdə əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi və xx.xx.2008-xx.xx.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Səbail Rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərarından müəyyən olunur ki, iddiaçı Gürcüstan Respublikasında “X3” MMC-də işləmişdir və işləyərkən aldığı əmək haqqından Gürcüstan Respublikasının dövlət orqanlarına müvafiq ödənişlər tutulmuşdur. “Azərbaycan Respublikası Höküməti ilə Gürcüstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” 03 fevral 1993-cü il tarixli Sazişinə 2-ci maddəsinə əsasən Tərəflərin vətəndaşlarının pensiya təminatı bu Sazişə uyğun olaraq qarşılıqlı hesablaşmalar əsasında həyata keçirilir. Pensiya verilişinə çəkilən xərclərin ödənilməsi Tərəflərin səlahiyyətli orqanları vasitəsilə onlann ərazisində qazanılmış staja mütənasib olaraq hər hansı vətəndaşın tərəflərin ərazisində pensiya alması hüququna əməl etməklə təmin olunur. Həmin Sazişin 3-cü maddəsinə görə bu Saziş Tərəflərin qanunvericiliyi ilə müəyyən edilmiş və ya müəyyən ediləcək pensiya təminatının bütün növlərinə şamil edilir. Həmin Sazişin 4-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərin vətəndaşlarına pensiya təyinatı onların yaşayış yeri üzrə aparılır. Pensiya təminatı hüququnu, o cümlədən imtiyazlı şərtlərlə, xidmət illərinə görə pensiya təminatı hüququnu müəyyən etmək üçün iş stajına hər iki Tərəfin ərazisində olan iş müddəti (sığorta haqqı ödənilən dövr) nəzərə alınır. Pensiyaların hesablanması əmək (sığorta haqqı ödənilən dövr) stajına hesablanan iş dövrünün əmək haqqından (gəlirindən) aparılır. Tərəflərdən hər hansı birində milli valyuta tətbiq olunarsa, əmək haqqının (gəlirin) miqdan pensiya təyin edilərkən müəyyən edilmiş rəsmi kursa əsasən nəzərə alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir. Qeyd edilən normaların tələblərini nəzərə almaqla məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2008-xx.xx.2011-ci illərdə Gürcüstan Respublikasında “X3” MMC-də işləyərkən aldığı əmək haqqından Gürcüstan Respublikasının dövlət orqanlarına müvafiq ödənişlər edildiyindən Sazişə əsasən o, Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınmasını tələb edə bilər. İddiaçının həmin dövrdə qazandığı əmək haqqından məhz Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun hesabına məcburi sosial sığorta ayırmalarını ödəməməsi vəziyyəti dəyişmir. Çünki Sazişin istinad olunan müddəalarına, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə uyğun olaraq iddiaçının halı ümumi qaydadan istisnanı təşkil edir. Buna görə iddiaçı Gürcüstanda sosial sığorta haqqı ödəməklə işlədiyi dövrün ona Azərbaycanda pensiya təyin edilərkən nəzərə alınmasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2113/2018 nömrəli 30 may 2018-ci il tarixli qərarının nəticəvi hissəsi aydın və anlaşılandır, cavabdehin izahını xahiş etdiyi məhkəmə qərarında aydın və dəqiq olmayan, həmçinin ziddiyyətli məqamı yoxdur, bu səbəbdən qərarın izahına zərurət yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2113/2018 saylı, 18 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar